Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-207/2022 14.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı "Azərbaycan Beynəlxalq Universiteti tərəfindən onun adına verilmiş 315 qeydiyyat nömrəli, B seriyalı 190415 nömrəli diplom blankının hüquqi əsasının mövcud olmasının təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli 2-1(116)-886/2022 nömrəli qərarından iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı xx.xx.1988-ci ildə Balakən rayonu Qullar kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır.
2. Rusiya Federasiyası Təhsil Nazirliyi İmam Şamil adına Qafqaz Xalqları Universitetinin rektorunun xx.xx.2005-ci il tarixli П/1 nömrəli əmri ilə İddiaçı regionşünaslıq fakültəsinin qiyabi şöbəsinin İ kurs tələbələrinin tərkibinə daxil edilmişdir.
3. Həmin Universitetin rektorunun xx.xx.2006-cı il tarixli П/1-O nömrəli əmri ilə İddiaçı başqa ali təhsil müəssisəsinə köçürülməsi ilə əlaqədar olaraq, regionşünaslıq fakültəsinin İİ kurs tələbələrinin tərkibindən xaric edilmişdir.
4. Bundan sonra Azərbaycan Beynəlxalq Universitetinin rektoru X2 ilə sifarişçi X1 arasında xx.xx.2006-cı ildə müqavilə bağlanmış, Universitet və sifarişçi mövcud qanunvericilik əsasında ali təhsilli kadrlar hazırlamaq barədə razılığa gəlmişlər. Müqavilənin şərtlərinə görə, Universitet İddiaçı, əgər o, müsabiqədən keçərsə, tarix ixtisasının qiyabi şöbə üzrə tələbə sırasına qəbul etməyi və onu ali təhsilli mütəxəssis kimi yetişdirmək üçün zəruri şərait yaratmağı, sifarişçi isə "Abituriyent" jurnalında (qəbul qaydalarında) göstərilən məbləğdə tam təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür.
5. Daha sonra Azərbaycan Beynəlxalq Universiteti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2010-cu il tarixli, 315 qeydiyyat nömrəli, B seriyalı 190415 nömrəli "Diplom"da göstərilmişdir ki, o, 2005-ci ildə həmin Universitetə daxil olmuş və dövlət attestasiya komissiyasının xx.xx.2010-cu il tarixli (əmr 3/628-1) qərarı ilə ona maarif tarix və ictimaiyyət ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir.
6. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbəri tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli A-8290/03-24 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı adına verilmiş B-190415 (qeydiyyat nömrəsi 315) diplom Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinə verilmiş dövlət nümunəli sənəddir.
7. Azərbaycan Respublikasının X5 xx.xx.2021-ci il tarixli məktubla Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək, 147 nəfər şəxsin diplomlarının həqiqiliyinin yoxlanılmasını xahiş etmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi isə xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki, İddiaçı Azərbaycan Beynəlxalq Universitetini 2010-cu ildə bitirməsi barədə verilmiş B-190415 nömrəli diplom blankının hüquqi əsası yoxdur.
8. Bundan sonra Azərbaycan Respublikasının X5 xx.xx.2021-ci il tarixli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edərək, İddiaçı və digər şəxsə verilmiş diplom blanklarının hüquqi əsasının olmaması, onların hər hansı ali təhsil müəssisəsinə qəbul olunmaması və onlar barəsində X5 (ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən qəbul əmri verilməməsi ilə bağlı araşdırma aparılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmış və toplanmış material ali təhsil müəssisələrinə aid saxta diplomların əldə edilməsi və istifadə edilməsi faktları ilə əlaqədar Baş İdarənin İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə istintaqı aparılan cinayət işinə əlavə edilmişdir.
9. İddiaçı Doldolova Ramilə Kamil qızı cavabdehAzərbaycan Respublikası
10. Daha sonra İddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.
11. O, iddianı belə əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən 2012-ci ildə B seriyalı 190415 nömrəli diplom blankının Azərbaycan Beynəlxalq Universitetinə verilmiş dövlət nümunəli sənəd olmasını təsdiq etmiş, həmin zaman diplom blankının hüquqi əsasının mövcud olmamasına dair hər hansı iradə ifadəsini bəyan etməmiş, indiyədək həmin diplom blankının ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə ona məlumat verməmiş və bunun hüquqi əsasını əsaslandırmamışdır. Bundan başqa, həmin diplom blankının etibarsızlığı məhkəmə qaydasında müəyyən edilməmişdir.
12. Cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmiş və bildirmişdir ki, iddiaçı Azərbaycan Beynəlxalq Universitetini 2010-cu ildə bitirdiyini bildirməsinə baxmayaraq, həmin təhsil müəssisəsinə hansı yolla qəbul olunması barədə heç bir məlumat verməmişdir. İddiaçının Təhsil Nazirliyinə ünvanladığı ərizəsinə cavab olaraq bildirilmişdir ki, "Təhsil-məzun" dövlət elektron məlumat sistemində və fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin Nazirliyə təqdim etdiyi tələbə kontingentinə aid məlumat bazasında İddiaçı adı aşkar edilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 24 may 2022-ci il tarixli 2- 1(116)-886/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
14. İddiaçı nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Beynəlxalq Universitetinin rektoru ilə iddiaçının atası arasında xx.xx.2006-cı ildə müqavilə bağlandıqdan sonra iddiaçı faktiki olaraq həmin Universitetə köçürülmüş, köçürüldüyü təhsil müəssisəsində təhsilini davam etdirmiş, dövlət attestasiya komissiyasının xx.xx.2010-cu il tarixli (əmr 3/628-1) qərarı ilə ona maarif tarix və ictimaiyyət ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. İddiaçının faktiki olaraq Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsi və təhsilini davam etdirərək ona nəticədə dövlət nümunəli sənədin təqdim olunması bir daha təsdiq edir ki, iddiaçı yuxarıda qeyd olunan Əsasnamənin tələblərinə uyğun həmin təhsil müəssisəsinə köçürülmüş, qanuni əsaslarla ona dövlət attestasiya komissiyasının xx.xx.2010-cu il tarixli (əmr 3/628-1) qərarı ilə ona maarif tarix və ictimaiyyət ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə yalnız Rusiya Federasiyası Təhsil Nazirliyi İmam Şamil adına Qafqaz Xalqları Universitetinin rektorunun xx.xx.2005-ci il tarixli П/1 nömrəli və xx.xx.2006-cı il tarixli П/1-O nömrəli əmrlərindən çıxarışlar, habelə Azərbaycan Beynəlxalq Universitetinin rektoru ilə iddiaçının atası arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin surəti göndərilməsi onu ehtiva etmir ki, iddiaçı həmin universitetə qanuni əsaslarla köçürülməmişdir. Belə ki, həmin hadisədən 16 il keçməsi nəzərə alındığında həmin sənədlərin kargüzarlıq qaydasında məhv edilməsi və ya hansısa qaydada sıradan çıxarılması iddiaçının ziyanına təfsir oluna bilməz, iddia qeyd olunan əsasla rədd edilə bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli 402 nömrəli əmri ilə təsdiq edilmiş və 2005-2010-cu illərdə də qüvvədə olmuş “Ali və orta ixtisas təhsili məktəbləri tələblərinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnamənin 1.1, 1.2-ci, Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli 324 nömrəli Təhsil Qanununun 21-ci maddəsi ilə mübahisəyə düzgün tətbiq olunmamışdır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının adına verilmiş xx.xx.2010-cu il tarixli, 315 qeydiyyat nömrəli, B seriyalı 190415 nömrəli “Diplom” cavabdeh inzibati orqan tərəfindən onun təhsil aldığı Azərbaycan Beynəlxalq Universitetinə verilmiş dövlət nümunəli sənəd olmuş, həmin sənədin həqiqətə uyğunluğu 2012-ci il tarixdə cavabdeh inzibati orqanın özünün verdiyi bəyanatı ilə öz təsdiqini tapmışdır. Diplom blanklarının məzun sayına uyğun cavabdeh inzibati orqan tərəfindən ali təhsil müəssisələrinə təqdim olunması nəzərə alındığında iddiaçıya verilmiş diplomun hüquqi əsasının olması mübahisə doğura bilməz. Cavabdeh inzibati orqanın bu bardə yazılı bəyanatı isə həmin diplom blankının həqiqilini bir daha təsdiq edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi yuxarıda sadalanana normaların tələbi baxımından mübahisəyə düzgün qiymət verməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunduğu kimi cavabdeh inzibati orqan B seriyalı 190415 nömrəli diplom blankının (qeydiyyat nömrəsi 315) Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinə verilmiş dövlət nümunəli sənəd olmasını təsdiq etmiş, həmin zaman diplom blankının hüquqi əsasının olmamasına dair hər hansı iradə ifadəsini bəyan etməmiş, hazırkı vaxtadək həmin diplom blankının ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə iddiaçıya məlumat verməmiş, bunun hüquqi əsasını əsaslandırmamışdır. Bundan başqa, həmin diplom blankının etibarsızlığı məhkəmə qaydasında müəyyən edilməmişdir. hazırda cavabdeh inzibati orqanın sözügedən diplom blankının hüquqi əsasının olmamasını iddia etməsi onun əvəlki bəyanatı ilə üzlaşmır. Cavabdeh inzibati orqanın yazılı bəyanatı etibarlı təminat sayılmaqla iddiaçının etimad hüququnun əsasını təşkil edir. Cavabdeh inzibati orqan iddiaçıya məxsus Azərbaycan Beynəlxalq Universitetini 2010-cu ildə bitirməsi barədə verilmiş B- 190415 nömrəli diplom blankının hüquqi əsasının olmamasını onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasında hər hansı ali təhsil müəssisəsinə qəbul olunmamış, onun barəsində X5 tərəfindən qəbul əmjri verilməmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərlə də müəyyən olunduğu kimi iddiaçı xx.xx.2002-ci il tarixli П/1 nömrəli əmrlə Rusiya Federasiyasında İmam Şamil adına Qafqaz Xalqları Universitetinin regionşünaslıq fakültəsinin qiyabi şöbəsinə qəbul olunmuş, dahha sonra başqa ali təhsil müəssisəsinə köçürülməsi ilə əlaqədar olaraq tələbələrinin tərkibindən xaric edilmiş, daha sonra təhsilini Azərbaycan Beynəlxalq Universitetində davam etdirilmişdir. Belə olan halda cavabdeh inzibati orqanın iddiaçının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlər əsaslı hesab oluna bilməz. Cavabdeh inzibati orqanın həmin arqumentlə iddiaçıya məxsus diplomun hüquqi əsasının olmaması barədə mövqeyi əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının 2006-2010-cu illər ərzində həqiqətən adı çəkilən təhsil müəssisəsində təhsil alıb-almaması, təhsil haqqının ödənilib-ödənilməməsi araşdırılmamış, dövlət attestasiya komissiyasının xx.xx.2010-cu il tarixli (əmr 3/628-1) qərarı əldə olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən 2005-ci və 2006-cı illərdə iddiaçının Azərbaycan Beynəlxalq Universitetinə qanuni əsaslarla qəbul olunmaması və ya köçürülməməsi müəyyən olunsa da işin faktiki halları ilə bu təkzib olunmuşdur. Belə ki, iş materialları ilə də müəyyən olunduğu kimi iddiaçı 2005-ci ildə Rusiya Federasiyasında İmam Şamil adına Qafqaz Xalqları Universitetinin regionşünaslıq fakültəsinin qiyabi şöbəsinə qəbul olunmuş, daha sonra başqa ali təhsil müəssisəsinə köçürülməsi ilə əlaqədar olaraq tələbələrin tərkibindən xaric edilmiş, bundan sonra köçürülmə yolu ilə təhsilini Azərbaycan Beynəlxalq Universitetində davam etdirmişdir. Birinci instansiya məhkəməsi öz qərarında iddiaçının adına verilmiş xx.xx.2010-cu il tarixli B seriyalı 190415 nömrəli diplomda onun 2005-ci ildə Rusiya Federasiyasında İmam Şamil adına Qafqaz Xalqları Universitetinə daxil olduğu göstərildiyi nəticəsinə gəlsə də iddiaçıya məxsus diplomda bu barədə hər hansı qeyd mövcud olmamış, həmin diplomda ona Dövlət Attestasiya Komissiyasının xx.xx.2010-cu il tarixli qərarı ilə maarif, tarix və ictimaiyyət ixtisası üzrə bakalavr dərəcəsinin verilməsi barədə qeydiyyat aparılmışdır. Birinci instansiya məhkəməsi öz qərarında Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbəri tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli A- 8290/03-24 nömrəli arayışda qeyd olunanlara, yəni iddiaçının adına verilmiş B-190415 (qeydiyyat nömrəsi 315) diplomun Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinə verilməsi kimi qiymət vermiş, bu hallar işin hallarına uyğun olmamış, iddiaçının Rusiya Federasiyasında universitetə daxil olması, daha sonra universitetə köçürülməsi ilə bağlı həmin universitetdən xaric edilməsi, təhsilini Azərbaycan Beynəlxalq Universitetində davam etdirməsi məhkəmənin gəldiyi nəticə ilə uzlaşmamışdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli 2-1(116)-886/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli 2-1(116)-886/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi nümayəndəsinin iştirakını təmin etməmişdir.
18. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Rusiya Federasiyası Təhsil Nazirliyi İmam Şamil adına Qafqaz Xalqları Universitetinin rektorunun xx.xx.2005-ci il tarixli П/1 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı regionşünaslıq fakültəsinin qiyabi şöbəsinin İ kurs tələbələrinin tərkibinə daxil edilmişdir. - Rusiya Federasiyası Təhsil Nazirliyi İmam Şamil adına Qafqaz Xalqları Universitetinin rektorunun xx.xx.2006-cı il tarixli П/1-O nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı başqa ali təhsil müəssisəsinə köçürülməsi ilə əlaqədar olaraq, regionşünaslıq fakültəsinin İİ kurs tələbələrinin tərkibindən xaric edilmişdir. - Azərbaycan Beynəlxalq Universitetinin rektoru X2 ilə sifarişçi X1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilədən görünür ki, Universitet və sifarişçi mövcud qanunvericilik əsasında ali təhsilli kadrlar hazırlamaq barədə razılığa gəlmiş, Universitet İddiaçı, əgər o, müsabiqədən keçərsə, tarix ixtisasının qiyabi şöbə üzrə tələbə sırasına qəbul etməyi və onu ali təhsilli mütəxəssis kimi yetişdirmək üçün zəruri şərait yaratmağı, sifarişçi isə "Abituriyent" jurnalında (qəbul qaydalarında) göstərilən məbləğdə tam təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. - Azərbaycan Beynəlxalq Universiteti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2010-cu il tarixli, 315 qeydiyyat nömrəli, B seriyalı 190415 nömrəli "Diplom"un surətindən görünür ki, o, 2005ci ildə həmin Universitetə daxil olmuş və dövlət attestasiya komissiyasının xx.xx.2010-cu il tarixli (əmr 3/628-1) qərarı ilə ona maarif tarix və ictimaiyyət ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbəri tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli A-8290/03-24 nömrəli arayışdan görünür ki, İddiaçı adına verilmiş B-190415 (qeydiyyat nömrəsi 315) diplom Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinə verilmiş dövlət nümunəli sənəddir. - Azərbaycan Respublikasının X5nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, 147 nəfər şəxsin diplomlarının həqiqiliyinin yoxlanılması Azərbaycan Respublikası Təhsil Nazirliyindən xahiş edilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikasının X5nə yazılmış xx.xx.2021ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı Azərbaycan Beynəlxalq Universitetini 2010-cu ildə bitirməsi barədə verilmiş B- 190415 nömrəli diplom blankının hüquqi əsası yoxdur. - Azərbaycan Respublikasının X5 tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna yazılmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı və digər şəxsə verilmiş diplom blanklarının hüquqi əsasının olmaması, onların hər hansı ali təhsil müəssisəsinə qəbul olunmaması və onlar barəsində X5 (ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən qəbul əmri verilməməsi ilə bağlı araşdırma aparılması xahiş edilmişdir. - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmış və toplanmış material ali təhsil müəssisələrinə aid saxta diplomların əldə edilməsi və istifadə edilməsi faktları ilə əlaqədar Baş İdarənin İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 320.1 (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə istintaqı aparılan cinayət işinə əlavə edilmişdir. - Azərbaycan Respublikası X5nin xx.xx.2022-ci il tarixli PHŞ/3-2-2022-450 nömrəli məktubundan görünür ki, İddiaçı 2005-ci ildə ali təhsilin bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etmiş, 700 ballıq şkala üzrə DT altqrupunda 70.053 bal, XH altqrupunda 70.625 bal toplamış, heç bir ali təhsil müəssisəsinə qəbul olmamış və barəsində X5 (ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
20. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli 402 nömrəli əmri ilə təsdiq edilmiş və 2005-2010-cu illərdə də qüvvədə olmuş "Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında" Əsasnamənin 1.1-ci bəndində deyilir ki, Respublika daxilində: 1.1.1 Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin istənilən təhsil forması üzrə bir məktəbdən digərinə köçürülməsi, köçürülmək istədiyi təhsil müəssisəsinin rektorunun (direktorunun) razılığı ilə həyata keçirilir. 1.1.2 Uyğun ixtisas üzrə başqa tədris müəssisəsinə köçürülmək istəyən tələbə qiymət kitabçasından çıxarış və ərizə ilə birlikdə köçürülmək istədiyi təhsil müəssisəsinin rektoruna (direktoruna) müraciət edir. Qiymət kitabçasından çıxarışla ərizədə göstərilən ixtisasın tədris planına əsasən fənn fərqləri müəyyənləşdirilir. Fənn fərqlərin sayı 8-dən çox olmadıqda tələbə müvafiq kursa, sayı 8-dən çox olduqda isə, öz razılığı ilə bir kurs aşağıya da (birinci kurs istisna olmaqla) köçürülə (bu halda aşağı kurslarda yenə də fənlərin sayı 8-dən çox olmamalıdır) bilər. Bu zaman tələbə rektorun əmri ilə dərslərə buraxılır, onun əvvəl oxuduğu tədris müəssisəsinə şəxsi işini göndərmək haqda yazılı müraciət olunur və fərqləri ləğv etmək üçün bir semestr vaxt verilir. Tələbənin şəxsi işi alındıqdan sonra onun köçürüldüyü tədris müəssisəsində tələbələr sırasına daxil olması barədə əmr verilir. 1.1.3. Tələbənin əvvəl təhsil aldığı ali (orta ixtisas) məktəbin rektoru (direktoru) şəxsi işin göndərilməsi barədə tələbnamə alındıqdan sonra "başqa ali (orta ixtisas) məktəbə köçürüldüyü üçün xaric olunur" - məzmunda əmr verir və üç gün müddətində tələbənin şəxsi işi və akademik arayış (göndərilən işlərin siyahısının surəti arxivdə saxlanılmaqla) tələbəni qəbul etmiş ali (orta ixtisas) məktəbin ünvanına göndərilir. Müstəsna hallarda şəxsi işin ali məktəb tərəfindən göndərilməsi üzürlü səbəbdən mümkün olmadıqda müvafiq qeydiyyat aparılmaqla tələbənin özünə verilə bilər. 1.1.4. Tələbənin eyni təhsil müəssisəsində bir ixtisasdan, yaxud bir təhsil formasından (əyani, axşam, qiyabi) digərinə köçürülməsi, rektorun (direktorun) əmri ilə həyata keçirilir. 1.1.5. Əgər qəbul zamanı hər hansı tələbə barədə idarə, müəssisə və təşkilatla fərdi müqavilə bağlanmışdırsa, onda belə tələbənin başqa tədris müəssisəsinə və ya bir ixtisasdan digərinə köçürülməsi zamanı uyğun tərəflərin razılığı nəzərə alınmalı, müqaviləyə yenidən baxılmalıdır. 1.1.6. Ali təhsil müəssisələrinin qiyabi və axşam şöbələrindən əyani şöbəyə köçürülmədə tələbələrin yüksək (əla və yaxşı) təhsil göstəricisi və ya səhhətindən irəli gələn zərurət əsas götürülür. Bu zaman ali məktəblərdə oxuyan oğlanların hərbi sənədlərində müvafiq qeydlərin edilməsi tələb olunur. 1.1.7. Qanuni fəaliyyət göstərən qeyri-dövlət təhsil müəssisəsindən dövlət təhsil müəssisələrinin əlavə pulla (ödənişli) təhsil qruplarına tələbələrin köçürülməsi həmin təhsil müəssisəsinin rəhbərliyinin (rektorunun və ya direktorların) razılığı ilə keçirilir. Əsasnamənin 1.2-ci bəndində isə deyilir ki, xarici ölkələrdən: 1.2.1. Tələbələrin Respublika ali və orta ixtisas təhsili məktəblərinə köçürülməsi zamanı 1.1.1.-1.1.6. şərtləri gözlənilməklə həyata keçirilir. 1.2.2. Dövlət xətti ilə xaricdə təhsil alan Respublika vətəndaşları istənilən formada (ödənişli və ödənişsiz) köçürülə bilərlər. Dövlət xətti ilə təhsil almayan şəxslər isə köçürüldükdən sonra ödənişli əsaslarla təhsil alırlar. Xarici ölkələrdə təhsil alan tələbələr köçürülərkən fənn fərqləri 1.1.2-də göstəriləndən çox olarsa, tələbənin razılığı ilə o, bir kurs aşağı, o cümlədən birinci kursa da köçürülə bilər.
21. Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli 324 nömrəli Təhsil Qanununun 21-ci maddəsinə əsasən, ali və orta ixtisas təhsili müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir. Qəbul imtahanlarının sayı və sorğu sistemi müəyyən olunarkən, habelə imtahanlar keçirilərkən ixtisas biliyi və bacarığına üstünlük verilir. Tələbə qəbulunda heç bir imtiyaza yol verilmir. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada həyata keçirilir. Hökumətin müəyyən etdiyi imtiyazlar (o cümlədən xaricdə yaşayan azərbaycanlılar üçün müəyyən olunmuş imtiyazlar) hazırlıq şöbələrinə qəbul zamanı nəzərə alınır. Hazırlıq şöbələrinə qəbul xüsusi əsasnamə ilə tənzim olunur. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün minimal keçid balı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
22. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun: 26.1-ci maddəsinə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. 26.2-ci maddəsinə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 27.1-ci maddəsinə əsasən, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir.
23. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında" Əsasnamənin 8.26-cı bəndinə əsasən, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlamaq, onun verilmə qaydalarını müəyyənləşdirmək, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin etmək Nazirliyin əsas funksiyalarından biri kimi müəyyən olunmuşdur.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası"nın: 3.2-ci bəndinə əsasən, diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-na (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. 3.5-ci bəndinə əsasən, diplom blanklarının alınması və istifadəsi barədə məlumatlar ali təhsil müəssisələrində və AMEA-da saxlanılan xüsusi qeydiyyat kitablarında aparılır. Qeydiyyat kitabı səhifələnir, qaytanlanır, surğuclanır və ali təhsil müəssisələrinin rəhbərləri və AMEA-nın prezidenti tərəfindən təsdiq edilir. Qeydiyyat kitabında il ərzində alınmış, istifadə olunmuş və təqvim ilinin əvvəlindən qalan diplom blanklarının qeydiyyatı aparılır. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
25. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli 2-1(116)-886/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
26. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
27. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
28. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və iddiaçının vəkilinin məhkəmə iclasında verdiyi izahatla müəyyən edildi ki, İddiaçı 2005-ci ildə ali təhsilini bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etmiş, 700 ballıq şkala üzrə DT altqrupunda 70.053 bal, XH altqrupunda 70.625 bal toplamış, heç bir ali təhsil müəssisəsinə qəbul olmamış və barəsində X5 (ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir.
30. İddiaçı öz iddia ərizəsində Azərbaycan Beynəlxalq Universitetini 2010-cu ildə bitirdiyini göstərsə də, Universitetə neçənci ildə və hansı üsulla (TQDK-nın keçirdiyi test imtahanı, başqa ali təhsil müəssisəsindən köçürülmə və s.) daxil olduğunu göstərməmişdir. Ona görə də məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu ilə ona məhkəməyə bu barədə məlumat verməsi təklif edilmiş və iddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində məhkəməyə bildirmişdir ki, o, 2005-ci ildə Dağıstan Respublikasında yerləşən ali təhsil müəssisəsinin İ kursuna qəbul olunmuş, 2006-cı ildə həmin ali təhsil müəssisəsindən köçürmə üsulu ilə Azərbaycan Beynəlxalq Universitetinə qəbul olunmuş, Universitetə qəbul olunması və köçürülməsi ilə bağlı sənədləri 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinə təqdim etmişdir və həmin sənədlər hazırda Universitetin arxiv materiallarında saxlanılır.
31. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə sorğu edilərək, İddiaçı 2005-ci ildə Dağıstan Respublikasında yerləşən ali təhsil müəssisəsinə qəbul olunması və 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsi barədə sənədlər tələb olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəməyə Rusiya Federasiyası Təhsil Nazirliyi İmam Şamil adına Qafqaz Xalqları Universitetinin rektorunun xx.xx.2005-ci il tarixli П/1 nömrəli və xx.xx.2006-cı il tarixli П/1-O nömrəli əmrlərindən çıxarışlar, habelə Azərbaycan Beynəlxalq Universitetinin rektoru ilə iddiaçının atası arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin surəti göndərilmişdir. Həmin sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2005-ci ildə Rusiya Federasiyası Təhsil Nazirliyi İmam Şamil adına Qafqaz Xalqları Universitetinin regionşünaslıq fakültəsinin qiyabi şöbəsinin İ kursuna qəbul edilmiş və başqa ali təhsil müəssisəsinə köçürülməsi ilə əlaqədar xx.xx.2006-cı ildə regionşünaslıq fakültəsinin İİ kurs tələbələrinin tərkibindən xaric edilmiş, bundan sonra Azərbaycan Beynəlxalq Universitetinin rektoru ilə iddiaçının atası arasında xx.xx.2006-cı ildə müqavilə bağlanmış, həmin müqavilənin şərtlərinə görə, Universitet İddiaçı, əgər o, müsabiqədən keçərsə, tarix ixtisasının qiyabi şöbə üzrə tələbə sırasına qəbul etməyi və onu ali təhsilli mütəxəssis kimi yetişdirmək üçün zəruri şərait yaratmağı, sifarişçi isə "Abituriyent" jurnalında (qəbul qaydalarında) göstərilən məbləğdə tam təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür.
32. Göründüyü kimi, İddiaçı xx.xx.2005-ci ildə Rusiya Federasiyası Təhsil Nazirliyi İmam Şamil adına Qafqaz Xalqları Universitetinin İ kursuna qəbul edilməsi və başqa ali təhsil müəssisəsinə köçürülməsi ilə əlaqədar xx.xx.2006-cı ildə İİ kurs tələbələrinin tərkibindən xaric edilməsi işdəki sənədlərlə təsdiq edilsə də, onun həmin Universitetdən məhz Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsi barədə heç bir sənəd mövcud deyildir. Azərbaycan Beynəlxalq Universitetinin rektoru ilə iddiaçının atası arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilədə nəinki belə bir müddəa yoxdur, əksinə, İddiaçı Universitetin tələbə sırasına qəbul edilməsi üçün onun müsabiqədən keçməsi şərti nəzərdə tutulmuşdur.
33. Bundan başqa, müəyyən edilmişdir ki, iddiaçının adına verilmiş xx.xx.2010-cu il tarixli B seriyalı 190415 nömrəli diplomda onun 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinə daxil olduğu göstərilsə də, bu, iş materialları ilə tamamilə təkzib edilir. Əgər diplom tərtib edilərkən Azərbaycan Beynəlxalq Universitetinin rektoru ilə iddiaçının atası arasında bağlanmış müqavilə iddiaçının Universitetə daxil olmasına əsas verən sənəd kimi nəzərdən keçirilmiş olsa belə, həmin müqavilə 2005-ci ildə deyil, 2006-cı ildə bağlanmışdır.
34. Eyni zamanda, cavabdehin iddiaya qarşı etirazından məlum olduğu kimi, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin Təhsil Nazirliyinə təqdim etdiyi, tələbə kontingentinə aid məlumat bazasında İddiaçı adı yoxdur.
35. 20, 21, 22, 23 və 24-cü bəndlərdə sadalanan normalardan görünür ki, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Həmçinin, "Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası"na əsasən diplom blankı mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir.
36. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, göründüyü kimi, məhkəmə araşdırmaları zamanı iddiaçının 2005-ci ildə ali təhsilin bakalavriat səviyyəsinə keçirilmiş qəbul imtahanında iştirak etməsi müəyyən olunsa da, 2005-ci və 2006-cı illərdə Azərbaycan Beynəlxalq Universitetinə qanuni əsaslarla qəbul olunması və ya köçürülməsi müəyyən edilməmişdir.
37. Bundan əlavə işdə olan, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbəri tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli A-8290/03-24 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı adına verilmiş B-190415 (qeydiyyat nömrəsi 315) diplom Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinə verilmiş dövlət nümunəli sənəddir. İddiaçı öz tələbini əsaslandırmaq üçün bu sənədə də istinad etmişdir. Lakin birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, bu arayış İddiaçı Azərbaycan Beynəlxalq Universitetinə qanuni əsaslarla qəbul olunmasını və ya köçürülməsini, eləcə də blankda Universitet tərəfindən yazılmış digər yazıların məzmununun həqiqiliyini təsdiq etmir. Həmin arayış yalnız iddiaçının adına verilmiş diplomun blankının kustar üsulla hazırlanmadığını və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinə verildiyini təsdiq edir.
38. Belə olan halda Azərbaycan Beynəlxalq Universiteti tərəfindən iddiaçının adına verilmiş 315 qeydiyyat nömrəli, B seriyalı 190415 nömrəli diplom blankının hüquqi əsasının mövcud olmasının təsdiq edilməsindən imtinası barədə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin hərəkəti qanunauyğun olmuşdur.
39. Yuxarıda qeyd olunan işin hallarını, iddiaçını vəkilinin məhkəmə kollegiyasının iclasında verdiyi izahatı nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçıya verilmiş diplomun hüquqi əsasının olmaması barədə cavabdehin mövqeyi əsaslıdır.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
41. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli 2-1(116)-886/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.