Məhkəmə qərarları › İş №2-1(107)-204/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-204/2023

16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-204/2023 16.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X3 və üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “istifadəsində olan torpaq sahəsinin üzərində işlənmiş AN:195500 saylı xx.xx.2009-cu il tarixdə 2420 uçot nömrəsi ilə qeydə alınmış “Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(116)-1155/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “istifadəsində olan torpaq sahəsinin üzərində işlənmiş AN:195500 saylı xx.xx.2009-cu il tarixdə 2420 uçot nömrəsi ilə qeydə alınmış “Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1155/2022 nömrəli qərardadı ilə X10, X6 və X12 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 06 saylı qərarı əsasında iddiaçının adına A195501 nömrəli, həmin torpaq sahəsinin qonşuluğunda yerləşən 1226 kv.m torpaq sahəsinə isə üçüncü şəxsin adına A195500 nömrəli plan və ölçü sənədi tərtib edilmişdir. İddiaçı üçüncü şəxsə ayrılmış torpaq sahəsini faktiki istifadə etdiyini bildirərək həmin torpaq sahəsinə dair üçüncü şəxsin adına tərtib edilmiş plan-ölçü sənədinin ləğvi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını mübahisələndirilən plan-ölçü sənədinin ləğvi səlahiyyətinin olmaması ilə əsaslandırmış, həmçinin qeyd etmişdir ki, ərazi idarəsinin arxiv materiallarında Şəki rayonu, İkinci Biləcik kəndində yerləşən 0.1226 ha torpaq sahəsinə X2 adına (ailə tərkibi 4 nəfərdən ibarət-X21 oğlu, X10, X13 və X7 olmaqla) 17 avqust 2009-cu il tarixil; AN: ******* saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi barədə məlumat mövcuddur. Təqdim olunan sənədlərə əsasən aparılmış müayinə işləri nəticəsində məlum olmuşdur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi X16iu tərəfindən çoxillik əkmələr kimi istifadə olunan ərazinin daxilində yerləşir. Həmin torpaq sahəsi "X5 Uçotu informasiya Sistemi" proqramında X8 istifadəsində göstərilmişdir. Belə ki, AN- 195500 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinə bitişik Baqqal kənd sakini X11 məxsus AN-195501 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə qonşu olan torpaq sahəsi vardır. Üçüncü şəxs və onun vəkili birinci instansiya məhkəməsinin iclasında izahat verərək iddianın təmin edilməməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi idia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - A195501 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 06 saylı qərarına istinad olunmaqla Şəki rayonu İkinci Biləcik kəndində yerləşən 1258.53 kv.m torpaq sahəsi ilə bağlı İddiaçı adına tərtib edilmişdir. - A195500 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 06 saylı qərarına istinad olunmaqla Şəki rayonu İkinci Biləcik kəndində yerləşən 1226 kv.m torpaq sahəsi ilə bağlı X2 adına tərtib edilmişdir. - cavabdeh orqanın təqdim etdiyi mütəxəssis rəyində qeyd edilmişdir ki, A195500 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlarda qeyd olunan torpaq sahəsi ilə, A195501 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlarda qeyd olunan torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 20 dekabr 2022-ci il tarixli, 2- 1(116)-1155/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “istifadəsində olan torpaq sahəsinin üzərində işlənmiş AN:195500 saylı xx.xx.2009-cu il tarixdə 2420 uçot nömrəsi ilə qeydə alınmış “Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2- 1(116)-1155/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, o, iddia ərizəsində qeyd edərək göstərmişdir ki, Şəki rayon Baqqal kəndində ona fərdi yaşayış evi tikmək üçün Şəki Rayon AİK nın xx.xx.2002-ci il tarixli 06 saylı qərarı ilə 1258.53 kv.m torpaq sahəsi ayrılmış, həmin torpağa AN:195501 saylı plan-ölçü sənədi işlənmişdir. Bundan başqa ona ayrılan həmin torpaq sahəsinə bitişik ərazidə 0.12 ha (12 sot) torpaq sahəsi zəbtində olduğundan həmin torpaq sahəsi islahat vaxtından onun istifadəsinə verilmişdir. O, qeyd edilən bu 0.12 ha torpaq sahəsini islahat vaxtından istifadə edir, oraya sahiblik edir. Bu fakt bələdiyyə və icra nümayəndəliyindən təsdiqlənə bilər. Torpaq sahəsinə onun adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsindən sənəd işləndiyi vaxtlarda həmin idarə ləğv olmuş və torpaq sahəsinə hazıradək adına sənəd verilməmişdir. Lakin hər nə səbəbdənsə və necə olubsa onun zəbtində olan 0.12 ha torpaq sahəsinə xəbəri olmadan kənddə qeydiyyatda olmayan və yaşamayan şəxsə yəni - Şəki rayon İkinci Biləcik kənd sakini X9 AN:185500 saylı xx.xx.2009-cu il tarixdə 2420 uçot nömrəsi ilə qeydə alınmış “Torpaq sahəsinin planı və ölçüsü sənədini” verilmişdir. Qeyd etdiyi AN:185500 saylı “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin koordinatları onun zəbtində olan torpaq sahəsinin üzərinə işlənmişdir. Bu da qanunsuzdur. Halbuki ona birinci dəfə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi sakini olduğu və yaşadığı İkinci Biləcik kəndindən verilmişdir. Ona məlum olmayan səbəblərdən ikinci dəfə Baqqal kəndində yaşamadığı və qeydiyytada olmadığı halda AİK qərarı ilə Fətəli Əhmədov (Qərarın ona məxsus olması və hansı kənddən torpaq sahəsi verilməsi araşdırılmalıdır) fərdi yaşayış sahəsi tikmək üçün torpaq sahəsi almışdır. Ancaq qeyd etmək lazımdır ki, heç kimə ikinci dəfə AİK qərarı ilə torpaq sahəsi verilə bilməz, göründüyü kimi zəbtində olan torpaq sahəsinə verilən (həmin torpağın üstünə işlənən) AN:185500 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi saxtalaşdırılmışdır, həmin sənəd Fətəli Əhmədovun adına onun atası Qürbət Əhmədovun adına olan plan-ölçü sənədinin vərəsəlik yolu ilə keçməsindən sonra verilmişdir. Saxta plan-ölçü sənədi hazırlayaraq islahat vaxtından istifadəsində və zəbtində olan torpaq sahəsinin üzərinə sənəd işlənməsi onun hüquqlarının pozulmasına gətirib çıxarmışdır. O yuxarıda göstərilən səbəblərin araşdırlaraq AN:185500 saylı planı və ölçü sənədinin verilməsi üçün əsas olan sənədlərin araşdırılması və həmin plan-ölçü sənədinin ləğv edilməsinə köməklik göstərilməsi məqsədilə cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə rəsmi müraciət etsə də, müraciəti cavabsız qalmış, cavabdeh orqan belə bu məsələnin araşdırılmasında acizlik etmişdir. Şəki İnziabti Məhkəməsi isə yuxarıda qeyd etdiklərini araşdırmadan və torpaq sahələrinin harada yerləşməsini araşdırmadan qərar qəbul etmişdir. İslahat vaxtı ona verilən 0.12 ha torpaq sahəsi həmin vaxtdan istifadəsindədir, bu faktı kənd icra nümayəndəliyi və bələdiyyə təsdiqləyə bilər. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(116)-1155/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(116)-1155/2022 nömrəli iş üzrə qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X14 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 20 dekabr 2022ci il tarixli, 2-1(116)-1155/2022 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X15 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(116)-1155/2022 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər üçüncü şəxslər X10 və X6 məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası digər üçüncü şəxslər X10 və X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməmişdir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş ilkin müraciət ərizəsi və poçt qəbzi ilə iddiaçının hazırkı tələblə ilkin olaraq cavabdeh orqana müraciət etməsi sübut olunur. Həmçinin cavabdeh orqan xx.xx.2022-ci il tarixli iddia tələbinə münasibətində iddiaçının xx.xx.2022-ci il tarixli ********** nömrəli ərizəsində plan-ölçü sənədinin ləğv ilə bağlı müraciət etməsini qeyd etmişdir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia ərizəsinin məzmununda mübahisələndirilən plan-ölçü sənədinin nömrəsi 185500 qeyd edilməsinə baxmayaraq, iddia ərizəsinin “xahiş edirəm” hissəsində iddiaçı tərəfindən plan-ölçü sənədinin nömrəsinə düzəliş edilərək 195500 qeyd edilmişdir. İşin hallarından görünür ki, iddiaçının hüquqi marağı öz adına tərtib edilmiş 195501 nömrəli plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin qonşuluğunda yerləşən və faktiki istifadəsində olan torpaq sahəsinə dair tərtib edilmiş 195500 nömrəli plan-ölçü sənədinin ləğvinə nail olmaqdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığından və plan-ölçü sənədinin nömrəsində yol verilmiş texniki yanlışlığa iddiaçı tərəfindən düzəliş edildiyindən, məhkəmə tərəfindən iddiaçının hüquqi marağına uyğun olaraq 195500 nömrəli plan-ölçü sənədinin qanuniliyinə hüquqi qiymət verilmişdir. Lakin iddiaçının apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, iddiaçı A190500 nömrəli plan-ölçü sənədinin faktiki istifadəsində olan (zəbtində olan) torpaq sahəsinə tərtib edildiyini bildirir və buna görə də həmin sənədin ləğvini tələb edir. Buna baxmayaraq, faktiki istifadəsində olduğunu iddia etdiyi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd və ya torpaq sahəsinin ona ayrılmasını, təhkim edilməsini təsdiq edən ilkin yerquruluşu sənədi təqdim edə bilmir. İş materiallarından göründüyü kimi A195501 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən başqa iddiaçının adına qonşu torpaq sahəsi ilə bağlı hər hansı sənəd tərtib edilməmişdir. İddiaçının faktiki istifadələrində olan torpaq sahəsinə dair hər hansı sənədi olmadığından, mübahisələndirilən A195500 nömrəli plan-ölçü sənədinin iddiaçıya məxsus A195501 nömrəli plan-ölçü sənədi ilə üst-üstə düşüb-düşməməsinin öyrənilməsi məqsədilə cavabdeh orqana sorğu verilmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş mütəxəssis rəyində A195501 və A195500 nömrəli plan-ölçü sənədlərində göstərilən kooordinatlarda qeyd olunan torpaq sahələrinin sənəd üzrə üstüstə düşmədiyi bildirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hər hansı hüquqmüəyyənedici sənəd olmadan A195500 nömrəli plan-ölçü sənədi ilə üçüncü şəxsin istifadəsində olan torpaq sahəsindən iddiaçının faktiki istifadə və sahiblik etməsi onun tərəfindən həmin torpaq sahəsinin zəbt olunması deməkdir (iddiaçı özü də bunu etiraf edir). Yəni, iddiaçı 195501 nömrəli plan-ölçü sənədi ilə istifadəsində olan torpaq sahəsi ilə bərabər, ona ayrılmamış qonşu torpaq sahəsini də, faktiki olaraq zəbt edərək istifadə və sahiblik edir. Digər tərəfdən nəzərə alınmalıdır ki, "X5 Uçotu informasiya Sistemi" proqramına torpaq sahələri ilə bağlı məlumatlar subyektlərin faktiki istifadəsinə uyğun olaraq daxil edilsə də, bu zaman Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanının 2.3.3-cü bəndinin tələbləri mütləq şəkildə nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanının 2.3.3-cü bəndində X5 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin ... yerləşdiyi torpaqlarda ... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması zamanı torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X5 uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməli olması qeyd edilmişdir. Odur ki, istinad olunan Fərmanın 2.3.3-cü bəndinin tələbləri baxımından iddiaçının hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq istifadə etdiyi zəbt olunmuş sahənin xüsusiyyətlətinin düzgün müəyyən edilərək uyğunsuzluğun aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir. Cavabdeh orqan özü də ərazi idarəsinin arxiv materiallarında Şəki rayonu, İkinci Biləcik kəndində yerləşən 0.1226 ha torpaq sahəsinə X2 adına (ailə tərkibi 4 nəfərdən ibarət-X21 oğlu, X10, X13 və X7 olmaqla) 17 avqust 2009-cu il tarixli; AN: ******* saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi barədə məlumatın mövcudluğunu etiraf edir və həmin sənədin mötəbərliyini mübahisələndirmir. Bu isə o deməkdir ki, 195500 nömrəli plan-ölçü sənədində qeyd edilən torpaq sahəsinin "X5 Uçotu informasiya Sistemi" proqramında iddiaçının istifadəsində göstərilməsi, həmin torpaq sahəsinin iddiaçıya məxsus olması ilə bağlı hüquqi əsas yaratmır və iddiaçı, qeyd olunan hala istinad etməklə həmin sənədin ləğvini tələb etməkdə haqlı sayıla bilməz. Hazırkı iş üzrə iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan iddiaçı, tələbində qeyd etdiyi öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə cavabdeh, mübahisələndirilən plan-ölçünün ləğv edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı həmin plan-ölçünün ləğvi üçün zəruri olan şərtləri sübut edə bilməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçıların hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə iddiaçı apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(116)-1155/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar