Məhkəmə qərarları › İş №2-1(107)-21/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-21/2020

21.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-21/2020 21.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi, İddiaçı nümayəndəsi X3 və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “əmək pensiyasının təmin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2-1(84)-1065/2018 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq, bu qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı xx.xx.1967-ci ildə anadan olmuş, xx xxxxxx 1996-cı ildən xx xxxxxx 2012-ci ilə kimi Azərbaycan Respublikasının ərazisində (Qəbələ rayonunda) yerləşən Rusiya Federasiyasına məxsus N nömrəli hərbi hissənin yeməkxanasında mətbəx işçisi işləmişdir. Onun qeyd olunan illərdə işləməsi adına açılmış xx.xx.1996-cı il tarixli ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçası ilə təsdiq olunur. Tibbi-Sosial Ekspert Komissiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə İddiaçı üçüncü dərəcəli əlillik təyin edilmişdir. İddiaçı ona əlilliyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan xx.xx.2018-ci il tarixli 33/17 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, o xx.xx.1996-cı ildən xx.xx.2012-ci ilədək Rusiya Federasiyasına məxsus hərbi hissədə işlədiyindən və qanunverciliklə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqqı ödəmədiyindən, həmin illərin onun sosial sığorta stajına daxil edilməsi qanunvericiliyə uyğun deyil. Belə olan halda, onun əmək pensiyası almaq hüququ verən azı 11 il 8 ay sığorta stajı tamamlanmadığı üçün, əlilliyə görə əmək pensiyası təyin edilməsi mümkün deyil. Bununla razılaşmayan iddiaçı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, o xx.xx.1996-cı ildən xx.xx.2012-ci ilədək Rusiya Federasiyasına məxsus hərbi hissədə işləmişdir. Hərbi hissənin yerləşdiyi ərazi icarədə olduğu üçün Rusiya Federasiyasının ərazisi hesab edilmişdir. Onun əmək haqqından tutulmalar X4 və Sosial İnkişaf Nazirliyinə ödənilmişdir. Azərbaycan və Rusiya Hökümətləri arasında saziş mövcuddur ki, onun pensiya təminatı həmin sazişin təsiri altına düşür. Azərbaycan Respublikasının Milli Məclisi 1999-cu il 5 noyabr tarixli Qanun ilə həmin Sazişi təsdiq etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2018-ci il tarixli **********6 nömrəli məktubla birinci instansiya məhkəməsinə müraciət edərək iddia tələbinə etiraz etmiş və etirazını iddiaçının müraciətinin təmin edilməsindən imtinanın dəlilləri ilə əsaslandırmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim R. Məcidov) xx xxxxxxxx 2018-ci il tarixli 2- 1(84)-1065/2018 nömrəli qərarı ilə iddia təmin edilərək, DSMF-in Qəbələ Rayon Şöbəsinin üzərinə İddiaçı xx.xx.1996-cı ildən xx.xx.2012-ci ilədək işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh apelyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2-1(84)-1065/2018 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(107)-612/2018 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tаrixli 2-1(84)-1065/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(107)-612/2018 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermiş, Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(102)-718/2019 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2- 1(107)-612/2018 nömrəli qərarı ləğv edilərək iş təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(107)-293/2019 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tаrixli 2-1(84)-1065/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(107)-293/2019 nömrəli qərarından kassasiya şikayəti vermiş və Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(102)-2506/2019 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(107)-293/2019 nömrəli qərarı ləğv edilərək iş təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikаyəti onunlа əsаslаndırılmışdır ki, xx.xx.1996-cı ildən xx.xx.2012-ci ilədək iddiaçının əmək fəaliyyəti Rusiya Federasiyasına məxsus hüquqi subyektlərdə (Qəbələ RLS ərazisində xidmət göstərmiş Rusiya Federasiyasına məxsus hərbi hissələrdə) olmuş və həmin dövrdə İddiaçı qazandığı əmək haqqından Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsində, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrünün Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə sığorta stajına daxil edilməsi nəzərdə tutulmuşdur. İddiaçı xx.xx.1996-cı ildən xx.xx.2012-ci ilədək işlədiyi müəssisə Azərbaycan Respublikasının ərazisində Rusiya Federasiyası tərəfindən icarəyə götürülmüş torpaq sahəsində fəaliyyət göstərsə də, hərbi hissənin ərazisi Rusiya Federasiyasının ərazisi kimi istifadə olunmuş, həmin ərazidə Rusiya Federasiyasının dövlət bayrağı asılaraq, Moskva şəhəri ilə eyni saat qurşağı tətbiq olunmuş, bütün işçilərin əməkhaqqı rus rublu ilə ödənilmiş və ərazi Rusiya Federasiyasının silahlı qüvvələri tərəfindən mühafizə olunmuşdur. Həmin hərbi hissədə çalışan işçilərə ödənilən əmək haqqı Rusiya Federasiyasının dövlət büdcəsindən maliyyələşdirilmiş, bu əmək haqqından Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna hər-hansı məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsi qərar qəbul edərkən xx xxxxx 2001-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında" Sazişin 2-ci bəndinə istinad edir. Lakin həmin sazişin 12-ci bəndində nəzərdə tutulmuşdur ki, “Bu Saziş, Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurları yerinə yetirməsi haqqında sonuncu yazılı bildiriş verdiyi tarixdən qüvvəyə minir.” “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası, və ləğvi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası beynəlxalq müqavilələrin onun üçün məcburiliyinə razılığını müqavilənin imzalanması, müqaviləni təşkil edən sənədlərin mübadiləsi, müqavilənin ratifikasiyası, təsdiq edilməsi, ona qoşulma vasitəsi ilə razılığa gələn tərəflərin şərtləşdiyi hər hansı başqa üsulla ifadə edə bilər. Məhkəmə, həmçinin xx xxx 2003-cü ildə Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə X4 və Sosial İnkişaf Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında" Sazişə istinad edir. Həmin sazişdə də əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığın edilməsi nəzərdə tutulur ki, bu da konkret olaraq hüququn müəyyən olunması üçün əsas vermir və həmin sazişə görə hansısa müqavilənin imzalanması məcburi xarakter daşıya bilməz. Ona görə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tаrixli 2-1(84)-1065/2018 nömrəli qərarı ləğv edilməlidir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının nümayəndəsi Nuranə Abdullayeva apelyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarının dəyişdirilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Orxan İsgəndərli çıxış edərək, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarının cavabdehin üzərinə iddiaçının xx xxxxxx 2006-cı ildən xx xxxxxx 2012-ci ilədək olan dövr ərzində işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması hissəsində ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. SÜBUTLAR Məhkəmə kollegiyasının аrаşdırmа predmetini iddiaçıya məxsus xx.xx.1996-ci il tarixli ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surəti, cavabdehin xx.xx.2018-ci il tarixli 33/17 nömrəli imtina məktubu, xx xxxxx 2018-ci il tarixli 069 nömrəli qərarı, xx.xx.2018-ci il tarixli **********6 nömrəli etirazı, xx xxx 2019-cu il tarixli **********3 nömrəli məktubu, X4 və Sosial İnkişaf Nazirliyinin xx.xx.1019-cu ul tarixli 19-3/B-10209 nömrəli məktubu və digər sənədlər təşkil etmişdir. ETİRAZİN DƏLİLLƏRİ Etiraz belə əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2, 2.2, 21.1 və 23-cü maddələrinə uyğun olaraq, ümumi iş stajına daxil edilməmiş xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə və xx.xx.1988-ci ildən xx.xx.1995-ci ilədək iş dövrü nəzərə alınmaqla 7 il 3 ay iş stajı olduğu müəyyən edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin fəaliyyət müddəti sığorta stajına daxil edilir. Eyni zamanda, həmin Qanunun 23.1-ci maddəsində vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrünün Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə sığorta stajına daxil edilməsi nəzərdə tutulmuşdur. 23.2-ci maddəyə əsasən isə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin (bundan sonra İPM) 82-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bаğlı işə şikаyət həddində və hüquqi məsələlər, hаbelə sübutlаr və fаktlаr (fаktiki hаllаr) əsаsındа mаhiyyəti üzrə tаm həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsаsən yeni təqdim olunmuş sübutlаrı (sübutetmə vаsitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə аlır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə də əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Apelyasiya şikayətinə gəlincə, o vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Həm də apelyasiya şikayəti əsaslıdır və ona görə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarı iddiaçının xx xxxxxx 2006-cı ildən xx xxxxxx 2012-ci ilə qədər işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, apelyasiyaşikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normaları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-in 35.1ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Əvvəlcə qeyd olunmalıdır ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1065/2018 nömrəli qərarı iddiaçının xx xxxxxx 1996-cı ildən xx xxxxxx 2006-cı ilə qədər işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində qanuni qüvvəsini aldığından, iddiaçının yalnız xx xxxxxx 2006-cı ildən xx xxxxxx 2012-ci ilə qədər işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində hüquqi qiymətləndirmə aparılacaqdır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianın qanuni əsaslarını tam düzgün müəyyən etməmişdir. İşdən görünür ki, iddiaçı Qəbələ rayonunda yerləşən və vaxtilə Rusiya Federasiyasına məxsus olmuş hərbi hissədə x xxxxxx 1996-cı ildən xx xxxxxx 2012-ci ilə qədər işlədiyi dövrün sığorta stajına daxil edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi isə hesab etmişdir ki, iddiaçının xx.xx.1996-cı ildən xx.xx.2012-ci ilədək işlədiyi müddət onun sığorta stajına daxil edilməlidir. Belə vəziyyətdə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır, çünki işin həqiqi halları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1996-cı ildən xx.xx.2012-ci ilədək Azərbaycan Respublikasının ərazisində (Qəbələ rayonunda) yerləşmiş Rusiya Federasiyasına məxsus N nömrəli hərbi hissənin yeməkxanasında mətbəx işçisi işləmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçının 2006-cı ilin yanvarın 1-dən 2012-ci ilin yanvar ayı da daxil olmaqla işlədiyi dövrdə əmək haqqından məcburi dövlət sosial sığorta haqlarının tutulması barədə məlumat olmadığından bu illərin iddiaçının sosial sığorta stajına daxil edilməsi qanuni sayıla bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə, (Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri) əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Tibbi-Sosial Ekspert Komissiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə İddiaçı üçüncü dərəcəli əlillik təyin edilmiş və ona əlilliyə görə müavinət ödənilir. Cavabdehin xx xxx 2019-cu il tarixli məktubunda isə göstərilir ki, İddiaçı Cavabdehnə daxil olmuş xx.xx.2018-ci il tarixli ərizəsinə əlavə olaraq təqdim etdiyi sənədlər əsasında iş stajı hesablanarkən xx.xx.1996-cı ildən xx.xx.2005-ci ilədək olan dövrdə Rusiya Federasiyasına məxsus hərbi hissədə iş dövrü iş stajına daxil ediləcəyi təqdirdə, (əmək kitabçası üzrə aparılmış qeydlərin düzgünlüyü arxiv sənədləri əsasında təsdiq olunarsa) xx.xx.2006-cı il tarixədək olan dövr üzrə ümumi iş stajı 16 il 4 ay təşkil edər. Həmin staj pensiya kapitalına çevrilərək indeksləşdirildikdə, İddiaçı əlilliyinin müəyyən olunduğu xx.xx.2018-ci il tarixə 11457,45 manat pensiya kapitalı formalaşır. xx.xx.2006-cı ildən əlilliyin müəyyən olunduğu tarixədək fərdi hesabında qeydə alınmış pensiya kapitalı isə 2503,96 manat təşklil edir. Beləliklə, İddiaçınm əlilliyinin müəyyən olunduğu xx.xx.2018-ci ilə, ümumilikdə pensiya kapitalı 13961,41 manat (11457,45+2503,96=13961,41) təşkil edər ki, bu da əlilliyin müəyyən olunduğu tarixə mövcud olmuş şərtlər daxilində əmək pensiyası almaq hüququ yaradır. İddiaçını işlədiyi 1996-2005-ci illərdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. xx xxxxxx 2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsində isə göstərilir ki, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 70-ci maddəsi, həm də “Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsi vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrünün müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildiyi halda sığorta stajına daxil edilməsini Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa halın nəzərdə tutulmaması ilə şərtləndirmişdir. Azərbaycan Respublikasının xx xxxxx 2001-ci il tarixli 114-İİQ nömrəli Qanunu ilə “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Saziş təsdiq edilmişdir. Sazişə görə bundan sonra Tərəflər adlanan Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti pensiya təminatı sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyərək aşağıdakılar barədə razılığa gəldilər: Bu Sazişin məqsədləri üçün aşağıdakı terminlər bu mənaları ifadə edir: “vətəndaşlar”-Azərbaycan Respublikasının və ya Rusiya Federasiyasının ərazisində yaşayan və bu dövlətlərin pensiya təminatı sahəsində qanunvericiliyinin şamil olunduğu şəxslər; “daimi yaşayış yeri”-vətəndaşın müvafiq dövlətin qanunvericiliyi ilə müəyyən olunan və ya bu qəbildə tanınan daimi yaşadığı yer; “əmək (sığorta) stajı”-Tərəflərdən hər birinin dövlətinin qanunvericiliyinə müvafiq olaraq pensiya təminatını həyata keçirmək üçün nəzərə alınan və pensiya təminatı üçün sığorta ödənişləri aparılan əmək və digər fəaliyyət müddəti, həmçinin Tərəflərin hər birinin qanunvericiliyinə uyğun olaraq əmək (sığorta) stajına bərabər tutulan istənilən digər müddətlər; “səlahiyyətli orqanlar”: Azərbaycan Tərəfindən – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; Rusiya X1 və Sosial İnkişaf Nazirliyi. Bu Sazişdə işlədilən bütün digər anlayış və ya ifadələr müvafiq dövlətin qanunvericiliyi ilə onlara verilən mənanı daşıyır (maddə 1). Tərəflər, öz dövlətlərinin ərazilərində daimi yaşayan, o cümlədən digər Tərəfin dövlətinin ərazisindən köçüb gəlmiş (məskunlaşmış) bütün vətəndaşlara pensiya təminatı sahəsində öz dövlətinin vətəndaşları ilə eyni hüquqlar verirlər (maddə 4). Sazişin 1-ci maddəsinin məzmununa görə, “əmək (sığorta) stajı” dedikdə Tərəflərdən hər birinin dövlətinin qanunvericiliyinə müvafiq olaraq pensiya təminatını həyata keçirmək üçün nəzərə alınan və pensiya təminatı üçün sığorta ödənişləri aparılan əmək və digər fəaliyyət müddəti başa düşülür. Beləliklə, pensiya təyin edilməsi ilə bağlı qanunvericiliyin müddəalarına görə x xxxxxx 2006-cı ildən sonrakı iş dövrü o halda sığorta stajına daxil edilə bilər ki, həmin dövrdə işçinin əmək haqqından məcburi dövlət sosial sığorta haqları tutulmuş olsun. Lakin işdə olan sənədlərdə iddiaçının adından pensiya fonduna sığorta ödəmələri haqqında 2006- 2011-ci illərə aid məlumatlar (iddiaçının fərdi şəxsi hesabının vəziyyəti haqqında bildiriş) mövcud deyildir. Digər tərəfdən, X4 və Sosial İnkişaf Nazirliyinin məhkəmə kollegiyasının sorğusu əsasında göndərdiyi xx xxxxxx 2019-cu il tarixli 19-3/B-10209 nömrəli məktubdan görünür ki, İddiaçı əmək haqqından məcburi dövlət sığorta haqlarının ödənilib-ödənilməməsi ilə bağlı məlumatlar mövcud deyildir. Bununla da məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqi üzrə düzgün araşdırma aparılmamış və bu səbəbdən işin halları tam müəyyən olunmamış,İPM-in 12 və 48-ci maddələrində müəyyən edilmiş işin hallarının araşdırılması prinsipi pozulmuşdur. Həmin maddələrin tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan məhkəmə iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdudlaşmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmədiyindən apelyasiyaşikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyasının mübahisə üzrə gəldiyi bu nəticə Ali Məhkəmənin İnzibatiiqtisadi kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından da irəli gəlir ki, bu hüquqi mövqe İPM-in 96.11-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ona görə də apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddiaçının xx xxxxxx 2006-cı ildən xx xxxxxx 2012-ci ilə qədər işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin olunmamalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2-1(84)-1065/2018 nömrəli qərarı cavabdehin üzərinə iddiaçının xx xxxxxx 2006-cı ildən xx xxxxxx 2012-ci ilə qədər işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən bir аy müddətində Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin İnzibаti-iqtisаdi kоllegiyаsınа (AZ-1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14, 1193-cü məhəllə) Şəki Аpelyаsiyа Məhkəməsi vаsitəsilə kаssаsiyа şikаyəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar