Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-205/2025 18.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik еdən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “xx.xx.2009-cu ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiyasının hesablanması üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq etdiyi 58 faiz dərəcəsinin qanunsuz hesab edilməsi və yenidən hesablanmaqla tətbiq edildiyi tarixdən yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki İnzibati Məhkəməsinin 5 iyul 2024-cü il tarixli 2-1(116)-368/2024 nömrəli qərardadından iş üzrə iddiaçının arvadı-Maraqlı şəxs tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2009-cu ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiyasının hesablanması üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq etdiyi 58 faiz dərəcəsinin qanunsuz hesab edilməsi və yenidən hesablanmaqla tətbiq edildiyi tarixdən yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, birinci instansiya məhkəməsinə daxil olduğu gündən (xx.xx.2023-cü il) icraata qəbul edilmiş sayılmışdır.
3. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 05 iyul 2024-cü il tarixli 2- 1(116)-368/2024 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir.
4. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan, İddiaçı şəxsi məlumatları ilə bağlı “AZEMİS”-dən çıxarışdan görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İddia tələbi orta aylıq əmək haqqının artım hissəsinə tətbiq etdiyi 58 faiz dərəcəsinin qanunsuz hesab edilməsi və yenidən hesablanmaqla tətbiq edildiyi tarixdən yaranmış fərqin birdəfəlik ödənilməsindən ibarətdir. Bu münasibətlərdə hüquq varisliyə yol verilmir. İddiaçının vəfat etməsi bu kimi hərəkətlərin edilməsini mümkünsüz edir. Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, iddiaçı vəfat etdiyindən, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən işin icraatının dayandırılmasına yol verilmir və iş üzrə icraata xitam verilməlidir.
5. İddiaçının arvadı-Maraqlı şəxs həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 5 iyul 2024-cü il tarixli 2-1(116)-368/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əri X2 İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “xx.xx.2009-cu ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiyasının yenidən hesablanması üçün orta əmək haqqının artım hissəsinə tətbiq etdiyi 58 faiz dərəcəsinin qanunsuz hesab edilməsi və yenidən hesablanmaqla tətbiq edildiyi tarixdən yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ərizə ilə müraciət etmişdir. Lakin ərinin xx.xx.2024-cü ildə vəfat etməsindən sonra oğlu X5 xx.xx.2024-cü ildə həmin məhkəməyə müraciət edərək atasının iddiasına hüquq varisliyinə uyğun olaraq baxılmasını xahiş etmişdir. Lakin məhkəmə oğlunun ərizəsinə baxmamış, xx.xx.2024-cü ildə çıxardığı qərardadla icraata xitam vermiş, qərardadın surətini isə yalnız oğlunun Azərbaycan Respublikasının Məhkəmə hüquq şurasına və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinə (OMBUDSMAN) şikayətindən sonra xx.xx.2025-ci ildə əldə etmiş və həmin qərardadla tanış olmuşdur. Hesab edir ki, inzibati məhkəmənin qərardadı aşağıdakı qeyd olunanlara əsasən əsassızdır: - Məhkəmə qərardadda icraata xitam verilməsinə iddiaçının vəfat etməsini və mübahisə edilən hüquq münasibətinin hüquq varisliyinə verilmədiyini qeyd edərək əsas kimi qiymətləndirmişdir. Lakin iş üzrə hakim iddiaçının tələbində qeyd olunan dövlət qulluqçusu kimi pensiyanın vəfat edənin arvadının və yaxud yetkinlik yaşına çatmamış uşaqları olduğu halda onların pensiyasına münasibətini nəzərə almamışdır. Halbuki, icraata xitam verilməsi hazırda pensiyanın növünün dəyişdirərərək pensiyasından istifadə edən arvadının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmədə tam və hərtərəfli araşdırmadan sonra inzibati orqanın qərar və hərəkətlərinin qanuniliyə və əsaslılığına mahiyyəti üzrə yekun qiymət verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 258-ci maddəsinə uyğun olaraq icraatın dayandırılması haqqında qərardad qəbul etməli idi. Məhkəmə qərardadda iddiaçının ölümündən sonra barəsində mübahisə edilən hüquq münasibətinin hüquq varisliyinə yol verilməməsi qənaətinə gəlmişdir. Halbuki mübahisə edilən hüquq münasibəti iddiaçının ölümündən sonra onun həyat yoldaşının pensiyasına təsiri işə mahiyyəti üzrə baxılmasını zəruri edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Cavabdeh orqan apellyasiya şikayətinə qarşı etirazında göstərmişdir ki, icraatınızda olan 2-1(107)-368/2024 saylı iş üzrə apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2009-cu ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyindən Mərkəzi Filialının pensiyasının hesablanması üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq etdiyi 58 faiz dərəcəsinin qanunsuz hesab edilməsi və yenidən hesablanmaqla tətbiq edildiyi tarixdən yaranmış fərqin birdəfəlik ödənilməsini xahiş etmişdir. Nəzərinizə çatdırırıq ki, inzibati iş Şəki İnzibati Məhkəməsinin icraatında olarkən İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Göründüyü kimi birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək icraata xitam verilmişdir. Buna görə də hesab edirik ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslıdır. - Əlavə olaraq nəzərinizə çatdırırıq ki, xx.xx.2009-cu il tarixdə İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 17 il 08 ay 03 gün dövlət qulluğu stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əməkhaqqının 80 faizi miqdarında müəyyən edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixdən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 322,50 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 96,75 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 11,25 manat, ixtisas dərəcəsinə görə əlavə 55 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 45,63 manat, digər növ əlavə 2,77 manat olmaqla orta aylıq əməkhaqqı 533,90 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 17 il 08 ay 03 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının (533,90 manat) 80 faizi-427,12 manat məbləğində hesablanmışdır. - “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 01 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 01 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əməkhaqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əməkhaqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 17 il 08 ay 03 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq Keçdiyi vəzifələr üzrə orta aylıq əməkhaqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 58 faiz təşkil edir. - Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 01 mart 2018-ci il tarixdən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 356,25 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 106,88 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 12,38 manat, ixtisas dərəcəsinə görə əlavə 55 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 50,31 manat, digər növ əlavə 2,77 manat olmaqla orta aylıq əməkhaqqı 583,59 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 01 mart 2018-ci il tarixədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əməkhaqqı (533,90 manat) ilə 01 mart 2018-ci il tarixdən sonrakı orta aylıq əməkhaqqı (583,59 manat) arasındakı fərq məbləği (49,69 manat) 58 faizi-28,82 manat 1 mart 2018-ci il tarixədək hesablanmış pensiyanın (427,12 manat) üzərinə əlavə olunmaqla iddiaçının əmək pensiyası 455,94 manat olmuşdur. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 01 sentyabr 2019-cu il tarixdən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 536,25 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 160,88 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 18,56 manat, ixtisas dərəcəsinə görə əlavə 55 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 75,63 manat, digər növ əlavə 2,77 manat olmaqla orta aylıq əməkhaqqı 849,09 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 01 sentyabr 2019-cu il tarixədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əməkhaqqı (583,59 manat) ilə 01 sentyabr 2019-cu il tarixdən sonrakı orta aylıq əməkhaqqı (849,09 manat) arasındakı fərq məbləği (265,50 manat) 58 faizi-153,99 manat 01 sentyabr 2019-cu il tarixədək hesablanmış pensiyanın (455,94 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 609,93 manat, 01 yanvar 2023-cü il tarixdən isə 670,92 (609,93+10 faiz) hesablanmışdır. - “Əmək pensiyaları haqqında” Qanunun 01 yanvar 2023-cü il tarixdən qüvvədə olan müddəalarına əsasən sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, həmin Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Bununla əlaqədar 01 yanvar 2023-cü il tarixdən iddiaçının əmək pensiyası 769,55 manat məbləğində müəyyən edilmişdir. Diqqətinizə çatdırırıq ki, 01 yanvar 2024-cü il tarixdən İddiaçı əmək pensiyası indeksləşdirilərək 855.74 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi mərhum İddiaçı iddia tələbi əsassızdır, onun əmək pensiyası qanunvericilyin tələbləri nəzərə alınaraq düzgün hesablanmışdır. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Yuxarıda sadalanan halları və İnzibati Prosessual Məcəllənin 87-ci maddəsini nəzərə alaraq icraatınızda olan 2-1(107)-205/2025 nömrəli iş üzrə “İddiaçı əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Maraqlı şəxs apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
8. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 etiraza uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 5 iyul 2024-cü il tarixli 2-1(116)-368/2024 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 51.1. İddiaçı inzibati icraat zamanı müəyyən faktların nəzərə alınması və ya alınmaması nəticəsində hüquqlarının pozulduğunu bildirdiyi hallarda, sədrlik edən hakim həmin faktların məhkəməyə təqdim olunması və ya bu barədə məlumat verilməsi üçün iddiaçıya müddət təyin edə bilər. Maddə 51.2. Sədrlik edən hakim proses iştirakçısından müəyyən hadisələrə dair faktlar barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında olan sübutları təqdim etməyi tələb edə bilər. Hakim tərəfindən bu məqsədlə müvafiq müddət təyin oluna bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
11. Mülki Prosessual Məcəllə Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: ... 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə.
12. Əmək pensiyaları haqqında haqqında qanun: 1.0.1-1. şərti əmək pensiyası – ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması zamanı şəxsin vəfat etdiyi tarixə əməkhaqqına (təminat xərcliyinə, dövlət məvacibinə) münasibətdə hesablanan şərti pensiya məbləğidir; 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; ... 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: ... 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; ... Maddə 18. Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği 18.3. Vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır 18.5. Vəfat etmiş sığortaolunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi şəxsi hesabının yığım hissəsində olan vəsaitlər qanunvericiliyə uyğun qaydada onun varisləri arasında bərabər bölünür. 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri. ... 20.13. Bu qanunun 20.1.8-ci və 20.1.10-cu maddələrində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş dövlət qulluqçusunun (bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulan şəxsin) qulluq stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir. Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1- 1-ci maddəsinə uyğun ödənilir. 32.2. Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. 32.3. Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. 32.4. Bu qanunla nəzərdə tutulmuş əlavələrin təyin edilməsi müddətləri bu qanunun 32.1-ci—32.3-cü maddələri ilə əmək pensiyalarının təyin edilməsi üçün müəyyənləşdirilmiş müddətlərlə eynidir.
13. “Əmək pensiyaları haqqında” Qanun (1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş) 20.11.3-cü maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
Apellyasiya şikayətinin mümkünlüyü
14. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının arvadının (hüquqi varisinin) apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
16. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.
18. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.
19. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.
20. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərək göstərmişdir ki, iddiaçı vəfat etdiyindən, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən işin icraatının dayandırılmasına yol verilmir və iş üzrə icraata xitam verilməlidir.
21. İşin hallarından göründüyü kimi maraqlı şəxsin hüquqi marağı ərinin xx.xx.2024cü ilədək, yəni vəfat etdiyi tarixədək pensiyasının düzgün hesablanmaması, eyni zamanda ərinə münasibətdə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququnun olmasından ibarətdir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir.
23. Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Maddi hüquq varisliyinin universal (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə) və sinqulyar (tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) formaları mövcuddur.
24. Düzdür, şəxsin pensiya hüquqi ilə bağlı mübahisəsi şəxsi xarakter daşıyan və ölən tərəfin şəxsiyyəti ilə bilavasitə əlaqədar olan hüquq münasibətidir. Lakin, hazırki iş üzrə materiallardan görünür ki, mərhum İsgəndər Nuriyev 13 iyul 2023-cü il tarixdə birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmədən “xx.xx.2009-cu ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiyasının hesablanması üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq etdiyi 58 faiz dərəcəsinin qanunsuz hesab edilməsi və yenidən hesablanmaqla tətbiq edildiyi tarixdən yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Özü isə iş məhkəmənin icraatında olduğu vaxtda, yəni xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.
25. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddianın uğurlu olub-olmaması məsələsinə qiymət verməlidir. Ona görə ki, iddiaçının hüquqi varisinin ailə başçısını itirməyə görə pensiya almaq hüququ vardır.
26. Belə ki, dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, qulluq stajına görə əmək pensiyasına əlavələr onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə təyin edilir.
27. Eyni zamanda, vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır.
28. Bundan başqa, vəfat etmiş iddiaçının-sığortaolunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi şəxsi hesabının yığım hissəsində olan vəsaitlər qanunvericiliyə uyğun qaydada onun varisləri arasında bərabər bölünür.
29. Bunları isə dəqiqləşdirmək üçün işə mahiyyəti üzrə baxılıb, gələcəkdə yeni mübahisələr doğurmayan qərar qəbul edilməlidir.
30. Məhkəmə kollegiyası hazırki iş üzrə iddiaçının vəfat etdiyi dövrə qədər olan pensiyasının hesablanması ilə bağlı mübahisənin şəxsi xarakterli olmadığı qənaətindədir.
31. Hazırkı mübahisə şəxsi xarakter daşıyan və ölən tərəfin şəxsiyyəti ilə bilavasitə əlaqədar olan hüquq münasibətindən irəli gəldiyindən, Kollegiya hesab edir ki, ancaq iddiaçının vəfat etdiyi günə qədər olan dövrü əhatə etməklə iddiaçının tələbinə mahiyyəti üzrə baxılmalıdır.
32. Birinci instansiya məhkəməsi iddiaçının tələbində qeyd olunan dövlət qulluqçusu kimi pensiyanın vəfat edənin arvadının və yaxud yetkinlik yaşına çatmamış uşaqları olduğu halda onların pensiyasına münasibətini nəzərə almamışdır. Halbuki, icraata xitam verilməsi hazırda pensiyanın növünün dəyişdirərərək pensiyasından istifadə edən arvadının hüquqlarının pozulmasına səbəb olmuşdur.
33. Bundan başqa, cavabdeh orqan apellyasiya şikayətinə etiraz ərizəsində mərhum İddiaçı iddia tələbinin əsassız olmasını, onun əmək pensiyasının qanunvericiliyin tələbləri nəzərə alınaraq düzgün hesablanmasını Kollegiyanın diqqətinə çatdırmış, dolayısı ilə işə mahiyyəti üzrə baxılıb qərar verilməsini tələb etmişdir.
34. Kollegiya onu da qeyd edir ki, məhkəmə iclasında iddiaçının hüquqi varisi kimi hazırda şikayət verən arvadı Maraqlı şəxs müəyyən edilsə də, hər bir halda birinci instansiya məhkəməsi tərəfindən onun hüquqi marağı yenidən müəyyən edilməli, nəticədə qərar qəbul edilməlidir.
35. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
36. Məhkəməyə müraciət etmək hüququ da bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq hüquqi dövlət prinsipləri baxımından təfsir olunmalı, iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur.
37. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya iş üzrə icraata xitam verilməsi nəticə ilə razılaşmır və hesab edir ki, Əmək pensiyaları haqqında qanunun 32.3-cü maddəsinin ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir.
38. Beləliklə, hazırkı mübahisəyə münasibətdə apelyasiya şikayəti maraqlı şəxsin hüquqi marağına uyğun olaraq əsaslı olduğundan, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması və sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
39. İşə baxacaq birinci instansiya məhkəməsi hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməlidir. Bu, məhkəmə tərəfindən düzgün və əsaslı qərarın qəbulu üçün xüsusi əhəmiyyət daşıyır.
40. Birinci instansiya məhkəməsinin qərardadı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin edilməsi üçün iş təkrar Şəki İnzibаti Məhkəməsinə göndərilməlidir.
41. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn iş üzrə icraata xitam verməklə düzgün nəticəyə gəlməmişdir. Оnа görə də, Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.7-ci mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.
42. Yuxarıda göstərilənlərə və İPM-in 87-ci maddəsinə əsasən məhkəmə kollegiyası Qərara aldı:
Maraqlı şəxs-iddiaçının arvadı Maraqlı şəxs tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 05 iyul 2024-cü il tarixli 2-1(116)-368/2024 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.