Məhkəmə qərarları › İş №2-1(107)-21/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-21/2023

11.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-21/2023 11.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “Zaqatala rayonu keçmiş “Lenin” adına kolxozda işlədiyi, eləcə də təhsil aldığı illəri sığorta stajı kimi nəzərə alaraq iddiaçıya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2-1(116)-919/20222 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Zaqatala rayonu keçmiş “Lenin” adına kolxozda işlədiyi, eləcə də təhsil aldığı illəri sığorta stajı kimi nəzərə alaraq iddiaçıya yaşının bitdiyi gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. İddiaçı 1976-1980-cı illərdə X2 Texnikumunda təhsil almışdır. Bundan başqa arxiv arayışına əsasən Zaqatala rayonunda fəaliyyət göstərmiş “Lenin” adına kolxozda 1973, 1974, 1976, 1977 və 1980-ci illərdə müvəqqəti işləmişdir. Belə ki, 1973-cü ildə 96 gün, 1974-cü ildə hərbi xidmətə gedənədək 60 gün, 1976-cı ildə texnikuma daxil olanadək 38 gün, 1977-ci ildə texnikumdan tətilə gəldiyi vaxtda 123 gün və 1980-ci ildə 33 gün kolxozda işləmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli **********1 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı ilədək 2 il hərbi xidmətdə olduğu dövr, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 23 il 5 ay 20 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 23 il 5 ay 20 gün sığorta stajına uyğun olaraq 17.361,48 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir.

3. Fondun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********3 nömrəli etiraz məktubunda qeyd olunmuşdur ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

4. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır.

5. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda.

6. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

7. İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. O, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 64 yaşda 10 fevral 2019-cu il tarixdə pensiya yaşına çatmışdır.

8. Belə ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ərizə ilə müraciət etmişdir. İddiaçının müraciətinə aidiyyəti üzrə baxılaraq onun hüququ yaranan tarixdə qanunvericiliyə müvafiq olaraq 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığından ona xx.xx.2021-ci il tarixli, **********1 nömrəli imtina cavabı verilmişdir.

9. Həmçinin, iddiaçının müraciətinə verilmiş imtina cavabında qeyd edilmişdir ki, təqdim edilmiş sənədlərin surətlərinə əsasən iddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək 2 il hərbi xidmətdə olduğu dövr, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 23 il 5 ay 20 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 23 il 5 ay 20 gün sığorta stajına uyqun olaraq 17.361,48 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən bildirilmişdir ki, iddiaçının əyani təhsil alması haqqında arayış Dövlət Sosial Müdafiə Fondunun 16 saylı regional ərazi filialına təqdim edilmiş olduğu təqdirdə sözügedən dövrün sığorta stajına əlavə edilməsinə baxıla bilər.

10. İmtina cavabından göründüyü kimi, iddiaçının əmək kitabçasında qeyd olunan əmək fəaliyyəti dövrləri və onun hərbi xidmətdə olduğu dövr daxil olmaqla ümumilikdə 23 il 5 ay 20 gün sosial sığorta stajı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmişdir. Bundan əlavə olaraq iddiaçı kolxozda işlədiyi dövrlərə dair arxiv arayışı və diplomu da inzibati orqana təqdim etmişdir.

11. İddiaçı 1973, 1974, 1976, 1977 və 1980-ci illərdə Zaqatala rayonu “Lenin” adına kolxozda işləməsinə dair xx.xx.2021-ci il tarixli №1605 nömrəli arxiv arayışını təqdim etmişdir.

12. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.

13. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir.

14. İş materiallarına İddiaçı 1976-1980-ci illərdə X2 texnikumunda təhsil almasına dair diplom əlavə edilmişdir. Belə ki, iddiaçıya verilmiş imtina cavabında qeyd edilmişdir ki, iddiaçının əyani təhsil almasına dair arayış təqdim edildiyi təqdirdə həmin dövlərin sığorta stajına daxil edilməsi məsələsinə baxıla bilər.

15. Vətəndaşların təhsil illərinin sosial sığorta stajına daxil edilməsi “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müəyyən edilir. Həmin qanunun 67-ci maddəsinin ğ bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir.

16. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarının İİ bəndinin 8-ci yarımbəndinə əsasən ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti, habelə aspirantura, doktorantura və klinika ordinaturasında, kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti diplom, vəsiqə, şəhadətnamə, eləcə də təhsil müddətləri göstərilməklə arxiv məlumatlarına əsasən verilən arayış və digər sənədlərə əsasən təsdiq olunur.

17. Eyni zamanda hal-hazırkı iş üzrə iddiaçının təhsil müddətinin əyani olması müəyyən qədər şübhə doğurur.

18. Belə ki, iddiaçının təqdim etdiyi diploma əsasən o, X2 Texnikumunda təhsil almışdır. Təhsil dövrü onun təqdim etdiyi № 079680 nömrəli diploma əsasən o, 1976-cı il tarixdən 8 aprel 1980-ci il tarixədək olan dövrdür. Lakin iddiaçının təqdim etdiyi əmək kitabçasında olan qeydlərə əsasən o, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək və xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Krasnodar tütün fabrikində müxtəlif vəzifələrdə çalışmışdır.

19. Bundan əlavə olaraq iddiaçının təqdim etdiyi və yuxarıda qeyd olunan İddiaçı kolxozdakı iş dövrlərinə dair arayışda iddiaçının təhsil aldığı 1976-1980-ci illəri əhatə edən dövrlərdə yəni, 1976, 1977 və 1980-ci illərdə Zaqatala rayonu “Lenin” adına kolxozda işləməsi göstərilmişdir.

20. Əmək kitabçasındakı qeydlərdə göstərilən dövrlər cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmışdır.

21. İddiaçının təhsil aldığı dövrlərdə müxtəlif yerlərdə işləməsi onun əyani təhsil almadığını göstərir.

22. Beləliklə, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun sosial sığorta stajı 23 il 5 ay 20 gün təşkil edir. Bu müddət qanunvericiliklə müəyyən olunan 25 il sığorta stajından az olduğundan İddiaçı yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır.

23. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

24. İddiaçı hazırlıq icraatı çərçivəsində xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək “Zaqatala rayonu keçmiş “Lenin” adına kolxozda işlədiyi, eləcə də təhsil aldığı illəri sığorta stajı kimi nəzərə alaraq iddiaçıya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

25. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 18 avqust 2022-ci il tarixli 2-1(116)-919/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

26. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

27. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, təqdim edilmiş sənədlərin surətlərinə əsasən iddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək 2 il hərbi xidmətdə olduğu dövr, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 23 il 5 ay 20 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 23 il 5 ay 20 gün sığorta stajına uyqun olaraq 17.361,48 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən bildirilmişdir ki, iddiaçının əyani təhsil alması haqqında arayış Dövlət Sosial Müdafiə Fondunun 16 saylı regional ərazi filialına təqdim edilmiş olduğu təqdirdə sözügedən dövrün sığorta stajına əlavə edilməsinə baxıla bilər. İddiaçının əmək kitabçasında qeyd olunan əmək fəaliyyəti dövrləri və onun hərbi xidmətdə olduğu dövr daxil olmaqla ümumilikdə 23 il 5 ay 20 gün sosial sığorta stajı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmişdir. Bundan əlavə olaraq iddiaçı kolxozda işlədiyi dövrlərə dair arxiv arayışı və diplomu da inzibati orqana təqdim etmişdir. İddiaçı 1973, 1974, 1976, 1977 və 1980-ci illərdə Zaqatala rayonu “Lenin” adına kolxozda işləməsinə dair xx.xx.2021-ci il tarixli №1605 nömrəli arxiv arayışını təqdim etmişdir. İş materiallarına İddiaçı 1976-1980-ci illərdə X2 texnikumunda təhsil almasına dair diplom əlavə edilmişdir. Belə ki, iddiaçıya verilmiş imtina cavabında qeyd edilmişdir ki, iddiaçının əyani təhsil almasına dair arayış təqdim edildiyi təqdirdə həmin dövlərin sığorta stajına daxil edilməsi məsələsinə baxıla bilər. Eyni zamanda hal-hazırkı iş üzrə iddiaçının təhsil müddətinin əyani olması müəyyən qədər şübhə doğurur. Belə ki, iddiaçının təqdim etdiyi diploma əsasən o, X2 Texnikumunda təhsil almışdır. Təhsil dövrü onun təqdim etdiyi № 079680 nömrəli diploma əsasən o, 1976-cı il tarixdən 8 aprel 1980-ci il tarixədək olan dövrdür. Lakin iddiaçının təqdim etdiyi əmək kitabçasında olan qeydlərə əsasən o, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək və xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Krasnodar tütün fabrikində müxtəlif vəzifələrdə çalışmışdır. Bundan əlavə olaraq iddiaçının təqdim etdiyi və yuxarıda qeyd olunan İddiaçı kolxozdakı iş dövrlərinə dair arayışda iddiaçının təhsil aldığı 1976-1980-ci illəri əhatə edən dövrlərdə yəni, 1976, 1977 və 1980-ci illərdə Zaqatala rayonu “Lenin” adına kolxozda işləməsi göstərilmişdir. Əmək kitabçasındakı qeydlərdə göstərilən dövrlər cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmışdır. İddiaçının təhsil aldığı dövrlərdə müxtəlif yerlərdə işləməsi onun əyani təhsil almadığını göstərir. Beləliklə, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun sosial sığorta stajı 23 il 5 ay 20 gün təşkil edir. Bu müddət qanunvericiliklə müəyyən olunan 25 il sığorta stajından az olduğundan İddiaçı yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. Ona görə də Şəki İnzibati Məhkəməsini 18 avqust 2022-ci il tarixli 2-1(116)-919/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 izahatında bildirdi ki, İddiaçı xx.xx.2019-cu il tarixindən 128,43 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olan 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği xx.xx.2019-cu il tarixindən 200 manat məbləğində müəyyən olunmuşdur. Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda həmin məbləğə çatıdırılmaqla ödənilir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyasının məbləği xx.xx.2020-ci il tarixindən 233,20 manata, xx.xx.2021-ci il tarixindən 259,78 manata, xx.xx.2022-ci il tarixindən 268,61 manata çatdırılmışdır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2-1(116)-919/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2-1(116)- 919/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

30. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - İddiaçıya məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. - 079680 nömrəli diplomun təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1976cı ildən xx.xx.1980-ci ilədək X2 Texnikumunda təhsil almışdır. - ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək (2 il 11 gün) hərbi xidmət keçmişdir. İddiaçının hərbi xidmət müddəti işin mübahisəsiz halıdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 1605 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, iddiaçı Zaqatala rayonu “Lenin” adına kolxozda: 1973-cü il üzrə - 96 adam günü (norma 280 adam günü); 1974-cü il üzrə - 60 adam günü (norma 280 adam günü); 1976-cı il üzrə - 38 adam günü; (norma 280 adam günü); 1977-ci il üzrə - 123 adam günü (norma 280 adam günü); 1980ci il üzrə - 33 adam günü (norma 280 adam günü) işləmişdir. Həmin illər üzrə kolxozçuların əmək uçotu və kolxoz üzvlərilə hesablaşma kitablarına, əməyin ödənişi üzrə kitablarına və kolxozçuların əmək stajı və qazancının uçotu kitabına əsasən “Lenin” adına kolxozda minimum adam günü norması 280 gün olmuşdur. Beləliklə, iddiaçı kolxozçu kimi adıgedən kolxozda toplam 350 adam günü işləmişdir. Həmin müddətlərdə işləmiş olduğu adam günü normasının təqvim ilinə konvertasiyası zamanı iddiaçının həmin illər üzrə 1 il 3 ay 1 gün iş stajına malik olduğu müəyyən edilmişdir. - İddiaçıya məxsus АТ-İ ******* nömrəli əmək kitabçasına əsasən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1978-xx.xx.1978-ci il (7 ay 15 gün), xx.xx.1978-xx.xx.1980-ci il (1 il 6 ay 6 gün) tarixlərdə Krasnodar tütün fabrikində işləmişdir. - İddiaçı daha sonra xx.xx.1980-xx.xx.1981-ci il (4 ay 18 gün), xx.xx.1981xx.xx.1988-ci il (7 il 4 ay) tarixlərdə Zaqatala tütün zavodunda, xx.xx.1989-xx.xx.1999-cu il tarixlərdə Zaqatala fındıq sovxozunda işləmişdir. xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilədək (1 ay 20 gün) “Zaqatala-tütün” ATSC-də işləmişdir. Daha sonra xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Gəncə elektrikşəbəkə” ATSC-də (6 ay 29 gün), xx.xx.2002-xx.xx.2003, xx.xx.2003-xx.xx.2004-cü illərdə (1 il 5 ay 28 gün) "xxxx" MMC-də işləmişdir. Əmək kitabçasına əsasən iddiaçının ümumi iş stajının 21 il 5 ay 29 gün olduğu müəyyən edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

31. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

32. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

36. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, 1 iyul 2020-ci il tarixdən etibarən kişilərə münasibətdə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi 65 yaş olmuşdur. 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

36. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2-1(116)-919/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

37. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

38. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

39. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

40. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır.

41. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1980-ci ilədək X2 Texnikumunda təhsil almışdır. ******* nömrəli hərbi biletə əsasən, iddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək (2 il 11 gün) hərbi xidmət keçmişdir. İddiaçının hərbi xidmət müddəti işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2021ci il tarixli 1605 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, iddiaçı Zaqatala rayonu “Lenin” adına kolxozda: 1973-cü il üzrə - 96 adam günü (norma 280 adam günü); 1974-cü il üzrə - 60 adam günü (norma 280 adam günü); 1976-cı il üzrə - 38 adam günü; (norma 280 adam günü); 1977-ci il üzrə - 123 adam günü (norma 280 adam günü); 1980-ci il üzrə - 33 adam günü (norma 280 adam günü) işləmişdir. Həmin illər üzrə kolxozçuların əmək uçotu və kolxoz üzvlərilə hesablaşma kitablarına, əməyin ödənişi üzrə kitablarına və kolxozçuların əmək stajı və qazancının uçotu kitabına əsasən “Lenin” adına kolxozda minimum adam günü norması 280 gün olmuşdur. Beləliklə, iddiaçı kolxozçu kimi adıgedən kolxozda toplam 350 adam günü işləmişdir. Həmin müddətlərdə işləmiş olduğu adam günü normasının təqvim ilinə konvertasiyası zamanı iddiaçının həmin illər üzrə 1 il 3 ay 1 gün iş stajına malik olduğu müəyyən edilmişdir. İddiaçıya məxsus АТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1978-xx.xx.1978-ci il (7 ay 15 gün), xx.xx.1978xx.xx.1980-ci il (1 il 6 ay 6 gün) tarixlərdə Krasnodar tütün fabrikində işləmişdir. İddiaçı daha sonra xx.xx.1980-xx.xx.1981-ci il (4 ay 18 gün), xx.xx.1981- xx.xx.1988-ci il (7 il 4 ay) tarixlərdə Zaqatala tütün zavodunda, xx.xx.1989-xx.xx.1999-cu il tarixlərdə Zaqatala fındıq sovxozunda işləmişdir. xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilədək (1 ay 20 gün) “Zaqatalatütün” ATSC-də işləmişdir. Daha sonra xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Gəncə elektrikşəbəkə” ATSC-də (6 ay 29 gün), xx.xx.2002-xx.xx.2003, xx.xx.2003xx.xx.2004- cü illərdə (1 il 5 ay 28 gün) "xxxx" MMC-də işləmişdir. Əmək kitabçasına əsasən iddiaçının ümumi iş stajının 21 il 5 ay 29 gün olduğu müəyyən edilmişdir.

42. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirirərək qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması.

43. xx.xx.1955-ci il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, xx.xx.2019-cu il tarixdə 64 yaşı tamam olmuş iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. İddiaçının 64 yaşda pensiya yaşına çatması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Təhsil müddəti nəzərə alınmaqla cavabdeh tərəfindən mübahisələndirilən kolxozda işlədiyi müddətin iddiaçının iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır.

44. Cavabdeh tərəfindən iddiaçının əyani təhsil almasının şübhə doğurduğu bildirilmiş, təsdiqini tapmayan şübhələrə istinadən xx.xx.1976-xx.xx.1980-ci illərdə təhsil aldığı müddət əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınmamışdır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən onun xx.xx.1980-ci il tarixədək Krasnodar tütün fabrikində işləməsi müəyyən edilmişdir. İddiaçının xx.xx.1978-ci ildən xx.xx.1980-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmasını və həmin müddətin sosial sığota stajına hesablandığını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, göstərilən müddət iddiaçının təhsil müddəti kimi təkrar sosial sığorta stajına hesablana bilməz. Lakin iddiaçının xx.xx.1976-cı ildən əmək fəaliyyətinə başladığı xx.xx.1978-il tarixədək olan dövr təhsil müddəti kimi nəzərə alınmalıdır.

45. Belə olan halda iddiaçının qanunvericiliklə müəyyən edilmiş minimal 25 illik sığorta stajı tələbinə cavab verməsi iş materialları ilə öz təsdiqini tapır.

46. Bundan başqa məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmə kollegiyasına xidməti məktub təqdim edərək bildirdi ki, İddiaçı xx.xx.2019-cu il tarixindən 128,43 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olan 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği xx.xx.2019-cu il tarixindən 200 manat məbləğində müəyyən olunmuşdur. Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda həmin məbləğə çatıdırılmaqla ödənilir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyasının məbləği xx.xx.2020-ci il tarixindən 233,20 manata, xx.xx.2021-ci il tarixindən 259,78 manata, xx.xx.2022-ci il tarixindən 268,61 manata çatdırılmışdır.

47. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilən işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

49. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2-1(116)-919/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar