Məhkəmə qərarları › İş №2-1(107)-207/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-207/2021

07.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-207/2021 07.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7837 nömrəli 18.01.2019-cu il tarixli Qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 02.02 2021-ci il tarixli, 2-1(116)-283/2021 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə kollegiyasının iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7841 nömrəli 18.01.2019-cu il tarixli Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin direktoru X4 tərəfindən məhkəməyə ünvanlanan 30 yanvar 2019-cu il tarixli ərizədə iddia tələbi belə əsaslandırılmışdır ki, 18.01.2019-cu il tarixdə 13 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində vergi qanunvericiliyinin pozulması barədə Azərbaycan Republikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən vergi ödəyicisi nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunvericilik pozulmaqla aparılan əməliyyatlara görə 5198 manat məbləğində vergi məsuliyyətinə cəlb olunması barədə Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7841 nömrəli 18.01.2019-cu il tarixli Qərar tərtib olunmuşdur. İddiaçı qəbul edilən qərardan narazı qalmış və qərarın ləğv edilməsini xahiş edərək bildirmişdir ki, o, qanun pozuntusuna yol verməmişdir. Vergi orqanı tərəfindən qanunsuz yoxlama keçirilmiş və nəzarət jurnalında qeydiyyat aparılmamışdır. Vergi orqanı iddiaçı barəsində qərar qəbul edərkən, auditor rəyini nəzərə almamışdır. Qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdeh orqanın qəbul etdiyi qərar qanunsuzdur və həmin qərar heç bir hüquqi əhəmiyyət kəsb etmir. Bu səbəblə də iddiaçı qəbul edilmiş qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı MMC-nin məhkəməyə ünvanladığı 01 aprel 2019-cu il tarixli digər iddia ərizəsində eyni cavabdehə qarşı iddia tələbi qaldırmış və cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7837 nömrəli 18.01.2019-cu il tarixli Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə ünvanlanan digər iddia ərizəsində qeyd edilir ki, 18.01.2019-cu il tarixdə 13 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində vergi qanunvericiliyinin pozulması barədə Azərbaycan Republikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən vergi ödəyicisinə məxsus olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyənnaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəlləninn 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmamasına görə 6792 manat məbləğində vergi məsuliyyətinə cəlb olunması barədə Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7837 nömrəli 18.01.2019cu il tarixli Qərar tərtib olunmuşdur. İddiaçı qəbul edilən qərarla razılaşmamış və bu səbəblə ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində ilkin olaraq qeyd etmişdir ki, yoxlama qanunsuz keçirilib və yoxlamanın nəticəsində qəbul edilmiş qərar qanunsuzdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Qeyd olunan hallarla əlaqədar bildirilir ki, 13 saylı ƏVİ-nin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 15.11.2018-ci il tarixli, **********0775 nömrəli qərarına əsasən İddiaçı MMC-də 19.11.2018-ci il tarixdən 01.12.2018-ci il tarixədək olan müddəti əhatə etməklə, “Pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələsiüzrə operativ vergi nəzarəti tədbiri təyin edilmişdir. İddiaçı MMC vergi orqanında olan mənbəyi bəlli baza məlumatlarına əsasən “Ağac və mantardan, nazik yonqarlardan və hörmə üçün materiallardan sair məmulatların istehsalı” (kod 16290) fəaliyyət növü ilə məşğuldur. Operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 130.1-ci maddəsinin tələbləri pozulduğuna görə (Bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmamasına görə) ona 6792 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, yoxlama zamanı nəzarət jurnalına qeydiyyat aparılmayıb və vergi orqanı qərar qəbul edərkən auditor rəyini nəzərə almamışdır. Qeyd olunan hallarla əlaqədar bildirilir ki, 30 noyabr 2018-ci il tarixli, 004387 nömrəli aktın 2-ci səhifəsindən də göründüyü kimi nəzarət kitabçası operativ vergi nəzarəti zamanı vergi orqanının vəzifəli şəxsinə (yoxlayıcıya) təqdim edilmədiyi üçün qeydiyyatın aparılması mümkün olmamışdır. Eləcə də vergi ödəyicisinin icra orqanının rəhbəri tələbnaməni almaqdan imtina etmiş və vergi nəzarəti zamanı auditor rəyi təqdim edilməmişdir. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18.01.2019-cu il tarixli, **********7837 nömrəli qərar “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70ci maddəsinin tələblərinə uyğun olaraq, 22 yanvar 2019-cu il tarixdə poçtla göndərilmiş və 29 yanvar 2019-cu il tarixdə iddiaçıya sifarişli poçt vasitəsi ilə çatdırılmışdır. Yəni, xəbərnamə rəsmi qaydada 29 yanvar 2019-cu il tarixdə imzalanaraq qəbul edilmiş və məhz həmin tarixdən müddətin axımı başlanmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Yuxarıdan göründüyü kimi vergi ödəyicisi inzibati aktın mübahisələndirmə müddətini ötürmüşdür. Belə ki, müvafiq qərar 29 yanvar 2019-cu il tarixdə təqdim olunmasına baxmayaraq, iddiaçı xeyli gecikdirilmiş qaydada məhkəməyə müraciət etmiş (01 aprel 2019-cu il tarixdə) və bununla da məhkəməyə müraciət edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülməsinə yol vermişdir. Buna görə də cavabdeh hesab edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18.01.2019-cu il tarixli, **********7837 nömrəli qərarı mübahisələndirmək imkanını itirdiyindən onun iddiası mümkün sayıla bilməz. Həmçinin iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində, inzibati aktın mübahisələndirmə müddətini ötürməsinə dair hər hansı üzrlü səbəb göstərməmişdir (ümumiyyətlə bu barədə iddia ərizəsində heç bir qeyd aparılmamış və ya müraciət olunmamışdır). Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şəki İnzibati Məhkəməsinin 02.02.2021-ci il tarixli, 2-1(116)-283/2021 saylı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı MMC barəsində qəbul olunmuş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7837 nömrəli 18.01.2019-cu il tarixli Qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Məhkəmə qəbul etdiyi qərarda qeyd etmişdir ki, İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarəti yoxlaması əsassız və qanunsuzdur, buna görə də yoxlamanın nəticəsinə uyğun qəbul edilmiş qərar (inzibati akt) ləğv olunmalıdır. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətim keçirmək vergi orqanın hüquqlarına aid edilmişdir. Qeyd olunan hallarla əlaqədar bildiririk ki, 13 saylı ƏVİ-nin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 15.11.2018-ci il tarixli, **********0775 nömrəli qərarına əsasən İddiaçı MMC-də 19.11.2018-ci il tarixdən 01.12.2018-ci il tarixədək olan müddəti əhatə etməklə, “Pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələsi” üzrə operativ vergi nəzarəti tədbiri təyin edilmişdir. İddiaçı MMC vergi orqanında olan mənbəyi bəlli baza məlumatlarına əsasən “Ağac və mantardan, nazik yonqarlardan və hörmə üçün materiallardan sair məmulatların istehsalı” (kod 16290) fəaliyyət növü ilə məşğuldur. Operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 130.1-ci maddəsinin tələbləri pozulduğuna görə (Bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmamasına görə) ona 6792 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Vergi Məcəlləsinin 71-2.1 -ci maddəsinə görə bu Məcəllənin 130.1-1 -ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 71 -2.2-ci maddəsinə görə isə elektron„alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 71-2.3-cü maddəsinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Həmin Məcəllənin 58.8-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda, 58.8.2-ci maddənin tələblərinə görə malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Yuxarıda qeyd olunan maddələrin məzmunundan da göründüyü kimi İddiaçı MMC hər hansı fiziki şəxsdən mal (malları) alan zaman 2 nüsxədə olmaqla, alış aktı (bütün rekvizitlər əks olunmaqla) tərtib etməli idi. Lakin iddiaçı vergi ödəyicisi alış aktı tərtib etməmiş, buna görə də qeyd edilən hal haqlı olaraq vergi orqanı tərəfindən pozuntu (qanun pozuntusu) kimi qiymətləndirilərək, onun barəsində maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə kollegiyası isə qeyd olunan halları nəzərə almadan, qərəzli olaraq iddia tələbinin təmin olunması barədə əsassız qərar qəbul etmişdir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 02.02.2021-ci il tarixli, 2-1(116)-283/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasınında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 02.02.2021-ci il tarixli, 2-1(116)-283/2021 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 02.02.2021-ci il tarixli, 2-1(116)-283/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Cavabdehin nümayəndəsinin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 02.02.2021-ci il tarixli, 2-1(116)-283/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçılar onların müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-cı mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan və kollegiyanın iclaısnda tədqiq edilmiş: “Kommersiya qurumunun dövlət reyestrindən çıxarış”dan müəyyən edilir ki, İddiaçı MMC 22.06.2018-ci il tarixdə 13 saylı Vergilər İdarəsində qeydiyyata alınmış, təsisçisi X4, qanuni təmsilçisi X7r. Azərbaycan Respublikası Vergilər Nazirliyi “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” **********0775 nömrəli, 15.11.2018-ci il tarixli Qərardan müəyyən edilir ki, İddiaçı MMC-yə nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi, pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə operativ vergi nəzarəti tədbiri təyin edilmişdir. İş üzrə iddiaçının nümayəndəsi X10 Nazirliyə verdiyi izahatında qeyd edir ki, araşdırmaya təqdim etdiyi 04.02.2019-cu il tarixli izahatına əlavə olaraq bildirir ki, Taliman MMC, AlferatMMC və səlahiyyətli nümayəndəsi olduğu “İddiaçı" MMC tərəfindən aparılmış nağdsız hesablaşmaların səbəbi ayrı-ayrı vətəndaşların həyətyanı sahəsindən qoz ağacı və onun kök hissələrini nağd qaydada almış və ona görə də bankdan həmin məhsulun (qoz ağacı və onun kök hissəsinin) kənd təsərrüfatı məhsulu olduğu üçün nağd qaydada çıxarmışdır. Ona görə də həmin müəssisələrə vergi orqanı tərəfindən qanunsuz olaraq “Nağdsız hesablaşmalar haqqında” AR-nın qanununun 3.5.1-ci maddəsinin tələblərini pozulduğu və nəticədə qeyd olunan müəssisələrə maliyyə sansksiyaları tətbiq edilmiş, bu da müəssisələrin fəaliyyətinə mənfi təsir göstərmişdir. X1 izahatda bildirilir ki, "İddiaçı” MMC barəsində tərtib olunmuş 30.11.2018-ci il tarixli VN-16 seriyalı 004387 nömrəli aktı və onun əsasında çıxarılmış 18.01.2019-cu il tarixli **********7837 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarı mübahisələndirmir. Həmin akt və qərardan şikayəti yoxdur. 06 dekabr 2018-ci il tarixli auditor rəyinin surətində qeyd edilir ki, fiziki şəxs X8 məxsus həyətyanı torpaq sahəsində becərilmiş qoz ağacının kənd təsərrüfatı məhsulu olub-olmaması barədə Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən 15 yanvar 2018-ci il tarixdə verilmiş SA/382 seriyalı icazə əsasında fəaliyyət göstərən sərbəst auditor X3 tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, fiziki şəxsə məxsus həyətyanı torpaq sahəsində becərilmiş qoz ağacı kənd təsərrüfatı məhsuludur. Vergilər Nazirliyinin Çağrı Mərkəzinin 28.01.2019-cu il tarixli **********768100 nömrəli müraciət vərəqəsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçının nümayəndəsi X2 Mərkəzinə 28.01.2019-cu il tarixdə zəng edərək şikayət etmişdir. Müraciətdə qeyd edilir ki, rəhbəri olduğu VÖEN-i ********** və ********** olan müəssisələrdə, eyni zamanda təmsil etdiyim VÖEN-i ********** olan müəssisədə 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən keçirilən operativ vergi nəzarəti tədbiri nəticəsində müəssisələrə əsassız olaraq nağdsız hesablaşmaların pozulması əsas gətirilərək məsuliyyət tədbiri görülmüşdür. Eyni zamanda həmin vergi orqanının Tərlan Ramazanov, Ruslan Xəlilli və İlqar Qaraçıyev adlı əməkdaşları nəzarət tədbiri zamanı ondan vergi orqanında uçotda olmayan kənd təsərrüfatı məhsullarının istehsalçıları ilə əməliyyat aparmağı barədə audit rəyi tələb etmiş, həmin rəyi təqdim etdikdə isə artıq heç bir pozuntu halının olmadığını bildirmiş, lakin 18.01.2019-cu il tarixdə həmin vergi ödəyicilərinə məsuliyyət tədbiri görmüşlər. Yuxarıda qeyd olunan şikayətə baxılaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin “İnzibati şikayətin təmin edilməsi haqqında” **********934400 nömrəli 29 mart 2019-cu il tarixli Qərarına əsasən E.Əsədovun İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsindən Vergilər Nazirliyinə verdiyi 28.01.2019-cu il tarixli inzibati şikayəti təmin edilmiş, İddiaçı MMC barəsində tərtib edilmiş 30.11.2018-ci il tarixli VN-19 seriyalı 003367 nömrəli Akt və həmin akt əsasında 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş 18.01.2019-cu il tarixli **********7841 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7841 nömrəli, 18 yanvar 2019-cu il tarixli Qərardan müəyyən edilir ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunvericilik pozulmaqla aparılan əməliyyatlara görə 5198.00 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7837 nömrəli, 18 yanvar 2019-cu il tarixli Qərardan müəyyən edilir ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən ona məxsus olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyənnaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəlləninn 130.1- 1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmamasına görə 6792.00 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-518/2019 nömrəli 19.11.2019-cu il tarixli Qərardadı ilə İPM-in 38.1-ci maddəsinin tələbləri nəzərə alınaraq İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7837 nömrəli 18.01.2019-cu il tarixli Qərarının ləğv edilməsi” barədə iddiası mümkün sayılmamışdır. İddiaçı tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-713/2019 nömrəli 26.12.2019-cu il tarixli Qərardadı ilə təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)- 518/2019 nömrəli 19.11.2019-cu il tarixli Qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17.06.2020-ci il tarixli 2-1(102)-753/2020 nömrəli Qərarı ilə təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(107)-713/2019 nömrəli 26.12.2019-cu il tarixli Qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-364/2020 nömrəli 09.09.2020-ci il tarixli Qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-518/2019 nömrəli 19.11.2019-cu il tarixli Qərardadı ləğv edilmiş və iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. “Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsinin tələbləri pozularaq, vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 15 iyul 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”nın A seksiyasına əsasən “Sair meyvə ağacları, digər qruplara daxil edilməyən sair ağaclar, digər qruplara daxil edilməyən sair meyvə ağacları və qoz-fındıq ” kənd təsərrüfatı məhsulları kimi təsnifləşdirilmişdir. Qeyd olunanlara əsasən qoz ağacı (onun kötüyü) kənd təsərrüfatı məhsullarına aid edildiyindən vergi ödəyicisi tərəfindən fiziki şəxslərə məxsus həyətyanı torpaq sahələrində becərilmiş qoz ağacının alışı “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsinə uyğun olaraq nağd qaydada həyata keçirilə bilər. İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən ona məxsus olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə faktura və ya elektron vergi hesab faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyənnaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəlləninn 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı birinin olmamasına görə 6792 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qanunsuz və əsassızdır. İddiaçı ayrı-ayrı vətəndaşların həyətyanı sahəsindən qoz ağacı və onun kök hissələrini nağd qaydada almış, həmin şəxslər isə vergi ödəyicisi olmadığı üçün iddiaçıya malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab faktura təqdim etməsi mümkün olmamışdır. İddiaçı ona görə də həmin məhsulun (qoz ağacı və onun kök hissəsinin) kənd təsərrüfatı məhsulu olduğu üçün nağd qaydada ayrı-ayrı şəxslərdən (kəndlilərdən) almış və bu zaman vergi qanunvericiliyinin yuxarıda qeyd olunan normasının tələblərini pozmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələbinə görə də heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 49.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunverigiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulması şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, vergi orqanı tərəfindən iddiaçı cəmiyyət barədə keçirilən vergi yoxlamasının keçirilməsi üçün qanuni əsas olmadığından, habelə aparılmış qanunsuz yoxlamanın nəticəsi olan mübahisə predmeti olan qərar ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Ona görə də Şəki İnzibati Məhkəməsinin 02.02 2021-ci il tarixli, 2-1(116)-283/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 02.02.2021-ci il tarixli, 2-1(116)-283/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar