Məhkəmə qərarları › İş №2-1(107)-203/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-203/2020

03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-203/2020 03.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh və ya DSMF-in Qəbələ rayon şöbəsi) qarşı “DSMF-in Qəbələ rayon şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və ona əlilliyə görə xx.xx.2017-ci il tarixdən təyin edilmiş pensiyasının xx.xx.2019-cu il tarixdən ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020ci il tarixli 2-1(116)-304/2020 nömrəli qərarından DSMF-in Qəbələ rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı bildirir ki, pensiya təyin edən komissiyanın qərarına əsasən ona xx.xx.2017-ci il tarixdən əliliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin vaxdan xx.xx.2019-cu il tarixədək əlilliyə görə pensiya almışdır. Lakin, xx.xx.2019-cu il tarixdən ona pensiyanın ödənilməsi dayandırılmışdır. DSMF-in Qəbələ rayon şöbəsindən daxil olmuş xx.xx.2019cu il tarixli məktubla bildirilmişdir ki, şöbədə pensiya təyin edən komissiyanın xx.xx.2019cu il tarixli **********2 nömrəli qərarı ilə ona pensiyanın ödənişi dayandırılmışdır. Həmin məktubda pensiyanın dayandırılmasına səbəb kimi bildirilmişdir: "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş mətninə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin olunması tələbi ilə DSMF-in Qəbələ rayon şöbəsinə daxil olmuş ərizəyə əlavə olunmuş sənədlər təkrar araşdırılaraq, pensiya hüququna pensiya təyin edən komissiyada baxılmışdır. Təqdim etdiyi sənədlər araşdırılarkən müəyyən olunmuşdur ki, iş stajını təsdiq edəcək sənəd qismində 1989-1992-ci illərdə “Azərbaycan” adına kolxozda işləməsi barədə Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 110 saylı arayış, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə məcburi dövlət sosial sığorta haqları ödəməyi barədə arayış və 18 yaşadək sağlamlıq imkanları məhdud övladını qulluq göstərməyi barədə ərizə təqdim etmiş, lakin, əmək kitabçası təqdim etməməsi, pensiya təyin edən komissiyanın qərarı ilə, Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 110 saylı arayışda qeyd olunmuş, 1989-1992-ci illərdə “Azərbaycan” adına kolxozda iş dövrü, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları»nın 3.2.1ci bəndinə əsasən, əmək kitabçasında qeyd olunmadığı üçün ümumi iş stajı daxil edilməmişdir. Beləliklə də, həmin Qaydaların 3.10-cu bəndinə əsasən, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində nəzərdə tutulmuş mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə məcburi dövlət sosial sığorta haqları ödədiyi və 18 yaşadək sağlamlıq imkanları məhdud övladına qulluq göstərdiyi dövrlər, xeyrinə sığorta fəaliyyəti həyata keçirilməsi təsdiq olunmadığı üçün (əmək kitabçası ilə təsdiqlənən sığorta stajı olmadığı üçün) ümumi iş stajına daxil edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan mətninə uyğun olaraq, əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan 11 il 8 ay sığorta stajı təsdiqlənmədiyi üçün təyin olunmuş pensiyanın ödənişi xx.xx.2019cu il tarixdən dayandırılmış və aparılmış təyinat qanunsuz hesab edilmişdir. Odur ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-ci il tarixədək olan dövr ərzində ödənilmiş 3611.24 manat vəsaiti Dövlət X7 geri ödənilməsini xahiş etmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət edərək, pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinə xx.xx.2020-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “DSMF-in Qəbələ rayon şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və ona əlilliyə görə xx.xx.2017-ci il tarixdən təyin edilmiş pensiyasının xx.xx.2019-cu il tarixdən ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya qarşı göndərilmiş imtina məktubundan görünür ki, DSMF-in Qəbələ rayon şöbəsi bildirir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş mətninə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin olunması tələbi ilə DSMF-in Qəbələ rayon şöbəsinə daxil olmuş ərizəyə əsasən pensiya hüququna pensiya təyin edən komissiyada baxılmışdır. Təqdim etdiyi sənədlər araşdırılarkən müəyyən olunmuşdur ki, iş stajını təsdiq edəcək sənəd qismində 1989-1992-ci illərdə “Azərbaycan” adına kolxozda işləməsi barədə Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 110 saylı arayış, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə məcburi dövlət sosial sığorta haqları ödəməyi barədə arayış və 18 yaşadək sağlamlıq imkanları məhdud övladına qulluq göstərməsi barədə yalnız ərizə təqdim etmişdir. Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 110 saylı arayış “Gülbarə Muradova”nın adına verilmiş və “Muradova” yazılışının ona məxsus olmasını təsdiq edəcək əlavə sənəd təqdim olunmamışdır. Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 110 saylı arayışda qeyd olunmuş, 1989-1992-ci illərdə “Azərbaycan” adına kolxozda iş dövrü, «Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları»nın 3. 2.1-ci bəndinə əsasən, əmək kitabçasında qeyd olunmadığı, həmçinin, arayışın “Gülbarə Muradova”nın adına verildiyi və “Muradova” yazılışının ona məxsus olmasını təsdiq edəcək əlavə sənəd təqdim etmədiyi üçün ümumi iş stajına daxil edilməmişdir. Beləliklə də, həmin Qaydaların 3.10-cu bəndinə əsasən, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində nəzərdə tutulmuş - mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə məcburi dövlət sosial sığorta haqları ödədiyi və 18 yaşadək sağlamlıq imkanları məhdud övladına qulluq göstərdiyi dövrlər, xeyrinə sığorta fəaliyyəti həyata keçirilməsi təsdiq olunmadığı üçün (əmək kitabçası ilə təsdiqlənən sığorta stajı olmadığı üçün) ümumi iş stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan mətninə uyğun olaraq, əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan 11 il 8 ay sığorta stajı təsdiqlənmədiyi üçün əlilliyə görə əmək pensiyası təyin olunması tələbi ilə daxil olmuş ərizəsi təmin edilməmişdir. Cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli **********6 nömrəli məktubla iddiaya münasibətini bildirərək qeyd etmişdir ki, rayonun Abrıq kənd sakini İddiaçı yaşa görə əmək pensiyası təyin olunması tələbi ilə daxil olmuş ərizəsinə əsasən sənədləri araşdırılaraq pensiya hüququna baxılmışdır. Bu zaman, Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 110 saylı arayışda qeyd olunmuş, 1989-1992-ci illərdə “Azərbaycan” adına kolxozda iş dövrü, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2.1-ci bəndinə əsasən, əmək kitabçasında qeyd olunmadığı, həmçinin, arayışın “Gülbarə Muradova”nın adına verildiyi və “Muradova” yazılışının İddiaçı məxsus olmasını təsdiq edəcək əlavə sənəd təqdim olunmadığı üçün ümumi iş stajına daxil edilməmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları»nın 3.10cu bəndinə əsasən, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində nəzərdə tutulmuş - mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə məcburi dövlət sosial sığorta haqları ödədiyi və 18 yaşadək sağlamlıq imkanları məhdud övladına qulluq göstərdiyi dövrlər, xeyrinə sığorta fəaliyyəti həyata keçirilməsi təsdiq olunmadığı üçün (əmək kitabçası ilə təsdiqlənən sığorta stajı olmadığı üçün) ümumi iş stajına daxil edilməmişdir. İddiaçının iddia tələbi ilə bağlı hesab etmişlər ki, İddiaçı 1989-1992-ci illərdə iş dövrü əmək kitabçasında qeyd olunmadığı üçün, həmin dövrün pensiya hesablanarkən ümumi iş stajına daxil edilməsi «Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları»nın 3.2.1-ci bəndi ilə ziddiyyət təşkil edir və bu səbəbdən sosial sığorta stajına daxil edilməməlidir. İddiaçı xx.xx.2017-ci il tarixdən əlilliyi müəyyən olunmuş və 1989- 1992-ci illərdə iş dövrü sığorta stajı kimi qəbul olunarsa, həmin tarixdən əlilliyə görə əmək pensiyası almaq hüququ yaranır. “Azərbaycan” adına kolxozun 1984-cü ildə qadınlar üçün müəyyən olunmuş minimum iş günü norması 170 gün olmuşdur və sonrakı illərdə minimum iş günü normasının dəyişməsi barədə şöbədə əlavə məlumat mövcud deyildir. Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 110 saylı arayışda qeyd olunan məlumatlar əsasında vətəndaşın 3 il 9 ay stajının olması müəyyən olunur. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli 2-1(116)- 304/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, DSMF-in Qəbələ rayon şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, DSMF-in Qəbələ rayon şöbəsinin üzərinə İddiaçı əlilliyə görə xx.xx.2017-ci il tarixdən təyin edilmiş pensiyanın xx.xx.2019-cu il tarixdən ödənişinin bərpa edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. DSMF-in Qəbələ rayon şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, DSMFin Qəbələ rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********2 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli **********2 nömrəli qərarı və xx.xx.2019-cu il tarixli **********6 nömrəli məktubu, Azərbaycan Respublikasının Milli X8 Rayon İcra Hakimiyyəti Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 110 nömrəli arxiv arayışı, V-ЖГ seriaylı 255052 nömrəli nikah bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli aktı, DSMF-in Zona X1 031490 nömrəli və 037652 nömrəli çıxarış, iddia tələbini dəqiqləşdirmə barəsində xx.xx.2020-ci il tarixli ərizə və s. aiddir. Apelyаsiyа şikаyətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Abrıq kənd sakini İddiaçı yaşa görə əmək pensiyası təyin olunması tələbi ilə daxil olmuş ərizəsinə əsasən sənədləri araşdırılaraq pensiya hüququna baxılmışdır. Bu zaman, Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 110 saylı arayışda qeyd olunmuş 1989- 1992-ci illərdə ”Azərbaycan” adına kolxozda iş dövrü “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları”nın 3.2.1ci bəndinə əsasən, əmək kitabçasında qeyd olunmadığı, həmçinin, arayışın “Gülbarə Muradova”nın adına verildiyi və “Muradova” yazılışının İddiaçı məxsus olmasını təsdiq edəcək əlavə sənəd təqdim olunmadığı (məhkəmə qətnaməsi, arayış və s.) üçün ümumi iş stajına daxil edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları”nın 3.10-cu bəndinə əsasən, “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində nəzərdə tutulmuş- mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə məcburi dövlət sosial sığorta haqları ödədiyi və 18 yaşadək sağlamlıq imkanları məhdud övladına qulluq göstərdiyi dövrlər, xeyrinə sığorta fəaliyyəti həyata keçirilməsi təsdiq olunmadığı üçün (əmək kitabçası ilə təsdiqlənən sığorta stajı olmadığı üçün) ümumi iş stajına daxil edilməmişdir. Hesab etmişlər ki, İddiaçı 1989-1992-ci illərdə iş dövrü əmək kitabçasında qeyd olunmadığı üçün, həmin dövrün pensiya hesablanarkən ümumi iş stajına daxil edilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları”nın 3.2.1-ci bəndi ilə ziddiyyət təşkil edir və bu səbəbdən sosial sığorta stajına daxil edilməməlidir. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-304/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən DSMF-in Qəbələ rayon şöbəsinin nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-304/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-304/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: DSMF-in Qəbələ rayon şöbəsinin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Ona görə də apelyasiya şikayəti mümkündür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. İşin hallarından göründüyü kimi tərəflər arasında mübahisə doğuran əsas məsələ iddiaçının əlilliyə görə xx.xx.2017-ci il tarixdən təyin edilmiş pensiyasının xx.xx.2019-cu il tarixdən ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məsələsidir. Cavabdeh tərəfindən qərar qəbul edilərkən iddiaçının ərizəsi təmin edilməmişdir. Göründüyü kimi, hazırkı iş üzrə iddianın əsasını DSMF-in Qəbələ rayon şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və ona əlilliyə görə xx.xx.2017-ci il tarixdən təyin edilmiş pensiyasının xx.xx.2019-cu il tarixdən ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması təşkil edir. İnzibati Prosessual Məcəllənin: - 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Kollegiya qeyd edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq birinci instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq iddiaya iddia ərizəsində qeyd olunduğu və iddia tələbinin mahiyyətindən də göründüyü kimi məcburetmə haqqında iddia növü kimi qiymət verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Qanunun tələbinə görə inzibati məhkəmələr Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliyin icrası haqqında, müəyyən hərəkətləri etməkdən çəkinməyə dair, müəyyən etmə və ya tanınma haqqında, qanunauyğunluq haqqında, inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiya və bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına baxırlar. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əsasən, iddiaçı iddia tələbinə “məcburetmə haqqında iddia" növü kimi baxılması və DSMF-in Qəbələ rayon şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və ona əlilliyə görə xx.xx.2017-ci il tarixdən təyin edilmiş pensiyasının xx.xx.2019-cu il tarixdən ödənişinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etdiyi halda, birinci instansiya məhkəməsi tərəfindən bu iddia öhdəliyin icrası haqqında iddialara aid edilmiş, iddia növü düzgün müəyyən edilməmiş, həmin mübahisənin məcburetmə haqqındaiddiaya aid olduğuna əhəmiyyət verilməmiş, digər iddia növü üçün nəzərdə tutulmuş xüsusi mümkünlük şərtlərinə qiymət verilməmiş və tələbə öhdəliyin icrası haqqında iddia kimi baxılaraq inzibati prosessual normaların pozuntusuna yol verilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, DSMF-in Qəbələ rayon şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, DSMF-in Qəbələ rayon şöbəsinin üzərinə İddiaçı əlilliyə görə xx.xx.2017-ci il tarixdən təyin edilmiş pensiyanın xx.xx.2019-cu il tarixdən ödənişinin bərpa edilməsi öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək belə qənaətə gəlir ki, iddia məcburetmə haqqında iddiaya aiddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.3-cü maddəsinə əsasən, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; - 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Sadalanmış müddəaların mənasına görə, inzibati orqan tərəfindən publik hüquq sahəsinə aid olan, yəni Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər əlaqədar normativ hüquqi aktlara uyğun qəbul edilmiş qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri inzibati akt kimi qiymətləndirilir. Həmin akt bilavasitə ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsa da, eyni zamanda digər maraqlı şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir edə bilər. Azərbaycan Respublikası İPM-in: - 1.1-ci maddəsinə görə isə, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Qeyd olunan maddələrin mənasına görə, iddiaçının məqsədi onun arzuladığı inzibati aktın qəbul edilməsi üçün cavabdehin üzərinə müvafiq öhdəliyin qoyulmasından ibarətdir. Cavabdehin isə öhdəliyi inzibati orqanın publik hüquqdan irəli gəlməlidir. Yəni, iddiaçının xahiş etdiyi hərəkətin edilməsi bilavasitə inzibati orqanın fəaliyyətinə aid olmalıdır və müvafiq qaydada bu məsələ publik hüquqla tənzimlənməlidir. Həmin hüquqda inzibati orqanın inzibati aktın qəbul edilməsi barədə məcburi olan göstəriş əks olunmalıdır. Tələbə uyğun olaraq iddianın növü müəyyən olunarkən İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi nəzərdə tutulmuş şərtlərin mövcudluğu yoxlanılmalıdır. Həmin maddəyə görə, inzibati orqanın üzərinə şəxs üçün arzuladığı inzibatı aktı qəbul etmək vəzifəsi qoyulmasına dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İPM-in 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddələrin tələblərindən göründüyü kimi, məcburetmə haqqında iddia üzrə iddiaçı hüquqlarına toxunan kimi qiymətləndirdiyi inzibati aktın ləğvi barədə iddialı olduqda, həmin inzibati akt barədə ona məlum olduğu vaxtdan 30 gün müddətində məhkəməyə müraciət etməlidir. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il qərarda inzibati orqan tərəfindən vətəndaşa həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələrinin istifadə müddətini və həmçinin də şəxsin şikayət və ya iddia verəcəyi orqanlara, o cümlədən məhkəməyə şikayət verilməsi haqqında izahat verilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası DSMF-in Qəbələ rayon şöbəsi rəhbərliyinin nəzərinə çatdırır ki, maraqlı şəxs hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə hər hansı bir inzibati orqanın qərarından, hərəkət və hərəkətsizliyindən yuxarı inzibati orqana yazılı müraciət formasında şikayət və ya məhkəməyə şikayət edə bilər. AR Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. AR Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Bundan başqa «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Qanunun 2-ci maddəsinə əsasən vətəndaş onun hüquq və azadlıqlarını pozan qərarlar və hərəkətlər (hərəkətsizlik) barəsində birbaşa məhkəməyə və ya tabelik qaydasında yuxarı dövlət orqanlarına və yerli özünüidarə orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara, ictimai birliklərə, vəzifəli şəxslərə şikayətlə müraciət edə bilər. “İnzibati icraat haqqında” Qanunun 57.1-ci maddəsinə əsasən başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 59.1.5-ci maddəsinə əsaəsn həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bunula bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cumlədən məhkəmə) haqqında məlumat. Həmin Qanunun 90.1-ci maddəsinə görə inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Göründüyü kimi dövlət orqanları vətəndaşlarla münasibətləri dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanuna əsasən qurmalıdır. Belə ki, hüquqi və demokratik dövlətdə dövlət idarəçilik orqanları ilə vətəndaşlar arasında münasibətlərin bütün prosedur qaydaları inzibati icraat haqqında qanunlarla müəyyən olunur. Heç bir dövlət orqanı, özünüidarə orqanı və ya onların vəzifəli şəxsləri bu və ya digər məsələni qanunla müəyən edilmiş qaydalardan kənar, özünün şəxsi mülahizələri ilə həll edə bilməz. Qanunun müddəalarının pozulmasına görə inzibati orqanların vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. “İnzibati icraat haqqında” Qanunun: -73.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. -73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Eyni zamanda iş materiallarından göründüyü kimi, DSMF-in Qəbələ rayon şöbəsində Pensiya təyin edən komissiyanın xx.xx.2019-cu il tarixli qərarının iddiaçı tərəfindən rəsmi qaydada alınması barədə heç bir sənəd mövcud deyildir. Bununla yanaşı, cavabdeh inzibati orqan iddiaçının müraciətindən xx xxxxxxx 2019-cu il tarixli məktubla imtina etmişdir. İddiaçı isə birinci instansiya məhkəməsinə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Göründüyü kimi, məcburetmə haqqında iddia növünün mümkünlük şərtlərindən olan inzibati aktdan şikayət vermə müddəti iddiaçı tərəfindən ötürülməmişdir. İddiaçının əlilliyə görə xx.xx.2017-ci il tarixdən təyin edilmiş pensiyasının xx.xx.2019cu il tarixdən ödənişinin bərpa edilməsi ilə bağlı tələbi mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasından ibarətdir. Məhkəmə kollegiyasının qənaətinə görə, DSMF-in Qəbələ rayon şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, DSMF-in Qəbələ rayon şöbəsinin üzərinə İddiaçı əlilliyə görə xx.xx.2017-ci il tarixdən təyin edilmiş pensiyanın xx.xx.2019-cu il tarixdən ödənişinin bərpa edilməsi öhdəliyinin qoyulması barədə tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan DSMF-in Qəbələ rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********6 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən əlilliyi müəyyən olunmuşdur və 1989-1992-ci illərdə iş dövrü sığorta stajı kimi qəbul olunarsa, həmin tarixdən əlilliyə görə əmək pensiyası almaq hüququ yaranır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının xx.xx.2017-ci il tarixdə əlil olması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı iddiaçının kolxozda işlədiyi müddətin əmək kitabçasında qeyd olunmaması və arxiv arayışında soyadının “Muradova” yazılmasından ibarətdir. İddiaçının kolxozda işlədiyi müddət nəzərə alınmasa da cavabdeh tərəfindən iddiaçıya mübahisəsiz 11 il 8 ay sosial sığorta stajı hesablanmışdır. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddiaçının 1989-1992-ci illərdə “Azərbaycan” adına kolxozda işləməsi və adam günü norması Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 110 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: - 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi,əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar nəzərə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3-cü maddəsinə görə, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. İş stajını təsdiq edən sənəd kimi Arayışlar nəzərə alınır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının “Azərbaycan” adına kolxozda işləməsi və adam günü norması Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2018-ci il 135 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Arxiv arayışları isə iş stajını təsdiq edən sənəd olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. Cavabdeh inzibati orqan arxiv arayışında olan qeydlərin həqiqi olmaması barədə sübut təqdim edə bilmir. Belə olan halda, həmin arxiv arayışı mötəbər sübut kimi qəbul edilir. Belə ki, iddiaçıya məxsus olan arxiv arayışının həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Göründüyü kimi, iddiaçının 1989-1992-ci illərdə “Azərbaycan” adına kolxozda işləməsi və adam günü norması Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 110 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Arxiv arayışları isə iş stajını təsdiq edən sənəd olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. Bundan başqa arxiv arayışında iddiaçının soyadının “Muradova” kimi yazılması ilə bağlı cavabdehin etirazının və apelyasiya şikayətinin dəlillərini də əsassız sayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1989-cu il tarixdə nikaha daxil olmuş və ona ərinin soyadı olan “Muradova” soyadı verilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, bu hal cavabdeh inzibati orqan tərəfindən asanlıqla aradan qaldırılacağı təqdirdə sonuncu bunu etməmiş və nəticədə əsassız dəlillər irəli sürülmüşdür. İddiaçının əlilliyə görə pensiya hüququnun olub-olmamasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya əlillik dərəcəsi verildiyi xx.xx.2017-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçı xx.xx.1966-cı il tarixdə doğulmuş və xx.xx.2017-ci il tarixdə ikinci dərəcəli əlil olmuşdur. Ona 51 yaşından əlilliyə görə pensya təyin edilməsi üçün 12 il (51 – 15 = 36 x 4 = 144 / 12 = 12 il) sosial sığorta stajı tələb olunur.İşə əlavə edilmiş sənədlərdən aydın olur ki, iddiaçının həmin tarixdə 12 ildən artıq sosial sığorta stajı olmuşdur ki, cavabdehin hərəkətləri iddiaçıya münasibətdə qanunsuz olmuşdur.Lakin cavabdeh inzibati orqan iddiaçının kolxozda işlədiyi müddəti nəzərə almayaraq ona mübahisəsiz 11 il 8 ay staj hesablamış, kolxozda işlədiyi 1989-1992 illər stajına daxil edildikdə sonuncunun pensiya hüququ yaranır. Belə olan halda, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə prosessual hüquq normalarının tətbiqi baxımından səhv nəticəyə gəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməli, apelyasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 33, 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-304/2020 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Cavabdeh xx.xx.2019-cu il tarixli qərarı ləğv edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı əlilliyə görə xx.xx.2017-ci il tarixdən təyin edilmiş pensiyanın xx.xx.2019-cu il tarixdən ödənişinin bərpa edilməsi vəzifəsi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar