Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-20/2022 08.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialı və üçüncü şəxs DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “cavabdehin 09.09.2020-ci il tarixli qərarının ləğv edilməsi və ona 22.06.2015-ci il tarixli 90 nömrəli qərarla güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dаir” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 may 2021-ci il tаrixli, 2-1(116)-325/2021 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı 15.06.1979-cu il tarixdən 10.01.1991ci il tarixədək 838 nömrəli Tikinti İdarəsi, 14.01.1991-ci il tarixdən 01.03.2000-ci il tarixədək İsmayıllı 37 nömrəli Yol Tikinti İdarəsi və 02.07.2007-ci il tarixdən 16.05.2008-ci il tarixədək isə İsmayıllı 10 saylı Yol İstismar İdarəsinin nəzdində fəaliyyət göstərən X3 (bundan sonra ABZ) operator vəzifəsində işləmişdir. Cavabdehin 22.06.2015-ci il tarixli 90 nömrəli qərarı ilə iddiaçıya 12.05.2009-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Lakin cavabdehin 09.09.2020-ci il tarixli qərarı ilə pensiya ödənişi 01.09.2020-ci il tarixdən dayandırılmış və iddiaçıya 12.05.2015-ci il tarixdən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 19.10.2020-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd etmişdir ki, iddiaçının pensiya işində olan sənədlər araşdırılmış və operator vəzifəsində işləsə də, qanunvericilikdə asfalt-beton bişirənlərin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olduğu səbəbindən həmin dövrlərin xüsusi (güzəştli) iş stajının tərkibinə daxil edilməsinin qanuna uyğun olmaması qənaətinə gəlinmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına (hazırda 14 saylı regional ərazi filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin 09.09.2020-ci il tarixli qərarının ləğv edilməsi və ona 22.06.2015-ci il tarixli 90 nömrəli qərarla güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 16.05.2021-ci il tarixli, **********8 nömrəli etiraz məktubunda qeyd edilir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçıya Fondun İsmayıllı rayon şöbəsi (hazırki 14 saylı regional ərazi filialı) tərəfindən 22.06.2015-ci il tarixli qərarla güzəştli şərtlərlə pensiya təyin olunmuşdur. İsmayıllı rayon filialında aparılan araşdırma zamanı iddiaçıya güzəştli şərtlərlə təyin olunmuş pensiyanın “Əmək pensiyaları haqqında” qanunun tələblərinə uyğun olmaması aşkarlanmışdır. Belə ki, "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 29-cu bölməsinin a) bəndinə əsasən, asfaltbeton döşəyənlər, asfalt-beton bişirənlər, bitumçular və s. vəzifələrdə çalışmış şəxslərin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. Qanunvericilikdə asfalt-beton bişirənlərin “Əmək Pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olmaları səbəbindən İddiaçı Azərbaycan Avtomobil X2 9 №-li Yol İstismarı MMC-də “operator” işlədiyi müddətin güzəştli iş stajının tərkibinə daxil edilməsi qanunamüvafiq deyildir. Qeyd olunanları nəzərə alaraq, İnzibati icraat haqqında qanunun 67-ci maddəsinə əsasən, güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması haqqında qərarın ləğv edilməsinə və yaşa görə əmək pensiyasının təyin olunmasına dair 09.09.2020-ci il tarixli qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08.02.2019- cu il tarixli **********2 nömrəli Əmrinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) tərəfindən həyata keçirilir (əlavə olunur). Sözügedən Əmrin icrası ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 30.04.2019-cu il tarixli **********7 nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən həyata keçirilməsi ilə bağlı bəzi tədbirlərin görülməsi haqqında Əmrinin 2-ci bəndinə əsasən 2019-cu il 10 may tarixindən etibarən Fondun rayon (şəhər) şöbələri tərəfindən Qanunun 9-cu və 20-ci maddələrinə əsasən pensiya təyin edilmiş şəxslərin pensiya işlərinin İdarənin (Mərkəzi Filialın) müəyyən etdiyi mərhələli qaydaya uyğun olaraq adıçəkilən İdarəyə (Mərkəzi Filiala) təhvil verilməlidir (əlavə olunur). Əmrin 3-cü bəndinə əsasən həmin Əmrin 2-ci bəndinə uyğun olaraq təhvil verilmiş pensiya işləri üzrə ödənişlər İdarə (Mərkəzi Filial) tərəfindən həyata keçirilməlidir. Sözügüdən Əmrdə qeyd olunanlara əsasən müvafiq pensiya işlərinin Mərkəzi Filiala təqdim edilməsi prosesi çərçivəsində Fondun İsmayıllı rayon şöbəsi (hazırki 14 saylı regional ərazi filialı) tərəfindən pensiya təyin edilmiş şəxslərin pensiya işləri 25.09.2020-ci il tarixində Mərkəzi Filiala təhvil verilmiş, bununla əlaqədar olaraq təhviltəslim aktı imzalanmışdır. Pensiya ödənişi yuxarıda qeyd olunan tarixdən əvvəl dayandırıldığından Fondun İsmayıllı rayon şöbəsinin bu barədə qərar qəbul etmək səlahiyyətləri olmuşdur. Birinci instansiya məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-325/2021 nömrəli qərardadı ilə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxsin nümayəndəsi rayon şöbələrində hər ilin noyabr ayında pensiya işlərinin inventarizasiyasının aparıldığını, yerli şöbələrdə aparılmış pensiya təyinatlarının qanunauyğunluğunun hər iki ildən bir yoxlandığını qeyd edib, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibаti Məhkəməsinin (hаkim İlqar Cabbarov) 18 may 2021-ci il tаrixli, 2-1(116)- 325/2021 saylı qərаrı ilə iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) 09 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) üzərinə İddiaçı 22.06.2015-ci il tarixli 90 nömrəli qərarla güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv olunduğu tarixdən (01.09.2020-ci ildən) bərpa edilməsi öhdəliyi qoyulmuşdur. Şəki İnzibаti Məhkəməsinin 18 may 2021-ci il tаrixli, 2-1(116)-325/2021 saylı qərarından Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialı (hazırda 14 saylı regional ərazi filialı) tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyаsiyа şikаyətinin dəlilləri: Cavabdeh аpellyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, DSMF-nin İsmayıllı rayon şöbəsi tərəfindən qəbul edilmiş 22.06.2015-ci il tarixli qərarın həmin şöbənin 09.09.2020-ci il tarixli qərarı ilə ləğv edilməsi və əmək pensiyasının təyin edilməsi qanunidir. Belə ki, 22.06.2015-ci il tarixli qərar həmin dövrdə buna səlahiyyəti olan İsmayıllı rayon şöbəsi tərəfindən qəbul olunmuşdur, “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən həmin orqan tərəfindən də ləğv edilməlidir. 09.09.2020-ci il tarixli qərarla yaşa görə əmək pensiyasının təyinatının aparılması İsmayıllı rayon şöbəsinin səlahiyyətlərinə aid olduğundan həmin qərarın qəbulu “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğundur. Beləliklə, İsmayıllı rayon şöbəsinin 09.09.2020-ci il tarixli qərarı qanunidir, formal-hüquqi baxımdan qanunilik şərtlərinə cavab verir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 18 may 2021-ci il tаrixli, 2-1(116)-325/2021 saylı qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) və DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialını nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə Şəki İnzibаti Məhkəməsinin 18 may 2021-ci il tаrixli, 2-1(116)-325/2021 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında İddiaçı iştirak etməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırma hissəsi: Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 82-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bаğlı işə şikаyət həddində və hüquqi məsələlər, hаbelə sübutlаr və fаktlаr (fаktiki hаllаr) əsаsındа mаhiyyəti üzrə tаm həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsаsən yeni təqdim olunmuş sübutlаrı (sübutetmə vаsitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə аlır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdehin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. İddiaçı cavabdehin 19.10.2020-ci il tarixli, **********4 nömrəli imtina məktubunu aldıqdan sonra məhkəməyə poçt vasitəsilə 21.10.2020-ci il tarixində iddia ərizəsi vermiş, iddia ərizəsi 23.10.2020-ci il tarixində məhkəməyə daxil olmuşdur. İddia müddəti ötürülmədiyi üçün iddia mümkündür. İddia həmçinin əsaslıdır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb cavabdehin nümayəndəsinin izahatını dinləyib belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəki İnzibati Məhkəməsinin 18 may 2021-ci il tаrixli, 2-1(116)-325/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Bu baxımdan, cavabdehin mübahisəli qərarı formal-hüquqi baxımdan qanunsuzdur. Belə ki, həmin qərarın (inzibati aktın) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlumdur, lakin orqan buna müvafiq səlahiyyəti olmayan inzibati orqandır, qərar qanunvericiliyə əsasən müəyyən rəsmi sənəd formasında qəbul edilmə tələbinə cavab verən inzibati aktdır, icrası mümkündür və kimə ünvanlandığı aydındır. Birinci instansiya məhkəməsi iddianı təmin edən qərar qəbul etmiş, cavabdeh isə həmin qərarla razılaşmayıb ondan apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmuş və düzgün qərar qəbul etmişdir. Eyni zamanda məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız və qəbuledilməz sayır. İş materiallarında olan cavabdeh orqanın 09.09.2020-ci il tarixli qərarının təsdiq edilmiş surətindən müəyyən edilir ki, həmin qərarla iddiaçıya 12.05.2009-cu il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası iddiaçı operator vəzifəsində işlədiyi üçün və operatorların güzəştli şərtlərlə pensiya hüququ olmadığından dayandırılmış, əvəzində 12.05.2015-ci il tarixdən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan İsmayıllı 10 saylı Yol İstismar İdarəsinin 18.06.2015-ci il tarixli, 69 nömrəli məktubunun təsdiq edilmiş surətində qeyd edilir ki, İddiaçı 05.05.1979-cü il tarixli, 99 №-li əmrlə 15.06.1979-cu il tarixdən 838 saylı Tikinti İdarəsinin ABZ-na 4-cü dərəcəli operator işinə keçirilmiş, 10.01.1991-ci il tarixli 5 nömrəli əmrlə 10.01.1991-ci il tarixdən işdən azad edilərək, İsmayıllı rayon 37 №-li Yol Tikinti idarəsinə köçürülmüşdür. İddiaçı 37 №-li Yol Tikinti İdarəsinin 14.01.1991-ci il tarixli 11 №-li əmri lə 14.01.1991ci il tarixdən köçürmə yolu ilə ABZ-na 6-cı dərəcəli operator işinə qəbul edilmiş, 17.06.1993-cü il tarixdən 8-ci dərəcəli operator vəzifəsinə keçirilmiş, İdarənin ləğv olunması ilə əlaqədar 01.03.2000-ci il tarixdən işdən azad edilərək köçürmə yolu ilə yeni yaradılmış 10 saylı Yol İstismar İdarəsinin tabeliyinə verilmişdir. M.X5 İdarəsinin 03.03.2000-ci ii tarixli 4 №-li əmri ilə həmin tarixdən ABZ-na asfalt bişirən fəhlə operator işinə qəbul edilmiş, İdarənin 02.07.2007-ci il tarixli 8 nömrəli əmri ilə 02.07.2007-ci il tarixdən ABZ-da 6-cı dərəcəli operator vəzifəsinə keçirilmiş və 16.05.2008-ci il tarixli 37 №-li əmrlə 16.05.2008-ci il tarixdən işdən azad edilmişdir. İddiaçı operator işlədiyi dövrdə tam iş günü ərzində ABZ-da bilavasitə asfalt bişirilməsi ilə bağlı işləri yerinə yetirməklə 28 il 10 ay 25 gün güzəştli iş stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, təhcizatı, bərpası və təmirinə dair 29-cu bölməsinin a) bəndinə əsasən asfalt-beton bişirənlərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ vardır. İş materiallarında olan Azərbaycan Avtomobil X2 9 nömrəli Yol İstismarı” MMC-nin cavabdeh orqanın rəhbərinə ünvanladığı 07.09.2020-ci il tarixli, 302 nömrəli məktubda qeyd edilir ki, MMC-də ABZ-də operator peşəsində işləyən işçi qaynar asfalt-beton bişirməklə məşğul olur. İş materiallarında olan 16.08.1971-ci il tarixdə tərtib olunan iddiaçının əmək kitabçasının surətindən müəyyən edilir ki, iddiaçı 15.06.1979-cu il tarixdən 10.01.1991-ci il tarixədək 838 nömrəli Tikinti İdarəsi, 14.01.1991-ci il tarixdən 01.03.2000-ci il tarixədək İsmayıllı 37 nömrəli Yol Tikinti İdarəsi və 02.07.2007-ci il tarixdən 16.05.2008-ci il tarixədək isə İsmayıllı 10 saylı Yol İstismar İdarəsinin nəzdində fəaliyyət göstərən X3 (bundan sonra ABZ) operator vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08.02.2019- cu il tarixli **********2 nömrəli Əmrinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırkı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) tərəfindən həyata keçirilir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 08.02.2019-cu ildə təsdiq edilmiş əsasnaməsinin, həmçinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23.07.2020-ci ildə təsdiq edilmiş əsasnaməsinin 3.1.8-ci bəndinə əsasən Qanunun 9-cu və 20-ci maddələrinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, pensiyanın bir növündən digərinə keçirilməsini və ödənilməsini, yenidən hesablanmasını, qanunla nəzərdə tutulmuş hallarda pensiya ödənişinin dayandırılmasını və xitamını həyata keçirmək İdarənin (hazırda Mərkəzi filialın) vəzifələrinə aid edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun 30.04.2019-cu il tarixli **********7 nömrəli əmrinin 1ci bəndində qeyd edilir ki, 2019-cu ilin 10 may tarixindən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən aparılması ilə əlaqədar fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların həyata keçirilməsi həmin tarixdən dayandırılsın. Əmrin 2-ci bəndinə əsasən 2019-cu ilin 10 may tarixinədək fondun rayon (şəhər) şöbələri tərəfindən Qanununun 9-cu və 20-ci maddələrində qeyd edilir ki, pensiya təyin edilmiş şəxslərin pensiya işlərinin İdarənin müəyyən etdiyi mərhələli qaydaya uyğun olaraq 1 (bir) il müddətində adıçəkilən idarəyə təhvil verilməsi başa çatdırılsın. Yuxarıda sadalanan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08.02.2019-cu il tarixli **********2 nömrəli Əmri, Dövlət Sosial Müdafiə Fondunun 30.04.2019-cu il tarixli **********7 nömrəli əmrinə və əsasnaməyə əsasən cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə pensiyanı dayandırmaq və ya ona xitam vermək səlahiyyəti olmamışdır. Ümumiyyətlə Dövlət Sosial Müdafiə Fondunun müvafiq tapşırığının nədən ibarət olması əsaslandırılmamış, hətta tapşırıq olduğu halda belə pensiyanın dayandırılması qanunsuz olmuşdur. İnzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır. Səlahiyyət - inzibati orqanın inzibati aktı qəbul edə bilmə imkanına sahib olmasında ifadə olunur. Bu imkan inzibati orqanlara normativ hüquqi aktlarla verilən hakimiyyət səlahiyyətlərinin icrası qaydasında qərar qəbul edə bilmə haqqıdır. Bu aktları qanunvericiliyin səlahiyyət verdiyi orqan, instansiya və ya şəxslər qəbul etməlidir. Səlahiyyətsizlik halları isə əsasən bir neçə formada təzahür edə bilər – digər hakimiyyət qollarına (qanunvericilik və məhkəmə hakimiyyəti) məxsus olan səlahiyyətlərin mənimsənilməsi, digər inzibati orqana məxsus olan səlahiyyətlərin mənimsənilməsi və inzibati orqanın adından qərar qəbul etmək səlahiyyəti olmayan şəxsin inzibati akt qəbul etməsi. Forma – inzibati akt qəbul etməyə yönəlmiş iradənin xarici (maddi) aləmə ünvanlanmış ifadə üsuludur. Bir qayda olaraq inzibati aktlar yazılı formada olmalı və müəyyən edilmiş üsul qaydalarına riayət etməklə qəbul edilməlidirlər. Bu tələb, inzibati aktlara münasibətdə forma sərbəstliyi prinsipinin olmamasından irəli gəlir. Bununla yanaşı, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan (başa düşülən) formada qəbul edilə bilər. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər (“İnzibati icraat haqqında” Qanunun 57.1, 57.3, 57.5-ci maddələri). Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. Məzmun – inzibati orqanın inzibati akt qəbul edərkən nail olmaq istədiyi konkret nəticədir. Buna görə, inzibati aktın doğurduğu nəticə inzibati aktın məzmununu təşkil edir. İnzibati aktın səbəb və məzmun ünsürləri arasında çox sıx bir bağ vardır. İnzibati orqanı inzibati akt qəbul etməyə sövq edən hallar səbəb ünsürünü, inzibati aktın doğurduğu konkret hüquqi nəticə isə məzmun ünsürünü təşkil edirlər. Ona görə də, məzmun və səbəb arasında mütənasiblik tələblərinə cavab verən səbəbli-əlaqə münasibətləri olmalıdır. İnzibati aktın məzmunu, yəni gözlənilən nəticə həyata keçirilən bilən real xarakterli (mümkün) olmalı, eləcə də doğuracağı nəticələr hüquqla tanınan legitim bir nəticə olmalıdır. Buna görə, qanunda nəzərdə tutulan səbəbin mövcud olmasına baxmayaraq, qanunda nəzərdə tutulmuşdan başqa bir hüquqi nəticə yaradan inzibati akt qəbul edilmişsə, bu akt məzmun ünsürü baxımından qanunsuz hesab edilə bilər. Məqsəd – inzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən, aktdan gözlənilən yekun hədəfdir. İnzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən nəticə (məqsəd) qanuni (legitim) olmalıdır. Qanunda açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından yoxlanılarkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da qiymətləndirmə aparılmalıdır. Qanunun bəzi inzibati aktlar üçün nəzərdə tutduğu xüsusi məqsədlərin (məsələn, sahibkarlığın inkişafını təmin etmək üçün və s.) aşıldığı hallarda inzibati akt məqsəd ünsürü baxımından qanunsuz olacaqdır. Xüsusi məqsədlərin ziddinə belə inzibati aktlar qəbul edərkən inzibati orqanlar səlahiyyətin təhrifinə yol vermiş olurlar. Səlahiyyət təhrifi həm də o zaman mövcud olur ki, nail olmaq istədiyi nəticədə haqlı olsa da, inzibati orqan konkret bir məqsəd üçün müəyyən edilmiş vasitəni (üsulu) başqa bir məqsədə nail olmaq üçün istifadə edir. “İnzibati icraat haqqında” Qanunda həmçinin inzibati aktların mübahisələndirilməsi imkanları da müəyyən edilmişdir. Buna görə müxtəlif əsaslardan çıxış etməklə inzibati aktlar etibarsız sayıla (“İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi) və ya ləğv edilə bilər (“İnzibati icraat haqqında” Qanunun 67 və 68-ci maddələri). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, inzibati orqanın səlahiyyətli olub-olmamasının yoxlanılmasına predmet, instansiya və ərazi aidiyyətinin yoxlanılması daxildir. İnzibati aktı qəbul etmiş inzibati orqanın səlahiyyətli olub-olmaması məsələsi ona görə xüsusi əhəmiyyət kəsb edir ki, İİQ-nin 65-ci maddəsinin hazırkı redaksiyasına əsasən, inzibati aktın müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbulu da inzibati aktın etibarsızlığı üçün əsaslardan biri qismində çıxış edə bilər. Səlahiyyət məsələsi əksər hallarda yalnız formalhüquqi baxımdan qanuniliyə aid olan bir məsələdir. Yoxlama üçün əsas qismində İİQ-nin 4-cü maddəsində nəzərdə tutulmuş qaydalar çıxış edir. Predmet aidiyyətində söhbət inzibati aktın əsl səlahiyyət daşıyıcısı tərəfindən qəbul edilib-edilməməsindən gedir. Səlahiyyət daşıyıcıları qismində müvafiq cavabdeh qurumlar vasitəsilə təmsil olunan əyalət, şəhər və ya rayonlar çıxış edə bilər. İnstansiya aidiyyəti o zaman əhəmiyyət kəsb edir ki, inzibati orqanlar müxtəlif səviyyələr üzrə bölünmüş olsun. Belə ki, əgər müxtəlif rayonlara cavabdeh olan müxtəlif inzibati orqanlar mövcuddursa, onda hər hansı bir rayonla bağlılığı olan inzibati akt həmin rayon üzrə səlahiyyətli inzibati orqan tərəfindən qəbul edilmiş olmalıdır. Daha dəqiq desək, eyni məsələ üzrə yalnız bir inzibati orqan qərar qəbul edə bilər. Yuxarıda qeyd olunanlarla əlaqədar, İİQ-nin 65.1.2-ci maddəsində təsbit olunmuş qayda problematik hesab edilir. Həmin normaya əsasən, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Etibarsız sayılmaq o deməkdir ki, inzibati akt qəbul edildiyi andan heç bir hüquqi nəticə yaratmır (bax: İİQ-nin 65.2-ci maddəsi). Beləliklə, sözügedən normanın mətninə uyğun olaraq, inzibati aktın səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbulu heç vaxt onun qanuna zidd olmasına deyil, əksinə, birbaşa etibarsızlığına səbəb olur. Lakin mətnin bu cür təfsiri bir çox səbəbdən inandırıcı görünmür. Çünki İİQ-nin 65-ci maddəsində sadalanmış əsasların müqayisəsi inzibati aktın yalnız dar şərtlər çərçivəsində, yəni aydın şəkildə anlaşıla bilən müstəsna hallarda etibarsız sayılması nəticəsinə gəlməyə əsas verir. Buraya hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt (İİQ-nin 65.1.1-ci maddəsi) və ya maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyitələb edən inzibati akt (İİQ-nin 65.1.4-cü maddəsi), yaxud faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt (İİQ-nin 65.1.5-ci maddəsi), eləcə də kimə ünvanlandığı aydın olmayan inzibati akt (İİQ-nin 65.1.6-cı maddəsi) aiddir. Qeyd olunan bu müstəsna hallar mövcud olduqda, inzibati aktın qanuna zidd deyil, birbaşa etibarsız sayılması onsuz da heç bir sual doğurmur. İnzibati aktın müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbulu qismən təşəkkül tapmamış hazırkı inzibati strukturlarda baş verə bilər. Hətta inzibati orqanların səlahiyyətləri aydın şəkildə qanunla tənzimləndiyi hallarda belə, səlahiyyəti olmayan inzibati orqanın səhvən qərar qəbul etməsi realdır. Bu kimi hallarda inzibati akt etibarsız sayılarsa, onda müvafiq səlahiyyəti olmayan inzibati orqan mövcud olmayan bir inzibati orqanla eyniləşdirilmiş olardı. Bu baxımdan, hüquqi nəticələr böyük əhəmiyyət kəsb edir. Ona görə də İİQ-nin 65.1.2-ci maddəsində yalnız açıq-aşkar müvafiq səlahiyyətə malik olmayan inzibati orqanların başa düşülməsi tövsiyə edilir. Əksinə, səlahiyyətli olmadığı halda pensiyanın dayandırılması barədə inzibati orqanın hərəkəti isə yalnız qanuna zidd hesab olunmalı və onun mübahisələndirilməsinə yol verilməlidir. Cavabdeh yuxarıda qeyd olunduğu kimi 08.02.2019-cu il tarixinə qədər mübahisəli qərarı qəbul etmək səlahiyyətinə malik olmuşdur. Lakin həmin tarixdən sonra ondan bu səlahiyyət alınmış və 3-cü şəxsə verilmişdir. Ona görə də bu prizmadan yanaşmaqla cavabdehin qərarı qanunsuz olduğu üçün ləğv olunmalı və həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələr aradan qaldırılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati icraat dövlət-şəxs, şəxs-hakimiyyət münasibətləri probleminin səmərəli həlli yollarının axtarışında yaradılmış mühüm institutlardan biridir. Bu institutun məqsədi inzibati orqanlar üçün hüquqi başlanğıcların, rəhbər istiqamətlərin müəyyən edilməsi, bütün idarəçilik orqanları üçün ümumi olan qaydalar qəbul etməklə, hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi sahəsində hüquqi yanaşmaların vahidliyini təmin etməkdən ibarətdir. İnzibati icraat institutu dövlət orqanlarının və ya hakimiyyət səlahiyyətlərini həyata keçirən şəxslərin idarəçilik fəaliyyəti ilə bağlı istifadə etdiyi üsul və qaydaların konstitusion prinsiplərə əsaslanmasını, hüquqi dövlətin tələblərinə, ədalət və mütənasiblik meyarlarına cavab verməli olmasını, maraqlı şəxslərin mənafelərinin nəzərə alınmasını tələb edir. İnzibati orqanların idarəçilik fəaliyyətinin vahid icraat qaydalarının müəyyən edilməsi yolu ilə hakimiyyətdən sui-istifadənin, şəxslərin hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması mümkündür ki, əks hal, hakimiyyət səlahiyyətlərinin qanunla müəyyən edilmiş qaydadan kənar həyata keçirilməsinə şərait yaradır. Belə olan halda, hər bir dövlət orqanı öz səlahiyyətlərini dəqiq və aydın şəkildə müəyyən olunmuş, bütün dövlət orqanları üçün eyni cür və vahid qaydalar əsasında həyata keçirməlidir ki, idarəçilik fəaliyyəti ilə bağlı icraat qaydalarının inzibati orqanların hər biri tərəfindən ayrıayrılıqda müəyyən olunması məqbul deyildir. İnzibati icraat institutu konstitusiya prinsipləri əsasında nizama salınan icraat qaydalarının vahidliyini, şəffaflığını və sadəliyini müəyyən etməklə yanaşı, şəxsləri inzibati orqanların və onların vəzifəli şəxslərinin özbaşınalığından, süründürməçiliyindən qorumaq üçün lazımi təşkilati-hüquqi mexanizmlərin yaradılmasını özündə ehtiva edir. Bu çərçivədə şəxs dövlət orqanları tərəfindən idarəçilik fəaliyyəti ilə bağlı qəbul edilmiş qərarların və dövlət orqanlarının hərəkətlərinin (hərəkətsizliyinin) əsaslılığını və qanuniliyini öz hüquq və mənafeləri baxımından qiymətləndirmək, eləcə də onları inzibati və ya məhkəmə qaydasında mübahisələnirmək hüququna malikdir. Bununla da, bir tərəfdən qanunsuz hərəkətlərə yol vermiş şəxslərin hüquqi məsuliyyətə cəlb olunmasına, digər tərəfdən isə şəxslərin qanuni mənafelərinin təmin olunmasına nail olunur. “İnzibati icraat haqqında” Qanunun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-ci maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. “İnzibati icraat haqqında” Qanunun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilərək cavabdehin 09 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilməli və İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 01.09.2020-ci il tarixdən ödənilməsinin təmin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Mübahisəli qərarın qəbul olunmasına əsas olan hallarla, yəni qərarın maddi-hüquqi baxımdan qanuniliyinin yoxlanılması ilə bağlı məhkəmə vurğulamışdır ki, qərarın səlahiyyəti olmayan orqan tərəfindən qəbul edilməsi onun maddi-hüquqi baxımdan qanuniliyinin yoxlanılmasını istisna edir və həmin istiqamətdə araşdırılma aparılmasına ehtiyac qalmır. Məhkəmə həmçinin qeyd etmişdir ki, pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin hazırkı cavabdehin üzərinə qoyulması məhkəmə qərarının gələcəkdə icra olunması baxımından çəkinlik yaratmayacaq. Belə ki, hazırkı mübahisəli qərar qəbul edilmədiyi halda, iddiaçının pensiya ödənişi cavabdeh tərəfindən, təhvil-təslimdən sonra isə 3-cü şəxs tərəfindən həyata keçirilməli idi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşaraq hesab edir ki, məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki İnzibаti Məhkəməsinin 18 may 2021-ci il tаrixli, 2-1(116)-325/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-1(107)-20/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-20/2022
08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver