Məhkəmə qərarları › İş №2-1(107)-208/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-208/2020

29.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-208/2020 29.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “Qutqaşen rayon Mədəniyyət evi üzrə xx.xx.1976-cı ildən xx.xx.1979-cu il tarixədək sürücü, xx.xx.1979-cu ildən xx.xx.2006-cı ilədək 49(7) saylı hərbi ticarət bölməsində sürücü işlədiyi müddətin iş stajına daxil edilməsi və hüququ yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-331/2020 nömrəli qərarından DSMF-in Qəbələ rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1954-cü ildə anadan olmuşdur. Qəbələ rayon Mədəniyyət Mərkəzinin xx.xx.2018-ci il tarixli 10 nömrəli arayışına əsasən Qutqaşen rayon Mədəniyyət evi üzrə xx.xx.1976-cı ildən xx.xx.1979-cu il tarixədək sürücü, Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 121 nömrəli arxiv arayışına əsasən, xx.xx.1979-cu ildən xx.xx.2006cı ilədək 49 (7) saylı Hərbi ticarət bölməsində sürücü işləmişdir. O, Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 121 nömrəli arxiv arayışının ona məxsus olması, Qutqaşen rayon Mədəniyyət evi üzrə xx.xx.1976-cı ildən xx.xx.1979-cu il tarixədək sürücü və xx.xx.1979-cu ildən xx.xx.2006-cı ilədək 49 (7) saylı hərbi ticarət bölməsində sürücü işləməsinə dair hüquqi faktın müəyyən edilməsi barədə iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(025)-1146/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilsə də, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(107)-2441/2018 nömrəli qərardadı ilə işə Şəki İnzibati Məhkəməsində baxılmalı olduğundan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(025)-1146/2018 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Buna görə o, hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Qeyd edildiyi kimi, o, işlədiyi illər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında müvafiq ərizə ilə cavabdeh şöbəyə müraciət etmişdir. Lakin cavabdeh şöbənin iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli cavab məktubunda müraciətin təmin edilməsindən imtina edilmiş və buna əsas kimi göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 5.1.1-ci bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanları qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Qutqaşen rayon Mədəniyyət evi üzrə xx.xx.1976-cı ildən xx.xx.1979-cu il tarixədək sürücü, xx.xx.1979-cu ildən xx.xx.2006-cı ilədək 49 (7) saylı hərbi ticarət bölməsində sürücü işlədiyi müddətin iş stajına daxil edilməsi və hüququ yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Cavabdeh inzibati xx.xx.2019-cu il tarixli **********5 nömrəli məktubla iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, İddiaçı 1976-2006-cı illərdə iş dövrü əmək kitabçasında qeyd olunmadığı üçün, həmin dövrün pensiya hesablanarkən ümumi iş stajına daxil edilməsi «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.2.1-ci bəndi ilə ziddiyyət təşkil edir və bu səbəbdən sosial sığorta stajına daxil edilməməlidir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-331/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh DSMF-in Qəbələ rayon şöbəsinin üzərinə İddiaçı Qutqaşen rayon Mədəniyyət evi üzrə xx.xx.1976-cı ildən xx.xx.1979-cu il tarixədək sürücü, xx.xx.1979-cu ildən xx.xx.2006-cı ilədək 49(7) saylı hərbi ticarət bölməsində sürücü işlədiyi müddətin iş stajına daxil edilməsi və hüququ yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsi öhdəliyininqoyulması qərara alınmışdır. DSMF-in Qəbələ rayon şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı yaşa görə əmək pensiyası təyin olunması tələbi ilə daxil olmuş ərizəsinə əsasən, sənədləri araşdırılaraq pensiya hüququna baxılmışdır. Bu zaman Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 121 saylı və QƏbələ rayon Mədəniyyət Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixli 10 saylı arayışlarda qeyd olunmuş iş dövrü, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları”nın 3.2.1-ci bəndinə əsasən, əmək kitabçasında qeyd olunmadığı üçün ümumi iş stajına daxil edilməmişdir. İddiaçı 1976-2006-cı illərdə iş dövrü əmək kitabçasında qeyd olunmadığı üçün, həmin dövrün pensiya hesablanarkən ümumi iş stajına daxil edilməsi «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.2.1-ci bəndi ilə ziddiyyət təşkil edir və bu səbəbdən sosial sığorta stajına daxil edilməməlidir. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-331/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-331/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-331/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, DSMF-in Qəbələ rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********4 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli 138 nömrəli DSMF-in Qəbələ rayon şöbəsində pensiya təyin edən komissiyanın qərarının əsli, xx.xx.2018-ci il tarixli 121 nömrəli Azərbaycan Respublikasının Milli X4 Rayon İcra Hakimiyyəti Qəbələ Rayon Dövlət Arxivinin arxiv arayışı, xx.xx.2018-ci il tarixli 10 nömrəli Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi İsmayıllı Regional Mədəniyyət və X3 Rayon Mədəniyyət Mərkəzinin arayışının surəti, НЗ seriyalı ******* nömrəli hərbi biletin surəti, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(107)-2441/2018 nömrəli qərardadı, xx.xx.2019-cu il tarixli **********5 nömrəli DSMF-in Qəbələ rayon şöbəsinin məktubu, xx.xx.2019-cu il tarixli aktlar aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-331/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, cavabdeh DSMF-in Qəbələ rayon şöbəsinin üzərinə İddiaçı Qutqaşen rayon Mədəniyyət evi üzrə xx.xx.1976-cı ildən xx.xx.1979-cu il tarixədək sürücü, xx.xx.1979-cu ildən xx.xx.2006-cı ilədək 49 (7) saylı hərbi ticarət bölməsində sürücü işlədiyi müddətin iş stajına daxil edilməsi və hüququ yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsi öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddiaçı Qəbələ rayon Mədəniyyət Mərkəzinin xx.xx.2018-ci il tarixli 10 nömrəli arayışına əsasən, Qutqaşen rayon Mədəniyyət evi üzrə xx.xx.1976-cı ildən xx.xx.1979-cu il tarixədək sürücü, Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 121 nömrəli arxiv arayışına əsasən, xx.xx.1979-cu ildən xx.xx.2006-cı ilədək 49 (7) saylı Hərbi ticarət bölməsində sürücü işləmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: - 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi,əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar nəzərə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3-cü maddəsinə görə, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. İş stajını təsdiq edən sənəd kimi Arayışlar nəzərə alınır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Qutqaşen rayon Mədəniyyət evi üzrə xx.xx.1976-cı ildən xx.xx.1979-cu il tarixədək sürücü işləməsi Qəbələ rayon Mədəniyyət Mərkəzinin xx.xx.2018-ci il tarixli 10 nömrəli arayışı, xx.xx.1979-cu ildən xx.xx.2006-cı ilədək 49 (7) saylı Hərbi ticarət bölməsində sürücü işləməsi Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 121 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Arxiv arayışları isə iş stajını təsdiq edən sənəd olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. Cavabdeh inzibati orqan arxiv arayışlarında olan qeydlərin həqiqi olmaması barədə sübut təqdim edə bilmir. Belə olan halda, həmin arxiv arayışı mötəbər sübut kimi qəbul edilir. Belə ki, iddiaçıya məxsus olan arxiv arayışının həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. İş materiallarında olan cavabdeh DSMF-in Qəbələ rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********5 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş yaş həddi xx.xx.2018-ci il tarixdən tamam olmuşdur və əgər 1976-2006-cı illərdə iş dövrü sığorta stajı kimi qəbul olunarsa, həmin tarixdən yaşa görə əmək pensiyası almaq hüququ yaranır. İddiaçının mübahisələndirilməyən iş stajı hərbi xidmət dövrü olmaqla, 2 il 15 gün təşkil edir. İddiaçının tələbində qeyd olunan iş stajı 30 il 1 ay təşkil edir. İddiaçının xx.xx.2019-cu il tarixli 121 saylı arayışda qeyd olunan iş stajı 27 il 5 ay 8 gün təşkil edir. Kollegiya cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının Qutqaşen rayon Mədəniyyət evi üzrə xx.xx.1976-cı ildən xx.xx.1979-cu il tarixədək sürücü işləməsi Qəbələ rayon Mədəniyyət Mərkəzinin xx.xx.2018-ci il tarixli 10 nömrəli arayışı, xx.xx.1979-cu ildən xx.xx.2006-cı ilədək 49 (7) saylı Hərbi ticarət bölməsində sürücü işləməsi Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 121 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Arxiv arayışları isə iş stajını təsdiq edən sənəd olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-331/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar