Məhkəmə qərarları › İş №2-1(107)-2/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-2/2025

23.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-2/2025 23.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X9 ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Qəbələ Rayonu Hacıalılı kənd Bələdiyyəsi, İslamova Səyyarə İlyas qızı) “Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən mərhum X3 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2-1(116)-1325/2020 saylı qərarından üçüncü şəxs İslamova Səyyarə İlyas qızının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Qəbələ rayonu Hacıalılı kənd bələdiyyəsi, İslamova Səyyarə İlyas qızı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən mərhum X3 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli və üçüncü şəxs İslamova Səyyarə İlyas qızının adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 oktyabr 2003-cü il tarixdə Qəbələ rayonu Çarxana Bələdiyyəsinin sədri X1 İzzət Cəllad oğlu ilə Çarxana bələdiyyəsinin ərazisində yerləşən 0,54 ha torpaq sahəsinin 99 il müddətinə icarəsinə verilməsi ilə bağlı icarə müqaviləsini bağlamışlar. Bu müqavilə Mehdi Heydərov tərəfindən 2004-cü ilin axırlarında ləğv edilmişdir. X5 Çarxana Bələdiyyəsi ilə bağladıqları 20 sentyabr 2005-ci il tarixli 04 saylı icarə müqaviləsi əsasında həmin ləğv olunmuş müqavilədə göstərilən torpaq sahəsinin 0,45 hektar ölçüsündə hissəsi 99 illik müddətinə Vüqar Daşdəmirovun icarəsinə verilmişdir. 12 yanvar 2006-cı il tarixdə Çarxana bələdiyyəsi ilə iddiaçının bağladığı icarə müqaviləsi əsasında yuxarıda qeyd olunan 0,54 ha torpaq sahəsinin 0,09 ha ölçüsündə hissəsi, həmçinin həmin sahəyə bitişik 0,33 ha ölçüsündə torpaq sahəsi (cəmi 0,42 ha ölçüsündə torpaq sahəsi) iddiaçının 99 illik icarəsinə verilmişdir. - Qeyd olunanlara baxmayaraq, mərhum X3 (14 noyabr 2004-cü il tarixdə vəfat etmişdir) arvadı İslamova Səyyarə İlyas qızı 20 sentyabr 2012-ci il tarixdə Qəbələ rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 2004-cü ildə Çarxana bələdiyyəsinin sədri Mehdi Heydərov tərəfindən ləğv olunmuş 0,54 ha torpaq sahəsinin mərhum əri C.Daşdəmirovun icarəsinə verilməsi ilə bağlı müqaviləni məhkəməyə təqdim etmiş və həmin müqavilədə göstərilən 0,54 hektar torpaq sahəsinin koordinatlarını göstərməklə yerində ona tanıdılması barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qəbələ rayon Məhkəməsinin 04 dekabr 2012-ci il tarixli 2(025)-625/2012 saylı qətnaməsi ilə iddiaçının iştirakı olmadan həmin iddia təmin edilmişdir. - İddiaçı Qəbələ rayon Məhkəməsinin 04 dekabr 2012-ci il tarixli 2(025)-625/2012 saylı qətnaməsi haqqında məlumat alan kimi qətnamənin ləğv edilməsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsinə müraciət etmiş, lakin Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(107)-3038/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və Qəbələ rayon Məhkəməsinin 04 dekabr 2012-ci il tarixli 2(025)- 625/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-2919/2019 saylı qərarı ilə qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(107)-3038/2018 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-2298/2019 nömrəli qətnaməsi ilə Qəbələ rayon Məhkəməsinin 04 dekabr 2012-ci il tarixli 2(025)-625/2012 saylı qətnaməsi ləğv edilmiş, həmin iş üzrə iddiaçı İslamova Səyyarə İlyas qızının cavabdeh Qəbələ rayon Çarxana Bələdiyyəsinə qarşı “Qəbələ rayonu Çarxana bələdiyyəsinin 20 oktyabr 2003-cü il tarixli 19 saylı qərarı əsasında 99 il müddətinə bağlanmış “Torpağın icarəyə verilməsi haqqında” müqavilə üzrə verilmiş 0.54 hektar torpaq sahəsinin koordinatları göstərilməklə yerində ona tanıdılması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin iş üzrə iddiaçı İslamova Səyyarə İlyas qızı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-598/2020 nömrəli qərarı ilə təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-2298/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - İddiaçı sonuncu qərara əsaslanaraq cavabdeh orqana müraciət edərək, mərhum X3 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli və üçüncü şəxs İslamova Səyyarə İlyas qızının adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışların ləğv edilməsini xahiş etmişdir, lakin cavabdeh orqan çıxarışların ləğv edilməsi üçün məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir.

3. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən mərhum X3 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

4. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddia etdiyi mərhum X3 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli və İslamova Səyyarə İlyas qızının adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışların ləğv edilməsi ilə bağlı tələbi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - cavabdehin xx.xx.2020-ci il tarixli **********58 nömrəli imtina məktubu; - cavabdehin xx.xx.2020-ci il tarixli **********28 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri; - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(107)- 3038/2018 nömrəli qətnaməsi; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)- 2919/2019 saylı qərarı; - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019- cu il tarixli 2(107)-2298/2019 nömrəli qətnaməsi; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-598/2020 nömrəli qərarı; - cavabdehin xx.xx.2020-ci il tarixli **********39 nömrəli etiraz məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri; - xx.xx.2003-cü il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilə; - RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli Çıxarışın təsdiq edilmiş surəti; - “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin təsdiq edilmiş surəti; - üçüncü şəxs İslamova Səyyarə İlyas qızı tərəfindən xx.xx.2017-ci il tarixli cavabdeh orqanın rəhbərinə ünvanlanan ərizə; - RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarışın təsdiq edilmiş surəti; - xx.xx.2006-cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilə;

6. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx.xx.2020-ci il tarixli, 2- 1(116)-1325/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə mərhum X4 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, işin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, 2004-cü ildə X11 vəfat etdikdən sonra ona icarəyə verilmiş 0.54 ha torpaq sahəsi ilə əlaqədar bağlanmış müqavilə ləğv edilərək həmin torpaq sahəsinin 0.45 ha hissəsi oğlu Vüqar Daşdəmirova icarəyə verilmiş, qalan 0.09 ha hissəsi (həmçinin həmin sahəyə bitişik 0.33 ha torpaq sahəsi, cəmi 0.42 ha) isə 12 yanvar 2006-cı il tarixli müqaviləyə əsasən iş üzrə İddiaçı 99 il müddətinə icarəyə verilmişdir. Üçüncü şəxs İslamova Səyyarə İlyas qızının mərhum əri X3 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olan xx.xx.2003-cü il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilənin 2004-cü ildən qüvvədə olmaması qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə öz təsdiqini tapmışdır. - İddiaçı həm iddia ərizəsində, həm də iddianın dəqiqləşdirilməsi barədə ərizədə çıxarışın nömrəsini ******* qeyd etmişdir. Məhkəmə hesab etmişdir ki, bu texniki səhv olmaqla axır nəticədə iddia tələbinin təmin olunmasına təsir edə bilməz. Belə ki, çıxarışın nömrəsini texniki səhv olaraq ******* qeyd etsə də digər rekvizitləri düzgün qeyd etmiş və işin hallarından da onun nə tələb etməsi və nəyi arzulaması tamamilə aydın olmuşdur. - Odur ki, məhkəmə hesab etmişdir ki, iddia təmin olunmalı, cavabdehin üzərinə X3 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi öhdəliyi qoyulmalıdır.

8. Üçüncü şəxs İslamova Səyyarə İlyas qızının nümayəndəsi və vəkili Vəkil1 həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2-1(116)-1325/2020 saylı qərarının ləğv edilməsini, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. X27 Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2020-ci il tarixli, 2- 1(116)-1325/2020 nömrəli qərarla şəxsin vərəsəlik hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, sözügedən 0,13 hektar torpaq sahəsinin İddiaçı məxsus olan 0,42 hektar torpaq sahəsinə heç bir aidiyyatı yoxdur. İddiaçı həmin torpaq sahəsinin mülkiyyətçisi olmadığı halda buna dair iddia qaldırması və S.İslamovaya aid olan və ona miras qalmış əmlaka dair hüquqlarının ləğvini tələb etməsi tamamilə absurddur və miras qoyanın qanun üzrə vərəsəsi olan S.İslamovanın subyektiv hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Ən gülünc hal isə ondan ibarətdir ki, Məhkəmə İslamova Səyyarə İlyas qızının mərhum X3 həyat yoldaşı və qanun üzrə vərəsəsi olduğunu və bu barədə xx.xx.2018-ci il tarixli, 2V-133 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin mövcud olduğunu bildiyi halda, şəxsin vərəsəlik əsasında əldə etdiyi əmlaka dair çıxarışın ləğv edilməsi barədə əsassız bir qərar qəbul etmişdir. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)- 1325/2020 nömrəli qərarı tamamilə əsassızdır və qanunvericiliyə zidd şəkildə qəbul edilmişdir. Qeyd etmək istəyirik ki, sözügedən 0,13 hektar torpaq sahəsinin İddiaçı 0,54 hektar torpaq sahəsinə aid olmasına dair əsassız iddiası məhkəmə tərəfindən lazımi qaydada araşdırılmamışdır. X28 Məhkəməsi tərəfindən məhkəmə araşdırılması qanunvericiliyə müvafiq qaydada aparılsaydı, o zaman həmin torpaq sahələrinin bir-biri ilə əlaqələrinin olmadığı bəlli olacaqdı. Göründüyü kimi, sözügedən 0,13 ha torpaq sahəsinin xx.xx.2003-cü il tarixli icarə müqaviləsi əsasında mərhum X6 verilmiş 0,54 hektar torpaq sahəsi ilə əlaqəli olması və yaxud onun tərkibinə daxil olmasını təsdiq edən hər hansı sənəd və sübut iş materiallarına əlavə edilmədiyi halda, məhkəmə tərəfindən bu hal dəqiqləşdirilməmiş, iddiaçının əsassız tələbi ilə iddia təmin edilmişdir. - Eyni zamanda, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edilmiş, həmin ərizə ilə sözügedən inzibati iş üzrə verilmiş iddianın geri götürülməsi və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması məhkəmədən xahiş edilmişdir. Lakin məhkəmə tərəfindən ərizəyə baxılmamış, bu barədə hər hansı qərar qəbul edilməmişdir. Əgər iddiaçı iddianın geri götürülməsini tələb edirsə, deməli mübahisə artıq mövcud deyildir və ona dair qəbul edilən bütün aktlar ləğv edilməlidir. Bu barədə müvafiq məhkəmə orqanının öz üzərinə düşən öhdəliyini lazımı qaydada yerinə yetirməməsi İslamova Səyyarə İlyas qızının hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Üçüncü şəxs İslamova Səyyarə İlyas qızının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə kollegiyasına bir neçə dəfə ərizə göndərərək məhkəmə iclasının başqa tarixə keçirilməsini xahiş etmiş, məhkəmə iclası dəfələrlə başqa tarixə keçirilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəməyə yazılı mülahizə göndərərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 izahat verərək üçüncü şəxs tərəfindən apellyasiya şikayəti verildiyindən, onlar tərəfindən şikayət verilməmişdir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .......... Maddə 140. reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Maddə 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

18. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

Apellyasiya şikayətinin mümkünlüyü

19. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

27. İş materiallarından müəyyən edilir ki, xx.xx.2003-cü il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqaviləyə əsasən Çarxana Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 19 saylı Qərarı ilə 0.54 ha torpaq sahəsi 99 il müddətinə X6 icarəyə verilmişdir. RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən Qəbələ rayonu Çarxana kəndində yerləşən 0.13 ha torpaq sahəsi (0.54 ha torpaq sahəsinin daxilində bir hissəsi) X4 xeyrinə hüquq yüklü edilmiş və icarəyə verilmişdir. “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən xx.xx.2004-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi İslamova Səyyarə İlyas qızıdır və şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə icarə əsasında X4 xeyrinə hüquq yüklü edilmiş **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.13 ha olan torpaq sahəsindən ibarətdir. RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarışa əsasən Qəbələ rayonu Çarxana kəndində yerləşən 0.13 ha torpaq sahəsi İslamova Səyyarə İlyas qızına vərəsəlik hüququ üzrə icarəyə verilmişdir.

28. Həmçinin, xx.xx.2006-cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqaviləyə əsasən Çarxana Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 01 saylı Qərarı ilə 0.42 ha torpaq sahəsi 99 il müddətinə iş üzrə İddiaçı icarəyə verilmişdir.

29. Bundan əlavə, 2004-cü ildə X11 vəfat etdikdən sonra ona icarəyə verilmiş 0.54 ha torpaq sahəsi ilə əlaqədar bağlanmış müqavilə ləğv edilərək həmin torpaq sahəsinin 0.45 ha hissəsi oğlu Vüqar Daşdəmirova icarəyə verilmiş, qalan 0.09 ha hissəsi (həmçinin həmin sahəyə bitişik 0.33 ha torpaq sahəsi, cəmi 0.42 ha) isə 12 yanvar 2006cı il tarixli müqaviləyə əsasən iş üzrə İddiaçı 99 il müddətinə icarəyə verilmişdir. Üçüncü şəxs İslamova Səyyarə İlyas qızının mərhum əri X3 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olan xx.xx.2003-cü il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilənin 2004-cü ildən qüvvədə olmaması qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə öz təsdiqini tapmışdır.

30. Göründüyü kimi, X4 vəfatından sonra ona icarəyə verilmiş 0.54 ha torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi xx.xx.2003-cü il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilənin mövcudluğunu şübhə altına alır.

31. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-598/2020 nömrəli qərarından görünür ki, Qəbələ rayon məhkəməsinin 04 dekabr 2012-ci il tаrixli 2(025)-625/2012 nömrəli qətnaməsi ilə iddiaçı İslamova Səyyarə İlyas qızının cavabdeh Qəbələ rayon Çarxana Bələdiyyəsi və maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinə qarşı icarəyə verilmiş torpaq sahəsinin tanıdılması tələbinə dair iddiası təmin edilərək, Qəbələ rayonu Çarxana bələdiyyəsinin 20 oktyabr 2003-cü il tarixli 19 saylı qərarı əsasında 99 il müddətinə bağlanmış torpağın icarəyə verilməsi haqqında müqavilə üzrə iddiaçının mərhum əri X4 icarəsinə verilmiş 0,54 hektar torpaq sahəsinin koordinatlarının iddiaçı İslamova Səyyarə İlyas qızına göstərilməklə yerində ona tanıdılması qət edilmişdir.

32. X14 Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2018-ci il tarixli 2(107)- 3038/2018 nömrəli qətnaməsi ilə hüquq və vəzifələrinə toxunulan üçüncü şəxs İddiaçı, onun nümayəndəsi və vəkili X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Qəbələ rayon nəhkəməsinin 04 dekabr 2012- ci il tаrixli qətnаməsi dəyişdirilmədən saxlanılmışdır.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2019cu il tarixli 2(102)-2919/2019 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilimiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

34. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(107)-2298/2019 nömrəli qətnaməsi ilə üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Qəbələ rayon məhkəməsinin 04 dekabr 2012-ci il tаrixli 2(025)-625/2012 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı İslamova Səyyarə İlyas qızının cavabdeh Qəbələ rayon Çarxana Bələdiyyəsinə qarşı “Qəbələ rayonu Çarxana bələdiyyəsinin 20 oktyabr 2003-cü il tarixli 19 saylı qərarı əsasında 99 il müddətinə bağlanmış Torpağın icarəyə verilməsi haqqında müqavilə üzrə verilmiş 0,54 hektar torpaq sahəsinin koordinatları göstərilməklə yerində ona tanıdılması” tələbinə dair iddia tələbi rədd edilmişdir.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-598/2020 nömrəli qərarı ilə iddiaçı İslamova Səyyarə İlyas qızının kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(107)-2298/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

36. Üçüncü şəxs apellyasiya şikayətinin başlıca dəlili kimi qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2020-ci il tarixli, 2-1(116)-1325/2020 nömrəli qərarla onun vərəsəlik hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə onun mərhum X3 həyat yoldaşı və qanun üzrə vərəsəsi olduğunu və bu barədə xx.xx.2018-ci il tarixli, 2V-133 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin mövcud olduğunu bildiyi halda, şəxsin vərəsəlik əsasında əldə etdiyi əmlaka dair çıxarışın ləğv edilməsi barədə əsassız bir qərar qəbul etmişdir.

37. Məhkəmə kollegiyası bununla bağlı ilk öncə qeyd edir ki, iddiaçının tələbi və hüquqi marağı mərhum X3 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması olmuşdur. Düzdür, ilk öncə iddiaçı tələbində xx.xx.2018-ci il tarixli, 2V-133 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İslamova Səyyarə İlyas qızının adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışın ləğv etməsini də xahiş etsə də, sonradan iddia tələbini dəqiqləşdirmişdir.

38. Bundan başqa, hazırki iş apellyasiya məhkəməsinin icraatında olduğu müddətdə iddiaçı İslamova Səyyarə İlyas qızı cavabdeh Qəbələ rayonu Hacıallı bələdiyyəsinə qarşı “Çarxana bələdiyyəsi tərəfindən xx.xx.2003-cü il tarixli icarə müqaviləsinin ləğv olunmasına dair qəbul olunmuş qərarın etibarsız hesab edilməsi” barədə iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.

39. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1041/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

40. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(107)-399/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1041/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024cü il tarixli 2-1(102)-2804/2024 nömrəli qərardadı ilə iddiaçının Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(107)-399/2024 nömrəli qərardadından verdiyi şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.

42. Göründüyü kimi, mübahisələndirilən mərhum X3 adına tərtib edilmiş xx.xx.2017ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olan xx.xx.2003-cü il tarixli icarə müqaviləsi Çarxana bələdiyyəsi tərəfindən ləğv olunmuş, həmin icarə müqaviləsinin ləğv olunmasına dair Çarxana bələdiyyəsi tərəfindən qəbul olunmuş qərar isə qüvvədədir.

43. Daha sonra üçüncü şəxsin nümayəndəsi məhkəməyə yazılı mülahizə göndərərək qeyd etmişdir ki, Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 03 nömrəli məktubundan və Qəbələ rayonu Hacıalılı bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 03 nömrəli məktubundan da göründüyü kimi, xx.xx.2003-cü il tarixli icarə müqaviləsinin ləğvinə dair hər hansı bir qərar mövcud deyildir. Yəni həmin torpaq sahəsinin İzzət Daşdəmirova verilməsinə dair qərarın və icarə müqaviləsinin ləğv olunması sübut olunmamışdır. Göründüyü kimi, xx.xx.2003-cü il tarixli icarə müqaviləsi və xx.xx.2003-cü il tarixli qərar ləğv edilməmişdir. Çünki onun ləğvinə dair hər hansı mötəbər sübut, hətta qərar belə mövcud deyildir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1041/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında da iddianın mümkün sayılmama səbəbi kimi sözügedən qərarın mövcud olmadığı bildirilmişdir.

44. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(107)- 2298/2019 nömrəli qətnaməsində və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-598/2020 nömrəli qərarında qeyd olunmuşdur ki, X11 ilə Çarxana Bələdiyyəsi arasında bağlanmış 20 oktyabr 2003-cü il tarixli icarə müqaviləsi 2004-cü ildə ləğv edilmişdir. Göründüyü kimi, iddiaçının iddiasının əsasını təşkil edən 20 oktyabr 2003-cü il tarixdə Qəbələ rayonu Çarxana bələdiyyəsi ilə X3 arasında 0,54 hektar torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə 2004-cü ildə Çarxana Bələdiyyəsi tərəfindən ləğv edildiyindən artıq mövcud deyildir. Məhkəmələr hesab etmişdir ki, ləğv edilmiş icarə müqaviləsi ləğv edildikdən sonrakı dövr üçün hər hansı hüquqi nəticə doğura bilməz.

45. Üçüncü şəxs apellyasiya şikayətinin digər dəlili kimi göstərmişdir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edilmiş, həmin ərizə ilə sözügedən inzibati iş üzrə verilmiş iddianın geri götürülməsi və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması məhkəmədən xahiş edilmişdir. Lakin məhkəmə tərəfindən ərizəyə baxılmamış, bu barədə hər hansı qərar qəbul edilməmişdir.

46. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2-1(116)-1325/2020 saylı qərarı qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün cavabdeh orqana göndərilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 29 dekabr 2020-ci il tarixli məktubundan da görünür ki, məhkəmənin qərarı icra olunmuşdur. İddiaçı da qərar icra olunduqdan iki ilə yaxın müddət sonra belə bir ərizə ilə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı artıq hüquqi marağı təmin edildiyindən sənədlərinin geri qaytarılmasını tələb etmişdir. Həmin ərizəyə cavab olaraq isə iddiaçı tələb etdiyi sənədlərin surətlərini almış və imzası ilə təsdiq etmişdir. Bundan sonra isə üçüncü şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir.

47. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(004)-2795/2021 nömrəli qətnaməsi ilə iddiaçı X7 iddiası təmin edilərək Bakı şəhəri 19 saylı Xüsusi Notariat Kontorunda tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 2V-133 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında İslamova Səyyarə İlyas qızının adına rəsmiləşdirilmiş ******* nömrəli RX seriyalı, qeydiyyat nömrəsi **********83 olan, xx.xx.2018-ci il tarixli çıxarış ləğv edilmişdir.

48. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarış ləğv olunduğundan həmin çıxarış əsasında verilmiş vərəsəlik haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2018-ci il tarixli çıxarış ləğv olunmalıdır.

49. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 24 avqust 2021-ci il tarixli məktubundan da görünür ki, məhkəmənin qətnaməsi icra olunmuş, İslamova Səyyarə İlyas qızının adına verilmiş **********83 qeydiyyat nömrəli, xx.xx.2018ci il tarixli çıxarışın ləğvi ilə bağlı müvafiq qeydiyyat aparılmışdır.

50. Bundan başqa, iddiaçı məhkəmə kollegiyasına ərizə verərək Qəbələ rayonu Çarxana kəndində yerləşən torpaq sahəsinə dair çıxarış əldə etdiyini, ona görə də, hazırki inzibati işlə bağlı hər hansı bir iddia tələbi qalmadığını, iddia tələbinə baxılmamasını xahiş etmişdir.

51. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iş materiallarından görünür ki, artıq iddiaçı hazırda mübahisələndirilən qərarın icra olunması nəticəsində öz məqsədinə nail olmuş, qərar icra olunmuş, mübahisələndirdiyi çıxarış ləğv edilmiş, bununla bağlı cavabdeh orqanda qeydiyyat aparılmışdır. Hazırda isə onun iddiasının təmin olunaraq məqsədinə çatdığı məhkəmə qərarı üçüncü şəxs tərəfindən mübahisələndirildiyindən onun ərizəsi əsaslı sayıla və üçüncü şəxsin apellyasiya şikayətinə baxılmaması üçün əsas ola bilməz.

52. Bundan başqa, kollegiya tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə mütəxəssis rəyi alınması üçün sorğu göndərilsə də, iddiaçı iştirak etmədiyinə görə tələbdə göstərilmiş torpaq sahəsinin ölçülməsi və məhkəmə tərəfindən qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. Qeyd olunan xüsusatla bağlı məhkəmə iclasında iddiaçıya təklif olunsa da, məhkəmə qərarı icra olunduğundan baxışda iştirak etməyəcəyini bildirdi. Həmçinin, üçüncü şəxs dəfələrlə kollegiyanın iclası barədə məlumatlandırılsa da, ərizələr göndərərək məhkəmə iclasının dəfələrlə başqa tarixə keçirilməsini xahiş etmiş, məhkəmə tərəfindən onun xahişləri nəzərə alınmış, nəticədə məhkəmə iclasına gəlməmiş, işin araşdırılmasında iştirak etməmiş, şikayətdə göstərilən dəlillərdən başqa hər hansı sübut sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası tərəfindən də iş materiallarında olan sübutlar məhkəmə qərarının qəbul edilməsi üçün yetərli hesab edilmişdir.

53. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bu halı cavabdeh orqanın məhkəmə qərarı ilə razılaşaraq apellyasiya şikayəti verməməsi də bir daha təsdiq edir. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ona görə də, üçüncü şəxsin apellyasiya şikayətinin də dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Ümumilikdə Kollegiya, üçüncü şəxsin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

54. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

55. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

56. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

Üçüncü şəxs İslamova Səyyarə İlyas qızının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2-1(116)-1325/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar