Məhkəmə qərarları › İş №2-1(107)-200/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-200/2024

03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-200/2024 03.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərinin qanunsuz hesab edilməsi və təyin edilən əlillik dərəcəsinin (İİİ dərəcəli əlillik dərəcəsinin) əlillik səbəbinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar əlillik” olaraq düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 2-1(116)-293/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərinin qanunsuz hesab edilməsi və təyin edilən əlillik dərəcəsinin (İİİ dərəcəli əlillik dərəcəsinin) əlillik səbəbinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar əlillik” olaraq düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1969-cu il tarixdə doğulmuş, Ucar RHK tərəfindən xx.xx.1993-cü ildə hərbi xidmətə çağırılmışdır. Müharibə zamanı döyüşlərdə ağır yara almış və xx.xx.1993-xx.xx.1993-cü il tarixlərində Ucar rayon Mərkəzi Xəstəxanasında müalicə almışdır. Yaralanma diaqnozu: “Bel nahiyyəsinin qəlpə yarası” olmuşdur. xx.xx.2022-ci il tarixdə Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Ona “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik şəhadətnaməsi verilmişdir. Ona döyüşlərlə əlaqədar olaraq ikinci qrup əlillik təyin edilmiş, bundan əlavə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2009-cu ildən Müharibə əlillərinə təqaüd təsis edilmişdir və iddiaçı həmin vaxtdan təqaüd alır. Bundan sonra ikinci qrup əlillik dərəcəsi xx.xx.2022-ci il tarixə qiymətləndirilərək xəstəliyin səbəbi dəyişdirilmiş və iddiaçıya xx.xx.2023-cü il tarixədək ümumi xəstəlik səbəbli üçüncü qrup əlillik təyin edilmiş və həmin vaxtdan iddiaçının pensiyası kəsilmiş, hazırki vaxtda qədər iddiaçıya nə müharibə əlilliyi nə də üçüncü dərəcə əlilliklə əlaqədar pensiya verilməmişdir. İddiaçı bununla bağlı cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən imtina edilmişdir.

3. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 36 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: Ucar rayon sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx ) əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Növbəti dəfə əlillik əlaməti təyin etmir barədə qərarı qəbul edilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin 027600AAMCC nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Daha sonra əlillik vəziyyəti tibb müəssisəsinin L00004049NGK nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyac olması barədə qərar qəbul edilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Hərbi Qərar/Şəhadətnamə təqdim etməmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı sol ətraflarda hərəki məhdudluqdan şikayətlənmişdir. Baxış zamanı hər iki aşağı ətrafda tük örtüyü seyrəlmiş, periperik nəbz zəif qeyd olunmuşdur. Nevroloji müayinə zamanı yuxarı və aşağı ətraflarda vətər və sümüküstü reflekslər canlı çağırılmış, əzələ gücü və tonusu dəyişiksiz, afrofiya, parez qeyd olunmamışdır. Anemnezində şəkərli diabet xəstəsi olduğu ifadə olunmuşdur. Vətəndaşın şikayətlərinə əsasən ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli Aşağı ətraf arteriyalarının dippleroqrafiyası müayinəsinin nəticəsi “Sol a.tibialis anterior-75*80 % zəif bifazik axım, yer-er okkluziyalar. Sol dorsalis pedis monofazik axım” kimi müəyyənləşdirilmişdir.

4. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib, sol qulaqcıq genişlənib. Sol mədəciyin sistola diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaktiv tipdə pozulub, seqmentar divar hərəkət pozgunluğu qeyd olunmur. Sistolik funksiya azalmayıb. LVEF-55 %, Aortal və Mitral qapaqlar fibrokalsifikdir..Min Tr. Min Mr.Min AR, Perikard təmizdir” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.6.1.1 bəndində müvafiq olaraq Ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 40 faizi pozulması barədə qərar qəbul edilmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 23 yanvar 2024-cü il tarixli 2- 1(116)-293/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi əlillik dərəcəsinin xx.xx.2023-cü il tarixədək (iddia ərizəsi verərkən əlillik dərəcəsi davam edirdi və ona növbəti əlillik dərəcəsi təyini üçün xx.xx.2024-cü il tarixdə TSEK-na göndəriş verilmişdir) təyin edilməsini nəzərə almadan əlavə ekspertiza təyin etmiş, əlillik səbəb əlaqəsi mübahisələndirildiyi halda yenidən ekspertiza təyin etməklə səhvə yol vermiş, xx.xx.2023-cü il tarixli qərardadla təyin edilmiş ekspertizanın qərardada uyğun olaraq “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyi”nin ekspertləri tərəfindən yox, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin ekspertləri tərəfindən keçirildiyini xx.xx.2023-cü il tarixli ərizəsində bildirməsinə baxmayaraq bu ərizə məhkəmə tərəfindən nəzərə alınmamış, iddia ərizəsi xx.xx.2024-cü il tarixə məhkəmə baxışına təyin edilmişdir. Halbuki, iddia ərizəsi məhkəmənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş və məhkəmədən ona təyin edilmiş əlillik dərəcəsinin səbəb-əlaqəsinin işə əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı ilə yaralanmanın səbəbinə uyğun olaraq (“Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”) Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar əlillik olaraq dəyişdirilməsi tələb edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə də onun əlillik səbəbinin vətənin müdafiəsi zamanı aldığı travma səbəbindən yarandığı açıq olaraq görüldüyü halda, işə baxan Şəki İnzibati Məhkəməsi iddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərə almamışdır. Belə ki, əlillik təyinatı bilinir, əlillik səbəbi bilinir lakin cavabdeh tərəfindən əlillik səbəbi ümumi xəstəlik qeyd edilir, mübahisə əlillik dərəcəsi təyini deyildir, təyin edilmiş əlillik dərəcəsinin mübahisələndirilməsi də deyildir, mübahisə əlillik dərəcəsinin səbəb əlaqəsinin dəyişdirilməsidir ki, əlilliyin səbəbi də iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı ilə öz təsdiqini tapır. Lakin məhkəmə bunu nəzərə almamış, mübahisələndirdiyi qərarında əlillik təyini ilə əlaqədar qanunvericilyin tələblərini sadalamaqla kifayətlənmiş, Qərarın əsaslandırıcı hissəsində bir kəlimə qeyd edərək “İddiaçıya qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də əlilliyin təyini üçün əsaslardan biri deyildir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır” nəticəsinə gəlmişdir. Halbuki məhkəmənin əsaslandığı ekspert rəyinin hər 2 bəndində əlillik səbəbinin əsasını təşkil edən yaralanma ilə əlaqədar xəstəlik olması göstərilmişdir. Ona təyin edilən əlillik dərəcəsi xx.xx.2023-cü ilədək idi və təyin edilən 3-cü qrup əlillik dərəcəsinin şərtlərinə uyğun olaraq o 15 il bitənədək ildə 1 dəfə komissiyadan keçməli, xəstəxanada stasionar və ambulator müalicə olunmalı və göndərişlə əlillik təyinatı yenidən aparılmalıdır. O, əlillik dərəcəsi bitdiyi vaxtdan daim müalicə və müayinə olunur. Bununla əlaqədar yenidən xx.xx.2024-cü il tarixli göndərişlə əlillik təyini üçün xəstəxanadan sənədləri rəsmi olaraq elektron qaydada Tibbi Sosial Ekspert Komissiyasına göndərilib və cavabı gözlənilir. Onun xəstəliyində ağırlaşma var, xəstəliyi düzələn xəstəlik deyildir, tam tərsinə xəstəliyinin üzərinə şəkər olması da əlavə olunub. Bu qeyd etdikləri ekspert rəyinin 1-ci və 2-ci bəndində qeyd edilib. Ekspert rəyində müharibə zamanı aldığı xəsarətin natamam təsdiq olunması onu göstərir ki, o vətənin müdafiəsi zamanı xəsarət almış (rəydə təsdiq olunmur qeyd edilməyib), rəyin 2-ci bəndində də onun sonradan şəkər xəstəliyinə tutulması öz təsdiqini tapır. Deməli ona əlillik təyin edən cavabdeh orqan xəstəliyinin (qəlpə yarasında sonrakı əlamətlər) müharibə zamanı qəlpə yarasından aldığı xəsarətdən sonra əmələ gəlməsini natamam təsdiqləyir, şəkər xəstəsi olması isə tam təsdiqləyir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsini 23 yanvar 2024-cü il tarixli 2-1(116)-293/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsini 23 yanvar 2024-cü il tarixli 2-1(116)-293/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

11. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

12. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən analoji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - cavabdeh orqanın TSEK müayinələri qiymətləndirilmə nəticəsindən görünür ki, iddiaçıya “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər silah növləri ilə törədilmiş zədələnmələr, Bel nahiyyəsinin kor qəlpə yaralanmasından sonrakı vəziyyəti, sol aşağı ətrafın yüngül parezi, aşağı ətraflarda gücün zəifləməsi, yerişin çətinləşməsi ilə kökcük ağrı sindromu" diaqnozu ilə xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. - Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2206/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. - Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T842/2023 nömrəli rəyi.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.1.3. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik; 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 2.1.5. Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik; 2.1.6. Ümumi xəstəliklə əlaqədar əlillik. 2.5. "Hərbi xidmət dövrü ilə əlaqədar" əlillik səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.5.1. xəstəlik şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, yaxud şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) dövründə onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış) dövrünə aid etmək mümkündürsə; 2.5.2. xəstəlik şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; 2.5.3. şəxs xəsarəti hərbi xidmət dövründə hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; 2.5.4. xəsarət hərbi xidmət (hərbi toplanış) dövründə alınmışsa, lakin müraciət anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

17. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 2-1(116)-293/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

20. İş materiallarına əlavə olunmuş cavabdehin xx.xx.2023-ci il tarixli məktubundan görünür ki, iddiaçı əyani müayinə olunmuş və “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər silah növləri ilə törədilmiş zədələnmələr, Bel nahiyyəsinin kor qəlpə yaralanmasından sonrakı vəziyyəti, sol aşağı ətrafın yüngül parezi, aşağı ətraflarda gücün zəifləməsi, yerişin çətinləşməsi ilə kökcük ağrı sindromu” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. “Diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə iddiaçıya əlilliyin təyin olunmasından imtina edilmişdir.

21. Məhkəmə araşdırması zamanı əldə edilmiş, iş materiallarında olan Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli T842/2023 nömrəli rəyində deyilir: “Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən onda xx.xx.2021-ci il tarixli Forma 088 göndərişində qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər silah növləri ilə törədilmiş zədələnmələr, Bel nahiyəsinin kor qəlpə yaralanmasından sonrakı vəziyyəti, sol aşağı ətrafın yüngül parezi, aşağı ətraflarda gücün zəifləməsi, yerişin çətinləşməsi ilə. Kökcük ağrı sindromu ilə” daqnozunda əyani müayinədə aşağı ətraflarda vətər və sümüküz reflekslər canlı olmuş, əzələ gücü və tonusu dəyişiksiz və parez müəyyən edilməmişdir. Dioqnoz natamam təsdiq olundu”.

22. İddiaçıya qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də əlilliyin təyini üçün əsaslardan biri deyildir. Buna görə də birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.

23. Göründüyü kimi iddiaçının sağlamlıq vəziyyəti əyani qaydada yoxlanılmış, onun diaqnozu “Aşağı ətraf arteriyalarının dippleroqrafiyası müayinəsinin nəticəsi “Sol a.tibialis anterior-75*80 % zəif bifazik axım, yer-er okkluziyalar. Sol dorsalis pedis monofazik axım” kimi müəyyənləşdirilmişdir. Həmin diaqnoza uyğun olaraq iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.6.1.1-ci bəndində müvafiq olaraq “Ümumi xəstəlik” səbəbindən 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 40 faizi pozulması barədə qərar qəbul edilmişdir.

24. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza nəticəsində iddia olunan “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar əlillik” səbəbli əlaqəsi öz təsdiqini tapmamışdır.

25. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçıya təyin edilən əlillik dərəcəsinin (İİİ dərəcəli əlillik dərəcəsinin) əlillik səbəbinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar əlillik” olaraq düzəliş edilməsi üçün əsaslar olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

26. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

27. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 2-1(116)-293/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar