Məhkəmə qərarları › İş №2-1(107)-200/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-200/2022

04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-200/2022 04.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı inzibati iş üzrə (Açar sözlər: bağçılıq torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X12) “torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2-1(116)-709/2021 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları.

1. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin arxiv fondunun sənədlərinə əsasən 14 avqust 1986-cı il tarixli, 241 saylı qərarı ilə şəhər xəstəxanasına bağçılıq üçün torpaq sahəsinin verilməsi qeyd edilmişdir.

2. “Şəfa” kollektiv bağçılıq təsərrüfatının pasportunda Mərkəzi Xəstəxanada dülgər işləyən İddiaçı XDS-in 14 avqust 1986-cı il tarixli, 241 nömrəli qərarı ilə 6 sot torpaq sahəsi verilmişdir. Pasportun qeyd hissəsində torpaq sahəsinin köhnə xəstəxana ərazisindən verildiyi qeyd edilmişdir.

3. Mingəçevir şəhər X4 İttifaqı Şurasının 29 may 1997-ci il tarixli 44 nömrəli protokolunda Şuranın iclasında Mərkəzi Xəstəxananın travma şöbəsində tibb bacısı işləyən X1 xəstəxana ərazisində ona verilmiş siyahı üzrə 48 nömrəli 6 sot bağ sahəsinin Mərkəzi Xəstəxanada dülgər işləyən İddiaçı bağ sahəsi ilə dəyişdirilməsinin qərara alınması qeyd edilmişdir.

4. 25 yanvar 2021-ci il tarixli “daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nın surətindən görünür ki, sənəd üzrə torpaq sahəsi 0.06 ha, faktiki 0.0499 ha-dır. Torpaq sahəsinin cənub tərəfindən hasardan içəri 1.5-2.5 metr, şimal tərəfindən hasardan 5 metr çöl tərəfdən 330 kv yüksək gərginlikli hava elektrik xətti keçir.

5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona “Şəfa” bağçılığında onun adına ayrılmış 6 sot torpaq sahəsinə mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınaraq çıxarış verilməsini xahiş etmişdir.

6. Cavabdeh 5 fevral 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən 15 avqust 2007-ci il tarixli Akta əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş arxiv sənədlərində mövcud olan “Şəfa” kollektiv bağçılığının adlı siyahısında İddiaçı adı qeyd edilməmiş və torpaq sahəsinin yerini və ölçülərini əks etdirən yerquruluşu planı ərizəyə əlavə edilməmişdir. Həmçinin hüquqların dövlət reyestrində qeydiyyata alınmalı olan torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin Mingəçevir şəhər şöbəsinin mühəndisləri tərəfindən yerində müayinə olunarkən, istifadəsində olan torpaq sahəsinin üzərindən 330 kilovoltluq yüksək gərginlikli elektrik xəttinin keçməsi aşkar olunmuşdur. Belə olan halda, Torpaq məcəlləsinin 62-ci maddəsində qeyd olunduğu (Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli stifadəyə və icarəyə verilə bilər) kimi həmin torpaq sahəsi qanunvericiliyin tələbinə əsasən qısamüddətli istifadə və ya icarəyə verilə bilər. Odur ki, İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması qeyri-mümkündür.

7. AR Ali Məhkəməsinin göstərişi əsasında ikinci Apellyasiya icraatı zamanı sorğu əsasında əldə olunmuş; -17 saylı Yevlax Əİ-nin xx.xx.2022-ci il tarixli, **********59 nömrəli məktubunun məzmunundan görünür ki, iddia olunan torpaq sahəsində fərdi yaşayış evi inşa olunmuşdur. Lakin həminyaşayış evinə dair hər hansı hüquqmüəyyənedici və ya texniki sənəd idarənin arxiv məlumatları sırasında yoxdur (i/m səh. 166) - AR TƏBİB X19 Mingəçevir şəhər X10 Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 649/22 nömrəli məktubun məzmunundan görünür ki, İddiaçı X3 PHŞ-də işləməsinə dair hər hansı bir məlumat tapılmadı (i/m səh.168). - Mingəçevir şəhər İHB-in 2 nömrəli sahə İƏD üzrə Nümayənlədiyi xx.xx.2022-ci il tarixli, 148 nömrəli məktubundan görünür ki, “Şəfa” bağçılıq təsərrüfatının ərazisindən ona ayrıldığını iddia etdiyi torpaq sahəsinə baxış keçirilmiş və iki ədəd tikilinin olduğu müəyyən edilmişdir. İddiaçı qeyd edilmiş ünvanda ailə üzvləri ilə birlikdə yaşayır (i/m səh.171).

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı 16 mart 2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Mingəçevir şəhərində “RMZ”-nin şimalında yerləşən 1986-cı ildən istifadəsində və sahibliyində olan “Şəfa” bağçılığında onun adına ayrılmış 6 sot torpaq sahəsinə mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X14 İcraiyyə Komitəsinin 14 avqust 1986-cı il tarixli, 241 saylı qərarı ilə "Şəfa" bağçılığından iddiaçıya 6 ha torpaq sahəsi ayrılmışdır. Bu barədə "Şəfa" kollektiv bağçılıq təsərrüfatının pasportu iddiaçının adına tərtib olunmuşdur. Bundan sonra iddiaçı qeyd olunan torpaq sahəsindən hazırkı vaxtadək istifadə etmişdir. Həmin torpaq sahəsində iddiaçı fərdi yaşayış evi tikərək ailə üzvləri ilə birlikdə orada yaşayır. İddiaçı torpaq sahəsini özəlləşdirmək məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir.

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, təqdim olunmuş sənədlərdən də göründüyü kimi, ilkin hüquq sahibi Minayə Abbasova ilə İddiaçı arasında şifahi razılaşma əsasında qeyri-rəsmi alğı-satqı aparılmışdır. Lakin aralıqda olan şifahi razılaşma hazırkı vəziyyətə və o cümlədən Mülki Məcəllənin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun mövcud tələblərinə əsasən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dəlalət vermir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mövcud tələblərinə əsasən yalnız üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak alğı-satqı predmeti ola bilər.

11. Şəki İnzibati Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2-1(116)-709/2021 nömrəli qərarı (hakim: X9) ilə iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ona “Şəfa” bağçılıq təsərrüfatının ərazisindən 0.06 ha torpaq sahəsinin verildiyini bildirsə də, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, “Şəfa” bağçılıq təsərrüfatının adlı siyahısında iş üzrə üçüncü şəxs X5 adı qeyd edilmiş, iddiaçının adı qeyd edilməmişdir. İddiaçının təqdim etdiyi “Şəfa” kollektiv bağçılıq təsərrüfatının pasportunun təsdiq edilmiş surətindən Mərkəzi Xəstəxanada dülgər işləyən İddiaçı XDS-in 14 avqust 1986-cı il tarixli, 241 nömrəli qərarı ilə 6 sot torpaq sahəsinin verildiyi yazılsa da, XDS-in 14 avqust 1986-cı il tarixli, 241 nömrəli qərarı ilə şəhər xəstəxanasına bağçılıq üçün torpaq sahəsinin verilməsi qeyd edilmişdir. İddiaçının təqdim etdiyi 29 may 2000-ci il tarixində 44 nömrə ilə təsdiqlənmiş 29 may 1997ci il tarixli Mingəçevir şəhər X8 X11 Şurasının 44 nömrəli protokolundan çıxarışda Mərkəzi Xəstəxananın travma şöbəsində tibb bacısı işləyən X1 xəstəxana ərazisində ona verilmiş siyahı üzrə 48 nömrəli 6 sot bağ sahəsinin Mərkəzi Xəstəxanada dülgər işləyən İddiaçı bağ sahəsi ilə dəyişdirilməsinin qərara alındığı yazılmışdır. Qeyd olunan qərar isə arxivdə mövcud deyil, həmçinin iddiaçı da Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında işləməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının olmaması yuxarıda qeyd olunan normaya əsasən onun iddiasının təmin olunmasını istisna edir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat:

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 dekabr 2021-ci il tarixli, 2- 1(107)-439/2021 nömrəli qərarı (hakimlər: Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X13) ilə Şəki İnzibati Məhkəməsinin 23 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat 15.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2022ci il tarixli, 2-1(102)-525/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 dekabr 2021-ci il tarixli, 2-1(107)- 439/2021 nömrəli qərarı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan və düzgün tətbiq edilməmişdir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında işləmədiyi və alqı-satqı olmadığını əsas tutaraq iddia tələbini rədd etmişdir. Bu da qanunsuzdur. Əvvəla o, heç kimlə alqı-satqı etməmiş, torpaq sahəsi X2 dülgər işlədiyi vaxt iş üzrə üçüncü şəxs X7 verilən torpaqdan Minayə Abbasova istifadə etmədiyi üçün ona verilmişdir. Bu fakt Mingəçevir Mərkəzi Şəhər X4 İttifaqı Şurasında verilən onun orda işləməyini və siyahı üzrə 48 nömrəsi ilə qeyd edilən sahədən 6 sot torpaq verilməsini təsdiq edən arayışda öz əksini tapmışdır. Məhkəmə işi hərtərəfli araşdırmadan qərar qəbul etmişdir. Bundan əlavə cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi məhkəməyə iddia tələbinə etiraz edərək onun adının torpaq verilən siyahıda olmadığını və qeyd edilən torpaq sahəsinin üzərində 330 kl.v yüksək gərginlikli xətt keçdiyini bildirmişdir. Bir daha qeyd etmək istəyirə ki, mübahisə predmeti olan torpaq sahəsi mənə XDS-nin xx.xx.1986- cı il tarixli 241 nömrəli qərarı ilə X2 dülgər işlədiyi vaxt xəstəxananın ərazisindən "Şəfa" kollektiv bağçılıq təsərrüfatının pasportu işlənərək verilmişdir və həmin vaxtdan onun istifadəsində və sahibliyindədir, ora heç kimin iddiası yoxdur. İkincisi torpaq sahəsi bağçılıq təsərrüfatına ayrıldığı zaman həmin xətt orada mövcud idi və elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında bəzi məhdudiyyətlər olsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Sözügedən torpaq sahəsi ona ayrıldığı zaman da həmin xətt orada vardı və bu torpağın ayrılmasına heç bir mane deyildi. Bundan əlavə qeyd etmək istərdim ki, istifadəsində və sahibliyində olan bu torpaq sahəsi 1986-cı ildə ayrılan zaman qaydalar mövcud deyildi, torpaq sahələrinin mülkiyyətə keçməsi qaydaları sonradan qəbul edilmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2-1(116)- 709/2021 qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər.

Tətbiq edilən hüquq

19. “Torpaq islahatları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Maddə 25. Bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir.

20. Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” 22 may 2007-ci il tarixli 2186 nömrəli Sərəncamı: 1996-cı ildə qəbul edilmiş "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qərara alıram:

1. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: 2.1. Ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin; 2.2. bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün;

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:

8.0. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının olmaması yuxarıda qeyd olunan normaya əsasən onun iddiasının təmin olunmasını istisna edir. 8.0.8. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə.68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə.68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya baxışının hədləri

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2022-ci il tarixli, 2-1(102)-525/2022 nömrəli ilə iddiaçının kasasiya şikayətini təmin edib işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərərəkən işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən etmişdir.

24. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır.

26. Bu halda xüsusilə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən hazırki vəziyyətdə işə baxarkən apellyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir.

27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri).

28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

29. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

30. Belə ki, iddiaçı ona “Şəfa” bağçılıq təsərrüfatının ərazisindən 0.06 ha torpaq sahəsinin verildiyini bildirsə də, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, “Şəfa” bağçılıq təsərrüfatının adlı siyahısında iş üzrə iddiaçının adı deyil, üçüncü şəxs X5 adı qeyd edilmiş, iddiaçının adı qeyd edilməmişdir.

31. İş materiallarında olan xx.xx.2000-ci il tarixli, 44 nömrə ilə təsdiqlənmiş xx.xx.1997-ci il tarixli Mingəçevir şəhər X8 X11 Şurasının 44 nömrəli protokolundan çıxarışda Mərkəzi Xəstəxananın travma şöbəsində tibb bacısı işləyən X1 xəstəxana ərazisində ona verilmiş siyahı üzrə 48 nömrəli 6 sot bağ sahəsinin Mərkəzi Xəstəxanada dülgər işləyən İddiaçı bağ sahəsi ilə dəyişdirilməsinin qərara alındığı yazılmışdır (i/m səh.12)

32. Qeyd olunan qərar arxivdə mövcud deyil, həmçinin iddiaçı da Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında işləməyib.

33. Təqdim olunmuş Mingəçevir şəhər X8 İşçilərinin siyahısından görünür ki, həmin xəstəxanda işləmiş əməkdaşlar arasında İddiaçı adı qeyd edilməmiş, 48-ci bənddə Minayə Abbasovanın adı qeyd edilmişdir (i/m səh. 23)

34. İşə yenidən baxan apellyasiya instansiyası Azərbaycan Respubliksı Ali Məhkəməsinin Qərarında qeyd olunmuş göstərişlər baxımından aidiyyəti orqanlara- DƏDRX-in 17 saylı Yevlax Əİ-yə, Mingəçevir şəhər Mərkəzi Xəstəxanası PHŞ-ə, Mingəçevir şəhər İcra Hakimiyyətinin 2 nömrəli sahə İƏİ üzrə nümayəndəliyinə müvafiq sorğular vermişdir.

35. Sorğulara müvafiq cavab olaraq; -17 saylı Yevlax Əİ-nin xx.xx.2022-ci il tarixli, **********59 nömrəli məktubunun məzmunundan müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsində fərdi yaşayış evi inşa olunmuşdur. Lakin həmin yaşayış evinə dair hər hansı hüquq müəyyənedici və ya texniki sənəd idarənin arxiv məlumatları sırasında yoxdur (i/m səh. 166) - AR TƏBİB X19 Mingəçevir şəhər X10 Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 649/22 nömrəli məktubun məzmunundan görünür ki, İddiaçı X3 PHŞ-də işləməsinə dair hər hansı bir məlumat tapılmadı (i/m sə. 168). - Mingəçevir şəhər İHB-in 2 nömrəli sahə İƏD üzrə Nümayənlədiyi xx.xx.2022-ci il tarixli, 148 nömrəli məktubundan görünür ki, “Şəfa” bağçılıq təsərrüfatının ərazisindən ona ayrıldığını iddia etdiyi torpaq sahəsinə baxış keçirilmiş və iki ədəd tikilinin olduğu müəyyən edilmişdir. İddiaçı qeyd edilmiş ünvanda ailə üzvləri ilə birlikdə yaşayır (i/m sə. 171).

36. Beləliklə təqdim olunmuş sənədlərdən müəyyən edilir ki, ilkin hüquq sahibi Minayə Abbasova ilə İddiaçı arasında mübahisəli torpaq sahəsi ilə bağlı şifahi razılaşma əsasında qeyri-rəsmi alqı-satqı aparılmışdır.

37. Kollegiyanın qənaətinə görə M.Abbasova ilə İddiaçı arasında mövcud olmuş şifahi razılaşma Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun mövcud tələblərinə əsasən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına əsas vermir.

38. Belə ki, qeyd olunan qanunvericiliyin tələbinə əsasən yalnız üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak alqı-satqının predmeti ola bilər

39. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 144.1-ci maddəsində qeyd olunur ki, Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. 144.3-cü maddəsində qeyd olunur ki, Notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır 146.1-ci maddəsində qeyd olunur ki, Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.3-cü maddəsində qeyd olunur ki, Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.

40. Beləliklə işə yenidən baxan məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2-1(116)-709/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar