Məhkəmə qərarları › İş №2-1(107)-204/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-204/2022

20.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-204/2022 20.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi əsasında X11, X15, X5 və X9 adlarına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 9 iyun 2022-ci il tarixli 2-1(116)-124/2022 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi əsasında X6 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddianın əsaslarına görə, X11 ərizə ilə məhkəməyə müraciət edərək hüquqi əhəmiyyətli faktın müəyyən olunmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi əsasında İsmayıllı rayonu Lahıc qəsəbəsinin sakini olmuş, Böyük Vətən müharibəsində həlak olmuş X3 miras qalmış, İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən əmlakın oğlu X11 tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuş, bununla bağlı Xalid Əlimərdanovun adına verilmiş A seriyalı 220432 nömrəli plan-ölçü sənədinin X7 məxsus olması faktı müəyyən edilmişdir. Qətnamə icra olunması üçün Reyestr Xidmətinə göndərilərək onun əsasında X6 adına çıxarış verilmişdir. Qeyd olunan qətnamədən narazı qaldıqları üçün iddiaçı və X8 tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1020/2014 nömrəli xx.xx.2014-cü il tarixli qərardadı ilə təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi ləğv olunmuş, daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-543/15 nömrəli xx.xx.2015-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1020/2014 nömrəli xx.xx.2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi əsasında dövlət reyestrində aparılmış qeydiyyat ləğv olunmalıdır.

3. Cavabdeh xx.xx.2021-ci il tarixli **********87 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, dövlət reyestrində aparılmış sözügedən qeydiyyat İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi əsasında aparılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1020/2014 nömrəli xx.xx.2014-cü il tarixli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin 2(037)160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi ləğv olunmuşdur. Qeyd edilən məhkəmə qətnaməsi əsasında aparılmış qeydiyyat ləğv edilməmiş və 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə belə öhdəlik qoyulmamışdır. X11 vəfat etdikdən sonra qeyd olunan daşınmaz əmlak vərəslərinin adına rəsmiləşdirilmişdir. Qeyd olunan səbəbə görə də müraciətin icrası mümkün olmamışdır. Cavabdeh bildirmişdir ki, mübahisəli torpaq sahəsi faktiki 0,0209 hektardır. Torpaq sahəsi İsmayıllı Rayonu Lahıc Bələdiyyəsinə aid olan yaşayış məntəqələri torpağıdır. Faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında fərq yoxdur. Torpaq sahəsinin üzərində iki mərtəbəli fərdi yaşayış evi mövcuddur.

4. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili xx.xx.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə “iddia tələbinin həcminin artırılması barədə” ərizə ünvanlayaraq “İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi əsasında X11, X15, X5 və X9 adlarına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(116)- 1052/2021 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-1052/2021 nömrəli qərardadı ilə X15, X5 və X16 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili iddia tələbinin təmin olunmasını xahiş etdi.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etdi. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 9 iyun 2022-ci il tarixli 2- 1(116)-124/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, “hazırkı iddia tələbi üzrə işə inzibati qaydada baxılması yolverilməzdir. Belə ki, iddiaçı çatmaq istədiyi məqsədə nail olmaq üçün mülki mühakimə icraata qaydasında, icrada dönüşlə bağlı qərar qəbul edilməsi üçün ərizə ilə müraciət etmək hüququna malikdir və qanunverici analoji halların baş verməsinə qarşı hüquqi müdafiə mexanizmini birbaşa olaraq təsbit etməkdədir”. Aşağıdakı səbəblərdən hesab etmişdir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qərardadı qanunsuz və əsassızdır. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti üçün X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün əsas olduğu kimi Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1020/2014 nömrəli 26 noyabr 2014-cü il tarixli qərardadı da həmin hüquqların qeydiyyatının ləğv edilməsi üçün əsas idi. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bu vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunun 8.0.4-cü maddəsindən yaranırdı. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən bu vəzifəsini icra etməsini tələb etdikdən və sonuncu qeydiyyatı ləğv etməkdən imtina etdikdən sonra iddiaçı məhkəmədə iddia qaldırmışdır. Onun iddiası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsi ilə nəzərdə tutulan öhdəliyin icrası haqqında iddia idi. İddiaçı hesab etmişdir ki, pozulmuş hüquqların müdafiəsi üçün mövcud olan bir neçə hüquq müdafiə vasitəsindən birinin seçilməsi iddianı mümkünsüz etmir. Lakin iddiaçının məhkəmədə qaldırdığı iddia ləğv olunan icra edilmiş qətnamənin icrasına dönüş edilməsindən kənara çıxırdı. Belə ki, iddiaçı həmçinin icra edilmiş qətnamə əsasından aparılan qeydiyyatdan sonrakı, qeydiyyatların ləğvini də tələb edirdi ki, bu tələblər icraya dönüş edilməsi qaydasında baxıla bilməz. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 saylı 18 may 2011-ci il tarixli qətnaməsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin üzərinə X6 adına daşınmaz əmlaka dair hüquqların qeydiyyatı vəzifəsi qoyulmamışdır. Hər hansı şəxsin adına daşınmaz əmlaka dair hüquqların qeydiyyatının əsası Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 8-ci maddəsində nəzərdə tutulmuşdur. X1 tərəfindən adına qeydiyyat aparılmış daşınmaz əmlaka dair hüquqların əldə edilməsi barədə başqa heç bir sənəd də mövcud deyildir. Belə ki, nə həmin əmlakı əldə etməsi barədə müqavilə, nə Aqrar İslahat Komissiyasının qərarı, nə müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarları, nə də əvvəlki, dövrlərə aid hüquq verən sənədlər mövcud deyildir. Bu səbəbdən cavabdeh tərəfindən aparılan ümumiyyətlə qanunsuz və əsassız olmuşdur. İddiaçı da onun ləğvini məhkəmə qaydasında tələb etmişdir. Digər tərəfdən isə iddiaçı artıq Şəki Apellyasiya Məhkəməsinə icraya dönüş edilməsi barədə ərizə vermiş və Şəki Apellyasiya məhkəməsinin 2(107)-1020/2014 nömrəli 07 iyun 2021-ci il tarixli qərardadı ilə həmin ərizə təmin edilməmişdir, (həmin qərardadla şikayət verilməsi iddiaçıya qadağan edilmişdir). Ona görə də Şəki İnzibati Məhkəməsinin 9 iyun 2022-ci il tarixli 2-1(116)-124/2022 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılaraq icraata qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X16 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, üçüncü şəxslər X5, X15 məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

14. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə əsasında İsmayıllı rayonu Lahıc qəsəbəsinin sakini olmuş, Böyük Vətən müharibəsində həlak olmuş X3 miras qalmış, İsmayıllı rayonunun Lahıc qəsəbəsində yerləşən əmlakın oğlu X11 tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuş, bununla bağlı Xalid Əlimərdanovun adına verilmiş A seriyalı 220432 nömrəli plan-ölçü sənədinin X7 məxsus olması faktı müəyyən edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1020/2014 nömrəli xx.xx.2014-cü il tarixli qərardadının surətindən görünür ki, həmin qərardad ilə İsmayıllı Rayon Məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi ləğv olunmuş, ərizəçi X6 “torpaq sahəsinin plan və ölçüsünün ona məxsus olması və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi”nə dair iddiası baxılmamış saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-543/15 nömrəli xx.xx.2015-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərarla Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1020/2014 nömrəli xx.xx.2014-cü il tarixli qərardadından verilmiş kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1020/2014 nömrəli xx.xx.2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən təqdim olunmuş: - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 355229 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi, İsmayıllı rayon Aqrar islahat Komissiyasının xx.xx.1999-cu il tarixli 74 saylı qərarı ilə 223,9 kv.m torpaq sahəsi həyətyanı məqsədilə X7 verilmişdir. - xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı rayonunun Lahıc qəsəbəsində yerləşən 0,02239 ha torpaq sahəsi və fərdi yaşayış evi X6 xüsusi mülkiyyətində olmuşdur. - “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2021-ci il tarixli şəhadətnamənin təqdiq olunmuş surətindən görünür ki, xx.xx.2018-ci ildə ölmüş X6 vərərəsələri X5, X15 və X12r. Miras əmlak xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ümumi sahəsi 74,5 kv.m olan fərdi yaşayış evi və 0,02239 ha torpaq sahəsindən ibarətdir. - xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı rayonunun Lahıc qəsəbəsində yerləşən 0,02239 ha torpaq sahəsi və fərdi yaşayış evi X10 xüsusi mülkiyyətindədir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 21.1. Məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

17. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, İddiaçı apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.

19. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə işə inzibati qaydada baxılması yolverilməzdir. Belə ki, iddiaçı çatmaq istədiyi məqsədə nail olmaq üçün mülki mühakimə icraatı qaydasında, icrada dönüşlə bağlı qərar qəbul edilməsi üçün ərizə ilə müraciət etmək hüququna malikdir və qanunverici analoji halların baş verməsinə qarşı hüquqi müdafiə mexanizmini birbaşa olaraq təsbit etməkdədir.

20. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.

21. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

22. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçının tələbi mümkün sayıldığı üçün birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

23. Belə ki, iş materiallarından görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsinə əsasən, həmin qətnamə əsasında İsmayıllı rayonu Lahıc qəsəbəsinin sakini olmuş, Böyük Vətən müharibəsində həlak olmuş X3 miras qalmış, İsmayıllı rayonunun Lahıc qəsəbəsində yerləşən əmlakın oğlu X11 tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuş, bununla bağlı Xalid Əlimərdanovun adına verilmiş A seriyalı 220432 nömrəli plan-ölçü sənədinin X7 məxsus olması faktı müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 1020/2014 nömrəli xx.xx.2014-cü il tarixli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi ləğv olunmuş, ərizəçi X6 “torpaq sahəsinin plan və ölçüsünün ona məxsus olması və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi”nə dair iddiası baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-543/15 nömrəli xx.xx.2015-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1020/2014 nömrəli xx.xx.2014-cü il tarixli qərardadından verilmiş kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1020/2014 nömrəli xx.xx.2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda göstərilmişdir ki, həmin işin baxılmasında ərizəçi və maraqlı şəxslər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin və X20 və Monitorinqi X2 rayon şöbəsinin nümayəndələri iştirak etmişlər. İş üzrə çıxarılmış qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslər İddiaçı və X8 işin baxılmasına cəlb olumamışlar. Həmin şəxlər miras əmlakla bağlı məsələni mübahisələndirərək həmin əmlaka münasibətdə vərəsə olmalarını və miras əmlakda onların da payının olmasını irəli sürmüşlər.

24. Göründüyü kimi, cavabdeh məhz apellyasiya qaydasında ləğv edilmiş qətnamə əsasında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmışdır. İddiaçının tələbindən də göründüyü kimi, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi əsasında X11, X15, X5 və X9 adlarına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

25. Halbuki, İPM-in 12-ci və 48-ci maddələrinə əsasən, birinci instansiya məhkəməsi bu hala diqqət yetirmədən, inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkünsüz saymışdır.

26. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn iddiаnı mümkün saymamaqda düzgün nəticəyə gəlməmişdir. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.

27. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 9 iyun 2022-ci il tarixli 2-1(116)-124/2022 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar