Məhkəmə qərarları › İş №2-1(107)-207/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-207/2024

28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-207/2024 28.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X9 şəxsin Xüsusi Şərtlərlə X8 Filialına qarşı “20 oktyabr 2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 dekabr 2023-ci il tarixli, 2-1(116)-3226/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə X8 Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X9 şəxsin Xüsusi Şərtlərlə X8 Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə kimi qüvvədə olmuş staj və yaş tələbləri əsas götürülməklə, 20 oktyabr 2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, hərbi xidmət dövrü, peşə təhsili müddəti və əmək kitabçasında qeyd edilmiş əmək fəaliyyəti müddəti nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

3. Cavabdeh orqan, iddia tələbinə xx.xx.2023-cü il tarixli etirazında qeyd etmişdir ki, iddiaçının ümumi iş stajı 25 ildən az (18 il 5 ay 16 gün) olduğu və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi üçün ona güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi Qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

4. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda bildiririk ki, Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X4 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir.

5. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən l/İT-l ******* nömrəli əmək kitabçasında və ’’Mingəçevir Enerjiquraşdırma” ATSC-nin 16 avqust 2023-cü il tarixli 08 nömrəli arayışında onun xx.xx.1995-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində X1 quraşdırma sahəsində elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq sözügedən müəssisənin arxiv sənədlərinin saxlanmadığı və arxivə təhvil verilmədiyi, eyni zamanda yazılan arayışların əmək kitabçalarına əsasən tərtib olunduğu bildirilib. Bu fakt ’’Mingəçevir Enerjiquraşdırma” ATSC tərəfindən 12 sentyabr 2023-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Göstərilən səbəbdən də iddiaçının sözügedən dövrdə işləyib-işləmədiyini müəyyən etmək mümkün olmadığından həmin dövrü onun iş stajına daxil etmək mümkün olmamışdır.

6. 12 sentyabr 2023-cü il tarixli akta əsasən aşağıdakı məsələlər müəyyən edilmişdir: - ’’Mingəçevir Enerjiquraşdırma” ATSC-də, ümumiyyətlə əmrlər kitabları və əmək haqqı cədvəlləri kitabları saxlanılmır; - Sənədlərin hansı səbəblərdən dolayı saxlanılmadığı məlum olmamışdır; - Sözügedən sənədlər heç bir arxivə təhvil verilməmişdir; - Mərkəzi Filiala təqdim edilən arayışların əmək kitabçalarına əsasən tərtib olunduğu məlum olmuşdur. Mərkəzi Filialın iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2- H219839/2023 nömrəli imtina məktubunda iddiaçının mübahisələndirilən və mübahisələndirilməyən sosial sığorta stajına aşağıdakı dövrlər daxil edilmişdir: Mübahisələndirilən sosial sığorta stajı: xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrlər (8 il 3 ay 15 gün) Mübahisələndirilməyən sosial sığorta stajı: • xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan hərbi xidmət dövrü (2 il 23 gün); • xx.xx.1980-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövrlər (15 il 3 ay 21 gün); • 2020-2023-cü illər üzrə cəmi 1 il 1 ay. Həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməmişdir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320.00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 166474,50 manat təşkil etmişdir.

7. İddiaçıya münasibətdə kapital tələbinin qoyulmasının əsas səbəbi Qanunun 7-ci maddəsi ilə bağlıdır. Belə ki, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin normasından göründüyü kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi həmin Qanununun 7-ci maddəsinə göndəriş edərək qeyd edir ki, şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ya kifayət qədər kapital kapitalı, ya da 25 il sosial sığorta stajı olmalıdır. İddiaçıya münasibətdə isə nə kapital tələbi, nə də staj tələbi ödənməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi iş stajı 25 ildən az (18 il 5 ay 16 gün) olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. 8 Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 18 dekabr 2023-ci il tarixli, 2-1(116)-3226/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

11. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X8 Filialı tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

12. Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddiaya etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 18 dekabr 2023-ci il tarixli, 2-1(116)-3226/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını və Şəki İnzibati Məhkəməsinin 18 dekabr 2023-ci il tarixli, 2-1(116)-3226/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını və Şəki İnzibati Məhkəməsinin 18 dekabr 2023-ci il tarixli, 2-1(116)- 3226/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı, xx.xx.1957-ci il tarixdə doğulmuşdur. - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 5823 nömrəli attestatından görünür ki, iddiaçı xx.xx.1979-xx.xx.1980-ci il tarixlərdə texniki peşə təhsili almışdır. - Mingəçevir Enerjiquraşdırma ATSC-nin xx.xx.2023-cü il tarixli 08 nömrəli arayışından görünür ki, iddiaçı 08 may 1980-ci il tarixində X1 Quraşdırma Sahəsinə 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmişdir. (əmr 87/k, xx.xx.1980) 13 may 1982-ci il tarixində elektrik qaynaqçısı vəzifəsində 4-cü dərəcə verilmişdir. (əmr 106/k, xx.xx.1982-ci il) 17 sentyabr 1986-cı ildə elektrik qaynaqçısı vəzifəsində 5-ci dərəcə verilmişdir. (əmr 184/k, xx.xx.1986) 04 yanvar 1988-ci ildə əməyin ödənilməsinin yeni tarif dərəcələrinin tətbiqi ilə əlaqədar olaraq elektrik qaynaqçısı vəzifəsində 4-cü dərəcə verilmişdir (əmr 23-k, 03 fevral 1988) 25 noyabr 1991-ci ildə elektrik qaynaqçısı vəzifəsində 5-ci dərəcə verilmişdir. (əmr 145/k, 2 dekabr 1991) 29 avqust 1995-ci ildə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir, (əmr 29/k, 29 avqust 1995) 04 sentyabr 1995-ci ildə X1 Quraşdırma Sahəsinə 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmişdir (əmr 31/k, 04 sentyabr 1995) 19 dekabr 2003-cü ildə öz xahişi ilə işdən azad edilmişdir, (əmr 49-k, 19 dekabr 2003-cü il) Əl ilə elektrik qaynaqçıları iş prosesində gözlərin ultrabənövşəyi və infraqırmızı şüalanmasına, tənəffüs yollarının qaynaq prosesində yanan flüslərin zəhərli buxarlarına məruz qalır, həmçinin işlərin yerinə yetirildiyi mühit açıq hava şəraitində atmosfer yağıntıları, soyuq və isti havanın, elektrik stansiyasında normadan artıq səs-küyün və elektromaqnit dalğalarının bütün orqanizmə ziyan vurduğu şəraitdə öz əmək funksiyalarını həyata keçirirlər. Elektrik qaynaq işləri məhz əl ilə həyata keçirilir, çünki, elektrik stansiyalarında avtomatlaşdırılmış və ya yarım avtomatlaşdırılmış elektrik qaynaq işlərinin görülməsi işin xarakterinə uyğun olaraq aparılması mümkün deyil. Yuxarıda qeyd edilənlərə əsasən bildirilmişdir ki, İddiaçı 08 may 1980 - 19 dekabr 2003-cü il tarixlərində işlədiyi elektrik qaynaqçısı qaynaqçı peşəsinin vəzifə öhdəlikləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35. Ümumi peşələr bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinin vəzifə öhdəlikləri ilə eynilik təşkil etməklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. İddiaçı qaynaqçı vəzifəsində güzəştli iş stajı 23 il 7 ay 11 gün təşkil edir. - ИT-İ ******* №-li əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1980 - xx.xx.1995 (15 il, 3 ay, 21 gün), xx.xx.1995 – xx.xx.2003 (8 il, 3 ay, 15 gün) - НЗ ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1977 - xx.xx.1979-cu il tarixlərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarından görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli 3-29-63/2-H-6xx-xx/2023 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixində 22 nömrəli Bakı Texniki Peşə Məktəbinin “Elektrik qaynaqçısı” ixtisasına qəbul olmuş və xx.xx.1980-ci il tarixində həmin ixtisası əyani formada bitirmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-291228/2023-cü il tarixli məktubundan görünür ki, Vaqif Nəci oğlu X5 təqdim etdiyi HT-İ ******* nömrəli əmək kitabçasında və "Mingəçevir Enerjiquraşdırma” ATSC-nin 16 avqust 2023-cü il tarixli 08 nömrəli arayışında xx.xx.1995-19.12,2003-cü il tarixləri arasındakı dövr ərzində X1 quraşdırma sahəsində elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəfimizdən aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğumuza cavab olaraq sözügedən müəssisənin arxiv sənədlərinin saxlamadığı və arxivə təhvil verilmədiyi, eyni zamanda yazılan arayışların əmək kitabçalarına əsasən tərtib olunduğu bildirilib. Bu fakt "Mingəçevir Enerjiquraşdırma" ATSC tərəfindən 12 sentyabr 2023-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Göstərilən səbəbdən də adıçəkilən şəxsin sözügedən dövrdə işləyib-işləmədiyi müəyyən etmək mümkün olmadığından həmin dövrü iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də, İddiaçı ümumi iş stajı isə 18 il 8 ay 16 gün (xx.xx.1977-xx.xx.1979-ci il, xx.xx.1980xx.xx.1995-ci ii tarixləri arasındakı dövrlər) təşkil edir. Eyni zamanda, adıçəkilən şəxsin təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun güzəştli iş stajı isə 15 il 3 ay 21 gün (xx.xx.1980-xx.xx.1995-ci il tarixləri arasındakı dövr) təşkil edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

17. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.

18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

19. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

26. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

27. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

28. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.

29. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 57 yaşının bitdiyi xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır (iddiaçı xx.xx.1957-ci ildə doğulub).

30. Cavabdeh orqan iddiaçıya 57 yaşının bitdiyi tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkünsüzülüyünü iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi və iddiaçının ümumi iş stajının 25 ildən az olması ilə əsaslandırır.

31. Məhkəmə kollegiyası cavabdeh orqanın mövqeyini əsassız hesab edir..

32. Belə ki, Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

33. Cavabdeh orqan iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan (8 il 3 ay 15 gün) X1 quraşdırma sahəsində elektrik qaynaqçısı vəzifəsində işlədiyi müddəti sosial sığorta stajı kimi qəbul etmir və bildirir ki, sözügedən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəfimizdən aidiyyəti üzrə sorğu göndərmiş, müəyyən edilmişdir ki, müəssisənin arxiv sənədləri saxlanılmır və arxivə təhvil verilməmişdir, eyni zamanda yazılan arayışlar əmək kitabçalarına əsasən tərtib olunmuşdur. Bu fakt "Mingəçevir Enerjiquraşdırma" ATSC tərəfindən 12 sentyabr 2023-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Göstərilən səbəbdən də adıçəkilən şəxsin sözügedən dövrdə işləyib-işləmədiyi müəyyən etmək mümkün olmadığından həmin dövrü iş stajına daxil etmək mümkün olmamışdır. Qəbul edilən ümumi iş stajı isə 18 il 8 ay 16 günə bərabərdir.

34. İş materiallarında olan ИT-İ ******* №-li əmək kitabçasına müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti müddəti xx.xx.1980 - xx.xx.1995 və xx.xx.1995 – xx.xx.2003-cü illəri əhatə etməklə 23 il, 7 ay, 6 günə bərabərdir. Həmin müddətin üzərinə iddiaçının texniki peşə təhsili (7 ay, 20 gün) və hərbi xidmət müddətini (2 il, 21 gün) əlavə etdikdə iddiaçının ümumi iş stajı 26 il, 3 ay, 17 günə bərabər olur.

35. Həmin müəssisənin arxiv sənədlərinin mövcud olmaması iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyini şübhə altına almır. Belə ki, müvafiq sənədlərin arxivə təhvil verilməsi iddiaçının vəzifəsi olmadığından, qeyd olunan hal onun ziyanına şərh edilə bilməz.

36. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.

37. Odur ki, cavabdeh orqan iddiaçıya məxsus əmək kitabçasında icra edilmiş qeydlərin düzgün olmaması qənaətindədirsə bununla bağlı məhkəməyə sübutlar təqdim etməli və icra edilmiş qeydlərin nəyə görə həqiqətə uyğun olmaması ilə bağlı mövqeyini əsaslandırmalıdır.

38. İddiaçının xüsusi iş stajına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının güzəştli iş stajının 12 il, 6 aydan artıq olması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı, texniki peşə təhsilini “elektrik qaynaqçısı” olaraq almış və işlədiyi peşə müxtəlif dərəcələr üzrə elektrik qaynaqçısı peşəsi olmuşdur.

39. İddiaçının işlədiyi əl ilə elektrik qaynaqçısı vəzifəsi 2 nömrəli Siyahıda nəzərdə tutulan 23200000 - XXXİİİ. Ümumi peşələr - 23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları - peşəsinə uyğun gəlir. Eyni zamanda, iddiaçının əmək kitabçasında qeyd olunan peşələrin “23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi ilə eyni olması, SSRİ və postsovet dövrlərində elektrik qaynaqçılarının tam əksəriyyətinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları olması səbəbindən, inandırıcı, ağlabatan və məntiqlidir, bu işlərin fərqli olması məhkəmə təcrübəsi və iş materialları ilə təsdiqini tapmır (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2101/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe).

40. Göründüyü kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 57 yaşdan yarandığından və xx.xx.2006-cı ilədək ümumi və xüsusi iş stajı ilə bağlı tələb iddiaçıya münasibətdə ödənildiyindən, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

41. İş materiallarından göründüyü kimi, iddiaçının hazırkı iddia tələbii lə məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2023-cü il tarixdə analoji tələblə cavabdeh orqana müraciət etmişdir. Odur ki, müraciət tarixindən əvvəlki son 36 ay xx.xx.2020-ci il tarixdən hesablanmaqla ödənişlər həyata keçirilməlidir

42. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə (xx.xx.2022-ci il tarixdən) sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

43. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi qoyulmalıdır.

44. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X9 şəxsin Xüsusi Şərtlərlə X8 Filialına qarşı “20 oktyabr 2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

45. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Xüsusi Şərtlərlə X8 Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18 dekabr 2023-ci il tarixli, 2-1(116)-3226/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar