Məhkəmə qərarları › İş №2-1(107)-201/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-201/2022

26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-201/2022 26.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə (açar sözlər: öhdəliyin icrası haqqında iddia) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 41 nömrəli qərarı ilə ayrılmış 0,18 ha həyətyanı torpaq sahəsinə dair verilmiş JN-729A kod 40814028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1229/2021 saylı qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. JN-729A kod 40814028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən Göyçay Rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 41 nömrəli qərarı ilə Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir.

2. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, JN-729A kod 40814028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,18 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

3. Cavabdeh torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etmiş və 29 iyun 2021-ci il tarixli **********72 nömrəli məktubla bildirmişdir ki, həmin JN-729A kod 40814028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən torpaq sahəsi Ərazi İdarəsinin kadastr elektron baza məlumatlarında və DWG xəritəsində bələdiyyə torpağı kimi işarələnmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Göyçay Rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 41 nömrəli qərarı ilə ayrılmış 0,18 ha həyətyanı torpaq sahəsinə dair verilmiş JN-729A nömrəli kod 40814028 olan "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı hesab edir ki, JN-729A kod 40814028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən torpaq sahəsi onun mülkiyyətində olduğuna görə onun mülkiyyət hüququ qeydiyyata alınmalıdır.

6. Cavabdeh iddianı qəbul etməmiş və 27 avqust 2021-ci il tarixli **********62 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir.

7. Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1229/2021 nömrəli qərarı ilə (hakim Vidadi Qasımov) iddia rədd edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun yaranması üçün torpaq sahəsi torpaq islahatından əvvəl onun qanuni istifadəsində olmalı, iddiaçının adı mülkiyyətinə həyətyanı torpaq sahəsi verilməli olan şəxslərin siyahısına daxil edilməli, bu siyahı aqrar islahat komissiyası tərəfindən təsdiq edilməli və aqrar islahat komissiyasının müvafiq qərarı qəbul edilməli idi. Yalnız bundan sonra torpağa mülkiyyət hüququ yarana bilərdi. İddiaçının adına olan "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" özü-özlüyündə mülkiyyət hüququ verə bilməz, o, yalnız artıq mövcud olan mülkiyyət hüququnu təsbit edə bilər. Ona görə də məhkəmə hesab edir ki, işdə olan JN729A kod 40814028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin verilməsi üçün qanuni əsaslar olmamışdır.

9. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2-1(107)-57/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1229/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

c) Kassasiya instansiya məhkəməsində icraat

12. İddiaçı və onun vəkili Vəkil Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2(107)-57/2022 saylı qərarından kassasiya şikayəti vermişlər.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2-1(102)-670/2022 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2(107)-57/2022 saylı qərarı ləğv edilmiş və iş təkrar apellyasiya baxışına qaytarılmışdır.

II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, qərar qəbul edilərkən maddi hüquq normaları kobud şəkildə pozulduğundan ləğv edilməli və yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməlidir. Belə ki, mübahisədən görünür ki, Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 41 nömrəli qərarı ilə ona fərdi yaşayış evi tikmək üçün 0,18 ha həyətyasnı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə “Torpağın mülkiyyət verilməsinə dair JN-729 A kod 40814028 nömrəli Şəhadtnamə” hazırlanıb verilmişdir. Həmin şəhadətnamə X6 Komitəsinin Göyçay rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitununun vəzifəli şəxsləri tərəfindən 31 mart 2004-cü il və 21 mart 2004-cü il tarixdə imzalanaraq möhürlənmişdir. (DTXK-nin Göyçay rayon şöbəsinin müdiri Nofəl Fərzəliyev və Dövlət Yerquruluşu Layihə İnstitutunun vəzifəli şəxsi H.Əlisoltanov) Həmin şəxslərin möhürü və imzası ilə təsdiqlənmiş “Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə onun mülkiyyətinə verilən 0, 18 ha torpaq sahəsinin ona aid olmasını sübut edir. Məhkəmə qərarında da qeyd edir ki, JN-729 A kod 40814028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əvvəllər torpaqlar üzərində hüquqların qeydiyyatını aparan DTXK-nın Göyçay rayon şöbəsi tərəfindən xx.xx.2004-cü ildə qeydiyyata alınmış, lakin hazırda elektron baza məlumatlarında aşkar edilməmişdir. Belə olan halda, şəhadətnamənin elektron xəritə bazasına yerləşdirilməməsi onun təqsiri deyil və bu mübahisə cavabdeh tərəfindən həll edilməlidir ki, kağızdaşıyıçı hesab olunan şəhadətnamədəki məlumatlar qanunvericiliyin tələbi baxımından elektron xəritələrdən daha üstün hüquqi qüvvəyə malikdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1229/2021 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qərar qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

16. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1229/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasının xahiş etdi.

III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2-ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir.

IV. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Maddə 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.

21. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. ... Maddə 25. Keçid müddəaları Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

V. Apellyasiya məhkəməsinin mövqeyi

24. İddiaçının apellyasiya şikayəti uğurlu sayılır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslıdır. Məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. İddia mümkün iddia olduğuna görə birinci instansiya məhkəməsi iddiaya mahiyyət üzrə baxmışdır.

25. Belə ki, baxılan işdə söhbət İnzibati Prosessuаl Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessuаl Məcəllənin 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İnzibati Prosessuаl Məcəlləsinin 2.2.3 və 34.1-ci maddələrinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

26. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İnzibati Prosessuаl Məcəlləsinin 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İnzibati Prosessuаl Məcəllənin 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir.

27. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni belə əsaslandırmışdır ki, torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun yaranması üçün torpaq sahəsi torpaq islahatından əvvəl onun qanuni istifadəsində olmalı, iddiaçının adı mülkiyyətinə həyətyanı torpaq sahəsi veriməli olan şəxslərin siyahısına daxil edilməli, bu siyahı aqrar islahat komissiyası tərəfindən təsdiq edilməli və aqrar islahat komissiyasının müvafiq qərarı qəbul edilməli idi. Yalnız bundan sonra torpağa mülkiyyət hüququ yarana bilərdi. İddiaçının adına olan "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" özüözlüyündə mülkiyyət hüququ verə bilməz, o, yalnız artıq mövcud olan mülkiyyət hüququnu təsbit edə bilər. Ona görə də məhkəmə hesab edir ki, işdə olan JN-729A kod 40814028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin verilməsi üçün qanuni əsaslar olmamışdır. Cavabdeh 0,18 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Ona görə də iddia təmin edilməməlidir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticəni əsaslı saymır.

29. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda şərh olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1229/2021 saylı qərarı ləğv edilərək iddia tələbi təmin olunmalıdır.

30. Belə ki, iddiaçının kassasiya şikayəti əsasında hazırkı inzibati işə baxan Ali Məhkəmənin İnzibati kollegiyası 26 aprel 2022-ci il tarixli, 2-1(102)-670/2022 saylı qərarında qeyd etmişdir ki, Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı JN-729A kod 40814028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin hər hansı orqan tərəfindən etibarsız hesab edildiyinə, ləğv olunduğuna və ya hər hansı səbəbdən qüvvədən düşdüyünə dair işdə məlumat yoxdur.

31. Məhkəmə araşdırması nəticəsində də adıçəkilən şəhadətnamənin etibarsız hesab edilməsi və ya ləğv olunması müəyyən edilməmişdir.

32. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (qərarın 22-ci bəndi)

33. Sözügedən “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” də göstərilən torpaq sahəsi iddiaçıya Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 41 nömrəli qərarı əsasında verilmişdir.

34. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

35. İş materiallarında iddiaçı tərəfindən təqdim edilmiş, X4 tərəfindən 30 noyabr 2021-ci il tarixdə tərtib edilmiş məlumat üçün bildirişdə qeyd edilmişdir ki, Göyçay rayonu Ərəbcəbirli Bələdiyyəsinin əhatə etdiyi 1-ci Ərəbcəbirli kəndi ərazisində, kəndin “Qəbiristanlığın altı” adlanan ərazi keçmiş S.Vurğun adına kolxoz tərəfindən 1991-1992-ci illərdə ayrı-ayrı vətəndaşlara həyatyanı torpaq sahəsi kimi paylanaraq verilmişdir. Halhazırda kənd yaşayış məntəqəsidir, həmin massivdə vətəndaşlara torpağın verilməsində F.Bədəlov özü də iştirak etmişdir. O cümlədən, kolxozda fəaliyyət göstərən iddiaçıya fərdi torpaq sahəsinin təhkim aktının verilməsi vaxtında təftiş komissiyasının üzvü, Göyçay rayon İcra Hakimiyyəti başçısının Şəadət kənd bölgəsi üzrə nümayəndəliyin müavini kimi təhkim aktını imzalamışdır.

36. İş materiallarında olan Göyçay rayon İcra Hakimiyyəti başçısının ikinci Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən tərtib edilmiş 6 dekabr 2021-ci il tarixli məlumat üçün bildirişdə qeyd edilmişdir ki, nümayəndəliyin əhatə etdiyi Ərəbcəbirli kəndi ərazisindən, “Qəbiristanliğın altı” adlanan ərazisi keçmiş S.Vurğun adına kolxoz tərəfindən 1991- 1992ci illərdə ayrı-ayrı vətəndaşlara həyətyanı torpaq sahəsi kimi paylanaraq verilmişdir. Hal-hazırda kənd yaşayış məntəqəsi olmaqla vətəndaşlar öz fərdi həyətlərində çoxillik bağlar salmaqla, fərdi yaşayış evləri və köməkçi tikililər tikməklə istifadə edirlər. Ərazi qaz və işıq xətləri ilə təmin edilmişdir. Həmin ərazidə iddiaçının da qanuni istifadəsində 0,18 hektar həyətyanı torpaq sahəsi vardır ki, iddiaçı həyətinin yanlarını beton hasarla tutaraq həyətində çoxillik meyvə bağı salmaqla, həmçinin həyətində köməkçi tikililər tikməklə istifadə edir. Onun həyəti 3 tərəfdən fərdi həyətlərlə, digər tərəfdən yol ilə həmsərhəddir, naturada heç bir mübahisə yoxdur. Dövlət Əmlak Komitəsi tərəfindən ərazidə elektron uçot işləri aparılarkən İddiaçı bu işlərin aparılmasından məlumatı olmadığından həyətdə ölçü işləri aparılmamış, onun həyəti elektron baza məlumatlarına daxil edilməmişdir. Bununla əlaqədar Ərəbcəbirli bələdiyyəsi tərəfindən hüquqmüəyyənedici sənəd əsasında vətəndaş iddiaçıya məxsus həyətinin elektron məlumat bazasında qeydə alınmasına köməklik göstərilməsi məqsədilə aidiyyəti təşkilatlara rəsmi məktub göndərilmişdir.

37. Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsi tərəfindən də 29 dekabr 2021-ci tarixli oxşar məzmunlu məlumat üçün bildiriş tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının həyəti elektron uçot işləri aparılması ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti Yanında Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin rəhbərliyinə bələdiyyə tərəfindən rəsmi məktub göndərilməklə (29 noyabr 2021-ci il, №102) hüquq müəyyənedici sənədin əsasında vətəndaş iddiaçıya məxsus həyətinin elektron məlumat bazasında qeydə alınmasına köməklik göstərilməsi xahiş edilmişdir.

38. Qeyd edilən sənədlərə görə (kənd icra nümayəndəliyinin 6 dekabr 2021-ci il tarixli bildirişi, təhkim aktına imza etmiş komissiya üzvünün bildirişi, Ərəbcəbirli kənd bələdiyyəsinin 29 dekabr 2021-ci il tarixli bildirişi), iddiaçı qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsində fərdi yaşayış evi inşa etməklə uzun müddətdir həmin torpaq sahəsinə sahiblik edir, qonşuları və ya digər şəxslə bu torpaq sahəsi ilə bağlı mübahisəsi yoxdur.

39. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsinin torpaq islahatından əvvəl iddiaçının və onu ailə üzvlərinin qanuni istifadəsində olduğu təkzibedilməz faktdır. Ona görə də həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9 və 10-cu maddələrinin tələblərinə əsasən, iddiaçının mülkiyyətinə verilmiş və həmin torpaq sahəsinə iddiaçının adına “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə işlənmişdir. Lakin aidiyyəti orqanların səhvi ucbatından sözü gedən torpaq sahəsi elektron bazada öz əksini tapmamışdır. Yerli özünü idarə orqanı (Göyçay rayon Ərəbcəbirli bələdiyyəsi) yol verilmiş həmin səhvin düzəldilməsi üçün aidiyyəti orqana müraciət etsə də, həmin məsələ məhkəmədənkənar öz həllini tapmamışdır.

40. Digər tərəfdən, cavabdeh elektron baza məlumatlarında torpaq sahəsinin bələdiyyə torpaqğı kimi göstərildiyini bildirsə də, Ərəbcəbirli bələdiyyəsi həmin torpaq sahəsinin həyətyanı torpaq sahəsi kimi iddiaçıya verildiyini, torpaq sahəsinin qonşuluğunda digər vətəndaşlara verilmiş həyətyanı torpaq sahələrinin olduğunu göstərmişdir. Yəni torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir.

41. Cavabdeh 29 iyun 2021-ci il tarixli **********72 nömrəli imtina məktubunda da qeyd olunan səhvi (torpaq sahəsinin elektron bazada qeydə alınmamasını) dolayısı yolla etiraf edərək bildirmişdir ki, torpaq sahəsinin baza məlumatları ilə faktiki istifadə vəziyyətinin dəqiqləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmi “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na əsasən torpaq münasibətlərinin tənzimlənməsində uyğunsuzluqlar aradan qaldırılacaqdır.

42. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlməmişdir.

43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

44. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh iddiaçıya “Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 41 nömrəli qərarı ilə ayrılmış 0,18 ha həyətyanı torpaq sahəsinə dair verilmiş JN-729A kod 40814028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın verilməsindən imtina etməklə düzgün nəticəyə gəlməmişdir.

Nəticəvi hissə:

Yuxarıda qeyd edilənlərə əsasən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1229/2021 saylı qərarı ləğv edilsin və yeni qərar qəbul edilərək iddia tələbi təmin edilsin. Göyçay Rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 41 nömrəli qərarı ilə mülkiyyətə verilmiş, İddiaçı adına olan JN-729A kod 40814028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilmiş, Göyçay rayon İ Ərəbcəbirli kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona reyestrdən çıxarış verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar