Məhkəmə qərarları › İş №2-1(107)-204/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-204/2024

28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-204/2024 28.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsinə qarşı “İddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsindən cavabdehin imtinasının əsassız hesab edilməsi və İddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2-1(116)- 222/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı “İddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsindən cavabdehin imtinasının əsassız hesab edilməsi və İddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

3. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı 2021-ci ilin dekabr ayından 2022-ci ilin iyul ayına kimi "xxxx" (VÖEN:**********) MMC-nin qanuni təmsilçisi funksiyalarını yerinə yetirmişdir. İddiaçının direktor olduğu həmin 7 ay ərzində MMC-də hər hansı əməliyyat aparılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi əsasında Şəki Kommersiya Məhkəməsinin 2- 2(117)-810/2022 saylı xx.xx.2022-ci l tarixli qətnaməsi ilə İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmışdır. Həmin vaxt iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb onun direktor vəzifəsində çalışmağı olmuşdur. Lakin iddiaçı həmin vəzifədən azad olunmuşdur. Bu barədə dəyişiklik Vergi Xidməti Orqanında qeydə alınmışdır. Hazırda "xxxx" MMC-nin direktoru X1r. Vergi orqanı tərəfindən hüquqi şəxsin icra orqanın rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsas "xxxx" MMC-nin 95.679,28 manat vergi borcu olması olmuşdur.İddiaçı bütün bunlarla əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən müvafiq dəyişikliyin edilməsindən imtina edilmişdir.

4. Cavabdeh vəsatət göndərərək, iddia müddətinin keçdiyindən İddiaçı hazırkı iddia tələbi ilə bağlı iddianın mümkün sayılmaması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 11 yanvar 2024-cü il tarixli, 2- 1(116)-222/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

7. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludurlar. Bügünə qədər, 95679,41 manat məbləğində borc iddiaçının rəhbəri olduğu "xxxx" MMC tərəfindən ödənilməmişdir. Şəki İnzibati Məhkəməsi iddianın təmin olunma əsası kimi yeganə olaraq, iddiaçının hazırda "xxxx" MMC-nin rəhbəri olmamasını göstərmişdir. Qeyd olunan əsasla bağlı bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludurlar. Bügünə qədər, 95679,41 manat məbləğində borc iddiaçının rəhbəri olduğu "xxxx" MMC tərəfindən ödənilməmişdir. Yəni, iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş əsas hazırda aradan qalxmamışdır. Hazırda ölkədən getmə hüququ məhdudlaşdırılan şəxsin rəhbəri olduğu MMC tərəfindən dövlət büdcəsinə olan vergi borcu ödənilmədiyi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır. İddiaçının Cəmiyyətin vergi öhdəliyindən, habelə məsuliyyətdən yayınmaq üçün məqsədli səkildə icra orqanının rəhbəri vəzifəsindən azad olunması heç də əsasların aradan qalxması demək deyildir. Məlum olduğu kimi, MMC-nin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasında məqsəd MMC-nin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etməkdir. Qeyd olunan məqsədə nail olunması həmin şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxması anlamına gəlir. Lakin MMC-nin şəxsi hesab vərəqəsindən aydın olduğu kimi belə bir hal baş verməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2-1(116)-222/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də tərəflər məhkəmə iclasında iştirak etməmiş, cavabdeh ərizə ilə müraciət edərək məhkəmə iclasının onlarınj iştirakı olmadan keçirilməsini xahiş etmiş, iddiaçı isə iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

10. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

11. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Şəki Kommersiya Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 2(117)-810/2022 nömrəli qətnaməsinə əsasən iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - Cavabdehin xx.xx.2023-cü il tarixli məktuna əlavə edilmiş çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-nin qanuni təmsilçisi olmuşdur.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

13. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanın hüququdur. Maddə 24.1.2-1. Vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanın vəzifəsidir.

14. Azərbaycan Respublikası MPM-in 355-5.1 -ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

16. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2-1(116)-222/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

17. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

18. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.2 və 33.1-ci maddələri) aid olan məcburetmə haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

19. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Hazırkı iş üzrə cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə inzibati aktın iddiaçıya hansı tarixdə verilməsinə dair sübut təqdim edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün iddia müddəti ötürülməmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

21. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ölkədən getmək hüququ onun hüquqi şəxsin icra orqanının rəhbəri kimi vergi öhdəilklərini yerinə yetirmədiyi üçün Şəki Kommersiya Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 2(117)-810/2022 nömrəli qətnaməsinə əsasən iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.İşin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-nin qanuni təmsilçisi olmuşdur.O, hazırda "xxxx" (VÖEN:**********) MMC-nin rəhbəri deyildir.

22. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanın hüququdur.

23. Həmçinin həmin məcəllədə qeyd edilir ki, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanın vəzifəsidir.

24. Azərbaycan Respublikası MPM-in 355-5.1 -ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

25. Həmin maddənin məzmunundan aşağıdakılar müəyyən edilir : 1). Vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötməmiş vergi borcu olmalıdır; 2). Vergi borcu vaxtında ödənilməməlidir; 3). Hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs icra orqanının rəhbəri (qanuni təmsilçisi) olmalıdır.

26. Göründüyü kimi iddiaçı hazırda "xxxx" (VÖEN:**********) MMC-nin rəhbəri deyildir. Şəxsin hüquqi şəxsin icra orqanının rəhbəri vəzifəsindən azad olunması halında isə qanunvericiliyin qeyd olunan imperativ tələblərindən biri aradan qalxdığına görə məhdudlaşdırılmaya səbəb olmuş əsas da aradan qalxır.

27. Yuxarıda qeyd olunanlara əsasaən məhkəmə kollegiyası hesab edir ki, iddia təmin olunmalı, İddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

29. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2-1(116)-222/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar