Məhkəmə qərarları › İş №2-1(107)-208/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-208/2025

23.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-208/2025 23.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X14 oölundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, İddiaçı, Cavabdeh orqanın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli 2-1(116)-2495/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir.

2. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-69/2024 nömrəli qərardadı ilə Oğuz bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1990-cı il tarixdə X5 Cəmiyyətində (X13) əməliyyatçı vəsifəsinə işə qəbul edilmişdir. O Səbuhi Məhərrəmov ilə evləndikdən sonra, həmkarlar ittifaqı təşkilatının xx.xx.1993-cü il tarixli, 05 nömrəli qərarı ilə ünvan 1 ünvanında olan torpaq sahəsi və onun üzərində yerləşən yarımçıq tikili (divarlar) növbədənkənar onun mülkiyyətinə verilmişdir. Torpaq sahəsi X8 balansındadır. Həmin tikilinin yaşamaq üçün şəraiti olmadığından, X13na ərizə ilə müraciət edərək yarımçıq tikilidən yaşayış evinin tikilməsinə razılıq almışdır. Bundan sonra həmin torpaq sahəsində öz hesabına fərdi yaşayış evi tikmişdir. X5 Cəmiyyəti zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Zaqatala rayon Məhkəməsinə müraciət etmişdir. Lakin iddia təmin edilməmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)- 603/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində həmin torpaq sahəsində fərdi yaşayış evinin öz hesabına tikilməsi öz əksini tapmışdır. “Fərdi yaşayış evində istifadə hüququnun tanınması, həmin evə köçürülməsi və cavabdehin qərəzli hərəkətlərinə son qoyulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin mülkiyyət hüququnu təsdiq edən sənədi olmadığından Zaqatala Rayon Məhkəməsinin 2(033)- 101/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Sabiq həyat yoldaşı Səbuhi Məhərrəmovun başqa evi təsərrüfatı vardır. Mübahisəli yaşayış sahəsinə heç bir aiddiyyəti yoxdur qanunsuz olaraq sözügedən evi zəbt etmişdir. Mülkiyyət hüququnu təsdiq edən sənədi olmadığından Səbuhi Məhərrəmova qarşı iddia qaldıra bilmir. ünvan 2 ünvanında yerləşən 0,0084 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi üzərində hüquqlarının dövlət qeydiyyatı məqsədi ilə iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, lakin, sonuncu 23 fevral 2024-cü il tarixli məktubları ilə hüquqların dövlət qeydiyyatından imtina etmişdir. Nəticədə, o həmkarlar ittifaqı təşkilatının xx.xx.1993-cü il tarixli, 05 nömrəli qərarına əsasən ona verilmiş ünvan 3 ünvanında yerləşən 0,0084 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

4. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı X8 Həmkarlar ittifaqı təşkilatının 9 sentyabr 1993-cü il tarixli 05 nömrəli qərarı ilə yaşamaq üçün istifadəsinə verilmiş ünvan 3 ünvanında yerləşən 0,0084 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə hüququnun qeydiyyatı haqqında reyestrdən çıxarışın verilməsi ilə bağlı 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Ərizə ilə bağlı sözügedən torpaq sahəsinə dair iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, ərizəyə fərdi yaşayış evi ilə bağlı hər hansı sənəd əlavə edilməmiş, torpaq sahəsinin ayrılması ilə bağlı ərizəyə əlavə olunmuş X8 Həmkarlar ittifaqı təşkilatının 9 sentyabr 1993-cü il tarixli qərarı isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas kimi müəyyən edilməmişdir. Buna görə də iddiaçının ərizəsi təmin olunmamışdır.

5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin 23 fevral 2024-cü il tarixli imtina məktublarından görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AZ-İ N 103546 saylı Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 və X6 xx.xx.2008-cil tarixdə nikahları pozulmuşdur. - ********* saylı arayışdan görünür ki, Anar Həmidov ev 5 ünvanında yaşayan vətəndaş X4 ondan ötrü ki, o həqiqətən ******* saylı telefonun abunəçisi olmuş və 19 aprel 2011-ci il tarixdə telefonu TRİQ-na uyğun qovşağa təhvil vermişdir. -Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(033)-603/2022 saylı Qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X1 qarşı Zaqatala şəhəri, A.Həmidov küçəsi, döngə 5 ünvanında yerləşən "xxxx" MMCnin Şimal-qərb filialının Zaqatala şöbəsinin balansında olan torpaq sahəsinin X3 tərəfindən zəbt edilmiş 0,0084 ha hissəsində tikilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin "xxxx" MMC-yə təhvil verilməsi tələbinə dair iddiası rədd edilmiş, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilmişdir.

6. Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 20 noyabr 2024-cü il tarixli e- 2-1(116)-2495/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, iddia əsassızdır. İş materiallarından görünür ki, X13 HKH-nin 9 sentyabr 1993-cü il tarixli qərarı özündə iddiaçıya müvafiq torpaq sahəsinin ayrılmasını deyil, müəssisənin anbar sahəsindəki yarımçıq tikilinin tamamlanmaqla yaşayış üçün onun istifadəsinə ayrılmasına razılıq verilməsini əks etdirir. Bundan başqa, həmin tikilinin şəxsə ayrılması balanssaxlayıcı kimi yerli xalq deputatları soveti və ya iş yeri sayılan müəssisə tərəfindən verilmiş orderlə rəsmiləşdirilə bilərdi. Lakin işin hallarından məlum olur ki, anbar sahəsindəki tikili ayrılarkən yarımçıq qalmışdır və mənzil deyil. Müvafiq dövrdə, yəni 9 sentyabr 1993-cü il tarixdə qüvvədə olmuş qanunvericilik normaları vətəndaşlara torpaq sahəsinin ayrılması səlahiyyətini yerli xalq deputatları sovetlərinə (sonradan yerli icra hakimiyyəti orqanları) aid etmişdir. X13, eləcə də həmin qurumun Həmkarlar Təşkilatı şəxsə torpaq ayrılmasında səlahiyyətli olmamışdır. İddiaçı torpaq sahəsində yerləşən tikiliyə hüququnu təsdiq edən sənəd kimi X13 HKH-nin qərarını təqdim etsə də, bu sənəd «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinin müddəalarında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi müəyyən olunan hüquq müəyyənedici sənədlərin dairəsinə düşmür.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli 2-1(116)-2495/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinə müraciət edərək «torpaq sahəsinə və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı tərəfindən (ünvan: Zaqatala şəhəri, A.Həmidov küçəsi, ev 55) (tel.: ***-***- **-**) Azərbaycan RespublikasıŞ əki İnzibati Məhkəməsinin“20” noyabr 2024-cü il tarixli, e-2-1(116)-2495/2024 iş nömrəli qərarı ilə iddiası rədd edilmişdir. Qərarı şəxsi kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə almışdır. Məhkəmənim qərarından narazıdır: Apellyasiya instansiyasının nəzərinə çatdırmaq istəyir ki, birinci instansiya məhəkəməsi qeyd olunan qərarı qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, təqdim olunmuş sübutlara düzgün qiymət verməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırılmamışdır. O, xx.xx.1990-cı il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X13nda əməliyyatçı vəzifəsinə işə qəbul edilmişdir. Səbuhi Məhərrəmov ilə evləndikdən sonra, həmkarlar ittifaqının xx.xx.1993-cü il tarixli, 05 nömrəli qərarı ilə ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki yarımçıq tikili mənim mülkiyyətimə verilmişdir. Həmin torpaq sahəsi X8 balansında olub və yarımçıq tikilinin yaşayış üçün yararsız olması səbəbindən fərdi yaşayış evinin tikilməsi üçün ərizə ilə müraciət etmiş və razılıq almışdır. Öz maliyyə vəsaiti hesabına həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. "xxxx" MMC həmin torpaq sahəsinin boşaldılması üçün Zaqatala Rayon Məhkəməsinə müraciət etsə də, bu iddia xx.xx.2022-ci il tarixdə təmin edilməmiş və qətnamədə onun hesabına fərdi yaşayış evi tikildiyi öz əksini tapmışdır. Qeyd etmək istəyir ki, Həmkarlar İttifaqının xx.xx.1993-cü il tarixli 05 nömrəli qərarı ilə qeyd olunan ünvanda yerləşən torpaq sahəsi və üzərindəki yarımçıq tikili onun mülkiyyətinə verilərkən Respublikada torpaq islahatı aparılmamışdır. Həmin torpaq sahəsi və yarımçıq tikili islahatdan əvvəl mənim mülkiyyətinə verildiyindən onun şəxsi mülkiyyəti sayılmalıdır.Lakin məhkəmə bütün bunları nəzərə almamışdır. Bununlada onun mülkiyyət hüququ pozulmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir

Tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı bildirmişdir ki, 1993-cü ildə işlədiyi müəssisənin həmkarlar komitəsinə müraciət etmişdir ki, ona ev verilsin. O zaman poçt əməkdaşları üçün ev tikilmədiyindən ona torpaq sahəsi və həmin torpaq sahəsində olan yarımtikili verildi. O, həmin yarımtikilini tamalamış və yaşamağa başlamışdır. Həyat yoldaşından ayrılandan sonra həmin evdə həyat yoldaşı yaşayır. O, həmin evdən pay tələb edəndə ona bildirildi ki, evin çıxarışı olmadığı üçün ona pay düşmür. Buna görə də, reyestr xidmətinə müraciət etmişdir. Reystr xidməti də çıxarış verməkdən imtina etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zaqatala rayon poçtmatında əməliyyatçı vəzifəsində işləmişdir. Ona həmin yarımtikilinin həmkarlar komitəsinin sədri Nəbi Süleymanov verib. Həmkarlar komitəsinin torpaq sahəsi vermək səlahiyyəti var idi. Ona bildirilmişdir ki, həmin torpaq sahəsi telekommunikasiyanın balansındadır. Ev tikilib qurtarıb və həmin evdə yaşayış da var. Ona verilən torpaq sahəsi ünvan 6 ünvanında yerləşir. Hal-hazırda həmin evdə keçmiş həyat yoldaşı öz ailəsi ilə birlikdə yaşayır. O, 2018-ci ildə həyat yoldaşından ayrılmışdır. Qonşuluqda evlər də var. Həmin qonşular torpaq sahəsinə dair çıxarış da alıblar. Ona verilən torpaq sahəsi "xxxx"un balansında deyil. "xxxx"un ərazisi başqa yerdə yerləşir və həmin əraziyə dirəklər yığılıb. O, evə köçməklə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə ona bildirmişdir ki, evi sənədləri olmadığı üçün onu həmin evə köçürmək mümkün deyil. Hal-hazırda onu həmin evdən heç kim çıxarmır, sadəcə keçmiş həyat yoldaşı ona həmin evdə yaşamağa imkan vermir. Həmin evdə keçmiş həyat yoldaşı öz ailəsi ilə birlikdə yaşayır. Torpaq sahəsi ona həmkarlar komitəsinin rəyinə əsasən telekommikasiyada işlədiyi və yeni ailə qurduğu üçün verilmişdir. O, 16 ildir ki, həmin evdən çıxmışdır. Torpaq sahəsiən dair sənədlər onun adınadır. Keçmiş həyat yoldaşı hazırkı iş üzrə 3-cü şəxs qismində cəlb edilməyib. Onun hazırkı işı 3-cü şəxs qismində cəlb edilməsinə etiraz etmir. O keçmiş həyat yoldaşına barışığa gəlməyi təklif etmişdir. Lakin o, razı olmamışdır. O, qeyd olunan yaşayış evindən özünə düşən payı tələb edir. Hal-hazırda Bakı şəhərində kirayədə yaşayır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə bildirdi ki, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 20 noyabr 2024cü il tarixli 2-1(116)-2495/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, İddiaçıya verilmiş torpaq sahəsi dövlət mülkiyyətidir, sadəcə iddiaçıya yaşamaq hüququ verilib. Həmin torpaq sahəsinin iddiaçıya verilməsinə dair heç bir sənəd yoxdur. Bununla bağı ancaq Ali Məhkəmənin qərarı var. "xxxx" MMC evin sökülməsi ilə bağlı iddia qaldırsa da, iddia təmin olunmayıb. İddiaçıda ancaq həmkarlar şurasının qərarı var. İddiaçıya izah olunub ki, torpaq sahəsi dövlət əmlakıdır. O, birinci Dövlət Əmlak Komitəsinə müraciət edib müvafiq sənədləri alandan sonra reyestr xidmətinə müraciət edə bilər. İddiaçının keçmiş həyat yoldaşının həmin evdən istifadə hüququ var. Ali Məhkəmənin 2023-cü il tarixli qərarına əsasən "xxxx" MMC-nin iddiası təmin olunmayıb.

13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işə üçüncü şəxs qismində zəruri cəlb edilmiş X3 məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Tətbiq edilən hüquq

14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçiril Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 12 . Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi

1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.

3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

17. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun 7.2-ci bəndində əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

18. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. 14-cü maddəsinə əsasən sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi qaydası Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi müəyyən edilmiş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 12ci maddədə, beşinci hissədə "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının ... sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ...” sözləri ilə əvəz edilmişdir.

19. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 1.0 Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: Maddə 1.0.1 Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

20. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

21. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna X21 və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar;

Apellyasiya şikayətinin mümkünlüyü

22. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

27. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlillərindən birincisi ondan ibarətdir ki, həmkarlar İttifaqının xx.xx.1993-cü il tarixli 05 nömrəli qərarı ilə qeyd olunan ünvanda yerləşən torpaq sahəsi və üzərindəki yarımçıq tikili onun mülkiyyətinə verilərkən Respublikada torpaq islahatı aparılmamışdır. Həmin torpaq sahəsi və yarımçıq tikili islahatdan əvvəl onun mülkiyyətinə verildiyindən onun şəxsi mülkiyyəti sayılmalıdır. Lakin məhkəmə bütün bunları nəzərə almamışdır. Bununlada onun mülkiyyət hüququ pozulmuşdur.

28. Məhkəmə kollegiyası iddiaçının həmin dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsinin 7-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər: Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının, eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Torpaq məsələlərinə baxmaq və onlara dair qərar hazırlamaq üçün xalq deputatları Soveti torpaq komissiyası yaradır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir. Siyahının 2-ci bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: - Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: (2.1) şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; (2.2) rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; (2.3) kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; (2.4) üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); (2.5) yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; (2.6) fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənziltikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; (2.7) yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədləri də bu əsaslar sırasında nəzərdə tutur Hazırkı işin hallarına görə 9 sentyabr 1993-cü il tarixdə X13 Həmkarlar Komitəsi Heyətinin qərarı ilə orada işləyən şəxs kimi İddiaçı istifadəsinə Qovşağın anbar sahəsində yarımçıq tikilinin onun öz hesabına fərdi yaşayış evinə tamamlanması məsələsinə razılıq verilmişdir. İddiaçı həmin tikilinin başa çatdırılmasından sonra onun və yerləşdiyi torpaq sahəsinin mülkiyyəti kimi qeydiyyat alınmasını tələb edir. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşmır və iddianı aşağıdakılara görə əsassız sayır: - X13 HKH-nin 9 sentyabr 1993-cü il tarixli qərarı özündə iddiaçıya müvafiq torpaq sahəsinin ayrılmasını deyil, müəssisənin anbar sahəsindəki yarımçıq tikilinin tamamlanmaqla yaşayış üçün onun istifadəsinə ayrılmasına razılıq verilməsini əks etdirir. Bundan başqa, həmin tikilinin şəxsə ayrılması balanssaxlayıcı kimi yerli xalq deputatları soveti və ya iş yeri sayılan müəssisə tərəfindən verilmiş orderlə rəsmiləşdirilə bilərdi. Lakin işin hallarından məlum olur ki, anbar sahəsindəki tikili ayrılarkən yarımçıq qalmışdır və mənzil deyil. - müvafiq dövrdə, yəni 9 sentyabr 1993-cü il tarixdə qüvvədə olmuş qanunvericilik normaları vətəndaşlara torpaq sahəsinin ayrılması səlahiyyətini yerli xalq deputatları sovetlərinə (sonradan yerli icra hakimiyyəti orqanları) aid etmişdir. X13, eləcə də həmin qurumun Həmkarlar Təşkilatı şəxsə torpaq ayrılmasında səlahiyyətli olmamışdır. - iddiaçı torpaq sahəsində yerləşən tikiliyə hüququnu təsdiq edən sənəd kimi X13 HKH-nin qərarını təqdim etsə də, bu sənəd «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinin müddəalarında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi müəyyən olunan hüquq müəyyənedici sənədlərin dairəsinə düşmür. Belə olan halda, məhkəmənin qənaətinə görə İddiaçı ünvan 3 ünvanındakı 0,0084 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsi haqlı olmuşdur

36. Yuxarıda göstərilənlərdən əlavə məhkəmə kollegiyası qeyd edir ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Qanunun 7-ci maddəsinin tələbinə əsasən bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, ... torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

37. Daha sonra qeyd edilməlidir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

38. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar qəbul olunarkən həmin tələblər nəzərə alınmalıdır.

39. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.

40. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Belə olan halda iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

41. Beləliklə, mübahisə üzrə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

42. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

43. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, “ünvan 3 olaraq yuxarıda sözügedən protokolda nəzərdə tutulan tikili və sahənin aid olduğu ünvandakı 0,0084 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

44. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli 2-1(116)-2495/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar