Məhkəmə qərarları › İş №2-1(107)-205/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-205/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-205/2022 14.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı Cavabdeh1nə qarşı “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilən Qeydiyyat №001527, xx.xx.2004-cü il tarixli şəhadətnaməsinə əsasən mülkiyyətində olan Qəbələ rayon, Nic qəsəbəsindəki ümumi sahəsi 80 kv.m. (əsas hissə 50 kv.m. yardımçı hissə 30 kv.m.) olan “Çayxana”nın qanunsuz sökülməsi ilə əlqədar, əmlaka görə 20000 (iyirmi min) manat, 15 il ərzində götürə biləcəyi qazanca görə isə 20000 (iyirmi min) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 40000 (qırx min) manat məbləğində dəymiş ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 4 may 2022-ci il tarixli 2-1(116)-306/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Qəbələ Rayon Nic Bələdiyyəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilən Qeydiyyat №001527, xx.xx.2004-cü il tarixli şəhadətnaməsinə əsasən mülkiyyətində olan Qəbələ rayonu Nic qəsəbəsindəki ümumi sahəsi 80 kv.m. (əsas hissə 50 kv.m. yardımçı hissə 30 kv.m.) olan “Çayxana”nın qanunsuz sökülməsi ilə əlqədar, əmlaka görə 20000 (iyirmi min) manat, 15 il ərzində götürə biləcəyi qazanca görə isə 20000 (iyirmi min) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 40000 (qırx min) manat məbləğində dəymiş ziyanın ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək tələbinin Cavabdeh1nə qarşı yönəldilməsini və Cavabdeh2 cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı Qəbələ rayonu Nic kəndində yerləşən Çayxananı 001527 №-li “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnaməyə əsasən satın almışdır. Bundan sonra həmin çayxana binasını çiy kərpicdən tikildiyinə, köhnə olduğuna, çay axarında yerləşdiyinə və çay suları ilə yuyulduğuna görə sökmüşdür. Çayxana binasını sökdükdən sonra iddiaçı, müvafiq sənədləşmə işləri aparmadan özbaşına olaraq sökdüyü çayxana binasının yerində yenisini inşa etməyə başlamışdır. İddiaçı, sökdüyü binanın yerində özbaşına olaraq tikdiyi və tikintisini başa çatdıra bilmədiyi həmin tikilinin, çayxananın yerləşdiyi ərazidə park salınması məqsədilə Cavabdeh1 tərəfindən sökülməsini bildirərək kompensasiyanın verilməsi tələbi ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır.

5. İddiaçı, birinci instansiya məhkəməsinin iclasında izahat verərək göstərmişdir ki, 1998-ci ildə Dövlət Əmlak Komitəsinin təklifi ilə auksion formasında keçirilən açıq hərracda qalibi hesab olunduğu Qəbələ rayonu Nic qəsəbəsində yerləşən çayxana adlı ictimai iaşə obyekti əvvəllər Məişət binası olmuşdur. Həmin binanı əvvəllər mağaza kimi icarəyə götürmüş və sonra bina Əmlak Komitəsinə verildikdən sonra tərəfindən özəlləşdirilmiş və 2004-cü ildə ona satılmışdır. Bina köhnə olduğu üçün yəni tarixi bəlli olmadığı üçün həmçinin, bina çiy kərpicdən tikildiyinə və çay axarında yerləşdiyindən çay suları tərəfindən yuyulmaya məruz qaldığına görə binanı dağıdıb yerində kubikdən istifadə etməklə tikili inşa etməyə başlamışdır. 2005-ci ildə köhnə binanı sökdükdən sonra yerində tikməyə başladığı və 2000-dən artıq kubik sərf elədiyi bina İcra Hakimiyyəti tərəfindən sökülmüş və ona torpaq sahəsi və ya təzminat verilməmişdir. 2004-cü ildə özəlləşdirdiyi çayxana binasını yuxarıda qeyd olunan səbəblərə görə özü sökmüşdür. Yerində inşa etdiyi tikili isə İcra Hakimiyyəti tərəfindən sökülmüşdür.

6. Cavabdeh iddia tələbinə etirazda qeyd etmişdir ki, Qəbələ rayonu Nic qəsəbə sakini X1 iddia ərizəsində qeyd etdiyi çayxana binasının sökülməsi və parkın salınması barədə rayon icra hakimiyyətinin sərəncamı verilməmiş, vətəndaşa məxsus çayxana binası rayon icra hakimiyyəti tərəfindən sökülməmişdir. Həmin çayxana binasının sökülməsi və ərazidə parkın salınması barədə rayon icra hakimiyyətində heç bir məlumat yoxdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 4 may 2022-ci il tarixli 2- 1(116)-306/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmamış və nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Belə ki, Cavabdeh1 ona məxsus yeni tikilən “çayxana”nı sökməmiş və bu barədə heç bir məlumatları yoxdur. Belə ki, o müxtəlif vaxtlarda Cavabdeh1nə və digər aidiyyatı orqanlara müraciət etdiyi zaman fərqli cavablar verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin regionların sosial-iqtisadi inkişafının dövlət proqramına uyğun olaraq yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun artıtılması, sakinlərin maddi rafhının yüksəldilməsi məqsədilə Nic qəsəbəsində tikinti və abadlaşdırma işləri aparılmış, iddiaçı kimi onun İddiaçı tərəfindən özəlləşdirilən çayxana binasının yerində icazəsiz başladığı tikinti abadlaşdırılacaq sahəyə düşdüyünə, tikinti norma və qaydalarına uyğun gəlmədiyinə görə həmin tikinti sökülmüşdür. Göründüyü kimi, dolayısı ilə yeni tikilinin Cavabdeh1 tərəfindən çayxana binasının tikinti norma və qaydalarına uyğun gəlmədiyi barədə ona hər hansı rəsmi xəbərdarlı olunmamışdır. Belə olan halda qeyd olunanlar ona məxsus tikilinin sökülməsi üçün əsas ola bilməzdi. Ona görə də Şəki İnzibati Məhkəməsinin 4 may 2022-ci il tarixli 2- 1(116)-306/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 4 may 2022-ci il tarixli 2-1(116)-306/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.

12. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Azərbaycan respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-2361/2021 nömrəli qərarından görünür ki, hazırkı iddia tələbi ilə iddiaçı ilkin olaraq Qəbələ rayon Məhkəməsinə müraciət etmiş, Qəbələ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(025)-767/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsi mülki Kollegiyasının xx.xx.2020ci il tarixli 2(107)-20382020 nömrəli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsi mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)-20382020 nömrəli qətnaməsi ləğv olunmuş, mülki iş üzrə icraata xitam verilmişdir. - Şəki Regional Ədliyyə şöbəsinin xx.xx.2010-cu il tarixli 1/M-43 nömrəli, iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, Qəbələ rayonu Nic kəndində çayxananı özəlləşdirmisiniz, lakin çayxananın altındakı torpaq sahəsini satın almamısınız. Müvafiq icazə almadan xüsusi mülkiyyətinizdə olan çayxananı sökərək yerində özbaşına tikinti işi aparmağa başlamısınız. Cavabdeh1 tərəfindən apardığınız qanunsuz tikinti işləri dayandırılmış, özbaşına yarımçıq tikili sökülmüşdür. Hazırda həmin ərazidən park kimi istifadə olunur. - 001527 №-li “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnamədən görünür ki, iddiaçı Qəbələ rayonu Nic kəndində yerləşən Çayxananı satın almışdır. Bu barədə xx.xx.2004-cü il tarixdə 3 №-li reyestr kitabının 25-ci səhifəsində qeydiyyat aparılmışdır. - cavabdehin xx.xx.2019-cu il tarixli imtina məktubundan görünür ki, iddiaçının kompensasiyanın ödənilməsi ilə bağlı ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - cavabdehin xx.xx.2005-ci il tarixli iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, Azərbaycan respublikası Prezidentinin regionların sosial-iqtisadi inkişafının (2004-2008-ci illər) Dövlət Proqramına uyğun olaraq yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun artırılması, sakinlərin maddi rifahının yüksəldilməsi və istirahətlərinin yaxşı təşkil olunması məqsədilə Nic kəndində tikinti və abadlıq işlərinə başlanmışdır. Tərəfinizdən özəlləşdiridiyiniz çayxana binasının yerində icazəsiz tikintisinə başladığınız tikinti abadlaşdırılacaq sahəyə düşdüyünə, tikinti norma və qaydalarına uyğun gəlmədiyinə görə həmin tikintini aidiyyəti sənədlərini əldə etdikdən sonra yeni müəyyənləşdirilmiş cərgədə tikməyiniz tövsiyə olunur. Fərdi özəl tikintilərin tikintisinə dövlət tərəfindən vəsait ayrılmır. - cavabdehin xx.xx.2013-cü il tarixdə iddiaçıya ünvanladığı 156/08 nömrəli məktubunda qeyd edilmişdir ki, Nic qəsəbəsinin mərkəzində istirahət parkı 2012-ci ildə inşa edilmişdir. Həmin parkın tikintisi zamanı hər hansı daşınmaz əmlakın sökülməsi baş verməmişdir. Qeyd olunan daşınmaz əmlakın sökülməsi barədə Cavabdeh1 sərəncamı olmamışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə. 2.2, 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

16. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanun Maddə 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə olan torpaqlar və bələdiyyə mülkiyyətində olan torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Maddə 6.1. Torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir Maddə 7.1 torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Maddə 7.3. Bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: -7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; -7.3.2. siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz); Maddə 7.4. Bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş kateqoriyalara aid olan şəxslər bu Qanunun müddəalarına əsasən itirdikləri torpaqla bağlı kompensasiya və digər yardımlarla təmin edilirlər.

17. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanun: Maddə 18.2. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

18. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

19. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 4 may 2022-ci il tarixli 2-1(116)-306/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və iddiaçının vəkilinin məhkəmə iclasında verdiyi izahatla müəyyən edildi ki, iddiaçı X2 2005-ci ildə ali təhsilini bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etmiş, 700 ballıq şkala üzrə DT altqrupunda 70.053 bal, XH altqrupunda 70.625 bal toplamış, heç bir ali təhsil müəssisəsinə qəbul olmamış və barəsində X4 (ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir.

24. İddiaçı, birinci instansiya məhkəməsinin və məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bildirmişdir ki, 001527 №-li “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnamə əsasında satın aldığı Qəbələ rayonu Nic kəndində yerləşən çayxananı o, özü sökmüşdür. Həmin çayxana binasını sökməsinə səbəb isə çayxana binasının çiy kərpicdən tikilmiş olması, köhnə olması və çay axarında yerləşdiyinə görə çay suları ilə yuyulmaya məruz qalması olmuşdur. Yəni, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binası hər hansı kənar subyekt tərəfindən yox, məhz iddiaçının özü tərəfindən sökülmüşdür. Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın tamamilə məhv olması həmin əmlak üzərində mülkiyyət hüququnun itirilməsinə səbəb olur.

25. Birinci instansiya məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddiaçının sonradan sökülən binanın yerində inşa etdiyi tikili isə özbaşına tikili olmuş və Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Odur ki, iddiaçı, mülkiyyət hüququnu itirdiyi ilkin Şəhadətnaməyə istinad etməklə sonradan özbaşına inşa etdiyi tikilinin də mülkiyyətində olması faktına istinad edə bilməz.

26. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qanunsuz inşa etdiyi tikiliyə görə cavabdehdən tələb etdiyi kompensasiya tələbi əsassız olmaqla yanaşı qeyd edilməlidir ki, ümumiyyətlə iddiaçıya məxsus (mülkiyyətində və ya istifadəsində olan) tikilinin cavabdeh tərəfindən sökülməsinə dair hər hansı sübut işdə mövcud deyildir.

27. İşdə olan iddiaçının təqdim etdiyi 2005-ci ildən indiyədək cavabdeh orqanla aralarında olan yazışmalardan görünür ki, cavabdeh orqan müvafiq park ərazisində hər hansı daşınmaz əmlakın sökülməsi ilə bağlı sərəncam vermədiyini bildirmişdir. xx.xx.2005ci il tarixli cavabdeh orqanın məktubundan isə görünür ki, iddiaçının icazəsiz tikintisinə başladığı tikinti abadlaşdırılacaq sahəyə düşdüyünə, tikinti norma və qaydalarına uyğun gəlmədiyinə görə həmin tikintini aidiyyəti sənədlərini əldə etdikdən sonra yeni müəyyənləşdirilmiş cərgədə tikməsi tövsiyə edilmişdir. Bu isə cavabdeh orqan tərəfindən tikilinin (özbaşına olsa belə) sökülməsi kimi qiymətləndirilə və cavabdeh orqanın qanunsuz hərəkətləri kimi nəzərdən keçirilə bilməz.

28. Yuxarıda qeyd olunan işin hallarını, iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatı nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın məhv olması cavabdehin qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində olmadığından, iddiaçı, cavabdeh orqandan ona vurulmuş ziyanla bağlı kompensasiyanı tələb etməkdə haqlı olmamışdır.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

30. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 4 may 2022-ci il tarixli 2-1(116)-306/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar