Məhkəmə qərarları › İş №2-1(107)-209/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-209/2021

07.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-209/2021 07.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X13, X17) “mərhum ataları X6 mülkiyyətində olan Zaqatala rayonu Zilban kəndindəki fərdi yaşayış evinin yerləşdiyi 0,169 ha həyətyanı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 75-ci vərəqəsində və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair 14 oktyabr 2011-ci il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"da, o cümlədən, 53 nömrəli reyestr kitabının 92-ci vərəqəsində və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair 05 iyun 2020-ci il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”da düzəliş edilərək, həmin torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 o cümlədən, mərhum anaları X14 ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(116)-317/2021 nömrəli qərarından iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Zaqatala rayonu AİK-nın 25.09.2003-cü il tarixli 110 saylı qərarına əsasən iddiaçılar və onların mərhum ata və anasının ümumi birgə mülkiyyətinə Zaqatala rayonu, Zilban kəndində 1832.03 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. X4 özünə düşən torpaq payının 142 kv.m hissəni iş üzrə üçüncü şəxs X1. İddiaçılar torpaq sahəsinin satılmasına etiraz etməmiş və hazırkı mübahisədə V.Bəhərçiyevanın təqsirinin olmadığını bildirirlər. İş üzrə digər üçüncü şəxs X17 vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün Zaqatala Rayon Məhkəməsinə müraciət etdikdən sonra iddiaçılara məlum olmuşdur ki, qeyd olunan AİKnın 25.09.2003-cü il tarixli 110 nömrəli qərarına əsasən iddiaçılar və onların mərhum ata və anasının ümumi birgə mülkiyyətinə verilmiş 1832.03 kv.m torpaq sahəsi üzərində yalnız tək mülkiyyətçi kimi X4nun mülkiyyət hüququ qeydə alınmış və müvafiq çıxarış verilmişdir. İddiaçılar cavabdeh inzibati orqana müraciət edərək, özləri və mərhum Gülşamat Serovanın mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışlarda düzəlişlərin edilməsini xahiş etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsinin İdarənin səlahiyyətlərində olmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmiş və məhkəməyə müraciət etməyi iddiaçılara tövsiyyə etmişdir. Cavabdehin etirazı: Aparılan araşdırma zamanı məlum olmuşdur ki, 0.1832 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi hazırkı iş üzrə iddiaçıların razılıq ərizələri əsasında X6 tam mülkiyyətinə verilmiş və bununla bağlı qeydiyyat nömrəsi ********** olan 14.10.2011-ci il tarixli çıxarış tərtib edilmişdir. M.Serov daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin 0.0142 ha hissəsini notarial qaydada 22.10.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iş üzrə digər üçüncü şəxs V.Bəhərçiyevaya satmış, yerdə qalan 0.169 ha torpaq sahəsinə isə fərdi yaşayış evi ilə birgə qeydiyyat nömrəsi ********** olan 05.06.2020-ci il tarixli çıxarış tərtib edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıların müraciətinin təmin edilməsi ərazi idarəsinin səlahiyyətləri daxilində olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İş üzrə üçüncü şəxsin məhkəməyə ünvanladığı 09.11.2020-ci il tarixli ərizədə qeyd edilir ki, sözügedən torpaq sahəsi əri M.Serovun mülkiyyətinə verilən zaman iş üzrə iddiaçıların adları AİK-nın qərarına əsasən subyektlərin siyahısında olmamışdır. Üçüncü şəxs mübahisənin vərəsəliklə bağlı olduğunu qeyd edərək, işin mülki məhkəmə icraatında baxılmalı olduğu qənaətindədir. Birinci instansiya Məhkəməsinin iclasında iddiaçının vəkili iddianın təmin edilməsini xahiş etdi. Birinci instansiya Məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şəki İnzibati Məhkəməsinin 09.02.2021-ci il tarixli, 2-1(116)-317/2021 nömrəli qərarı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X13, X17) “mərhum ataları X6 mülkiyyətində olan Zaqatala rayonu Zilban kəndindəki fərdi yaşayış evinin yerləşdiyi 0,169 ha həyətyanı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 75-ci vərəqəsində və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair 14 oktyabr 2011-ci il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"da, o cümlədən, 53 nömrəli reyestr kitabının 92-ci vərəqəsində və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair 05 iyun 2020-ci il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”da düzəliş edilərək, həmin torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 o cümlədən, mərhum anaları X14 ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 apellyasiya şikayətini onunla əsaslandırılmışlar ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, Şəki İnzibati Məhkəməsi 09 fevral 2021-ci il tarixli, 2-l(116)-317/2021 iş nömrəli qərarında qeyd edir ki, “ Məhkəmə hesab edir ki, iddiaçılar hələ 03.10.2011 -ci il tarixində Zaqatala rayonu, Zilban kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin vahid daşınmaz əmlak obyekti kimi X6 adına qeydiyyata alınmasına etiraz etmədikləri iiçün həmin zaman mərhumun adına reyestrdə mülkiyyət hüququnun qeydiyyata alınmasında ehtiva olunan cavabdeh inzibati orqanın hərəkəti qanuni olmuşdur. İddiaçılar könüllü olaraq razılıq verdikləri üçün cavabdeh tərəfindən aparılmış qeydiyyatın qanunsuz olmasına istinad edə bilməzlər." İlk olaraq qeyd olunmalıdır ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 məhkəmənin iddianın rədd edilməsinin əsası kimi istinad etdiyi razılıq ərizələrini yazarkən, onların niyyəti fərdi yaşayış evi üzərində ataları, həmin evin yerləşdiyi torpaq sahəsi üzərində bütün mülkiyyətçilərin hüquqlarının dövlət qeydiyyatına alınması olmuşdur. İddiaçılar həmin ərizələrin mülkiyyət hüquqlarının pozacağından xəbərsiz olmuşdurlar. Belə ki, qeyd olunan ərizənin yazılmasının nəticələri onlara izah edilməmişdir. Bununla yanaşı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin həmin ərizələrə istinadən qeyd olunan torpaq sahəsi üzərində yalnız iddiaçıların mərhum ataları X6 hüquqlarmm dövlət qeydiyyatına alınması qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərindg sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənini 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənini 144.2-ci maddəsinə əsasən, sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqmda müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşmmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Lakin, iş materiallarından da göründüyü kimi, həm ərizənin yazıldığı vaxt torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı3 və X5 mülkiyyət hüququ qeydiyyata alınmadığı üçün onların həmin əmlaka dair sərəncam vermək hüquqları olmamış, həm də torpaq sahəsinə dair sərəncam verilməsi haqqında müqavilə notariat qaydasında təsdiqlənməmişdir. Şəki inzibati Məhkəməsinin iddianın rədd edilməsi üçün əsas kimi istinad etdiyi razılıq ərizələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas deyildir. Belə ki, nə Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-cu, nə də "Daşınmaz əmlakın dövlət reyestri haqqmda" Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində "ərizə" əsasında bir şəxsin mülkiyyətində olan əmlakın digər bir şəxsin adma qeydiyyata almması nəzərdə tutulmamışdır. İddiaçıların mərhum anaları X14 ümumiyyətlə belə bir ərizəsi də olmamışdır. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən qərarı qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29.2-ci maddəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 4-cü bəndində qeyd olunur ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının və X20 haqqında» Konvensiyanın 6-cı maddəsində deyilir ki «Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsilə, işinin ədalətli araşdırılması hüququna malikdir». "İnsan hüquqlarının və X20 haqqında" Konvensiyanın Protokolunun 1-ci maddəsində deyilir ki, «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "İnsan Hüquqlarının və X20 Haqqında" Avropa Konvensiyası Azərbaycan Respublikasının tərəfdar çıxdığı və buna görə Azərbaycan Respublikası Konstitusiyasının 12, 148, 151-ci maddələrinə əsasən Konvensiyanın müddəalarına müvafiq olaraq tətbiq edilməli olan dövlətlərarası beynəlxalq müqavilədir. Həmin Konvensiyanın 19 və 32-ci maddələrinə əsasən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dövlətlərin Konvensiya və ona dair protokollarla üzərinə götürüdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi barədə məsələləri həll edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan Hüquqlarının və X16 Haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" 30 mart 2006-cı il tarixli 5 saylı qərarının ikinci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(116)-317/2021 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X30 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(116)-317/2021 saylı qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi İddiaçıların apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçılar tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: 444134 nömrəli “Nikah haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X2 İsa Qurban oğlu ilə nikah bağlamışdır. Bu səbəblə soyadını dəyişdirərək “Madyaşova” qəbul etmişdir. 684830 nömrəli “Nikah haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X3 Kamal Əhməd oğlu ilə nikah bağlamışdır. Bu səbəblə soyadını dəyişdirərək “Osiyeva” qəbul etmişdir. 095017 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X22 29.04.2009-cu il tarixdə vəfat etmişdir. 095018 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X12 10.02.2020-ci il tarixdə vəfat etmişdir. 253394, 420907 və 285364 nömrəli “Doğum haqqında şəhadətnamə”lərin təsdiq edilmiş surətindən müəyyən edilir ki, müvafiq olaraq İntizar Serova, Mesed Serova və İddiaçı1 Zaqatala rayonunda anadan olmuşlar, qeyd olunan şəxslərin atası X12, anası isə X18r. Zaqatala RİH Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11.06.2020ci il tarixli 839 nömrəli arayışndan müəyyən edilir ki, M.Serov vəfat edənədək Zaqatala şəhəri, N.Kusayev küçəsində yaşamış, 10.02.2020-ci il tarixdə vəfat etmişdir. Mərhumun vəfatından sonra ailə üzvləri oğlu İddiaçı1, qızı İddiaçı2 və qızı İddiaçı3 ibarətdir. Zaqatala bələdiyyəsinin 18.09.2020-ci il tarixli 57 nömrəli arayışından müəyyən edilir ki, M.Serova məxsus torpaq sahəsinin və əmlakın vergisini övladları ödəmişdir. Zaqatala RİH Car kənd inzibati ərazi dairəsinin oktyabr 2011- ci il tarixli 886 nömrəli arayışının təsdiq edilmiş surətindən müəyyən edilir ki, İƏD-in 10-cu təsərrüfatbaşına kitabının 928-ci səhifəsində onun adına fərdi yaşayış evi və 0.20 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Qeyd olunan daşınmaz əmlak üzərində ailə üzvləri və vərəsələr arasında mübahisənin olmadığı qeyd edilmişdir. DTXK-nın 27.09.2011-ci il tarixli 570 nömrəli arayışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, A seriyalı 060202 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 0.1832 ha həyətyanı torpaq sahəsi M.Serov və olunun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. 03.10.2011-ci il tarixli ərizələrin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iş üzrə iddiaçılar Zaqatala rayonu, Zilban kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin vahid daşınmaz əmlak obyekti kimi X6 adına qeydiyyata alınmasına etiraz etməmişlər. Qeydiyyat nömrəsi ********** olan 14.10.2011-ci il tarixli, MA seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, 0.1832 ha torpaq sahəsi və onun üzərində inşa edilən fərdi yaşayış evi X6 adına qeydiyyata alınmışdır. İşmateriallarında olan 22.10.2011-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, M.Serov mülkiyyətində olan 0.1832 ha torpaq sahəsinin 142 kv.m hissəsini V.Bəhəriçiyevaya satmışdır. Reyestr nömrəsi **********84-10301 olan 04.06.2020-ci il tarixdə tərtib edilən “Texniki pasport”un təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayonu, Zilban kəndində yerləşən fərdi yaşayış evi X6 adına qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi ********** olan 05.06.2020-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, 0.169 ha torpaq sahəsi və onun üzərində inşa edilən fərdi yaşayış evi X6 adına qeydiyyata alınmışdır. A seriyalı 060202 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın 25.09.2003- cü il tarixli 110 nömrəli qərarı ilə 1832.02 kv.m həyətyanı torpaq sahəsi X6 (sənəddə adı “Ramazan” qeyd edilmişdir) mülkiyyətinə verilmiş, X33 kitabında 25.07.2008-ci il tarixdə 92 nömrə ilə uçota alınmışdır. A seriyalı 070470 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın 25.09.2003- cü il tarixli 110 nömrəli qərarı ilə 3215.56 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6 (sənəddə adı “Ramazan” qeyd edilmişdir) mülkiyyətinə verilmişdir. A seriyalı 482497 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın 25.09.2003- cü il tarixli 110 nömrəli qərarı ilə 7534 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6 (sənəddə adı “Ramazan” qeyd edilmişdir) mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 23.11.2020-ci il tarixli **********09 nömrəli məktubuna əlavə edilən “Həyətyanı torpaq sahələrinə aid Cədvəl”in təsdiq edilmiş surətindən müəyyən edilir ki, X24 və onun ailə üzvlərinin mülkiyyətinə 0.20 ha torpaq sahəsi verilmişdir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iş üzrə iddiaçılar Zaqatala rayonu, Zilban kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin vahid daşınmaz əmlak obyekti kimi X6 adına qeydiyyata alınmasına etiraz etməmişlər. Bundan sonra 0.1832 ha torpaq sahəsi və onun üzərində inşa edilən fərdi yaşayış evi X6 adına qeydiyyata alınmışdır. M.Serov mülkiyyətində olan 0.1832 ha torpaq sahəsinin 142 kv.m hissəsini V.Bəhəriçiyevaya satmışdır. X12 10.02.2020-ci il tarixdə vəfat etmiş, 0.169 ha torpaq sahəsi və onun üzərində inşa edilən fərdi yaşayış evi X6 adına 05.06.2020-ci il qeydiyyata alınmışdır. İddiaçılar mərhum atalarından qalan miras əmlaka münasibətdə mərhumun ikinci arvadı olan X11 payının azaldılması üçün qeyd olunan iddianı irəli sürmüş, çıxarışda düzəliş ediləcəyi təqdirdə 3-cü şəxsin payının azaldılmasına cəhd etmişlər. Məhkəmə hesab edir ki, iddiaçılar hələ 03.10.2011-ci il tarixində Zaqatala rayonu, Zilban kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin vahid daşınmaz əmlak obyekti kimi X6 adına qeydiyyata alınmasına etiraz etmədikləri üçün həmin zaman mərhumun adına reyestrdə mülkiyyət hüququnun qeydiyyata alınmasında ehtiva olunan cavabdeh inzibati orqanın hərəkəti qanuni olmuşdur. İddiaçılar könüllü olaraq razılıq verdikləri üçün cavabdeh tərəfindən aparılmış qeydiyyatın qanunsuz olmasına istinad edə bilməzlər. Göründüyü kimi digər 3-cü şəxs olan V.Bəhəriçiyevaya münasibətdə onlar heç bir tələb irəli sürmürlər. Halbuki eyni məntiqlə iddiaçılar onun adına aparılan qeydiyyatı da mübahisələndirməli idilər. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin l-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(116)-317/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(116)-317/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar