Məhkəmə qərarları › İş №2-1(107)-206/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-206/2021

07.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-206/2021 07.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı nümayəndəsi Qanuni nümayəndə və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümyaəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "birdəfəlik ödəmənin verilməsindən imtina barədə cavabdehin qərarının ləğv olunması, imtina nəticəsində almadığı 2020-ci ilin aprel, may, iyul ayları üçün birdəfəlik ödəmənin ödənilməsi" tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-1(116)-153/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı xx.xx.1964-cü ildə anadan olmuşdur və Şəki şəhərində yaşayır. O, 22.04.2020-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Məşğulluq" altsistemində (bundan sonra mətndə - MAS) işaxtaran kimi qeydiyyata alınmışdır. İddiaçı koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə ona aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsini xahiş etmiş, lakin MAS-ın elektron qaydada qəbul edilmiş 05.05.2020-ci il tarixli qərarı ilə birdəfəlik ödəmənin verilməsindən imtina olunmuşdur. İmtina belə əsaslandırılmışdır ki, İddiaçı işsiz statusu yoxdur. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Cavabdehnə qarşı "Pandemiya davam etdiyi müddət ərzində hər ay olmaqla yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Cavabdeh imtina cavabını tam əsassız hesab edir. Bundan sonra, iddiaçı məhkəməyə 31.07.2020-ci il tarixli başqa iddia ərizəsi təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini cavabdeh kimi göstərmiş və birdəfəlik ödəmənin verilməsindən imtina barədə həmin Nazirliyin qərarının ləğv olunmasını, həmçinin imtina nəticəsində almadığı birdəfəlik ödəmənin ödənilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia ərizəsinə 08.10.2020-ci il tarixli əlavə verərək iddia ərizəsində imtina nəticəsində almadığı birdəfəlik ödəmənin ödənilməsini xahiş edərkən 2020-ci ilin aprel, may, iyul aylarında həyata keçirilmiş ödənişləri nəzərdə tutduğunu bildirmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 iddiaya qarşı 18.01.2021-ci il tarixli etirazında bildirmişdir ki, iddiaçı MAS-da işsiz kimi qeydiyyatda olmadığına görə ona birdəfəlik ödəmənin verilməsindən imtina olunmuşdur. Mübahisənin həlli üçün aşağıdakı sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur: İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X5n çıxarışdan görünür ki, İddiaçı 22.04.2020-ci ildə X5 işaxtaran kimi qeydə alınmışdır. İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Xidmətinin 18.01.2021-ci il tarixli **********1 nömrəli məktubundan görünür ki, İddiaçı MAS-da işsiz kimi qeydiyyata alınmadığından ona sözügedən birdəfəlik ödəmənin verilməsindən imtina olunmuşdur. Şəki İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-1(116)-153/2021 saylı qərarı ilə (hаkim Vidadi Qasımov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "birdəfəlik ödəmənin verilməsindən imtina barədə cavabdehin qərarının ləğv olunması, imtina nəticəsində almadığı 2020-ci ilin aprel, may və iyul ayları üçün birdəfəlik ödəmənin ödənilməsi" barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-1(116)-153/2021 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, o, 22 aprel 2020-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Məşğulluq" altsistemində (MAS) işaxtaran kimi qeydiyyata alınmışdır. Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə ona aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsini xahiş etmişdir. Lakin elektron qaydada qəbul edilmiş 05 may 2020 tarixli qərarla ona birdəfəlik ödəmənin verilməsindən imtina olunub. İmtina onun MAS-da işsiz kimi qeydiyyatda olmamağımla əsaslandırılıb. İmtina cavabını əsassız hesab etdiyi üçün "Pandemiya davam etdiyi müddət ərzində hər ay olmaqla yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 153/2021 saylı, 17 fevral 2021 tarixli qərarı ilə onun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 iddiaya qarşı "birdəfəlik ödəmənin verilməsindən imtina barədə cavabdehin qərarının ləğv olunması, imtina nəticəsində almadığı 2020-ci ilin aprel, may, iyul ayları üçün birdəfəlik ödəmənin ödənilməsi" tələbinə dair iddiası təmin edilməyib. Şəki İnzibati Məhkəməsi onun “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6.1-ci maddəsində təminat verilən ədalətli məhkəmə araşdırması hüququmu pozub. Həmin maddəyə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən...qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Ədalətli araşdırma hüququ məhkəmə araşdırmasının bir çox aspektlərini, o cümlədən məhkəmə qərarlarının əsaslandırılması hüququnu özündə əks etdirir. Van de Hurk Niderlanda qarşı (19 aprel, 1994) işdə Avropa İnsan Hüquqları Məhkəməsi bildirib ki, 6-cı maddə tələb edir ki, dövlətdaxili məhkəmələr həm mülki, həm də cinayət proseslərində çıxardıqları qərarları əsaslandırmalıdırlar. X8 Məhkəməsinin qərarı əsaslandırılmayıb. Ona birdəfəlik ödəmənin verilməsindən imtina edildiyi üçün X2 yazılı şəkildə sorğu göndərmiş. Cavab məktubunda onun işaxtaran kimi qeydiyyata alındığını, müraciətinə baxıldığını, ancaq haqqımda əldə etdikləri informasiyaya görə aztəminatlılıq meyarına uyğun gəlmədiyi və bu səbəbdən də yardımın ödənilməsindən imtina etdiklərini bildiriblər. Ancaq həmin informasiyanın nədən ibarət olduğunu deməyiblər. O, 19 oktyabr 2020 tarixində məhkəməyə sübutun təmin edilməsi barədə vəsatət verərək aztəminatlılıq meyarına uyğun gəlmədiyini göstərən informasiyanın nədən ibarət olduğunu cavabdeh tərəfdən tələb edilməsini məhkəmədən xahiş etmişdir. 11 noyabr 2020 tarixində məhkəmə bu məsələyə aydınlıq gətirmək üçün cavabdehə 17 sualdan ibarət sorğu göndərib. Ancaq qarşı tərəf sorğuya cavab verməyib. İnzibati Prosessual Məcəllənin 60-cı maddəsinə əsasən, inzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Mülki Prosessual Məcəllənin 78.4-cü maddəsinə əsasən, tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə, sübutların olduğu şəxs iki yüz iyirmi manatadək miqdarda cərimə olunur. Lakin məhkəmə cavabdehi cərimə etmədən eyni sorğunu xatırlatma ilə yenidən cavabdehə göndərib. Cavabdeh bu dəfə sorğudakı suallara cavab vermək əvəzinə sadəcə bir cümlə ilə onun işsiz kimi qeydiyyatdan keçmədiyi üçün ona birdəfəlik yardımın verilmədiyini bildirib. Cavabdehin imtinaya dair qərarını əsassız və qanunsuz hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 61 -ci maddəsinin 2-ci bəndinə əsasən, yazılı formada təsbit olunmuş inzibati aktın əsaslandırılması zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Nazirliyin imtina cavabında və ona verdiyi cavab məktubunda hər hansı qanun və ya digər normativ hüquqi akta istinad edilməyib. Məlum deyil ki, cavabdeh hansı qanun və ya digər normativ hüquqi akt əsasında ona birdəfəlik ödəmə verilməsindən imtina edib. Odur ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-153/2021 saylı, 17 fevral 2021 tarixli qərarını ləğv edərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-1(116)-153/2021 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümyaəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-1(116)- 153/2021 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbinə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı Şəki şəhərində qeydiyyatdadır. Cavabdeh isə Bakı şəhərində yerləşir. İddianın predmeti birdəfəlik sosial yardımla təmin edilmə barədədir. İddianın ərazi aidiyyətini müəyyən etmək üçün ilk növbədə iddianın növü müəyyən olunmalıdır. İddiaçı birdəfəlik sosial yardımla təmin olunması barədə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçıya birdəfəlik sosiala yardım təyin olunmasından imtina etmiş, iddiaçı məhkəməyə müraciət edərək cavabdehin düzgün qərar qəbul etmədiyini bildirib birdəfəlik sosial yardımla təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “Koronovirus (COvİD-19)” pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 3.5-ci bəndində qeyd edilir ki, yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur. İddiaçı ona birdəfəlik ödəmə təyin etməkdən imtina edən cavabdehin hərəkətini mübahisələndirməklə yanaşı sosial yardımla təmin edilməsini xahiş etmişdir. İddiaçı ona birdəfəlik sosial yardım ödənilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən imtina edilmiş və iddiaçı həmin yardımın ona ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb etmişdir. Belə olan halda iddia növü öhdəliyin icrası haqqında iddiadır. Qanunverici mübahisələndirmə haqqında iddia növü üzrə inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin (iddiaçının) yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxıldığını, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxıldığını təsbit etmişdir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14.11.2019-cu il tarixli 4 nömrəli qərarında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerləşdiyi yer (Bakı şəhəri, Salatın Əsgərova küçəsi 85) Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Hazırkı iddia növü mübahisələndirmə haqqında iddia deyil, digər (öhdəliyin icrası haqqında) iddia növünə aid olduğundan, digər (öhdəliyin icrası haqqında) iddialara cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxıldığından, cavabdeh Bakı şəhərində yerləşdiyinə görə mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 19 fevral 2021-ci il tarixli, 2-1(102)-537/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Yuxarda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyat qaydalarının tələbini pozaraq işi baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərməli olduğu halda mahiyyəti üzrə qərar qəbul etmişdir. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-1(116)-153/2021 nömrəli qərаrı ləğv edilməli və iş üzrə qərardad qəbul edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "birdəfəlik ödəmənin verilməsindən imtina barədə cavabdehin qərarının ləğv olunması, imtina nəticəsində almadığı 2020-ci ilin aprel, may, iyul ayları üçün birdəfəlik ödəmənin ödənilməsi" tələbi barədə iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qiso,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2-1(116)-447/2020 nömrəli qərаrı ləğv edilsin və iş üzrə qərardad qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "birdəfəlik ödəmənin verilməsindən imtina barədə cavabdehin qərarının ləğv olunması, imtina nəticəsində almadığı 2020-ci ilin aprel, may, iyul ayları üçün birdəfəlik ödəmənin ödənilməsi" tələbi barədə iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar