Məhkəmə qərarları › İş №2-1(107)-203/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-203/2025

16.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-203/2025 16.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X3 ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Ünvanlı Dövlət Sosial Yardım haqqında” Azerbaycan Respublikası Qanununa əsasən müraciət etdiyi 01 fevral 2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımın aztəminatlı ailəyə təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2- 1(116)-2437/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtina qərarının ləğv edilməsi və “Ünvanlı Dövlət Sosial Yardım haqqında” Azerbaycan Respublikası Qanunun 3-cü və 8-ci maddələrinə əsasən hər ay üçün 420 manat olmaqla 01 oktyabr 2023-ci il tarixdən ünvanlı dövlət sosial yardımın təyin olunaraq 1 ilin məbləğini birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “cavabdehin imtina qərarının ləğv edilməsi və “Ünvanlı Dövlət Sosial Yardım haqqında” Azerbaycan Respublikası Qanununa əsasən müraciət etdiyi 01 fevral 2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımın aztəminatlı ailəyə təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclas protokolunun qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir.

2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı ünvanlı sosial yardım almaq məqsədi ilə xx.xx.2024-cü il tarixli **********291 nömrəli "Ərizə bəyannamə" ilə cavabdeh inzibati orqana müraciət etmiş, ona ünvanlı dövlət sosial yardımının təyinatından imtina edilməsi haqqında qərar qəbul etmişdir. Buna görə də, hazırkı inzibati mübahisə yaranmışdır.

3. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, İddiaçı ünvanlı dövlət sosial yardımın (bundan sonra ÜDSY) təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, **********291 nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətə aşağıdakı əsaslarla imtina verilmişdir: ailə tərkibinin düzgün göstərilməməsi; təmsilçinin atasının istifadəsində nəqliyyat vasitəsinin olması; telefon nömrəsinin gizlədilməsi. Maddi-məişət şəraitinin müayinəsi zamanı tərtib edilmiş xx.xx.2024-cü il tarixli yoxlama aktına və çəkilmiş videogorüntüyə əsasən ünvana gəlmiş əməkdaşlar müayinə zamanı evdə təmsilçinin atasının ailə ilə birgə yaşadığını aşkar etmişdirlər. Təmsilçinin atası ilə birgə təsərrüfatda olması, eyni kommunal vasitələrdən istifadə edilməsi, ərzaq məhsullarının istehlakının həyata keçirildiyi müəyyən edilmişdir. Müayinə zamanı həyətyanı sahədə aşkarlanmış **-BX-*** dövlət qeydiyyat nişanlı VAZ 2107 markalı avtomobilin təmsilçinin atasının mülkiyyətində və istifadəsində olduğu müəyyən edilmişdir. Ərizə-bəyannamədə iddiaçı tərəfindən rabitə vasitələri qeyd edilməmiş olsa da, müayinə zamanı iddiaçının yaşadığı mənzilin telefon nömrəsi aşkarlanmışdır.

4. Analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli. 2-1(102)-442/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayət təmin edilmişdir. Belə ki, Ali Məhkəmənin mövqeyinə görə iddiaçının ərizə bəyannamədə qeyd etdiyi məlumatlarla maddi-məişət şəraitinin yoxlanılması zamanı aşkar olunmuş məlumatlar arasındakı ziddiyətlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 37 nömrəli Qaydalarda birbaşa olaraq imtina əsası kimi göstərilmişdir. Odur ki, ərizə bəyannamə ilə maddi-məişət şəraitinin yoxlanılması zamanı əldə olunmuş məlumatlar arasındakı uyğunsuzluq birmənalı olaraq imtina əsasıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli yoxlama aktına əsasən, iddiaçı ərizə-bəyannaməsində ailə tərkibinin özü və iki övladı olmaqla 3 nəfərdən ibarət olduğunu qeyd etmiş olsa da, müayinə zamanı onun atası ilə birgə təsərrüfatda yaşadığı müəyyən edilmiş, həmçinin videogörüntüdə iddiaçı bunu özü etiraf edərək atası ilə birgə təsərrüfatda qaldığını qeyd etmişdir. Qanunvericilik normalarının tələblərindən göründüyü kimi, ailə üzvlərinin istifadəsində nəqliyyat vasitəsinin olması imtina əsasıdır və iddiaçının atasının mülkiyyətində və istifadəsində nəqliyyat vasitəsinin olması imtinanın qanunauyğun olmasını göstərir.

5. Həmçinin imtinanın bir digər əsası olan rabitə vasitəsinin gizlədilməsinə münasibətdə qeyd etmək istərdik ki, Ali Məhkəmənin istinad olunan qərarından və qanunvericilik normalarının tələblərindən görünür ki, ərizə-bəyannamədəki məlumatlarla maddi-məişət şəraitinin yoxlaması zamanı əldə olunmuş məlumatlar arasında uyğunsuzluq aşkarlandıqda bu uyğunsuzluq birmənalı olaraq imtina əsasıdır. Belə ki, iddiaçı ərizə-bəyannamədə istifadə etdiyi rabitə vasitələri barədə məlumatları qeyd etməmiş olsa da, müayinə zamanı mənzildə telefon aşkarlanmış və bu uyğunsuzluq imtina üçün əsas olmuşdur. İddiaçı ərizə ilə xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etmiş olsa da, iddia ərizəsində ÜDSY-nin xx.xx.2023-cü il tarixdən təyin olunmasını məhkəmədən xahiş etmişdir ki, müraciətdən əvvəlki tarixə təyinatın aparılması mümkünsüzdür. İstinad olunan normaların məzmunundan göründüyü kimi, sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi, müayinə əsasında iddiaçının öz ərizə-bəyannaməsində ailə tərkibi barədə düzgün məlumatlar göstərmədiyi, istifadəsində nəqliyyat vasitəsinin olması və rabitə vasitələri barədə məlumatları qeyd etmədiyindən kifayət qədər uyğunsuzluqlar aşkarlanmışdır. İddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 19 noyabr 2024-cü il tarixli, 2- 1(116)-2437/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə qeyd etmişdir ki, təmsilçiliklə bağlı verilmiş arayışdan görünür ki, iddiaçının iki uşağı var: İddiaçı da ailə tərkibi barədə məlumat verərkən, ailə tərkibinin özü və 2 uşağından ibarət olduğunu göstərmişdir. Beləliklə, iddiaçının atası faktiki olaraq iddiaçı ilə eyni ünvanda yaşamadığından və iddiaçının ailə tərkibinə daxil olmadığından, cavabdehin “ailə tərkibinin düzgün göstərilməməsi” səbəbilə tələbin təminindən imtinası əsassız olmuşdur. İkinci imtina əsası yuxarıda qeyd olunan hissə ilə bilavasitə bağlıdır. Ailə üzvü olmayan şəxsin mülkiyyətində avtonəqliyyat vasitəsinin olması iddiaçının ailəsinin gəlirlərinə və aztəminatlı ailə kriteriyasına uyğunluğuna hər hansı təsir göstərmir. Cavabdehin imtina əsası kimi qeyd etdiyi telefon nömrəsinin gizlədilməsi imtina əsası kimi dəyərləndirilə bilməz.Cavabdeh tərəfindən həmin telefon nömrəsinin istifadəsi zamanı sərf olunan vəsaitin iddiaçının yuxarıda qeyd olunan kateqoriya şəxslərdən istisna edildiyinə dair sübut təqdim edilməmiş, telefon nömrəsinin aktivliyi, istifadəsi zamanı çəkilən xərclərin mövcud olub-olmaması ümumiyyətlə araşdırılmamışdır. Nəticə etibarı ilə müvafiq inzibati icraat aparılmadan ünvanlı sosial yardımın təyin edilməsindən əsassız imtina edilmişdir. Həmçinin qeyd edilməlidir ki, qanunvericiliyə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir

9. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. Cavabdeh orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, 2-1(116)-2437/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2-1(116)-2437/2024 saylı qərarının dəyişdirilmədən saxlanılması və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə2, Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2-1(116)-2437/2024 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi.

13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - Ünvanlı sosial yardımın alınması üçün iddiaçının xx.xx.2024-cü il tarixli müraciəti və imtina bildirişi. -Cavabdehin 22 iyun 2024-cü il tarixli etirazı və ona əlavə oluna sənədlər.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. Azərbaycan Respublikasının Konstitusiyasının: 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

16. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 4.1. Sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. 4.2. Sosial yardımın əsas prinsipləri aşağıdakılardan ibarətdir: 4.2.1. ünvanlılıq - sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur; 4.2.2. ədalətlilik - sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur; 4.2.3. bərabərlik - sosial yardım bütün aztəminatlı ailələrə təyin olunur. Maddə 7. Sosial yardımın məbləği 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır; 7.3. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın: Bənd 2.1. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. Bənd 2.3. Sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. Bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Bənd 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X2 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bənd 3.3. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Bənd 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. Bənd 5.1. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Bənd 5.2. Ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Bənd 5.3. Ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi mənbələrdən (o cümlədən ailənin maddi məişət şəraitinin müayinəsi zamanı aparılan video və foto çəkiliş üzrə məlumatlardan) istifadə edilir. Bənd 5.4. Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Bənd 5.5. Muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: 5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə; 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Bənd 5.6. Ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Bənd 5.8. Qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. Bənd 5.11. Natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. 6.1. Sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir.

18. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.31-ci bəndinə əsasən qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

19. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.

24. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı müraciət etdiyi 01 fevral 2024-cü il tarixdən təyin olunaraq 1(bir) il müddətində hər ay üçün müvafiq məbləğin ödənilməsindən ibarətdir.

25. İşin hallarından görünür ki, iddiaçı tərəfindən 2024-cü ilin fevral ayında ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı cavabdehə müraciət edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli imtinaya dair bildiriş təqdim edilmişdir. Bildirişdə imtinanın bir neçə əsası qeyd olunmuşdur: ailə tərkibinin düzgün göstərilməməsi, təmsilçinin atasının istifadəsində nəqliyyat vasitəsinin olması, telefon nömrəsinin gizlədilməsi.

26. Cavabdeh orqan apellyasiya şikayətində əsasən, ilkin imtina cavabında və işə birinci instansiya məhkəməsində baxılarkən iddia tələbinə etirazda göstərilmiş hallara istinad etmişdir. Belə ki, cavabdeh orqan maddi-məişət şəraitinin yerində müayinəsi zamanı ünvana gəlmiş əməkdaşların apardığı müayinə zamanı təmsilçinin atası ilə birlikdə eyni ünvanda yaşamasını birgə təsərrüfatda olma kimi qiymətləndirmiş, bunu eyni kommunal xidmətlərdən (işıq, su, qaz və s.) birgə istifadə olunması, ərzaq məhsullarının birgə istehlakının həyata keçirilməsi ilə əsaslandırmışdır. Həmçinin həyətyanı sahədə **- BX-*** dövlət qeydiyyat nişanlı, VAZ 2107 markalı avtomobilin təmsilçinin atasına məxsus olması və onun istifadəsində olması, iddiaçının yaşadığı mənzilə məxsus telefon nömrəsinin müayinə zamanı aşkar edilməsi təmsilçinin yaşayış şəraitinə dair təqdim etdiyi məlumatların həqiqəti əks etdirmədiyi qənaətini yaratmış və buna görə də, ona imtina cavabı verilmişdir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, Ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı edilmiş müraciət əsasında cavabdeh tərəfindən inzibati icraat başlanılır. Həmin icraat isə inzibati icraatla bağlı əsas qaydaları müəyyən edən “İnzibati icraat haqqında” Qanunun və sahəvi tənzimləmələri əks etdirən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbləri birgə nəzərə alınmaqla aparılmalıdır.

28. “İnzibati icraat haqqında” Qanun inzibati orqan tərəfindən verilmiş müraciətə baxılmasının nəticəsi kimi üç mümkün qərar qəbul edilməsi imkanını nəzərdə tutur ərizənin baxılmamış saxlanılması, müraciətin təmin edilməsi haqqında qərar verilməsi və ya imtina edilməsi haqqında qərar çıxarılması.

29. Sahəvi qanunvericilik aktı kimi çıxış edən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalar”ında isə inzibati orqanın iki qərar qəbul etmək imkanı təsbit edilmişdir sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə. Beləliklə, cavabdeh iddiaçının ona edilmiş müraciəti əsasında yalnız sözügedən qərarlardan birini qəbul etmək imkanına malikdir. Belə qərarı o, icraat gedişində aparılmış araşdırmanın nəticəsi olaraq qəbul etməlidir. Həmin qərar isə yekun nəticəyə gəlmək imkanı verən iş üzrə əhəmiyyətli bütün halların araşdırılmasının sonunda çıxarılmalıdır. Bu zaman cavabdeh xidməti vəzifəsinə görə iş üzrə əhəmiyyət kəsb edən bütün halları, o cümlədən iddiaçının xeyrinə olan halları araşdırmalı, zərurət olduqda iddiaçıya hüquqi yardım etməlidir.

30. Qaydalarda həmçinin müəyyən edilmişdir ki, sözügedən qərarlardan biri qəbul edilməmişdən əvvəl inzibati orqan başlanılmış inzibati icraat çərçivəsində müvafiq araşdırmalar aparılmalıdır. Belə araşdırmalara həm VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması, həm də ailənin maddiməişət şəraitinin müayinəsinin aparılması daxildir. Yekun qərar isə hər iki araşdırmanın nəticələri əldə edildikdən və qiymətləndirildikdən sonra verilməlidir.

31. Beləliklə, cavabdeh hər iki araşdırmanı birgə və eyni andan aparmaq öhdəliyi daşıyır. Müvafiq olaraq imtina qərarı da hər iki araşdırmanın nəticələrinə əsaslanmalıdır. Ona görə ki, hər iki araşdırma vahid icraatın tərkib hissəsidir və cavabdeh müxtəlif vaxtlarda, müxtəlif imtina səbəblərinə əsaslanmaqla eyni müraciət üzrə müxtəlif imtina qərarları verməkdə haqlı deyildir.

32. Cavabdeh orqanın imtina dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, müayinə aparılan zaman təmsilçinin atasının həmin ünvanda aşkar edilməsi özlüyündə birgə təsərrüfatın aparılması kimi qiymətləndirmə üçün yetərli deyil.

33. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2020-ci il 28 avqust tarixli 19/11 №-li Kənd inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişində Əsas anlayışlar hissəsində ev təsərrüfatına aşağıdakı kimi anlayış verilmişdir: – bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzilkommunal xidmətləri və qida məhsullarının istehlakını birgə həyata keçirsinlər.

34. Göründüyü kimi baxış zamanı aşkar edilmiş digər şəxsin iddiaçı ilə ümumi ev təsərrüfatına malik olması üçün yuxarıda qeyd edilən bütün şərtlər məcmu halda sübuta yetirilmiş olmalıdır.

35. Cavabdeh orqan isə həmin şəxsin müayinə aparılan zaman həmin ünvanda olmasından çıxış edərək təmsilçi ilə eyni mənzildə yaşaması və mənzil-kommunal xidmətlərindən birgə istifadə etməsini bildirir. Sözügedən şəxsin iddiaçı ilə ümumi ev təsərrüfatında olması üçün onun öz gəlir və əmlakını tam və ya qismən birləşdirməsi, qida məhsullarının istehlakını birgə həyata keçirməsi də sübuta yetirilməlidir. Nəzərə alınmalıdır ki, ümumi ev təsərrüfatının aparılması dedikdə həm də əldə olunan qazancın ailənin ümumi ehtiyaclarına sərf edilməsi, o cümlədən mövcud əmlakın birgə təsərrüfat fəaliyyətinin nəticəsində əldə edilməsi başa düşülür. Cavabdeh inzibati orqan iddiaçının baxış keçirilən zaman aşkar edilmiş şəxslə (valideyni ilə) eyni ünvanda yaşama faktını birgə təsərrüfatın aparılması kimi qiymətləndirərək yanlış nəticəyə gəlmiş, ümumi birgə təsərrüfatın aparılması halının mövcudluğunu müəyyən etmədən imtina cavabı vermişdir.

36. Kollegiya həmçinin qeyd edir ki, ünvanlı sosial dövlət yardımının təyin edildiyi və ödənildiyi dövr ərzində digər şəxslərin həmin yaşayış sahəsində yaşaması ilə bağlı qanunvericilik hər hansı məhdudiyyət müəyyən etməmişdir. Cavabdeh orqan sözügedən şəxslərin həmin ünvanda faktiki yaşayıb-yaşamamasını yox, həmin şəxslərin iddiaçı ilə birgə ümumi təsərrüfatı aparıb-aparmamasını müəyyən etməlidi idi. Yəni, bütövlükdə aşkar olunmuş şəxsə münasibətdə araşdırılmalı olan hal – onların iddiaçı ilə birgə təsərrüfatın aparılıb-aparılmamasıdır. Odur ki, iddiaçının həmin şəxsə birgə yaşama halının mövcudluğu onun ümumi birgə təsərrüfat aparmasını birbaşa sübuta yetirən hal kimi nəzərdən keçirilə bilməz. Belə ki, şəxslərin eyni ünvanda yaşaması faktı özlüyündə birgə yaşayan şəxslərin birgə ev təsərrüfatı aparması qənaətini yaratmır. Cavabdeh orqanın - təmsilçinin valideyi ilə birgə təsərrüfat aparması ilə bağlı mövqeyi isə yalnız ehtimallara əsaslanır.

37. Müayinə zamanı aşkar edilmiş nəqliyyat vasitəsi iddiaçıya məxsus olmadığından, bu hal nə iddiaçının ailəsinin gəlirinə, nə də aztəminatlı ailə meyarlarına uyğunluğuna təsir edən hüquqi əhəmiyyətli fakt kimi qiymətləndirilə və nəticə etibarilə imtina üçün əsas ola bilməzdi.

38. İddiaçının yaşadığı mənzilə məxsus telefon nömrəsinin müayinə zamanı aşkar edilməsi də, imtina üçün yetərli deyil. Belə ki, uyğunsuzluq halının mövcudluğu ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu mənada, uyğunsuzluq o halda ünvanlı sosial yardımın təyin edilməsindən imtina haqqında qərarın qəbul edilməsinə səbəb ola bilər ki, yoxlama zamanı şəxsin bəyan etdiyindən fərqli halın müəyyən edilməsi yekun olaraq onun qanunvericiliyin müəyyən etdiyi meyarlar baxımından aztəminatlı kimi qəbul edilməməsi nəticəsinə gətirib çıxarsın. Ona görə də, istənilən uyğunsuzluq deyil, yalnız belə nəticələrə səbəb olan uyğunsuzluq imtinanın əsasını təşkil edə bilər. Müvafiq olaraq istinad edilən uyğunsuzluq sözügedən nəticələrə səbəb olmursa, ünvanlı sosial yardımın təyin edilməsindən imtina oluna bilməz.

39. Odur ki, hazırkı iş üzrə cavabdeh bəyan edilən məlumatlarla yoxlama zamanı aşkar edilənlər arasındakı uyğunsuzluq hallarına formal yanaşmış, ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirmə aparmaqla qərar qəbul etməli olduğu halda, bu qaydada davranmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə müraciətin araşdırılması zamanı hər hansı uyğunsuzluğun aşkar edilməsi halı yaranarsa, cavabdeh ilk növbədə yardım etmə vəzifəsinə uyğun olaraq həmin uyğunsuzluğun aradan qaldırmasına yönəlmiş fəaliyyəti həyata keçirməlidir. Çünki uyğunsuzluq halının aradan qaldırılması ehtimalı və ərizəçinin müraciətinin təmin edilməsi imkanı qalır. Yalnız bu qaydada davrandıqdan sonra aşkar edilmiş uyğunsuzluğun ünvanlı sosial yardım təyin edilməsi meyarları baxımından imtina səbəblərini aradan qaldırmadığı halı mövcud olmaqda davam etdikdə, ərizənin təmin edilməməsi haqqında qərar çıxarıla bilər.

40. Bundan başqa, cavabdeh orqan apellyasiya şikayətinin dəlillərində əlavə olaraq, iddiaçının hər hansı səbəb mövcud olmadan aliment almaqdan imtina edərək əvəzində ünvanlı dövlət sosial yardımının təyin olunmasını tələb etməsinə, iddiaçının ailə tərkibinə daxil olan qızı X4 xx.xx.2024-cü il tarixdə yetkinlik yaşına çatmasına, bu halın ünvanlı yardımın təyin edildiyi dövrə təsadüf etməsinə və ailə üzvlərinin sayının dəyişməsinə səbəb olmasına, habelə iddiaçının qızının yetkinlik yaşına çatdıqdan sonra ailə həyatı quraraq artıq onunla birgə yaşamadığına baxmayaraq, məhkəmə tərəfindən bu halların nəzərə alınmadan qərar qəbul edilməsinə istinad etmişdir.

41. Kollegiya qeyd edir ki, iddiaçının aliment almaq imkanının olması, özü-özlüyündə onu "sosial yardıma ehtiyacı olmayan" şəxs kimi qiymətləndirmək üçün yetərli əsas deyil. Belə ki, qanunvericiliyin məqsədi ailənin faktiki gəlir vəziyyətinə əsaslanaraq sosial yardımın təyin olunmasıdır. Cavabdeh orqanın vəzifəsi iddiaçının real maliyyə vəziyyətini müəyyən etməkdən ibarət olduğundan, qiymətləndirmə zamanı potensial gəlir mənbələri (aliment almaq imkanı, əmək qabiliyyəti olduğu halda işləməməsi, vərəsəlik hüququ və s.) deyil, yalnız faktiki olaraq əldə edilmiş maliyyə vəsaiti – yəni real gəlirlər əsas götürülməlidir. Odur ki, faktiki olaraq reallaşdırılmamış aliment almaq hüququnun mövcudluğu gəlir hesab edilə bilməz. Əks yanaşma ünvanlılıq prinsipinin mahiyyətinə birbaşa zidd olacaqdır.

42. Digər tərəfdən, cavabdeh orqan qeyd edir ki, iddiaçının ailə tərkibinə daxil olan qızı — Fidan Səfərova xx.xx.2024-cü il tarixdə yetkinlik yaşına çatmışdır. Bu hal isə 1 il müddətinə təyin edilən ünvanlı dövlət sosial yardımının verildiyi dövrdə ailə üzvlərinin sayında dəyişiklik yaranmasına səbəb olmuşdur. Cavabdeh orqan həmçinin bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının qızının yetkinlik yaşına çatdıqdan sonra ailə həyatı qurması və artıq iddiaçı ilə birgə yaşamaması halları nəzərə alınmamışdır.

43. Kollegiya qeyd edir ki, inzibati məhkəmə nəzarəti qaydasında baxılan işdə əsas məqsəd - cavabdeh orqanın imtina qərarının qanuniliyinin və əsaslılığının yoxlanılmasıdır. Bu zaman yoxlamanın başlıca predmeti - qərarın verildiyi tarixdə mövcud olan faktiki və hüquqi vəziyyət olacaqdır. Bu isə o deməkdir ki, cavabdeh orqan gələcəkdə baş verməsi ehtimal olunan hallara (məsələn, ailə üzvünün yetkinlik yaşına çatacağı tarix, sonradan ailə həyatı qurması, emansipasiya halları və s.) istinad edərək müraciət tarixində mövcud olmayan halları hüquqi qiymətləndirməyə daxil edə və iddiaçının ziyanına şərh edə bilməz.

44. İstinad olunan “Qaydalar”ın 4.2-ci bəndinə əsasən sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir.

45. “Qaydalar”ın 4.3-cü bəndinə əsasən sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir. Bu zaman VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır (4.4).

46. İddiaçının övladının gələcəkdə yetkinlik yaşına çatacağı tarix faktiki olaraq onun cavabdeh orqana təqdim etdiyi sənədlərdən aşkar görünür. Faktiki olaraq bu, cavabdeh orqanın apardığı inzibati icraat nəticəsində ona əvvəlcədən məlum olan məlumatdır.

47. İmtina qərarı verildiyi tarixdə iddiaçının övladı yetkinlik yaşına çatmamış şəxs olmuşdur. Bu isə həmin tarixədək ÜDSY-nın təyin edilməsini istisna etmir.

48. Cavabdeh orqan, ailə tərkibində dəyişiklik baş verdiyini müəyyən etdikdə məlumatların yenidən yoxlanılması məqsədilə təkrar inzibati icraat aparmaq hüququnu özündə saxlayır və bu zaman “Qaydalar”a uyğun olaraq müvafiq tədbir görmək imkanına malikdir. Lakin aparılacaq bu icraat ünvanlı dövlət sosial yardımının ilkin təyin edilməsindən sonra baş verəcəyindən, məhkəmə nəzarəti qaydasında həmin dəlilə hüquqi qiymət verilə bilməz. Başqa sözlə, hazırkı mübahisədə birinci instansiya məhkəməsi tərəfindən imtina qərarının verildiyi tarixə olan faktiki və hüquqi vəziyyət əsasında dəyərləndirmə aparıldığından, iddiaçının övladının yetkinlik yaşına çatdıqdan sonra inzibati orqanın aparmalı olduğu inzibati araşdırmaya əvvəlcədən hüquqi qiymət verilməsi doğru olmayacaqdır.

49. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilən işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan kollegiyanın qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

51. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2-1(116)-2437/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar