Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-202/2025 04.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Eyvazov Akif Məhərləm oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixlərdə döyüşlərdə iştirakını nəzərə alaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1454/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixlərdə döyüşlərdə iştirakını nəzərə alaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 44 günlük Vətən Müharibəsi vaxtı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dövr ərzində torpaqlarımızın azad olunmasında iştirak etmiş, sürücü olaraq Talış Suqovuşan istiqamətlərində döyüş əməliyyatları gedən vaxtı Şəxsi heyət, hərbi sursat, ərzaq təminatı və s. təminatlar daşımışdır. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün N nömrəli Hərbi hissənin xx.xx.2023-cü il tarixli 1348 nömrəli sənədi əsasında Müdafiə Nazirliyinə müraciət etmiş və ona verilən cavablarla razı qalmadığı üçün yuxarı instansiyalara şikayət yazmışdır. Sonuncu dəfə yenidən Müdafiə Nazirliyinə müraciət edərək veteran adının verilməsi və vəsiqəsi ilə təmin olunmağı üçün xahiş etmiş və imtina cavabı almışdır. Verilən imtina cavabını qanunsuz və əsassız hesab edir.
3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. İddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq Müharibə veteranı adı 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddiaçı “Vətən müharibəsi” zamanı N nömrəli hərbi hissənin dislokasiya məntəqəsində (Yevlax rayonu, Aran qəsəbəsi) vəzifə borclarını yerinə yetirməsinə dair məlumatlar qeyd edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirməsinə görə iştirakı müvafiq sənədlərdə təsdiqlənmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Bu səbəbdən də ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteranı adının və vəsiqəsinin verilməsi qanuna ziddir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Katibliyinin xx.xx.2023-ci il tarixli 2/2- 12149 nömrəli imtina məktubu, - ******* nömrəli Əmək kitabçası, - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N nömrəli Arayışı, - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 253 №-li və xx.xx.2021-ci il tarixli 158 №-li əmrlərindən çıxarışları, - Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün təqdim edilən hərbi hissə və ya orqanların tərkibində döyüş əməliyyatlarının maddi-texniki təminat üzrə tapşırıqlarının yerinə yetirilmiş mülki şəxs baradə arayışı, - Azərbaycan Respublikasinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Mingəçevir Rayon Şöbəsinin xx.xx.2024-ci il tarixli məktubuna əlavə edilmiş qeydiyyat kartası.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 10 dekabr 2024-cü il tarixli 2-1(116)-1454/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı, N saylı hərbi hissənin xx.xx.2020-ci il tarixli 253 nömrəli əmri ilə maddi-texniki təminat bölüyünün avtomobil taqımının 1-ci avtomobil manqasının sürücüsü vəzifəsində mülki işçi kimi işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixli 158 nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. İstinad olunan Əsasnamənin tələbləri baxımından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara və mülki şəxslərə “Müharibə veteranı” adı verilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh orqan Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndləri istiqamətində gedən döyüşlərdə maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirməsinə görə iddiaçının iştirakının müvafiq sənədlərdə təsdiqlənməməsini bildirsə də, “Vətən Müharibəsi”ndə döyüş tapşırıqları ilə bağlı fəaliyyətə cəlb olunma əmrində iddiaçının adının hansı səbəblə olmadığını araşdırmadan əsassız imtina cavabı vermişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin N nömrəli arayışında qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin “Vətən Müharibəsi”ndə döyüş tapşırıqları ilə bağlı fəaliyyətə cəlb olunma əmri bir dəfə verildiyi üçün (xx.xx.2020-ci il tarixli 072 nömrəli əmr) 27 sentyabr 2020-ci il tarixdən sonra döyüş əməliyyatlarına cəlb edilən şəxslər barəsində əmr olmamışdır. - Göründüyü kimi mülki işçi İddiaçı xx.xx.2020-ci il tarixdən işə qəbul edilsə də, xx.xx.2020-ci il tarixdən döyüş əməliyyatlarına cəlb olunduğundan və döyüş tapşırıqları ilə bağlı fəaliyyətə cəlb olunma barədə əmr bir dəfə - xx.xx.2020-ci il tarixdə verildiyindən iddiaçının adı həmin əmrdə olmamışdır. Bununla belə istinad olunan arayışda onun N nömrəli hərbi hissənin maddi texniki təminat bölüyünün avtomobil taqımının 1-ci avtomobil manqasının sürücüsü vəzifəsində xidməti vəzifə borclarını yerinə yetirərək döyüş əməliyyatlarında Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi uğrunda gedən döyüşlərdə bilavasitə iştirak etməsi qeyd edilmişdir. Qeyd olunan hal döyüş əməliyyatlarının maddi texniki təminat üzrə tapşırıqlarının yerinə yetirmiş mülki şəxs barədə arayış-məlumatla da, birbaşa sübut olunur. Odur ki, iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətində gedən döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün tərkibində iştirakı döyüş əməliyyatlarının maddi texniki təminatının yerinə yetirilməsi kimi qiymətləndirilməlidir. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində (Vətəni müdafiə) nəzərdə tutulmuş vəzifə borcunu layiqincə yerinə yetirən iddiaçının hüquqlarının kobud şəkildə pozulması fonunda, sosial ədalətin pozulmasına səbəb olmuşdur.
7. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2-1(116)- 1454/2024 nömrəli qərarının ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin iddia tələbinin təmin edilməməsinə dair gətirdiyi əsas arqument ondan ibarətdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli xx.xx.1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə İddiaçı maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirməsi müvafiq sənədlərlə təsdiqlənmədiyinə görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə onun sənədləri Müdafiə Nazirliyinin Aparatı nəzdındə fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmədiyindən imtina olunmuşdur. Məhkəmə tərəfindən maddi və prosessual normaların pozulması düzgün olmayan qərarın qəbul olunmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi hesab edir ki, qeyd olunan iddianın təmin edilməsinə dair qərar əsassızdır və aşağıdakı səbəblərə görə ləğv olunmalıdır. - Döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “Müharibə veteranı” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. İşin yuxarıda qeyd edilən faktiki hallarından isə görünür ki, iddiaçı, N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli 253 nömrəli əmri ilə maddi-texniki təminat bölüyünün avtomobil taqımının 1-ci avtomobil manqasının sürücüsü vəzifəsində mülki işçi kimi işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixli 158 nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, İddiaçı "Vətən müharibəsi" zamanı N nömrəli hərbi hissənin dislokasiya məntəqəsində (Yevlax rayonu, Aran qəsəbəsi) vəzifə borcları yerinə yetirməsinə dair məlumatlar qeyd edilmişdir. - Cavabdeh qeyd etməyi zəruri hesab edir ki, Yevlax rayonu, Aran qəsəbəsi Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil edilmədiyindən iddiaçı hazırkı tələbində haqlı olmamışdır. Məhkəmənin yuxarıda qeyd olnan qərarında iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətində gedən döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün tərkibində iştirakı döyüş əməliyyatlarının maddi texniki təminatının yerinə yetirilməsi kimi qiymətləndirərək iddianı təmin etmiş, lakin həmin məlumatın möhtəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların həmin hərbi hissə tərəfindən (ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər) komissiya və məhkəməyə təqdim edilməmişdir. Əlavə olaraq bildirirlər ki, Əsasnamənin Qeyd hissəsinə həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Məhkəmə Əsasnamənin qeyd hissəsinin tələbinə zidd olaraq birbaşa cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmasını qərara almışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(116)-1454/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
12. İnzibati Prosessual Məcəllə: Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
13. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (2024-cü il 28 fevral tarixli, 110 №-li Qərarla edilmiş əlavə və dəyişikliklərlə) müddəalarına əsasən: ... Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... (10-cu abzas) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (11-ci abzas) 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. ... Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli 422 nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasda “səkkizinci yarımbəndində” sözləri “səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində” sözləri ilə....əvəz edilmişdir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd: Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.2. Qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
Apellyasiya şikayətinin mümkünlüyü
18. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
26. Yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
27. Cavabdeh orqanın apellyasiya şikayətinin ilk dəlili ondan ibarətdir ki, iddiaçı, N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli 253 nömrəli əmri ilə maddi-texniki təminat bölüyünün avtomobil taqımının 1-ci avtomobil manqasının sürücüsü vəzifəsində mülki işçi kimi işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixli 158 nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, İddiaçı "Vətən müharibəsi" zamanı N nömrəli hərbi hissənin dislokasiya məntəqəsində (Yevlax rayonu, Aran qəsəbəsi) vəzifə borclarını yerinə yetirməsinə dair məlumatlar qeyd edilmişdir. Yevlax rayonu, Aran qəsəbəsi Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil edilmədiyindən iddiaçı hazırkı tələbində haqlı olmamışdır.
28. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın qeyd etdiyi dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas olmamışdır.
29. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, mülki işçi İddiaçı xx.xx.2020-ci il tarixdən işə qəbul edilsə də, xx.xx.2020-ci il tarixdən döyüş əməliyyatlarına cəlb olunduğundan və döyüş tapşırıqları ilə bağlı fəaliyyətə cəlb olunma barədə əmr bir dəfə - xx.xx.2020-ci il tarixdə verildiyindən iddiaçının adı həmin əmrdə olmamışdır. Bununla belə istinad olunan arayışda onun N nömrəli hərbi hissənin maddi texniki təminat bölüyünün avtomobil taqımının 1-ci avtomobil manqasının sürücüsü vəzifəsində xidməti vəzifə borclarını yerinə yetirərək döyüş əməliyyatlarında Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi uğrunda gedən döyüşlərdə bilavasitə iştirak etməsi qeyd edilmişdir. Qeyd olunan hal döyüş əməliyyatlarının maddi texniki təminat üzrə tapşırıqlarının yerinə yetirmiş mülki şəxs barədə arayış-məlumatla da, birbaşa sübut olunur. Odur ki, iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətində gedən döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün tərkibində iştirakı döyüş əməliyyatlarının maddi texniki təminatının yerinə yetirilməsi kimi qiymətləndirilməlidir.
30. Həmçinin, iddiaçının həmin hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən kifayət qədər sübutlar – sənədlər məhkəmə tərəfindən müəyyən edilərək tədqiq edilmişdir.
31. Belə ki, işdə olan N saylı hərbi hissənin mülki işçisi-İddiaçı barəsində arayışməlumatında aşağıdakılar göstərilmişdir:
1. İşlədiyi hərbi hissə - 708;
2. Rütbəsi – Mülki işçi;
3. Vəzifəsi – Maddi-texniki təminat bölüyünün avtomobil taqımının 1-ci avtomobil manqasının sürücüsü;
4. Hərbi hissəyə daxil olması və çıxması – xx.xx.2020 əmr № 253, xx.xx.2021 əmr № 158;
5. Hərbi hissənin və bölmənin döyüş əməliyyatına cəlb olunması və tapşırığın yerinə yetirilməsi – Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli 062 nömrəli əmri;
6. Döyüş əməliyyatlarına cəlb olunması – xx.xx.2020 – xx.xx.2020-ci il;
7. İştirak etdiyi ərazilər – Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi;
8. Hansı qismdə iştirak edib, həmin dövrdə hansı fəaliyyət növü ilə məşğul olub – Döyüş əməliyyatları zamanı hərbi hissənin maddi-texniki təminat bölüyünün tərkibində Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətində gedən döyüş əməliyyatlarında maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirib (şəxsi heyət və sursat daşıyıb). - Həmin arayış N nömrəli hərbi hissənin komandir müavininin imzası və hərbi hissənin möhürü ilə təsdiq edilmişdir.
32. İşdə olan N nömrəli hərbi hissənin komandiri tərəfindən təsdiq edilən arayışdan görünür ki, N nömrəli hərbi hissənin mülki işçisi-İddiaçı həqiqətən 04 sentyabr 2020-ci il tarixindən 03 iyun 2021-ci il tarixədək N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün avtomobil taqımının 1-ci avtomobil manqasının sürücü vəzifəsində xidmət etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsin”-də N nömrəli hərbi hissənin maddi-texniki təminat böiüyünün avtomobil taqımının 1-ci avtomobil manqasının tərkibində xidməti vəzifə borclarını yerinə yetirərək döyüş əməliyyatlarında maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Qeyd: N nömrəli hərbi hissə komandirinin “Vətən Müharibəsi”ndə döyüş tapşırıqları ilə bağlı fəaliyyətə cəlb olunma əmri bir dəfə verildiyi üçün (xx.xx.2020-ci il tarixli 072 nömrəli əmr) 27 sentyabr 2020-ci il tarixdən sonra döyüş əməliyyatlarına cəlb edilən şəxslər barəsində əmr olmamışdır. Mülki işçi İddiaçı xx.xx.2020-ci il tarixdən döyüşlərə qatıldığına görə döyüş əməliyyatlarında iştirakı barəsində xx.xx.2020-ci il tarixli əmrdə adı olmamışdır.
33. İşdə olan N nömrəli hərbi hissənin komandir müavininin imzası və hərbi hissənin möhürü ilə təsdiq edilmiş 08 avqust 2023-cü il tarixli N nömrəli arayışından görünür ki, mülki işçi-İddiaçı həqiqətən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsin”-də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün avtomobil taqımının 1-ci avtomobil manqasının sürücüsü vəzifəsində xidməti vəzifə borclarını yerinə yetirərək döyüş əməliyyatlarında Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi uğrunda gedən döyüşlərdə bilavasitə iştirak etmişdir. “Vətən müharibəsin"-də döyüş tapşırıqları ilə bağlı fəaliyyətə cəlb olunma ilə bağlı hərbi hissə komandirinin xx.xx.2020 072 №-li əmrindən başqa əmr olmadığı üçün xx.xx.2020-ci il tarixdən sonra döyüş əməliyyatlarına cəlb olunan mülki işçilər barəsində döyüş tapşırıqları ilə bağlı fəaliyyətə cəlb olunmaları barəsində digər əmr olmamışdır.
34. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 14-cü bəndində qeyd edilən Əsasnaməyə əsasən, Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi ərazisində döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş orqanların mülki işçilərinə müharibə veteranı adı verilir.
35. İşdə olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasından da görünür ki, o, xx.xx.2020-ci il tarixli 253 nömrəli əmrlə N saylı hərbi hissəyə Maddi-texniki təminat bölüyünün avtomobil taqımının 1-ci avtomobil manqasının sürücüsü kimi işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixli 158 nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir.
36. Göründüyü kimi iş materialları ilə təsdiq olunur ki, iddiaçı, döyüş əməliyyatları aparan hərbi hissədə, yəni Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətində döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirmiş mülki işçi olduğundan hazırkı qərarın 14-cü bəndində göstərilən şəxslərin dairəsinə aiddir.
37. İşin müəyyən edilən hallarından göründüyü kimi iddiaçı, döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün hazırkı qərarda istinad olunan maddi hüquq normalarında nəzərdə tutulan istisna hallar mövcud olmamışdır.
38. «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.
39. Göründüyü kimi, qanunvericilikdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər və mülki şəxslər də müharibə veteranı hesab edilirlər.
40. Apellyasiya şikayətinin digər dəlilinə görə, Əsasnamənin Qeyd hissəsinə həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Lakin, məhkəmə Əsasnamənin qeyd hissəsinin tələbinə zidd olaraq birbaşa cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmasını qərara almışdır.
41. Kollegiya hesab edir ki, şikayətin həmin dəlili birinci instansiyası məhkəməsinin qərarının ləğvinə və iddianın rədd edilməsinə əsas vermir. Belə ki, cavabdehin istinad etdiyi həmin müddəanın məzmunundan göründüyü kimi, həmin müddəa “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə münasibətdə müəyyən etdikləri siyahıların razılaşdırılmasını nəzərdə tutur, lakin Əsasnamənin 1-ci hissəsinin həmin abzaslarında təsbit olunmuş şəxslərə müharibə veteranı adının və müvafiq veteran vəsiqəsinin verilməsi, hər bir halda Müdafiə Nazirliyinə həvalə edilmişdir.
42. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini zəruri edən şərtləri sübut edə bilsə də, cavabdeh orqan iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
43. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
44. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində iş üzrə göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
45. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1454/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.