Məhkəmə qərarları › İş №2-1(107)-208/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-208/2024

04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-208/2024 04.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X6 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayonu Qazbinə bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli, 07 nömrəli iclas qərarı ilə satılmış 0.10 ha torpaq sahəsi üzərində iddiaçı X2 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2-1(116)-2261/2023 nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Balakən rayonu Qazbinə bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli, 07 nömrəli iclas qərarı ilə satılmış 0.10 ha torpaq sahəsi üzərində iddiaçı X2 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(116)-2261/2023 nömrəli qərardadı ilə Balakən rayon Mahamalar bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

3. İddia ərizəsinin əsaslarına görə, Balakən rayonu Qazbinə bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli, 07 saylı iclas qərarına, 30 dekabr 2006-cı il tarixli, 103 nömrəli sərəncamına əsasən, bələdiyyənin perspektiv inkişafı üçün saxlanmış ərazidən 0.10 ha torpaq sahəsi həyətyanı üçün iddiaçıya ayrılmışdır.

4. Bundan sonra, tərəflər arasında 30 dekabr 2006-cı il tarixdə torpaqların alqısatqısına dair akt tərtib olunmuş, həmin akt tərəflərin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin müdiri tərəfindən imzalanmaqla, həmin orqanların möhürü ilə təsdiq olunmuş, torpaq sahəsinin dəyəri alıcı tərəfindən bələdiyyənin hesabına ödənilmişdir.

5. Satılmış torpaq sahəsinin naturada yerləşməsini əks etdirən torpaq sahəsinin yerquruluşu planı bələdiyyə və DTXK-nin Balakən rayon şöbəsinin imza və möhürləri ilə təsdiq edilmiş, torpaq sahəsinin qonşuları qeyd olunmaqla iddiaçıya tanıdılmışdır.

6. Həmin vaxtdan sonra sözügedən torpaq sahəsi iddiaçının istifadəsinə verilmiş, ətrafı hasara alınmış, torpaq sahəsinə dair vergilər iddiaçı tərəfindən bələdiyyənin hesabına ödənilmişdir.

7. 2012-ci ildə sözügedən torpaq sahəsinin yerləşdiyi ərazi şəhər bələdiyyəsinin tərkibinə daxil edilmişdir. Balakən bələdiyyəsinin təqdim etdiyi məktubdan da göründüyü kimi, mübahisəli torpaq sahəsi Balakən bələdiyyəsinin onlayn qeydiyyatında olmaqla torpaq vergisi iddiaçı tərəfindən bələdiyyənin hesabına ödənilmişdir.

8. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina edərək torpaqların alqı-satqısına dair akt sənədinin ləğv edilmiş DTXK-nin Balakən rayon şöbəsinin təqdim etdiyi arxiv fondunda aşkar edilmədiyini, yerquruluşu xəritəsində qeyd olunan sahəsinin bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunduğunu göstərmişdir.

9. Bu səbəbli, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

10. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə alqı-satqı yolu ilə bələdiyyədən əldə etdiyi 0,10 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsinə köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir.

11. Ərizə ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, həmin 0,10 ha torpaq sahəsinə dair “Torpaqların alqı-satqısına dair Akt” sənədi Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin təqdim etdiyi arxiv fondunda aşkar edilməmişdir.

12. Bundan başqa, sözügedən 0,10 ha torpaq sahəsinə dair tərtib olunmuş yerquruluşu xəritəsində göstərilən sahə ərazi idarəsinin xidməti istifadəsində olan “Torpaqların elektron kadastr uçotu informasiya sistemi”ndə bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqlar kimi qeyd olunmuşdur. Buna görə də ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2- G-0002-8/2023 (**********95) nömrəli məktub ünvanlanmışdır.

13. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

14. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinn iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 18 dekabr 2023-cü il tarixli 2-1(116)-2261/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

16. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə həmin qərardan apellyasiya şikayəti vermişdir.

17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin Balakən rayonu Mahamalar bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, Balakən rayonu Mahamalar bələdiyyəsinin iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmiş, Balakən bələdiyyəsi iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından göründüyü kimi, Balakən rayonu Qazbinə bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli, 07 saylı iclas qərarına, 30 dekabr 2006-cı il tarixli, 103 nömrəli sərəncamına əsasən, bələdiyyənin perspektiv inkişafı üçün saxlanmış ərazidən 0.10 ha torpaq sahəsi həyətyanı üçün iddiaçıya ayrılmış, tərəflər arasında 30 dekabr 2006-cı il tarixdə torpaqların alqısatqısına dair akt tərtib olunmuş, həmin akt tərəflərin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin müdiri tərəfindən imzalanmaqla, həmin orqanların möhürü ilə təsdiq olunmuş, torpaq sahəsinin dəyəri 16 mart 2007-ci il tarixdə alıcı tərəfindən bələdiyyənin hesabına ödənilmişdir. Sadalanan halları təsdiq edən sənədlər bələdiyyə tərəfindən iddiaçıya təqdim edilmişdir. Hazırda mübahisə predmetini təşkil edən torpaq sahəsinin yerləşdiyi ərazi Balakən şəhər bələdiyyəsinin ərazisinə birləşdirilmiş, Balakən şəhər bələdiyyəsi həmin torpaq sahəsinin iddiaçının adına qeydiyyat olmasını və vergilərin iddiaçı tərəfindən ödənilməsini təsdiq etmişdir. Birinci instansiyası məhkəməsi işi hərtərəfli araşdırmamış, qeyd olunan halları nəzərə almadan qərar qəbul etmişdir ki, bununla da iddiaçının hüquq və azadlıqlarının inzibati və məhkəmə təminatı, ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Sadalanan maddi hüquq normaları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasları tənzimləyərək müəyyən etmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət qeydiyyatı üçün əsasdır. İddiaçının iddia tələbinin əsasını təşkil edən mübahisəli torpaq sahəsinin satılmasına dair qərar və alqı-satqı aktı ilə müəyyən olunur ki, mübahisəli torpaq sahəsi iddiaçıya satılmış və torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən bələdiyyənin hesabına ödənilmişdir. Birinci instansiya məhkəməsi hüquqların dövlət qeydiyyatı üçün əsas olan bələdiyyə qərarı və alqı-satqı aktına sübut kimi qiymət verməyərək maddi hüquq normalarının tələblərini pozmuşdur. Halbuki, təqdim edilmiş sənədlər iddiaçının tələbinin təmin olunması üçün kifayət qədər mötəbər sənəddir. Göründüyü kimi, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Cavabdeh inzibati orqan mübahisəli torpaq sahəsinin iddiaçıya satılmasına dair qərar və alqı-satqı aktının etibarsız sayılmasına dair müvafiq məhkəmə qərarının mövcudluğu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2-1(116)- 2261/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2-1(116)-2261/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2-1(116)-2261/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxs Balakən bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmişdir.

22. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

23. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-3493/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, həmin torpaq sahəsinin naturada ölçüləri 0.117 ha olmaqla TEKUİS məlumat bazasına əsasən Balakən şəhərinin hüdudları daxilində Balakən bələdiyyəsinin mülkiyyətinə aid kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlara aid uqodiyası isə çoxillik əkmələr ərazisi kimi işlənilmişdir. İddia olunan torpaq sahəsinin faktiki istifadəçisi İddiaçıdur. Həmin torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri, sahəsi və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. - Balakən bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 142 nömrəli məktubuna əsasən, Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı iclas protokolunun qərarına əsasən İddiaçı satılmış 0.10 ha həyətyanı torpaq sahəsi 2012-ci il tarixdən Balakən bələdiyyəsinin ərazisinə birləşdirilmişdir. Həmin 0.10 ha həyətyanı torpaq sahəsi İddiaçı istifadəsindədir. Balakən bələdiyyəsində onlayn qeydiyyatdadır və torpaq vergisi İddiaçı tərəfindən ödənilir. - Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Balakən rayonu Qazbinə bələdiyyəsi tərəfindən İddiaçı 0,10 ha torpaq sahəsi satılmış və torpağın dəyəri olaraq iddiaçı tərəfindən 382 manat ödənilmişdir. Torpaqların alqı-satqısına dair aktı xx.xx.2006-cı il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. - Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli sərəncamı ilə İddiaçı bələdiyyənin mülkiyyətinə aid olan perspektiv ərazidən 0.10 ha torpaq sahəsinin alqı-satqı qaydası ilə verilməsi qərara alınmışdır. - Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli iclas protokolundan çıxarışdan görünür ki, İddiaçı bələdiyyənin mülkiyyətinə aid olan perspektiv ərazidən 0.10 ha torpaq sahəsinin alqı-satqı qaydası ilə verilməsi qərara alınmışdır. - Balakə rayonu Qazbinə bələdiyyəsinin mülkiyyətinə aid olan ərazidən Qullar kənd sakini İddiaçı həyətyanı üçün alqı-satqı yolu ilə verilməsi nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu xəritəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. - Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş cavabdehin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə aydınlıq gətirilməsi barədə məktubuna əsasən, Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 nömrəli iclas qərarı ilə İddiaçı satılan zaman 0.10 ha torpaq sahəsi Qazbinə kəndinin kompleks yerquruluşu layihəsinə (DWG) əsasən yaşayış məntəqələri torpaqlarına aid həyətyanı məqsədləri üçün nəzərdə tutulan bələdiyyə mülkiyyətində saxlanılan ərazi olmuşdur. - Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli iclas protokolundan görünür ki, torpaq sahəsinin verilməsi nəzərdə tutulmuş şəxslərin siyahısında 8-ci sırada X3 adı qeyd edilmişdir. Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli iclas protokoluna əsasən torpaq sahəsinin verilməsi nəzərdə tutulmuş şəxslərin siyahısında qeyd olunan X7 adlı şəxsin olub-olmaması və ya həmin protokolda İddiaçı soyadının texniki səhv olaraq X1 qeyd edilib-edilməməsi barədə məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Balakən bələdiyyəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən, Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli iclas protokoluna əsasən torpaq sahəsinin verilməsi nəzərdə tutulan şəxslərin siyahısında qeyd olunan X7 adlı şəxs yoxdur. Həmin protokolda qeyd olunan Göyüşov X5 bələdiyyəsinin BAMS proqramında 2017-ci ildən 0.10 ha torpaq sahəsinin vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. - xx.xx.2007-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən Qazbinə bələdiyyəsinin hesabına 0.10 ha torpaq sahəsinin dəyəri olaraq 382 manat məbləğində pul ödənilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

24. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

26. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin “aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.

27. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.3-cü maddəsinə görə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

29. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

30. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

31. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

32. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilən xx.xx.2006-cı il tarixli, 07 saylı iclas protokolundan çıxarış və xx.xx.2006-cı il tarixli 103 nömrəli sərəncamı isə sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas hesab edilə bilməz. Belə ki, “iclas protokolundan çıxarış” istinad olunduğu iclas protokolunda müraciət edən subyektə müvafiq torpaq sahəsinin ayrılması ilə bağlı məlumatların mövcudluğunu təsdiq edən sənəddir. İlkin iclas protokolunda torpaq sahəsinin ayrılması ilə bağlı qeyd yoxdursa “iclas protokolundan çıxarış” ayrılıqda hər hansı hüquqi qüvvəyə malik deyildir. Məhkəmə tərəfindən xx.xx.2006-cı il tarixli, 07 saylı iclas protokolundan çıxarışın istinad olunduğu iclas protokolunun məzmunu bütövlükdə tədqiq edilmiş və müəyyən edilmişdir ki, istinad olunan iclasda iddiaçıya torpaq sahəsinin ayrılması qərara alınmamışdır.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. Məhkəmə kollegiyası tərəfindən işə əlavə edilmiş sənədlərin tədqiqi zamanı müəyyən edildi ki, Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı iclas protokolunun qərarına əsasən İddiaçı satılmış 0.10 ha həyətyanı torpaq sahəsi 2012ci il tarixdən Balakən bələdiyyəsinin ərazisinə birləşdirilmişdir. Həmin 0.10 ha həyətyanı torpaq sahəsi İddiaçı istifadəsindədir. Balakən bələdiyyəsində onlayn qeydiyyatdadır və torpaq vergisi İddiaçı tərəfindən ödənilir. Balakən rayonu Qazbinə bələdiyyəsinin mülkiyyətinə aid olan ərazidən Qullar kənd sakini İddiaçı həyətyanı üçün alqı-satqı yolu ilə verilməsi nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu xəritəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. xx.xx.2007-ci il tarixli kassa mədaxil orderinin qəbzindən də göründüyü kimi İddiaçı tərəfindən Qazbinə bələdiyyəsinin hesabına 0.10 ha torpaq sahəsinin dəyəri olaraq 382 manat məbləğində pul ödənilmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli iclas protokolunda torpaq sahəsinin verilməsi nəzərdə tutulmuş şəxslərin siyahısında 8-ci sırada X3 adı qeyd edilmişdir. Göründüyü kimi, X7 ilə İddiaçı adları və ata adları eyni olmuş, yalnız soyadı fərqli qeyd edilmişdir. Məhkəmə kollegiyası tərəfindən X7 adlı şəxsin olub-olmaması və ya həmin protokolda İddiaçı soyadının texniki səhv olaraq X1 qeyd edilib-edilməməsi barədə Balakən bələdiyyəsinə sorğu edilmiş və sorğuya cavab olaraq Balakən bələdiyyəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli iclas protokoluna əsasən torpaq sahəsinin verilməsi nəzərdə tutulan şəxslərin siyahısında qeyd olunan X7 adlı şəxs yoxdur. Həmin protokolda qeyd olunan Göyüşov X5 bələdiyyəsinin BAMS proqramında 2017-ci ildən 0.10 ha torpaq sahəsinin vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.

37. Göründüyü kimi, Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07 saylı iclas protokolunda 8-ci sırada adı qeyd edilmiş X7 adlı şəxs ümumiyyətlə həmin kənddə mövcud olmamışdır. Bununla yanaşı qeyd olunan torpaq sahəsinin Qazbinə bələdiyyəsi tərəfindən ayrılması nəzərdə tutulmuş və torpaq sahəsinin verilməsi nəzərdə tutulmuş şəxslərin siyahısında 8-ci sırada Qazbinə bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsinin X4 ayrılması, torpaq sahəsinin dəyərinin 38 manat 20 qəpik olaraq ödənilməsi müəyyən edilmiş və İddiaçı 2017-ci ildən 0.10 ha torpaq sahəsinin vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş mədaxil orderindən də göründüyü kimi iddiaçı tərəfindən torpağın dəyəri olaraq 382 manat bələdiyyənin hesabına ödənilmişdir.

38. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli iclas protokolunda 8-ci sırada İddiaçı adı texiniki səhv olaraq X1 qeyd edilmişdir. Bununla yanaşı iclas protokolundan çıxarışda mübahisə predmeti olan 0.10 ha torpaq sahəsinin alqı-satqı qaydasında Qazbinə bələdiyyəsi tərəfindən İddiaçı ayrılması təsdiq olunmuşdur.

39. Bundan başqa məhkəmə kollegiyası cavabdehin iddiaçının müraciətindən imtinanın əsası kimi göstərdiyi mübahisə predmeti olan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, bununla bağlı kollegiyanın sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024cü il tarixli mütəxəssis rəyinə aydınlıq gətirilməsi barədə məktuba əsasən, Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 nömrəli iclas qərarı ilə İddiaçı satılan zaman 0.10 ha torpaq sahəsi Qazbinə kəndinin kompleks yerquruluşu layihəsinə (DWG) əsasən yaşayış məntəqələri torpaqlarına aid həyətyanı məqsədləri üçün nəzərdə tutulan bələdiyyə mülkiyyətində saxlanılan ərazi olmuşdur.

40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktların daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunması göstərilmişdir.

41. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.

42. Azərbaycan Respublikasının Konstitusiyasının 145-ci maddəsinə (bələdiyyələrin qərarları) əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (İİ). Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir (İİİ).

43. Həmçinin “Bələdiyyələrin statusu haqqında” Qanunun 1-ci maddəsində (yerli özünüidarə anlayışı) bələdiyyələr ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş üzvlərindən ibarət nümayəndəli kollegial orqan olaraq təsbit edilmişdir.

44. Həmin Qanunun 16-cı maddəsinin 4-cü və 6-cı bəndlərinə əsasən (Bələdiyyənin iclası) Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir.

45. Yuxarıda göstərilən inzibati işə əlavə edilmiş sənədlərdən, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatlardan, məhkəmə kollegiyası tərəfindən verilmiş sorğularla bağlı cavablardan göründüyü kimi, iddiaçının həmin torpaq sahəsinin ayrılması ilə bağlı keçirilməsi nəzərdə tutulmuş iclasda ona torpaq sahəsinin ayrılması qərara alınmışdır.

46. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz.

47. “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan, mübahisə predmeti olan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid olması səbəbi ilə əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

48. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, işə baxan birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 12 və 48-ci maddələrinin tələblərinə əsasən işin faktiki hallarını tam araşdırmamış, iş üzrə zəruri olan sorğular edilməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

49. Beləliklə, inzibati işə əlavə edilmiş sənədləri, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları, məhkəmə kollegiyası tərəfindən verilmiş sorğularla bağlı cavabları və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Balakən rayonu Qazbinə bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli, 07 nömrəli iclas qərarı ilə satılmış 0.10 ha torpaq sahəsi üzərində iddiaçı X2 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulmalıdır.

50. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2-1(116)-2261/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Balakən rayonu Qazbinə bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli, 07 nömrəli iclas qərarı ilə satılmış 0.10 ha torpaq sahəsi üzərində iddiaçı X2 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar