Məhkəmə qərarları › İş №2-1(107)-209/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-209/2022

20.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-209/2022 20.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “cavabdeh tərəfindən Məmmədova (Kərimova) Nurqələm Cəlil qızının fərdi yaşayış evini və qanuni istifadəsinə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsini, qanuni istifadəsinə və ya icarəsinə həmin torpaq sahəsinin verilməsini təsdiq edən sənədi olmayan özgə şəxsin (şəxslərin) mükiyyətinə verilməsi haqqında qanunsuz qərarın ləğv edilməsi və N.Məmmədovanın fərdi yaşayış evinin və qanuni istifadəsinə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsinin həmin evin mülkiyyətçisi olan Məmmədova (Kərimova) Nurqələm Cəlil qızının mülkiyyətinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli 2-1(116)-923/2022 nömrəli qərardadından iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar cavabdehə qarşı birinci instansiya məhkəməsinə müraciət edərək, 0,25 ha torpaq sahəsinin və fərdi yaşayış evinin özgə şəxlərə qanunsuz satılmasına dair vəzifəli şəxslərin müəyyən edilməsi, onların Cinayət Məcəlləsinin 314-1.1-ci maddəsində nəzərdə tutulan qaydada cəzalandırılması və vəzifəli şəxslər tərəfindən satılmış torpaq sahəsi və fərdi yaşayış evinin Məmmədova (Kərimova) Nurqələm Cəlil qızının mülkiyyətinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişlər.

2. İddiaçılara xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərlərinə çatdırılmışdır ki, iddia ərizəsində qeyri-müəyyənlik olduğundan müvafiq dəqiqləşmələr aparılmalıdır.

3. Belə ki, ərizənin məzmunundan məhkəməyə müraciət etməkdə məqsədlərinin “mübahisəli 0,25 ha torpaq sahəsinin və fərdi yaşayış evinin özgə şəxslərə qanunsuz satılmasına dair vəzifəli şəxslərin müəyyən edilməsi, onların Cinayət Məcəlləsinin 314- 1.1ci maddəsində nəzərdə tutulan qaydada cəzalandırılması və vəzifəli şəxslər tərəfindən satılmış torpaq sahəsi və fərdi yaşayış evinin Məmmədova (Kərimova) Nurqələm Cəlil qızının mülkiyyətinə qaytarılması” ilə bağlı olduğu aydın olsa da, tələblər fərqli tələblər olmaqla ayrı-ayrılıqda müxtəlif cavabdehlərə qarşı yönəldilməlidir.

4. Həmçinin bildirilmişdir ki, iddiaçıların iddia ərizəsi öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan, iddianın mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl analoji tələblə inzibati orqana ərizə ilə müraciət edilməsidir. Lakin müraciət iddia qaldırılan tarixə qədər edilməli, imtina cavabı iddia ərizəsinin təqdim edildiyi xx.xx.2022-ci il tarixdən əvvələ aid olmalıdır.

5. İddiaçıların diqqətinə çatdırılmışdır ki, iddia ərizəsinin “xahiş etdi” hissəsində 1-ci və 2-ci bəndlərində qeyd etdikləri (1) “mübahisəli 0,25 ha torpaq sahəsinin və fərdi yaşayış evinin özgə şəxlərə qanunsuz satılmasına dair vəzifəli şəxslərin müəyyən edilməsi” və (2) “onların Cinayət Məcəlləsinin 314-1.1-ci maddəsində nəzərdə tutulan qaydada cəzalandırılması”na dair tələblər inzibati məhkəmənin səlahiyyətlərinə aid deyildir. İddia tələbinə həmin hissədə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.

6. Yuxarıda göstərilənlərə əsasən iddia tələbində 1-ci və 2-ci bəndlərdə qeyd edilən tələblərə aid hissədə düzəlişlərin aparılaraq iddia tələbini dəqiqləşdirmək, həmçinin qeyd olunan nöqsanlara münasibət bildirmək iddiaçılara təklif olunmuşdur.

7. İddiaçılar yardım məktubunu aldıqdan sonra xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə ərizə ünvanlamış və “cavabdeh tərəfindən Məmmədova (Kərimova) Nurqələm Cəlil qızının fərdi yaşayış evini və qanuni istifadəsinə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsini, qanuni istifadəsinə və ya icarəsinə həmin torpaq sahəsinin verilməsini təsdiq edən sənədi olmayan özgə şəxsin (şəxslərin) mükiyyətinə verilməsi haqqında qanunsuz qərarın ləğv edilməsi və N.Məmmədovanın fərdi yaşayış evinin və qanuni istifadəsinə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsinin həmin evin mülkiyyətçisi olan Məmmədova (Kərimova) Nurqələm Cəlil qızının mülkiyyətinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-923/2022 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.

8. Hər iki iddia ərizəsini imzalamış şəxslərin adlarının qarşısında aparılmış qeydlərdən müəyyən edilmişdir ki, İddiaçı1 Məmmədova (Kərimova) Nurqələm Cəlil qızının oğlu, İddiaçı2 və İddiaçı3 isə bacısı oğlanlarıdır.

9. İddia ərizəsinin əsaslarına görə, DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin vəzifəli şəxsləri 21 iyul 2017-ci il il tarixli məkubda 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində mülkiyyət hüquqları təsdiq etmiş təsərrüfatbaşına kitabdan çıxarış əsasında həmin mülkiyyət hüquqlarının dövlət reyestrində iddiaçıların anası X1 adına qeydiyyata alınması barədə çıxarışın verilməsi üçün qanunsuz olaraq dövlət rüsumu tələb etmişlər. Cavabdehin vəzifəli şəxsləri iddiaçıların təkrar müraciətlərinə xx.xx.2017-ci il tarixli cavab məktubunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən analarının qanuni istifadəsinə verilmiş dövlətin müstəsna mülkiyyətində olan 0,25 ha həyətyanı torpaq sahəsinin ölçüsündən cəmi 0,0681 ha həyətyanı torpaq sahəsi qaldığını bildirmişlər. İddiaçıların təkrar müraciətində onların analarının qanuni istifadəsinə verilmiş dövlətin müstəsna mülkiyyətində olan 0,25 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin kimin mülkiyyətinə verdiklərini, həmin qanunsuz qərarın ləğv edilməsini, torpağın və evin üzərində mülkiyyət hüquqlarını təsdiq etmiş təsərrüfatbaşına kitabdan çıxarış əsasında həmin mülkiyyət hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın iddiaçıların analarının adına verilməsi barədə onların xahişini rədd etmiş, 27 noyabr 2017ci il tarixli məktubda yazmışlar ki, onların əvvəlki müraciətlərinə cavab verilmişdir.

10. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçılara göstərilən hüquqi yardımın davamı olaraq hazırlıq icraatı çərçivəsində məhkəmə iclası təyin edilmiş, lakin iddiaçılara məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 25 may 2022-ci il tarixli 2- 1(116)-923/2022 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən Məmmədova (Kərimova) Nurqələm Cəlil qızının fərdi yaşayış evini və qanuni istifadəsinə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsini, qanuni istifadəsinə və ya icarəsinə həmin torpaq sahəsinin verilməsini təsdiq edən sənədi olmayan özgə şəxsin (şəxslərin) mükiyyətinə verilməsi haqqında qanunsuz qərarın ləğv edilməsi və N.Məmmədovanın fərdi yaşayış evinin və qanuni istifadəsinə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsinin həmin evin mülkiyyətçisi olan Məmmədova (Kərimova) Nurqələm Cəlil qızının mülkiyyətinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.

12. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

13. İddiaçılar apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli 2-1(116)-923/2022 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər.

TƏRƏFLƏRİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli 2-1(116)-923/2022 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdilər.

15. Məhkəmə kollegiyasının iclasında iştirak cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli 2-1(116)-923/2022 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

17. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır.

18. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır….subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

19. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

21. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçıların iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

24. Məhkəmə tərəfindən işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı Kərimov X2 (Kərimova) Nurqələm Cəlil qızının oğlu, digər iddiaçılar İddiaçı2 və İddiaçı3 isə Məmmədova (Kərimova) Nurqələm Cəlil qızının bacısı oğlanlarıdırlar. Göründüyü kimi, digər iddiaçılar İddiaçı2 və İddiaçı3 hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır.

25. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

26. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçıların hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. İş materiallarına əlavə edilən sənədlərdən də göründüyü kimi iddiaçılar iddia tələbində 0,25 ha torpaq sahəsinin Məmmədova (Kərimova) Nurqələm Cəlil qızına qaytarılmasını xahiş etsələr də, əraziyə baxış keçirildikdə torpaq sahəsinin 0,0681 ha təşkil etdiyi müəyyən olunmuşdur.

27. Eyni zamanda birinci instansiya məhkəməsinin ilkin hüquqi yardım məktubunda göstərilən, iddia tələbində olan qeyri-müəyyənlik iddiaçılar tərəfindən aradan qaldırılmamış, məhz hansı qərarın ləğvinin tələb edildiyi, hansı torpaq sahəsinin qaytarılmasının tələb olunduğu qeyri-müəyyən olaraq qalmışdır.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar izahatlarında da bildirdilər ki, əslində iddia tələblərinə inzibati icraat qaydasında baxılmalı olmadığını bilsələr də, bununla bağlı prokurorluğa müraciət etdiklərindən inzibati məhkəməyə də müraciət etmişlər.

29. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların iddia tələbinin nədən ibarət olması qeyri-müəyyən olduğundan, həmçinin, birinci instansiya məhkəməsi tərəfindən göndərilən yardım məktubuna əsasən də iddiaçılar iddia tələblərini dəqiqləşdirmədiklərindən birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqda haqlı olmuşdur.

30. İnzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.

31. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

32. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

33. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli 2-1(116)- 923/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli 2-1(116)-923/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar