Məhkəmə qərarları › İş №2-1(107)-200/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-200/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-200/2025 26.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “3 nəfər ailə tərkibi ilə mənzil növbəliyinə alınması və müvəqqəti mənzil kirayəsinə görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2-1(116)-989/2024 nömrəli qərarından iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdehnə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “ona 3 nəfər ailə tərkibi ilə mənzil növbəliyinə alınmasına dair Sərəncam verilməsi, Sərəncam verildikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 174 nömrəli xx.xx.2012-ci il tarixli Qərarına uyğun müvəqqəti mənzil kirayəsinə görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: - xx.xx.1979-cu ildə Ağdaş rayonunda anadan olmuş və xx.xx.1997-xx.xx.1999-cu illərdə və xx.xx.2002-ci ildən xx.xx.2023-cü ilə kimi hərbi xidmətdə olmuşdur. Sözügedən tarixdə baş gizir kimi fəaliyyət göstərmişdir. İkinci Qarabağ müharibəsində iştirak etmiş, müvafiq olaraq medallarla təltif edilmişdir. Bir neçə il qanunvericiliyin tələbi ilə kirayə pulu alsa da, daha sonra sözügedən kirayə haqqı dayandırılmışdır. Kirayə haqqının ödənişinin dayandırılmasının səbəbini bilmir. O, 2023-cü ilin mart ayına kimi kirayə pulunu hərbi hissədən almışdır. Təxris olunduqdan sonra ona kirayə haqqı İcra hakimiyyəti tərəfindən verilməli olduğu halda əsassız olaraq dayandırılmışdır.

3. Cavabdehə dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamış və kiyayə haqqının kəsilməsinin əsası göstərilməmişdir. O, 20 ildən artıq xidmət etmişdir və fərdi evi (mənzili) yoxdur, ali təhsilli zabitdir və müharibədə birbaşa iştirak etmişdir.

4. Cavabdeh xx.xx.2024-cü il tarixli iddia tələbinə münasibətini aşağıdakı kimi əsaslandırmışdır: - Bildirilir ki, iddiaçı Cavabdehnə bu məsələ ilə bağlı müraciət etmiş və onun müraciəti araşdırılmışdır və məlum olmuşdur ki, İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xx.xx.1997-xx.xx.1999-cu illər və xx.xx.2002-xx.xx.2023-cü illər ərzində həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikası Müdafiə nəzirinin müavini - Quru Qoşunları komandanın xx.xx.2023-cü il tarixli əmri ilə xidmət müddəti başa çatdığına görə ordudan ehtiyata buraxılmışdır. Silahlı Qüvvələrindən xidmət müddəti başa çatdığına görə tərxis olunmuşdur.

5. Mənzil kirayəsinə görə kompensasiyasının ödənilməsi yaşa, xəstəliyə, ailə vəziyyətinə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara, həmçinin 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına şamil edildiyi göstərilmişdir.

6. Nəzərə alsaq ki, İddiaçı ehtiyata buraxılma səbəbi Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən xidmət müddəti başa çatdığına görə tərxis olunması olmuşdur, demək qanunda göstərilən şəxslərin kateqoriyasına o, aid deyil.

7. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

8. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında etirazla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 19 noyabr 2024-cü il tarixli 2- 1(116)-989/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, Cavabdeh üzərinə İddiaçı adının müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya almaq hüququna malik hərbi qulluqçuların siyahısına daxil edilməsi və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 174 nömrəli xx.xx.2012-ci il tarixli qərarına uyğun olaraq müvəqqəti mənzil kirayəsinə görə kompensasiya ödənilməsi öhdəliyi qoyulmuşdur.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xx.xx.1997-xx.xx.1999-cu illər və xx.xx.2002xx.xx.2023-cü illər ərzində həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Quru Qoşunları komandanın xx.xx.2023-cü il tarixli əmri ilə xidmət müddəti başa çatdığına görə ordudan ehtiyata buraxılmış və xidmət müddəti başa çatdığına görə tərxis olunmuşdur. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Eyni məsələ ilə əlaqədar əvvəllər yaranmış anlaşılmazlığın aradan qaldırılması məqsədi ilə Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli qərarının şərh edilməsi ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinə rəsmi müraciət olunmuş və Nazirliyin Qanunvericilik Baş İdarəsindən verilən cavabda birmənalı şəkildə mənzil kirayəsinə görə kompensasiyasının ödənilməsi yaşa, xəstəliyə, ailə vəziyyətinə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara, həmçinin 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına şamil edildiyi göstərilmişdir. Şəki İnzibati Məhkəməsi iddiaçının ehtiyata buraxılma səbəbi olan xidmətin başa çatmasının öz iradəsindən asılı olmayan səbəb olduğu üçün iddiaçının da "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə, həm də Nazirlər Kabinetinin "Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 174 nömrəli xx.xx.2012-ci il tarixli Qərarı ilə müəyyən edilmiş güzəştdən isifadə etmək hüququnun olduğunu göstərmişdir. Lakin əsas göstərilən Qanunda güzəştdən isifadə etmək hüququnu müəyyən edən kateqoriyada olan digər hallar birbaşa göstərildiyi halda, hərbi qulluqçuların öz iradələrindən asılı olmayan səbəbdən xidmət müddətinin başa çatması halı göstərilməyib. Bu isə hərbiçinin iradəsindən asılı olmayan səbəb olsa belə güzəştdən istifadə etməyə əsas yaratmadığını göstərir. Nəzərə alsaq ki, iddiaçının ehtiyata buraxılma səbəbi Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən xidmət müddəti başa çatdığına görə tərxis olunması olmuşdur, demək qanunda göstərilən şəxslərin kateqoriyasına o aid deyil. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2-1(116)-989/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2-1(116)-989/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2-1(116)- 989/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, N nömrəli hərbi hissə komandirinin N nömrəli Əmrindən çıxarış, AO 0189349№-li hərbi biletin surəti.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin maddənin 7-ci hissəsinə əsasən, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istef aya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edilirlər.

17. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsinə müvafiq olaraq, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12ci maddəsində göstərilmiş qaydada təmin edirlər.

18. Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də oxşar müddəa əks olunmuşdur. Qeyd edilən norma ilə müəyyən olunmuşdur ki, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müvafiq məbləğlərdə kompensasiya ödənilir.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır.

21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı məhz 1-ci qrupa aid olmaqla öz iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılmış hərbi qulluqçular kateqoriyasına aiddir. Buna görə də, o, haqlı olaraq “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsi və həmin maddənin 7-ci hissəsi nəzərə alınmaqla müvafiq sosial təminat hüququnun həyata keçirilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan iddiaçının hərbi xidmətdən ehtiyata buraxılma əsasının onun öz iradəsindən asılı olub-olmamasına hüquqi qiymət vermədən imtina cavabı vermiş, bu isə iddiaçının qanunvericiliklə təminat altına alınmış hüquqlarının pozulmasına səbəb olmuşdur.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Şəki İnzibati Məhkəməsi iddiaçının ehtiyata buraxılma səbəbi olan xidmətin başa çatmasının öz iradəsindən asılı olmayan səbəb olduğu üçün iddiaçının da "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə, həm də Nazirlər Kabinetinin "Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 174 nömrəli xx.xx.2012-ci il tarixli Qərarı ilə müəyyən edilmiş güzəştdən isifadə etmək hüququnun olduğunu göstərmişdir. Lakin əsas göstərilən Qanunda güzəştdən isifadə etmək hüququnu müəyyən edən kateqoriyada olan digər hallar birbaşa göstərildiyi halda, hərbi qulluqçuların öz iradələrindən asılı olmayan səbəbdən xidmət müddətinin başa çatması halı göstərilməyib. Bu isə hərbçinin iradəsindən asılı olmayan səbəb olsa belə güzəştdən istifadə etməyə əsas yaratmadığını göstərir. İddiaçının ehtiyata buraxılma səbəbi Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən xidmət müddəti başa çatdığına görə tərxis olunması olmuşdur, demək qanunda göstərilən şəxslərin kateqoriyasına o aid deyil.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, yuxarıda qeyd edilən hərbi qanunvericilik aktları ilə hərbi qulluqçuların konstitusion hüquq, azadlıq və vəzifələri konkretləşdirilmiş və mühüm dərəcədə inkişaf etdirilmişdir. Belə ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin güzəştləri sosial iqtisadi və mədəni həyat fəaliyyətinin müxtəlif sahələrinə aiddir və onlardan asılı olaraq həmin güzəştlər əmək üzrə, təhsil sahəsində, sosial sığorta sahəsində, maliyyə, mənzil və səhiyyə sahəsində güzəştlərə bölünürlər. Həmin güzəştlər sırasında hərbi qulluqçuların həmçinin, mənzillə təmin olunmaq hüququnun da qanunvericiliklə tənzimlənməsi vacib məsələlərdəndir. Qanunverici, hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun digər növlərindən üstünlüyünü nəzərə alaraq nəinki həqiqi hərbi xidmətdə olan, hətta həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin də mənzil şəraitinin yaxşılaşdırılması, bu zaman güzəşt və kompensasiyalarla təmin edilməsini nəzərdə tutmuşdur.

28. Belə ki, iş materiallarına əlavə edilmiş, N №-li hərbi hissənin xx.xx.2023-cü il tarixli, 152 saylı əmrindən çıxarışdan görünür ki, baş gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 18 iyul 2022-ci il tarixli Qərardadında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: - hərbi qulluqçu statusuna malik olma faktı öz-özlüyündə ehtiyata və ya istefaya buraxılmış bütün hərbi qulluqçuların yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) və s. sosial təminatlar əldə etmək şərtlərinin və əsaslarının eyni olması anlamına gəlmir. Bu zaman hərbi qulluqçuların dövlət və ictimai əhəmiyyəti yüksək olan bir xidmətdən - həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasının əsaslarının diqqətə alınması xüsusi əhəmiyyət kəsb edir.

30. Belə ki, ”Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi üzrə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar.

31. Birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar aiddir.

32. İkinci qrupa isə hərbi qulluqçunun öz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir.

33. Qeyd edilməlidir ki, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur.

34. Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.

35. Bununla belə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə iddiaçı sərəncamın konkret olaraq hansı formada verilməsindən çox, mənzil növbəliliyinə daxil edilməsində maraqlıdır. Buna görə də, məhkəmə “3 nəfər ailə tərkibi ilə mənzil növbəliyinə alınmasına dair Sərəncam verilməsi”, “Sərəncam verildikdən sonra müvəqqəti mənzil kirayəsinə görə kompensasiya ödənilməsi” şəklində ifadə olunmuş iddia tələbinə iddiaçının hüquqi marağına uyğun olaraq “müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya almaq hüququna malik hərbi qulluqçuların siyahısına iddiaçının adının daxil edilməsi və müvəqqəti mənzil kirayəsinə görə kompensasiyanın ödənilməsi” kontekstində hüquqi qiymət vermişdir.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

37. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağının mənzil növbəliyinə alınması və müvəqqəti mənzil kirayəsinə görə kompensasiya ödənilməsindən ibarət olmasına baxmayaraq prosessual hüquq normalarını pozaraq iddia tələbindən kənara çıxmaqda və Cavabdeh üzərinə İddiaçı adının müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya almaq hüququna malik hərbi qulluqçuların siyahısına daxil edilməsi və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 174 nömrəli xx.xx.2012-ci il tarixli Qərarına uyğun olaraq müvəqqəti mənzil kirayəsinə görə kompensasiya ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul etməkdə haqlı olmamışdır.

38. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilməli, Cavabdeh üzərinə iddiaçının mənzil növbəliyinə alınması və müvəqqəti mənzil kirayəsinə görə kompensasiya ödənilməsi öhdəliyi qoyulmalı, apellyasiya şikayəti qismən təmin edilməlidir.

39. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2-1(116)-989/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilsin. Cavabdeh üzərinə İddiaçı mənzil növbəliyinə alınması və müvəqqəti mənzil kirayəsinə görə kompensasiya ödənilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar