Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-209/2025 20.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X3 ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli 2-1(116)-2547/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Elvin Xankişiyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı 1999-cu il təvəllüdlüdür, 2016 – 2017-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyindəki müvafiq hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.
2. 2020-ci ilin sentyabr ayında yenidən xidmətə çağırılmış və 26 sentyabr 2020-ci il tarixdən N dekabr 2020-ci il tarixədək Müdafiə Nazirliyinin tərkibindəki N nömrəli hərbi hissədə xidmət etmişdir. Hərbi hissəyə daxil olması və tərxis olunması hərbi biletdəki qeydlərdə əks olunmuşdur. Hərbi hissədə tibbi təminat üzrə tibb qardaşı kimi xidmət etmişdir.
3. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh 15 may 2024-cü il tarixli məktubla məsələnin həllindən imtina etmişdir.
4. İddiaçı cavabdehin imtinasını mübahisələndirir və ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi və bu barədə məlumatın altsistemə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək Şəki İnzibati Məhkəməsində iddia qaldırılmışdır.
5. İddiaçı tələbini belə əsaslandırır ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası əsassızdır. Belə ki, o, X2 Tərtər rayonunun Talış kəndi və Suqovuşan qəsəbəsi istiqamələrində döyüşlərdə tibb qardaşı kimi tibbi təminat sahəsində xidmət göstərmişdir. Ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir. Məhkəmədən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi və bu barədə məlumatın altsistemə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur.
6. Cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya etiraz edir və hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçının döyüş əməliyyatları aparılan dövrdə xidmət keçdiyi (ezam olunduğu) hərbi hissənin yerləşdiyi yer ərazi meyarlarına uyğun gəlmədiyinə görə Müdafiə Nazirliyi nəzdində Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyanın qərarı ilə ona veteran adı və vəsiqəsi verilməsindən imtina olunmuşdur. İddianın təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur.
7. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia “müvafiq məlumatın altsistemə daxil edilməsi” hissəsində mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddianı müdafiə etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 29 noyabr 2024-cü il tarixli, 2- 1(116)-2547/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
10. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. Cavabdeh orqan apellyasiya şikayətini iddia tələbinə etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli 2-1(116)-2547/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını və Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli 2-1(116)- 2547/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi iştirak etməmiş, onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişlər.
14. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
15. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: İddiaçı məxsus SX seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, həmin sənəddə İddiaçı barəsində aşağıdakı qeydlər aparılmışdır: - N sentyabr 2020-ci il tarixdə MN N hərbi hissənin siyahısına daxil olmuş və N dekabr 2020-ci il tarixdə siyahıdan çıxarılmışdır (tərxis olunmuşdur). N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. - Hərbi biletin “İV. Ehtiyatda olarkən xidmət. 23. Vəzifəsinin və hərbi-uçot ixtisasının adı (vəzifə ixtisası)” qrafası – tibb qardaşı (sanitar təlimatçı). İş materiallarından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin tibb hissəsi üzrə müavini – tibb hissəsinin rəisinin (vəzifəni icra edən şəxsin) və tibb hissə rəisinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə köməkçisi tərəfindən İddiaçı ilə bağlı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların tibbi təminatı üzrə tapşırıqların yerinə yetirmiş hərbi qulluqçular barədə arayış – məlumat tərtib edilmişdir. Arayış – məlumatda aşağıdakılar qeyd olunur: - Əsgər İddiaçı döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissədə xidmət keçmişdir, N sentyabr 2020-ci il tarixli 270 nömrəli əmrlə xidmət etdiyi hərbi hissəyə daxil olmuş, N dekabr 2020-ci il tarixli N nömrəli əmrlə hərbi hissədən çıxmışdır, N sentyabr 2020-ci il tarixli 034 nömrəli əmrlə tibbi təminat üzrə tapşırıqlar ilə bağlı fəaliyyətə cəlb olunmuşdur, Talış kəndi və Suqovuşan qəsəbəsi ərazilərində tibb hissəsinin tibb qardaşı kimi xidmət etmişdir. İş materiallarında olan Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N oktyabr 2024-cü il tarixli arayışında qeyd olunur ki, əsgər İddiaçı N nömrəli hərbi hissənin səyyar tibb qrupunun tibb qardaşı kimi döyüş əməliyyatları aparılan zaman (N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək) Tərtər rayonunun Talış kəndi və Suqovuşan qəsəbəsi istiqamətlərində yaralılara yerində ilkin tibbi yardım göstərmiş və təxliyyəni həyata keçirmişdir
TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 17 “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyəti orqanları tərəfindən verilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin: - 1-ci hissəsinin 1-ci bəndinin 9, 10-cu yarımbəndlərinə görə müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27- dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
19. “İnzibati icraat haqqında” Qanun: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
20. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, qanunvericilik normaları müvafiq dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi hissə (bölmə) və ya orqanların tərkibində iştirak etmiş hərbi qulluqçularla yanaşı, hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri, yəni döyüş təminatı, mənəvi-psixoloji təminat və tibbi təminat üzrə tapşırıqlarının yerinə yetirilməsi üçün ezam olunmuş mülki şəxsləri də müharibə veteranı sayır və onlara müharibə veteranı adı və vəsiqəsinin verilməsini nəzərdə tutur.
26. Hazırkı işin hallarına görə, iddiaçının 2020-ci ilin sentyabr ayından döyüş bölgəsinə ezam olunması Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin əmri ilə rəsmiləşdirilmişdir və o, döyüş əməliyyatlarında yaralanan hərbi qulluqçulara ilkin tibbi yardım göstərilməsində, həmçinin ağır yaralıların digər xəstəxanalara və hospitallara təxliyyə olunmasının həyata keçirilməsində iştirak etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, onun müvafiq dövrdə döyüş əməliyyatlarında iştirak edən N nömrəli hərbi hissəyə ezam olunmasının əsası məhz ilk tibbi yardım və yaralıların təxliyyəsinin həyata keçirilməsi işinə cəlbdir.
27. Bununla da, xüsusilə də xidmət etdiyi N nömrəli hərbi hissənin tərtib etdiyi anket məlumatdan və məktubdan müəyyən edilir ki, İddiaçı 2020-ci ilin N sentyabr tarixindən 10 noyabr 2020-ci il tarixinədək döyüş bölgəsinə (Goranboy rayonuna ezam olunması halı işin mübahisəli halı deyil) ezam olunaraq, döyüş əməliyyatlarının təminatı ilə bağlı müvafiq tapşırıqları yerinə yetirmişdir.
28. Cavabdehin dəlilinə, yəni iddiaçının ezam olunduğu hərbi hissənin yerləşdiyi yerin ərazi meyarlarına uyğunsuzluğuna gəldikdə isə, məhkəmə vurğulayır ki, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etdiyindən, ona ezam olunmuş mülki şəxslərin döyüş təminatı ilə bağlı vəzifələrini yerinə yetirmə yerinin döyüş bölgəsinin yaxın ərazisində olması məntiqli və ağlabatandır və işin bu xüsusiyyəti “ərazi meyarlarına zidd” dəyərləndirilə bilməz.
29. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Şəki Şəhər Rayon Polis Şöbəsinə ünvanlanmış sorğuya (tələbnaməyə) həmin qurumdan alınmış cavabdan xx xxxxxx 1996-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş İddiaçı məhkumluğuna, eləcə də barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və ya onun amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsinə dair DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində heç bir məlumatın olmadığı bildirilmişdir. Bu isə, belə nəticə yaradır ki, İddiaçı «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin “Qeyd” hissəsində göstərilən şəxslərin dairəsinə aid edilmir.
30. Odur ki, məhkəmə kollegiyası tərəflərin dəlil və sübutlarına mövcud qanunvericiliyin tələbləri baxımından qiymət verərək cavabdehin dəlilləri ilə razılaşmır və iddiaçının dəlillərini əsaslı sayır.
31. Belə olan halda kollegiya hesab edir ki, cavabdehin iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinası “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun sayılmamalıdır.
32. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini zəruri edən şərtləri sübut edə bilsə də, cavabdeh orqan iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
33. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iddiasını təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
34. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli 2-1(116)-2547/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.