Məhkəmə qərarları › İş №2-1(107)-201/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-201/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-201/2025 20.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X4 ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi İddiaçı iştrakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 2- 1(116)-2412/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı, xx.xx.2001-ci il tarixdən xx.xx.2022-ci il tarixədək AR Müdafiə Nazirliyində hərbi xidmət keçmiş və AR Müdafiə Nazirinin 0123 №-li, xx.xx.2022-ci il tarixli əmri ilə “xəstəliyə görə” ehtiyata buraxılmışdır.

3. 44 günlük Vətən Müharibəsi dövründə o, N №-li hərbi hissədə S-125-21M zenit raket divizionunun komandiri vəzifəsində xidmət etmişdir.

4. Vətən müharibəsi dövründə yerinə yetirdiyi döyüş tapşırıqları aşağıda göstərilənlərdən ibarət olmuşdur: divizion komandiri qismində divizionun döyüş fəaliyyətlərinə və döyüş tapşırıqlarının icrasına rəhbərlik və nəzarət etmiş, divizionun tam döyüş heyətinin tərkibində döyüş növbətçiliyi aparmış və hava hədəflərinin yuxarı komanda məntəqəsinə ötrülməsində, qarşılıqlı fəaliyyət suallarının həllində bilavasitə iştirak etmiş, divizionun hədəf kəşfiyyat stansiyasının, zenit-raket kompleksinin döyüş hazırlıq səviyyəsinin saxlanmasının təmin edilməsində və hava şəraitinin nəzərdə saxlanmasında bilavasitə iştirak etmişdir.

5. Ona müharibə adı və vəsiqəsinin verilməsi üçün xidmət keçdiyi N №-li hərbi hissədən barəsində müvafiq arayış məlumat tərtib edilərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinin komissiyasına göndərilmişdir.

6. Lakin ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. İmtina cavabı onunla əsaslandırılmışdır ki, təqdim olunmuş arayışməlumatın 7-ci və 8-ci bəndlərində olan qeydlərə və 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli iclasının protokoluna əsasən komissiya tərəfindən polkovnik-leytenant İddiaçı "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.

7. İmtinanı əsassız və qanunsuz hesab edir. Belə ki,imtina cavabında xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər ifadəsi işlənilir ki, bu da onu göstərilir ki, onun ərizəsinə baxılmamış, ərizə üzrə araşdırma aparılmamış və formal cavab vermişdir. Hesab edir ki, adı müharibə veteranı adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün AR Müdatıə Nazirliyi tərəfindən AR Nazirlər Kabinetinə göndərilən müvafiq siyahıya daxil edilməlidir.

8. O, həmçinin AR Müdafiə Nazirinin müavini- Hərbi Hava Qüvvələrinin Komandanı tərəfindən 44 günlük Vətən Müharibəsi dövründə hücum əməliyyatları zamanı Hərbi Hava Qüvvələrinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsində yüksək peşəkarlıq nümayiş etdirərək fərqləndiyinə görə xx.xx.2020-ci il tarixdə Fəxri Fərmanla təltif olunmuşdur.

9. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı etirazında qeyd edilmişdir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz.

10. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10 və 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, habelə 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.

11. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi və ya hərbi aviasiya, hava hücumundan müdafiə bölmələrinin tərkibində əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsidir.

12. Döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmə dedikdə şəxsin Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş təminatı, mənəvi-psixoloji təminat, madditexniki təminat və tibbi təminat üzrə tapşırıqları icra etməsi nəzərdə tutulur.

13. Hərbi aviasiya, hava hücumundan müdafiə bölmələrinin tərkibində əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmə dedikdə şəxsin vəzifəsinə uyğun olaraq ixtisas bilik, bacarıqları və səlahiyyətləri çərçivəsində döyüş əməliyyatlarında iştirak edən bölmələrə döyüş təminatı ilə əlaqədar məlumatların ötürülməsi, əməliyyatların planlaşdırılması və idarə edilməsi nəzərdə tutulur.

14. Şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən aşağıda qeyd olunan zəruri şərtlərin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi; Hərbi aviasiya, hava hücumundan müdafiə bölmələrinin tərkibində digər ərazilərdə əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi. Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır.

15. Bu əsasnamənin birinci hissəsinin 8-ci, 9-cu və 10-cu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dubiikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir.

16. Bununla yanaşı, Əsasnamənin 1-ci hissəsinin 9-cu və 10-cu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

17. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, N nömrəli hərbi hissə tərəfindən tərtib edilmiş arayış-məlumatda İddiaçı Kürdəmir rayon ərazisində tapşırıqları icra etdiyi qeyd olunmuşdur.

18. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli, 2/2-17 nömrəli məktubundan görünür ki, hərbi hissə tərəfindən təqdim olunmuş arayış-məlumatın 7-ci və 8-ci bəndlərində olan qeydlərə və 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək İddiaçı xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə iddiaçının sənədlərinin razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.

19. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.

20. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

21. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 28 noyabr 2024-cü il tarixli 2-1(116)-2412/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

22. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

23. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd olunan iddianın təmin edilməsinə dair qərar əsassızdır və aşağıdakı səbəblərə görə ləğv olunmalıdır. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10 və 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə(bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, habelə 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş, və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrim sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Bununla yanaşı, Əsasnamənin 1-ci hissəsinin 9-cu və 10-cu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər kabineti ilə razılaşdırıldıqdan sonra verilir.“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Fərmandan da görünür ki, müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etməlidir.Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi və ya hərbi aviasiya, hava hücumundan müdafiə bölmələrinin tərkibində əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsidir. Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçının döyüş əməliyyatları aparılan ərazilərdə hər hansı təminat növü üzrə tapşırıqları və ya digər ərazilərdə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi təsdiq olunmur. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Məhkəmə tərəfindən maddi və prosessual normaların pozulması düzgün olmayan qərarın qəbul olunmasına səbəb olmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 2-1(116)-2412/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı bildirdi ki, apellyasiya şikayətinə etiraz edir. 2-ci Qarabağ Müharibəsi zamanı Müdafiə nazirinin əmri əsasında divizion döyüş tapşırığını yerinə yetirmək üçün döyüş mövqeyinə yollanıb. Komandiri olduğu diviziona ezam olunmuş hərbiçilərdən müharibə veteranı adı və vəsiqəsi alanlar var. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o 2001-ci ildən 05 fevral 2022-ci ilədək hərbi xidmətdə olmuşdur. O Kürdəmir rayonunda yerləşən N saylı hərbi hissədə, döyüş divizionu komandiri vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində xidmət etmişdir. N saylı hərbi hissə Hərbi Hava Qüvvələrinin tərkibində olub. Divizionun yerləşdiyi ərazidən kənarda döyüş mövqeyi olub. Divizionun döyüş tapşırığı hava hücumundan müdafiə olub. Qeyd olunan divizionda 2017-ci ildən xidmət edir. Əvvəllər heç bir döyüş tapşırığında iştirak etməmişdir. Müdafiə nazirinin əmri bütün hərbi hissəyə verilib, onalrın divizionu isə döyüş tapşırığına hərbi hissə komandirinin sərəncamı əsasında çıxıb. Hərbi Hava Qüvvələri komandanı tərəfindən “Fəxri Fərman” almışdır. Apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 2-1(116)-2412/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

25. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

26. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

27. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyi Katibliyinin xx.xx.2024-ci il tarixli 2/2-17 nömrəli imtina məktubuna əsasən, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. -EZ ******* nömrəli Hərbi Biletdən görünür ki, Hərbi vəzifə və hərbi xidmət haqqında AR Qanunun 42.0.2-ci maddəsinə əsasən(xəstəliyə görə) və Hərbi xidmət keçmə haqqında əsasnamənin 164-cü maddəsinə uyğun hərbi xidmətdən istefaya buraxılmışdır. -N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 495 nömrəli əmrindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı N nömrəli hərbi hissədə xidməti vəzifələrini yerinə yetirən hərbi qulluqçuların siyahısına daxil edilmişdir. -Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücümundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular baradə xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək divizion komandiri qismində divizionun döyüş fəaliyyətlərinə və döyüş tapşırıqlarının icrasına rəhbərlik və nəzarət etmiş, divizionun tam döyüş heyyətinin tərkibində döyüş növbətçiliyi aparmış və hava hədəflərinin yuxarı komanda məntəqəsinə ötürülməsində, qarşılıqlı fəaliyyət suallarının həllində bilavasitə iştirak etmiş, divizionun hədəf kəşfiyyat stansiyasının, zenit-raket kompleksinin döyüş hazırlıq səviyyəsinin saxlanılmasının təmin edilməsində və hava şəraitinin nəzarətdə saxlanmasında bilavasitə iştirak etmişdir. -xx.xx.2020-ci il tarixli Fəxri Fərmana əsasən, mayor İddiaçı hücum əməliyyatları zamanı hərbi hava qüvvələrinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsində yüksək peşəkarlıq nümayiş etdirərək fərqləndiyinə görə təltif olunmuşdur. -Azərbaycan Respublikasinin Səfərbərlik və Hərbi Xidmətə Çağiriş Üzrə Dövlət Xidmətinin Ucar Rayon Şöbəsinin xx.xx.2024-ci il tarixli 41 nömrəli məktubuna əsasən, İddiaçı həqiqi hərbi xidmət dövründə hərbi hissəni və ya xidmət yerini öz başına tərk etməsi, fərariliyi və ya digər hərbi cinayətlərə görə cinayət təqibinin həyata keçirilməsi barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinə daxil olmamışdır. -N nömrəli hərbi hissənin Arayışına əsasən, İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında S-125 2TM zenit-raket divizionunun komandiri vəzifəsində divizionun döyüş fəaliyyətlərinə və döyüş tapşırıqlarının icrasına rəhbərlik və nəzarət etmiş, divizionun tam döyüş heyyətinin tərkibində döyüş növbətçiliyi aparmış və hava hədəflərinin yuxarı komanda məntəqəsinə ötürülməsində, qarşılıqlı fəaliyyət suallarının həllində bilavasitə iştirak etmiş, divizionun hədəf kəşfiyyat stansiyasının, zenit-raket kompleksinin döyüş hazırlıq səviyyəsinin saxlanılmasının təmin edilməsində və hava şəraitinin nəzarətdə saxlanmasında bilavasitə iştirak etmişdir -N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 65 nömrəli əmrindən çıxarışından görünür ki, polkovnik-leytenant X.Ə.X6 müavini-Hərbi Hava Qüvvələrinin komandanın xx.xx.2019-cu il tarixli 0301 nömrəli əmri ilə “2-ci məharət dərəcəsi” verilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

28. İnzibati Prosessual Məcəllə: Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

29. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

31. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).

32. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.

33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

34. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyildir, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

35. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

36. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

37. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, təqdim edilən sənədlər əsasında iddiaçının hava hücumundan müdafiə üzrə tapşırıqları icra etdiyi sübuta yetirilməklə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

40. Yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

41. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etsə də, müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi ərazilərdə xidmət aparmamışdır. İddia tələbinə etirazda isə cavabdeh orqan bildirmişdir ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli, 2/2-17 nömrəli məktubundan görünür ki, hərbi hissə tərəfindən təqdim olunmuş arayış-məlumatın 7-ci və 8-ci bəndlərində olan qeydlərə və 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək İddiaçı xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə iddiaçının sənədlərinin razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.

42. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.2017-ci il tarixli, 211 saylı əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş və xx.xx.2022-ci il tarixli, 65 saylı əmrlə şəxsi heyətin siyahısından çıxarılmışdır (xəstəliyə görə). İddiaçı barəsində tərtib edilmiş hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatında bilavasitə iştiraka dair arayış-məlumatda onun xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə N saylı hərbi hissədə (Kürdəmir rayonunda) S-125-2TM zenit raket divizionunun komandiri vəzifəsində xidmət etməsi, Müdafiə nazirinin və Hərbi Hava Qüvvələri komandanının müvafiq əmrləri ilə hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığını yerinə yetirməsi, briqada komandirinin müvafiq əmri ilə döyüş növbəsinə cəlb olunması, divizion komandiri qismində divizionun döyüş fəaliyyətlərinə və döyüş tapşırıqlarının icrasına rəhbərlik və nəzarət etməsi, divizionun tam döyüş heyətinin tərkibində döyüş növbətçiliyi aparması və hava hədəflərinin yuxarı komanda məntəqəsinə ötrülməsində, qarşılıqlı fəaliyyət suallarının həllində bilavasitə iştirak etməsi, divizionun hədəf kəşfiyyat stansiyasının, zenit-raket kompleksinin döyüş hazırlıq səviyyəsinin saxlanmasının təmin edilməsində və hava şəraitinin nəzərdə saxlanmasında bilavasitə iştirak etməsi qeyd olunmuşdur.

43. Bununla yanaşı, eyni zamanda iddiaçının xidmət etdiyi hərbi hissənin bölmələri üçün döyüş tapşırıqları aşağıda göstərilənlərdən ibarət olmuşdur: S-125-2TM divizionu düşmənin hava hücumu vasitələrinin bütün hündürlüklərdə 411 №-li aviasiya bazasına və N №-li hərbi hissənin ehtiyat X5 zərbə endirməsinin və divizionun atəş Zonasını yarıb keçərək Azərbaycan Respublikasının ərazisinin dərinliklərinə irəliləməsinin qarşısının alınması, P-18MA radiolokasiya stansiyası vasitəsilə radiolokasiya kəşfiyyatının fasiləsiz aparılması, hava düşməni radiolokasiya sahəsinin uzaq sərhədlərində aşkar edilməsi və kəşfiyyat məlumatının daimi olaraq radioşəbəkə ilə hərbi hissənin komanda məntəqəsinə ötürülməsi.

44. İşdə olan Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücümundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular baradə xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək divizion komandiri qismində divizionun döyüş fəaliyyətlərinə və döyüş tapşırıqlarının icrasına rəhbərlik və nəzarət etmiş, divizionun tam döyüş heyətinin tərkibində döyüş növbətçiliyi aparmış və hava hədəflərinin yuxarı komanda məntəqəsinə ötürülməsində, qarşılıqlı fəaliyyət suallarının həllində bilavasitə iştirak etmiş, divizionun hədəf kəşfiyyat stansiyasının, zenit-raket kompleksinin döyüş hazırlıq səviyyəsinin saxlanılmasının təmin edilməsində və hava şəraitinin nəzarətdə saxlanmasında bilavasitə iştirak etmişdir.

44. İşdə olan Azərbaycan Respublikasinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar Rayon Şöbəsinin xx.xx.2024-ci il tarixli 41 nömrəli məktubuna əsasən, İddiaçı həqiqi hərbi xidmət dövründə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, fərariliyi və ya digər hərbi cinayətlərə görə cinayət təqibinin həyata keçirilməsi barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinə daxil olmamışdır.

45. Həmçinin, iş materiallarında olan xx.xx.2020-ci il tarixli Fəxri Fərmana əsasən, mayor İddiaçı hücum əməliyyatları zamanı hərbi hava qüvvələrinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsində yüksək peşəkarlıq nümayiş etdirərək fərqləndiyinə görə təltif olunması onun döyüş əməliiyatlarında iştirak etdiyini birbaşa sübut edir.

46. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə münasibətdə məhz bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərin nəzərdə tutulması ayrıca qeyd edilmişdir. İş materiallarında təqdim edilmiş sənədlər əsasında iddiaçının hava hücumundan müdafiə üzrə tapşırıqları icra etdiyi sübuta yetirildiyindən və qeyd olunan hal iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün əsas olduğundan məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək belə qənaətə gəlir ki, iddiaçının hərbi xidmətinin Kürdəmir rayonunda həyata keçirilməsi onun müraciətinin təmin edilməsindən imtinaya səbəb ola bilməz. Belə ki, istinad olunan Əsasnamədə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə münasibətdə Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində müvafiq fəaliyyətin həyata keçirilməsi şərti müəyyən edilməmişdir. Yəni, istinad olunan Əsasnamədə radioelektron kəşfiyyat və mübarizə fəaliyyətində iştirak edən hərbi qulluqçular üçün ərazi məhdudiyyəti nəzərdə tutulmamışdır. Hətta sadalanan fəaliyyətin məhz göstərilən ərazilərdə həyata keçirilməsinin məcburiliyi ağlabatan hesab edilə də bilməz.

48. Bundan fərqli olaraq döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə münasibətdə məhz bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərin nəzərdə tutulması ayrıca qeyd edilmişdir. İş materiallarında təqdim edilmiş sənədlər əsasında iddiaçının hava hücumundan müdafiə üzrə tapşırıqları icra etdiyi sübuta yetirildiyindən və qeyd olunan hal iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün əsas olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

49. İş materiallarından görünür ki, iddiaçı barəsində tərtib edilmiş hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatında bilavasitə iştiraka dair arayış-məlumatda onun xx.xx.2020- xx.xx.2020-ci il tarixlərdə N saylı hərbi hissədə (Kürdəmir rayonunda) S-125- 2TM zenit raket divizionunun komandiri vəzifəsində xidmət etməsi, Müdafiə nazirinin və Hərbi Hava Qüvvələri komandanının müvafiq əmrləri ilə hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığını yerinə yetirməsi, briqada komandirinin müvafiq əmri ilə döyüş növbəsinə cəlb olunması, divizion komandiri qismində divizionun döyüş fəaliyyətlərinə və döyüş tapşırıqlarının icrasına rəhbərlik və nəzarət etməsi, divizionun tam döyüş heyətinin tərkibində döyüş növbətçiliyi aparması və hava hədəflərinin yuxarı komanda məntəqəsinə ötrülməsində, qarşılıqlı fəaliyyət suallarının həllində bilavasitə iştirak etməsi, divizionun hədəf kəşfiyyat stansiyasının, zenit-raket kompleksinin döyüş hazırlıq səviyyəsinin saxlanmasının təmin edilməsində və hava şəraitinin nəzərdə saxlanmasında bilavasitə iştirak etməsi qeyd olunmuşdur.

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində iş üzrə göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası onun hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

51. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

52. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 2-1(116)-2412/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar