Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-20/2020 14.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Mahmudov Ayaz Akif oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Üçüncü şəxs - X21 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Məmmədhüseyn qızının cavabdeh Qəbələ bələdiyyəsinə, üçüncü şəxslər X15 və X22 qarşı Qəbələ bələdiyyəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətə verilməsi üçün sənədlərin hazırlanması və razılaşdırılması barədə xx.xx.2016cı il tarixli 27 nömrəli protokol qərarının ləğv edilməsi tələbinə dair inzibati işə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Qəbələ rayon X18 xx.xx.2001-ci il tarixli 03 nömrəli qərarı ilə İddiaçı Məmmədhüseyn qızının mülkiyyətinə 0,10 ha həyətyanı torpaq sahəsi verilmiş, adına JN seriyalı 2089 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. Həmin şəhadətnamə elektron baza məlumatlarında öz əksini tapmamış, şəhadətnamədə qeyd olunan 0,10 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Bələdiyyə mülkiyyəti kimi qeyd olunmuş həmin torpaq sahəsi ilə bağlı bələdiyyənin “torpaq sahəsinin mülkiyyətə verilməsi üçün sənədlərin hazırlanması və razılaşdırılması barədə” xx.xx.2016-cı il tarixli 27 nömrəli protokol qərarı qəbul edilmiş, ünvan 1 və 297 nömrəli ünvanlarda yerləşən 0,05 ha və 0,0555 ha torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüquqları xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq RX seriyalı ******* nömrəli və ******* nömrəli çıxarışlar və A seriyalı 114529 nömrəli və 114530 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri hazırlanmışdır. Qəbələ bələdiyyəsi xx.xx.2016-cı il tarixli 27 nömrəli protokol qərarı əsasında hüquqları qeydiyyata alınmış 0,05 ha torpaq sahəsini xx.xx.2017-ci il tarixdə X15, 0,0555 ha torpaq sahəsini isə həmin tarixdə X10, tərəflər arasında müvafiq olaraq AN-İ seriyalı ******* nömrəli və ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələri bağlanmışdır. Fəhmi Səmədovun 0,05 ha, Lalə Həsənovanın 0,0555 ha torpaq sahələri üzərində mülkiyyət hüquqları xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adlarına müvafiq olaraq RX seriyalı ******* nömrəli və ******* nömrəli çıxarışlar, A seriyalı 207725 nömrəli və 207726 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri hazırlanmışdır. İddiaçı JN seriyalı 2089 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyətinə verilmiş torpaq sahəsinin zəbt olunması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciət etmiş, sonuncu xx.xx.2017-ci il tarixli məktubla JN seriyalı 2089 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin arxiv nüsxəsinin DƏDRX-in 9 saylı ərazi idarəsinin arxiv materiallarında mövcud olması və qeydiyyat kitabından öz əksini tapması, lakin ərazi idarəsinin elektron baza məlumatlarında öz əksini tapmadığı bildirilmişdir. Eyni zamanda bildirilmişdir ki, Xidmətin 9 saylı ərazi idarəsinin baza məlumatlarına əsasən JN seriyalı 2089 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğu və yerləşməsinin sənəd üzrə göstərilən vəziyyəti ilə naturadaku faktiki vəziyyətinin fərqli olduğu aşkar edilmişdir. Sözügeədən torpaq sahəsi üzərində Qəbələ şəhər bələdiyyəsinin hüquqlarının qanunvericilikdə müəyyən edilmiş qaydada qeydiyyata alımnaraq başqa vətəndaşlara satılmışdır. Bununla razılaşmayaraq iddiaçı, cavabdeh DƏDRX-in 9 saylı Ərazi İdarəsinə qarşı JN 2089F kod 40601004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 10 sot torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alaraq çıxarış verilməsi tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin işin araşdırlması zamanı məhkəmə tərəfindən əldə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasını iddia etdiyi torpaq sahəsi üzərində Qəbələ bələdiyyəsinin “bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətə verilməsi üçün sənədlərin hazırlanması və razılaşdırılması barədə” xx.xx.2016-cı il tarixli 27 nömrəli qərarına əsasən Qəbələ bələdiyyəsinin mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınaraq sonuncunun adına RX seriyalı ******* və ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarış verilmişdir. Qəbələ bələdiyyəsi qeyd olunan hüquqların dövlət qeydiyyatından çıxarışlara əsasən mülkiyyətində olan 0,05 ha və 0,0555 ha həyətyanı torpaq sahəsini özgəninkiləşdirmiş və alıcılar X14, X21 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bu səbəbdən də iddiaçının JN 2089F kod 40601004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 10 sot torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alaraq çıxarış verilməsi tələbinə dair iddiası Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(84)- 135/2018 nömrəli qərardadına əsasən mümkün sayılmamış və iddiaçıya bələdiyyənin hazırda mübahisələndirdiyi qərarını mübahisələndirməli olması barədə izah verilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan 0,10 ha torpaq sahəsi Qəbələ rayon X18 xx.xx.2001-ci il tarixli 03 nömrəli qərarı ilə onun mülkiyyətinə verilmiş və adına JN seriyalı 2089 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. O, həmin torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatı ilə bağlı DƏDRXin 9 saylı ərazi idarəsinə qarşı Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və xx.xx.2018-ci il tarixdə keçirilən məhkəmə iclasında ona məlum olmuşdur ki, ona məxsus torpaq sahəsi Qəbələ bələdiyyəsinin qərarı ilə başqa şəxslərə satılmışdır. Ona məxsus torpaq sahəsinin başqa şəxslərə satılması barədə Qəbələ bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 27 nömrəli qərarından xx.xx.2018-ci il tarixdə məlumatı olmuşdur. Cavabdeh inzibati orqan xx.xx.2018-ci il tarixli 29 nömrəli məktubla iddia tələbinə etiraz edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi 0,10 ha torpaq sahəsi 0,05 ha və 0,0555 ha ölçülərdə Qəbələ bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 27 nömrəli iclas protokolundan çıxarışla qanunvericliklə müəyyən edilmiş qaydada müvafiq səlahiyyətli qurumların rəyləri alınmaqla Qəbələ bələdiyyəsinin adına daşınmaz əmlakın dövlər reyestrində qeydiyyata alınmış, daha sonra özgəninkiləşdirilmişdir. Qeyd olunan torpaq sahəsi bələdiyyənin dövlət aktlarında bələdiyyə mülkiyyəti kimi öz əksini tapmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxslər iddia tələbinə münasibət bildirməmişlər. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin (hаkim Rüfət Məcidоv) xx xxxxxxx 2018-ci il tаrixli, 2-1(84)-448/2018 saylı qərаrı ilə iddia təmin edilmiş, Qəbələ rayon Qəbələ bələdiyyəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətə verilməsi üçün sənədlərin hazırlanması və razılaşdırılması barədə xx.xx.2016-cı il tarixli 27 nömrəli protokol qərarının ləğv edilməsi, mütəxəssis tərəfindən təqdim olunan 60 manatın Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə aid edilməsi qərar аlınmışdır. Şəki Apelyаsiyа Məhkəməsinin İnzibаti-İqtisаdi Kollegiyаsının xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-55/2019 saylı qərarı ilə cavabdeh Qəbələ rayon Qəbələ bələdiyyəsi və üçüncü şəxs X19 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2-1(84)-448/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2-1(102)-1254/2019 saylı qərarı ilə cavabdeh Qəbələ rayon Qəbələ Bələdiyyəsinin və üçüncü şəxs X5 şikayətləri qismən təmin edilmiş, Şəki Apelyаsiyа Məhkəməsinin İnzibаti-İqtisаdi Kollegiyаsının xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-55/2019 saylı qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh Qəbələ rayon Qəbələ bələdiyyəsi, üçüncü şəxslər X19 və X17 İnzibаti- İqtisаdi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tаrixli, 2-1(84)-448/2018 saylı qərarından apelyasiya şikayətləri vermişlər. Apelyasiya şikayətlərinin dəlilləri Cavabdeh Qəbələ rayonu Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan 0.05 ha və 0.055 ha torpaq sahələri hələ aqrar islahat vaxtı Qəbələ rayon X18 müvafiq qərarı ilə Qəbələ bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Həmin dövrdə hazırlanıb bələdiyyə verilən xəritədə də sözügedən torpaq sahələrinin bələdiyyənin perespektiv inkişaf fonduna aid olduğu göstərilmişdir. Torpaq sahələri bələdiyyə mülkiyyətində olduğundan satılması nəzərdə tutulan 0.05 ha və 0.055 ha torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnu qeydiyyata alınma proseduruna başlanılması barədə qərar qəbul edilmiş və həmin qərara uyğun olaraq torpaq sahələrinin hər hansı fiziki və ya hüquqi şəxsin mülkiyyətində, icarəsində və istifadəsində olmadığından, müvafiq kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmədiyindən fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmasının qanunauyğunluğu barədə verilən rəylər əsasında torpaq sahələrin üzərində bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bələdiyyənin torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd Qəbələ bələdiyyəsinə təhvil verilmişdir. Bu hüquqmüəyyənedici sənədə uyğun olaraq Qəbələ bələdiyəsinin müvafiq qərarına uyğun olaraq torpaq sahələrinin özgəninkiləşdirilməsinə dair müqavillər bağlanmışdır. Əgər aqrar islahat vaxtı İddiaçı Məmmədhüseyn qızının hüquqları zulmuşsa burada Qəbələ bələdiyəsinin günahı yoxdur. Məlum olduğu kimi Qəbələ rayon qrar İslahat komissiyasının xx.xx.2001-ci il tarixli qərarı ilə İddiaçı mülkiyyətinə 10 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə JN seriyalı 2089 F nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə hazırlanmışdır. İddiaçı hüquqlarının pozulduğundan xx.xx.2018-ci il tarixdə məlumatlı olduğunu iddia edir. Biz bu iddianı əsassız və yalan hesab edirik. Belə ki, sözügedən torpaq sahələri iddiaçının mülkiyyətinə 2001-ci ildə verilmişsə 2016-cı ilə qədər keçən 15 il ərzində necə olur ki, mülkiyyətində olan torpaq sahəsi ilə bir dəfə də olsa maraqlanmır. Həmin torpaq sahəsi 2016-cı ilə qədər bələdiyə mülkiyyətinə aid boş ərazi olub. Necə olur ki, 15 il ərzində həmin torpaq sahələri ilə bağlı iddiaçının hər hansı hərəkəti müşahidə edilmir, yalnız 2016cı ildə torpaq sahəsinin alqı-satqısı həyata keçirildikdən və üzərində tikinti işləri aparıldıqdan iki il sonra 2018-ci ildə iddiaçıya məlum olur ki, guya ona məxsus torpaq sahəsi başqasına satılıb. Göründüyü kimi burada hər hansı reallıq özünü əks etdirmir. Məhkəmə isə bu nüansı diqqətdən qaçırmış, işə lazımınca düzgün hüquq normaları tətbiq edilməmiş, nəticədə iddia müddətinin ötürülmədiyini əsas gətirilərək iddia mümkün sayılmışdır. Məhkəmənin iddianın mümkün və əsaslı olması, cavabdehin yəni Qəbələ bələdiyyəsinin hərəkətlərinin qanunsuz olması qənaətinə gəlməsini qərəzli və əsassız hesab edirik.Bələdiyyə mülkiyyətində olan torpaq sahələri barəsində sərəncam verilməsi bələdiyyələrin müstəsna səlahiyyətinə aiddir. Qəbələ bələdiyyəsi də qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq mülkiyyətində olan 0.05 ha və 0.055 ha torpaq sahələri üzərində sərəncam verməklə hər hansı qanunsuz hərəkətə yol verməmişdir. Qəbələ bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsi barədə qərar qəbul edilməsi hər hansı hüquqi və ya fiziki şəxsin hüquqlarını, qanunla qorunan mənafelərini pozmaq deyildir. Lakin məhkəmə tərəfindən əsassız olaraq bələdiyyənin bu hərəkərtinin qanunsuz olduğu qənaətinə gəlinmişdir. Məhkəmə iddianın mümkünlüyünü onunla da əsaslandırmışdır ki, Qəbələ bələdiyyəsi tərəfindən mübahisəli qərar iddiaçıya elan edilməmişdir. Halbu ki, bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında belə bir müdəa nəzərdə tutulmamışdır. Yəni bələdiyyə qəbul etdiyi qərarla bağlılığı olmayan konkret şəxsə həmin qərar barədə məlumat verməyə borclu deyildir. Hansı ki, iddiaçı heç vaxt bələdiyyəyə sözügedən torpaq sahəsi ilə bağlı müraciət etməyib. Məhkəmə baxışı zamanı iddiaçının təqdim etdiyi sənəddəki torpaq sahəsinin sərhədlərinin mübahisəli torpaq sahələrinin sərhədləri ilə üst-üstə düşübdüşməməsinin dəqiqləşdirilməsi üçün lazımi tədbirlər görülməmiş, iddiaçıda olan Dövlət Aktının elektron bazada tapılmaması məhkəmədə hər hansı şübhə oyatmamış, həmin sənədin saxta üsullarla sonradan hazırlanması yoxsa həqiqətən aqrar islahat vaxtı hazırlanıb iddiaçıya təqdim edilməsi, eyni zamanda əslən Ağdaş rayonundan olan iddiaçının aqrar islahat vaxtı ümumiyyətlə Qəbələ rayonunda qeydiyyatda olub-olmaması faktları ətraflı araşdırılmamış, ölkədə aqrar islahatın bələdiyyələr tərəfindən keçirilmədiyi, bələdiyyələrin aqrar islahatda hər hansı formada iştirak etmədiyi, vətəndaşın aqrar islahat vaxtı hüquqları pozulmuşsa bunda bələdiyyənin günahının olmadığı, aqrar islahat komissiyası tərəfindən hüquqları pozulan şəxslərin məhz aqrar islahat komissiyasına (və ya onun hüquqi varisinə) qarşı “pozulmuş hüquqlarının bərpası” barədə iddia qaldırmalı olduğu kimi nüanslar məhkəmənin diqcfətindən qaçırılmış, nəticədə iddiaçının təqdim etdiyi səthi sübutlara əsaslanaraq məhkəmə tərəfindən qeyri obyektiv, qərəzli və əsassız qərar çıxarılmışdır. Ona görə də, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2-1(84)-448/2018 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X19 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qəbələ rayon X18 xx xxxxxx 2001 -ci il tarixli 03 saylı qərarı ilə təsdiq edilmiş subyektlər siyahısında iddiaçının adı qeyd olunmuşdurmu? Yəni şəhadətnamə qanunidirmi? iddia müddətinə riayət edilmişdirmi? Həmin hal nə qədər ki müəyyən olunmayıb, iddiaçının subyektiv hüququndan sözgedə bilməz. Buna görə iddiaçı indiki tələblə məhkəmədə iddia qaldıra bilməz.Məhkəmə Qəbələ bələdiyyəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsini mülkiyyətə verilməsi üçün sənədlərin hazırlanması və razılaşdırılması barədə xx.xx.2016cı il tarixli 27 nömrəli protokol qərarına qanunsuz əlverişsiz inzibati akt kimi hüquqi qiymət versə də, bələdiyyənin qərarı qanunsuz inzibati akt deyil. Qanuni inzibati aktdır. Çünki bələdiyyə həmin torpaq sahəsini ayırarkən müvafiq icra hakimiyyəti orqanlarından rəy alıb, öz adına rəsmiləşdirilmiş, hərrac qaydasında 3-cü şəxslərə satılmışdır. Burda qanunsuzluğun nədən ibarət olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Buna görə də məhkəmə tərəfindən maddi hüquq norması düzgün tətbiq edilməmişdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin tələblərinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir, təkcə üçüncü şəxslərə münasibətdə deyil, eləcə də əqddə iştirak edən tərəflərin xeyrinə və ya ziyanına şamil olunan bu müddəa sübutetmə vəzifəsi ilə bağlı xüsusi norma hesab olunur və bu barədə nəzərdə tutulmuş ümumi qaydalardan üstün qüvvəyə malikdir. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Ona görə də, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2-1(84)-448/2018 saylı qərarının ləğv edilməsini və işin Şəki İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Üçüncü şəxs X27 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbi yalnış və əsaslandırılmamış məlumatlardan ibarət olmasına baxmayaraq birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, onun tərəf olaraq iştirakı təmin edilmədiyinə görə isə iddia tələbinin rədd olunması üçün əsas ola biləcək dəlillərinin araşdırılması isə ümumiyyətlə mümkün olmamışdır. İddiaçının sübutları fərziyələrdən ibarət olmuşdur. İddiaçı tərəfindən məhkəmədə işə baxılarkən tələb kifayət qədər əsaslandırılmamış, iddia tələbini sübut edə biləcək başqa sübut təqdim edilməmişdir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi hələ aqrar islahat vaxtı Qəbələ rayon X18 müvafiq qərarı ilə Qəbələ bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Həmin dövrdə hazırlanıb bələdiyyəyə verilən xəritədə də sözügedən torpaq sahələrinin bələdiyyənin inkişaf fonduna aid olduğu göstərilmişdir. Satılması nəzərdə tutulan, qeyd olunan torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğundan, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnu qeydiyyata alınma proseduruna başlanılması barədə qərar qəbul edilmiş və həmin qərara uyğun olaraq torpaq sahəsinin hər hansı fiziki və ya hüquqi şəxsin mülkiyyətində, icarəsində və istifadəsində olmadığından, müvafiq kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmədiyindən fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmasının qanunauyğunluğu barədə verilən rəylər əsasında topraq sahəsinin üzərində bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bələdiyyənin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd Qəbələ bələdiyyəsinə təhvil verilmişdir. Bu hüquqmüəyyənedici sənədə uyğun olaraq Qəbələ bələdiyyəsinin müvafiq qərarına əsasən torpaq sahəsinin ona satılmasına dair müqavilə bağlanmışdır. Belə ki, Qəbələ bələdiyyəsi xx.xx.2016-cı il tarixli 27 saylı protokol qərarı əsasında hüquqlar qeydə alınmış 0,0555 ha torpaq sahəsini xx.xx.2017-ci il tarixdə ona satmış, tərəflər arasında AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, onun 0,0555 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına RX seriyalı ******* saylı çıxarış, A seriyalı 207726 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Hətta fərz etsək ki, aqrar islahat zamanı İddiaçı Məmmədhüseyn qızının hüquqları pozulmuşdursa, burada nə cavabdehin, nə də 3-cü şəxslərin təqsiri yoxdur. Məlum olduğu kimi Qəbələ rayon X18 xx.xx.2001-ci il tarixli qərarı ilə İddiaçı mülkiyyətinə 0.10 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə JN seriyalı 2089 F saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamə hazırlanmışdır, iddiaçı hüquqlarının pozulması barədə xx.xx.2018-ci il tarixdə xəbər tutduğunu iddia etsə də, bu hal aşağıda qeyd olunanlarla təkzib olunur. Belə ki, iddiaçının bildirdiyinə görə sözügedən torpaq sahəsi onun mülkiyyətinə 2001-ci il tarixdə verilmişdir. Ancaq məhkəmə baxışı zamanı məlum olmuşdur ki, iddiaçı 2016-cı ilə qədər 15 il ərzində mülkiyyətində olan torpaq sahəsi ilə maraqlanmır. Həmin torpaq sahəsi 2016-cı ilə qədər bələdiyyə mülkiyyətinə aid boş ərazi olub. Məhkəmə baxışı zamanı o da müəyyən olundu ki, 15 il ərzində həmin torpaq sahəsi ilə bağlı iddiaçının hər-hansı hərəkəti müşahidə edilməyib, yalnız 2016-cı ildə torpaq sahəsinin alqı-satqısı həyata keçirildikdən və üzərində tikinti işləri aparıldıqdan iki il sonra 2018-ci ildə iddiaçıya məlum olur ki, güya ona məxsus torpaq sahəsi başqasına satılıb. Hesab edir ki, ümumiyyətlə iddiaçının iddia tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, Qəbələ rayon X18 xx xxxxxx 2001-ci il tarixli 03 saylı qərarı ilə təsdiq edilmiş subyektlər siyahısında iddiaçının adı qeyd olunmamışdır. Bu hal isə iddiaçıya verilmiş şəhadətnamənin qanuni olmasına şübhə ilə yanaşmağa kifayət qədər əsas verir. Məhkəmə baxışı zamanı iddiaçının təqdim etdiyi sənəddəki torpaq sahəsinin sərhədlərinin mübahisələndirilən torpaq sahələrinin sərhədləri ilə üst-üstə düşüb-düşməməsinin dəqiqləşdirilməsi üçün lazımi tədbirlər görülməmiş, iddiaçıda olan Dövlət Aktının elektron bazada tapılmaması məhkəmədə har hansı şübhə oyatmamış, həmin sənədin saxta üsullarla sonradan hazırlanması, yoxsa həqiqətən aqrar islahat vaxtı hazırlanıb iddiaçıya təqdim edilməsi, eyni zamanda əslən Ağdaş rayonundan olan iddiaçının aqrar islahat vaxtı ümumiyyətlə Qəbələ rayonunda qeydiyyatda olub-olmaması faktları ətraflı araşdırılmamış, bu kimi vacib məqamlar məhkəmənin diqqətindən yayınmış, nəticədə iddiaçının təqdim etdiyi səthi sübutlara əsaslanan məhkəmə tərəfindən qeyri- obyektiv, qərəzli və əsassız qərar çıxarılmışdır. Ona görə də, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2-1(84)-448/2018 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kolegiyasının iclasında iştirak edən üçüncü şəxs X21 nümayəndəsi (vəkili) Vəkil apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tаrixli, 2-1(84)-448/2018 saylı qərarının ləğv edilməsini və iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər tərəflər və nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasına təqdim olunmuş və məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İcraat materialları Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına təqdim olunmuşdur. Həmin materiallara JN seriyalı 2089 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surəti, şəhadətnamələrin qeydiyyatı kitabından çıxarışın surətləri, Qəbələ rayon Qəbələ bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 27 nömrəli protokolundan çıxarış, xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli və ******* nömrəli çıxarışların surətləri, A seriyalı 114529 nömrəli və 114530 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərinin surətləri, AN-İ seriyalı ******* nömrəli və ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrini surətləri, xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli və ******* nömrəli çıxarışların surətləri, A seriyalı 207725 nömrəli və 207726 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərinin surətləri, DƏDRX tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli məktub, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(84)-135/2018 nömrəli qərardadının surəti, DƏDRX-in 9 saylı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2018-ci il tarixli **********46 nömrəli məktub, cavabdeh inzibati orqanın xx.xx.2018-ci il tarixli 29 nömrəli etirazı və digər sənədlər toplusu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1, 85.2 və 85.3-cü maddələrinə uyğun olaraq apelyasiya şikayətləri formal baxımdan lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində cavabdehin və üçüncü şəxslərin tələbləri göstərilmişdir. Cavabdehin və üçüncü şəxslərin apelyasiya şikayəti uğurlu sayılr. Belə ki, o, mahiyyət etibarı ilə əsaslıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1 və 2.2.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddia bələdiyyə qərarının ləğv edilməsinə yönələn tələb mümkündür. Söhbət İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsində nəzərdə tutulmuş mənada mübahisələndirilə bilən inzibati aktdan gedir. İddiaçı bu aktın İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti, yəni qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində iddianın irəli sürülməsi də təmin olunmuşdur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, mübahisə predmeti olan qərar xx.xx.2016-cı il tarixdə qəbul edilməsinə baxmayaraq iddiaçıya təqdim və ya elan olunmamışdır. İddiaçı həmin qərarın mövcudluğundan DƏDRX-in 9 saylı Ərazi İdarəsinə qarşı “JN 2089F kod 40601004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 10 sot torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alaraq çıxarış verilməsi” tələbi ilə məhkəməyə müraciət etdikdən sonra aparılan məhkəmə araşdırması zamanı məlumatlı olmuş, məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə iddiası mümkün sayılmamış və iddiaçı xx.xx.2018-ci il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddianı irəli sürmək üçün 30 günlük iddia müddətini ötürməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Republikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının hazırkı iş üzrə xx.xx.2019-cu il tarixli 2-1(102)-1254/2019 nömrəli qərarında göstərilmişdir ki, hər iki şikayətçi kasasiya şikayətlərində eyni dəlillə çıxış edərək bildirirlər ki, İddiaçı xx xxxxxx 1980-ci il tarixdən bu günədək Ağdaş rayonu Orta Ləki kəndində qeydiyyatda olduğu halda, mübahisəli torpaq sahəsinin 2001-ci ildən əvvəl iddiaçının qanuni istifadəsində olması, sonradan isə mülkiyyətinə keçməsinin qanuniliyi və əsaslılığı apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır. İş materiallarına əlavə olunmuş Şəki İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxxxx 2019-cu il tarixli 2-1(084)-829/2019 saylı qərarının təsdiq olunmuş surətindən görünür ki, iddiaçılar Qəbələ rayon Qəbələ Bələdiyyəsi, X19 və X21 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı (3-cü şəxs İddiaçı) “İddiaçı adına JN seriyalı, 2089F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi” tələbinə dair idiiaları təmin edilərək Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə İddiaçı adına verilmiş JN seriyalı, 2089F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Həmin qərarda birinci instansiya məhkəməsi tərəfindən toplanmış aşagıdakı sənədlərə isinad edilmişdir: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağdaş Rayon Polis Şöbəsinin xx.xx.2018-ci il tarixli 8/13217606 nömrəli məktubu və AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1952-ci ildə Ağdaş rayon Orta Ləki kəndində anadan olmuş İddiaçı xx.xx.1980cı il tarixdən bu günə qədər Ağdaş rayon Orta Ləki kəndində qeydiyyatdadır. - Ağdaş rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli 1752 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1952-ci ildə Ağdaş rayon Orta Ləki kəndində anadan olmuşdur. X2, anası X16r. - Ağdaş rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli 1729 nömrəli arayışından görünür ki, X6 ilə İddiaçı xx.xx.1972-ci ildə nikaha daxil olmuşlar və bu barədə 6 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah Ağdaş rayon Orta Ləki kənd İ/N-yi tərəfindən qeydə alınıb. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Əliyeva soyadı verilmişdir. - JN seriyalı, 2089F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayonu AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə Qəbələ rayonunda yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı verilmişdir. (şəhadətnamənin surətindən müəyyən olunur ki, şəhadətnamənin torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü və həyətyanı sahənin qaiməsi/sertifikatı hissəsində DTXK Qəbələ rayon şöbəsinin möhürü olsa da, şöbənin müdiri T.Məmmədov tərəfindən imzalanmamışdır.) - Qəbələ rayonu X23 məktubundan görünür ki, Ağdaş rayonu Orta Ləki kənd sakini İddiaçı 3 nəfərdən ibarət ailəsinə, yəni İddiaçı, X8 (həyat yoldaşı), X12 bir yerdə 0,25 ha Ağdaş rayonu AİK-nın xx.xx.1998-ci il tarixli 21 nömrəli qərarı ilə çöl pay torpaq sahəsi verilmişdir. - Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Orta Ləki kənd X30 üzrə Nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 87 nömrəli məktubundan görünür ki, İddiaçı təsərrüfatbaşına kitabda adı mövcuddur. Onun adına 1998-ci ildə aqrar islahatla əlaqədar mərhum ərinin adına (X6) 0,25 ha pay torpağı və 0,46 ha həyətyanı torpaq sahəsi vardır. - DƏDRX-nin 17 saylı X25 xx.xx.2019-cu il tarixli **********71 nömrəli məktubundan görünür ki, Ərazi İdarəsinin elektron adlı siyahısında X4 və ailə üzvlərinin ümumbirgə (3 nəfər) adlarına Ağdaş rayonu, Orta Ləki kəndində JN-449 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin qeyd olunmasına baxmayaraq, 2-ci nüsxəsi arxivdə mövcud olmayan həmin şəhadətnamə barədə elektron baza xəritəsində (DVJ faylı) və Ərazi İdarəsində saxlanılan qeydiyyat kitabında hər hansı məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli **********25 nömrəli məktubundan görünür ki, pay torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısında X1 “Abdullayev”, həyətyanı torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısında isə “Hacıyev” kimi qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli **********71 nömrəli məktubundan görünür ki, Qəbələ rayonu və Ağdaş rayonu Orta Ləki kəndi üzrə torpaq islahatı aparılan zaman torpaq payı verilmiş subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. - DƏDRX-nin 9 saylı X26 xx.xx.2019-cu il tarixli **********77 nömrəli məktubundan görünür ki, 9 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə aparılan çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar kameral şəraitdə elektron kadastr baza məlumatları və arxiv materiallarına istinad olaraq araşdırılmış və araşdırmalar nəticəsində Əliyev Gözəl Məmmədhüseyin qızının adına ləğv olunmuş DTXK tərəfindən tərtib olunmuş JN-2089 (kod 40601004) saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin Ərazi İdarəsində mövcud olan elektron dwj baza məlumatlarında öz əksini tapmadığı müəyyən olunmuşdur. İddiaçı adına ləğv olunmuş DTXK tərəfindən verilmiş JN-2089 (kod 40601004) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərazi İdarəsində mövcud olan elektron dwj baza məlumatlarında öz əksini tapmadığından şəhadətnamədə göstərilən 0.10 ha torpaq sahəsinin Ərazi İdarəsi tərəfindən xx.xx.2016cı il tarixdə Qəbələ Bələdiyyəsinin adına RX ******* və RX ******* nömrəli çıxarışla qeydiyyata alınmış torpaq sahələrinin üzərinə düşüb-düşməməsi faktını müəyyən etmək mümkün olmamışdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1952-ci ildə Ağdaş rayonun Orta Ləki kəndində anadan olmuş və xx.xx.1980-ci il tarixindən hal-hazıradək Ağdaş rayonu Orta Ləki kəndində qeydiyyatdadır. O heç vaxt Qəbələ rayonunun sakini olmamışdır və islahat keçirilən zaman Qəbələdə yaşamamışdır. Ona görə də ona mübahisələndirilən şəhadətnamənin verilməsi yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən qanuni hesab oluna bilməz. Həmin dövrdə qeyd olunan şəhadətnaməni vermiş inzibati orqan qanunvericiliyin tələblərini pozaraq Qəbələ rayonunun sakini olmayan İddiaçı mülkiyyət hüququna dair şəhadətnamə verməklə torpaq islahatı haqqında qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı hazırkı iş üzrə İddiaçı adına verilmiş JN seriyalı, 2089F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilmiş və həmin qərar qanuni qüvvəsini almış və icra olunmuşdur. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlməmişdir. Cavabdehin mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətə verilməsi üçün sənədlərin hazırlanması və razılaşdırılması barədə xx.xx.2016-cı il tarixli 27 nömrəli qərarı qanunvericilik normalarına uyğun olmuşdur. Buna görə də məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya şikayətlərinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Mütəxəssis tərəfindən təqdim olunan 60 manat haqqın məbləği iddiaçıya aid edilməlidir. Mütəxəssis tərəfindən təqdim olunan 60 manat İddiaçı Məmmədhüseyn qızına aid edilməlidir. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslı deyildir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Ona görə də, apelyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, ləğv edilməli, yeni qərar qəbul edilməli, İddiaçı Məmmədhüseyn qızının cavabdeh Qəbələ bələdiyyəsinə, üçüncü şəxslər X15 və X22 qarşı Qəbələ bələdiyyəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətə verilməsi üçün sənədlərin hazırlanması və razılaşdırılması barədə xx.xx.2016cı il tarixli 27 nömrəli protokol qərarının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Qəbələ rayon Qəbələ bələdiyyəsi, üçüncü şəxslər X19 və X27 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tаrixli, 2-1(84)-448/2018 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Məmmədhüseyn qızının cavabdeh Qəbələ bələdiyyəsinə, üçüncü şəxslər X15 və X22 qarşı Qəbələ bələdiyyəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətə verilməsi üçün sənədlərin hazırlanması və razılaşdırılması barədə xx.xx.2016cı il tarixli 27 nömrəli protokol qərarının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Mütəxəssis tərəfindən təqdim olunan 60 manat İddiaçı Məmmədhüseyn qızına aid edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Ayaz Mahmudov Vəzirxan Məlikov
Məhkəmə qərarları › İş №2-1(107)-20/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-20/2020
14.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver