Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-21/2024 14.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan 0.12 ha torpaq sahəsi və onun üzərində olan evə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 3 avqust 2023-cü il tarixli 2-1(116)-1637/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, iddiaçının mülkiyyətində olan 0.12 ha torpaq sahəsi və onun üzərində olan evə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, 1996-cı ildə iddiaçıya "Qıpçaq” kolxozunun qərarı ilə 0,12 ha torpaq sahəsi verilmişdir. Hamin tarixdən indiyədək həmin torpaq sahəsində ev tikib yaşayır. Hazırda çıxarışın alınması üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tələbin icrasından imtina etmişdir.
3. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-39/2-1990/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərizəçi tərəfindən şəxsiyyətini təsdiq edən sənəd, Qıpçaq kolxozu müvəkkillərinin 05 iyun 1995-ci il tarixli yığıncağının 02 nömrəli çıxarış qərarının surəti, ayrılmış torpaq sahəsinin Qax rayon Torpaq şöbəsində tərtib olunmuş planının əks olunduğu 18 iyul 1996-cı il tarixli aktın surəti, Qıpçaq bələdiyyəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin sxeminin surəti əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında ərizəyə əlavə olunsa da, sənədlərin həqiqiliyinin yoxlanılması məqsədi ilə qeydiyyat orqanında aparılmış araşdırma zamanı ərizəyə əlavə olunan kolxoz müvəkkillərinin yığıncağının qərarının nə əslinin, nə də Milli Arxiv İdarəsinin Qax rayon Dövlət Arxivində arxiv nüsxəsinin olmadığı müəyyən edildiyi üçün vətəndaşa daşınmaz əmlak obyekti üzərində hüquqların əldə edilməsini təsdiq edən kolxoz müvəkkillərinin yığıncağının qərarının əslinin və ya arxiv nüsxəsinin təqdim olunması barədə xx.xx.2023-cü il tarixli 3- 21-3-39/2-N-0009-8/2023 nömrəli bildiriş verilmişdir. Milli Arxiv İdarəsinin Respublika Dövlət Arxivinin Qax filialına verilmiş sorğuya 09 iyun 2023-cü il tarixli, 3-48-26RA/2- 30/2023 nömrəli cavab məktubunda Arxivdə mühafizə olunan Qax rayon Qıpçaq kolxozunun 1996-cı ilin iclas protokollarında İddiaçı torpaq sahəsinin ayrılmasına dair məlumat tapılmadığı, Qax rayon Qıpçaq kolxozunun müvəkkillər yığıncağının 05 iyun 1995-ci il tarixli, 02 saylı İclasının qərarında İddiaçı torpaq sahəsinin ayrılmasına dair qeydin olmadığı və kolxozun qeyd olunan iclas protokoluna İddiaçı ile bağlı hər hansı sənəd əlavə edilmədiyi bildirildiyi üçün Qax rayonu Qaysarlı kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tərəfimizdən məqsədəmüvafiq hesab olunmur.
4. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 3 avqust 2023-cü il tarixli 2- 1(116)-1637/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli qərardadı ilə mütəxəssis rəyinin verilməsi qərara alınmış və mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssislərinə həvalə edilmişdir.
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 yanvar 2024-cü il tarixli qərardadı ilə Qax rayonu Qıpçaq bələdiyyəsi iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 yanvar 2024-cü il tarixli qərardadı ilə X1, X4 və X5 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişlər.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 3 avqust 2023-cü il tarixli 2-1(116)-1637/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və üçüncü şəxs X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 3 avqust 2023-cü il tarixli 2-1(116)-1637/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdilər. İddiaçı həmçinin izahatında göstərdi ki, ona müharibə veteranı adı və vəsiqəsi verilmiş, oğlu üçüncü şəxs X3 isə 44 günlük müharibədə xidməti döyüş fəaliyyətini yerinə yetirən zaman xəsarət aldığı üçün ona birinci dərəcə əlillik təyin edilmişdir.
13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 3 avqust 2023cü il tarixli 2-1(116)-1637/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər X4 və X5 məhkəmə iclasına gəlməmiş, digər üçüncü şəxs Qax rayonu Qıpçaq bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmişdir.
15. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
16. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - “Qıpçaq” kolxozu müvəkkillərinin xx.xx.1995-ci il tarixli qərarı ilə İddiaçı ev tikmək üçün 0.12 ha torpaq sahəsinin verilməsi qərara alınmışdır. - Qax rayon Torpaq Şöbəsi tərəfindən təsdiq edilmiş xx.xx.1996-cı il tarixli akta əsasən, “Qıpçaq” kolxozu müvəkkillərinin xx.xx.1995-ci il tarixli qərarı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün verilmiş 0.12 ha torpaq sahəsi ayrılmışdır. - Qıpçaq kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 806 nömrəli arayışa əsasən, 3 nömrəli təsərrüfatbaşına kitabda 121-ci səhifədə 222 nömrəli təsərrüfatda İddiaçı adına 0.12 ha həyətyanı torpaq sahəsi vardır. - Qax rayon Qıpçaq bələdiyyəsi tərəfindən Qıpçaq kəndində yerləşən və iddiaçıya ayrılmış 0.12 ha torpaq sahəsinin sxemi tərtib edilərək təsdiq edilmişdir. - Qax rayon Qıpçaq bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 101 nömrəli arayışına əsasən, İddiaçı bələdiyyə əmlak və pay torpaq vergi borcunu ödəmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2- 1423/2023 nömrəli məktubundan görünür ki, Qax rayonu Qaysarlı kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən, iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsi 1312 kv.m olub döngə nöqtələri, koordinatları, sahəsi və torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi (146 kv.m) və köməkçi tikili tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Sözügedən torpaq sahəsinin 1225 kv.m hissəsi TEKUİS məlumat bazasında yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, uqodiyası – tikinti altında olan torpaqlar olmaqla, yerdə qalan 87 kv.m hissəsi isə yollar və küçələr kimi göstərilmiş Qıpçaq bələdiyyəsinin mülkiyyətində olan ərazidir. İddiaçının bildirdiyinə görə həmin torpaq sahəsi onun tərəfindən istifadə olunur. NECAS (X11) proqramına əsasən başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi yoxdur. - Qax rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-26RA/2-14/2024 nömrəli məktubuna əlavə edilmiş Qax rayon Qıpçaq kənd ərazi İcra Nümayəndəliyinin 1996-2000ci illərə dair təsərrüfatbaşına kitabdan çıxarışın arxiv nüsxəsindən görünür ki, İddiaçı 1999cu və 2000-ci illər üzrə 0.12 ha torpaq sahəsi verilmişdir. Təsərrüfat üzvlərinin siyahısında İddiaçı, X1, X4 və X2 adları qeyd edilmişdir. - X1, X4 və X5 tərəfindən verilmiş və Qax Rayon İcra Hakimiyyəti Qıpçaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş ərizə ilə üçüncü şəxslər X1, X4 və X5 mübahisə predmeti olan 0.12 ha torpaq sahəsinin və onun üzərində olan evin iddiaçının mülkiyyətinə verilməsinə və onun adına çıxarışla rəsmiləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. - 056577 nömrəli vəsiqəyə əsasən, xx.xx.2015-ci il tarixdə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı müharibə veteranı vəsiqəsi verilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2022-ci il tarixli çıxarışa əsasən, X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlar nəticəsində aldığı xəsarətə görə birinci dərəcə əlillik təyin edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
18. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 2.3-cü bəndinə əsasən, kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar qeydiyyat üçün əsas hesab edilir.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.5-ci maddəsinə əsasən, qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. 12.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır.
21. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində qeyd edilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsində qeyd edilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
22. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
24. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı “Qıpçaq” kolxozu müvəkkillərinin 05 iyun 1995-ci il tarixli yığıncağının 02 nömrəli çıxarış qərarına əsasən torpaq sahəsinin ona ayrıldığını bildirir. İddia olunan torpaq sahəsi üzərində iddiaçının hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəd qismində müvafiq qərarın təqdim olunması tələb olunur. İddiaçı tərəfindən belə hüquqmüəyyənedici sənəd cavabdehə və məhkəməyə təqdim olunmamışdır. Məhkəmə araşdırması zamanı iddia olunan torpaq sahəsinin iddiaçıya ayrıldığını sübut edən sənədin olmadığı müəyyən edilmişdir. Odur ki, iddiaçı iddia olunan torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edə bilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, “Qıpçaq” kolxozu müvəkkillərinin xx.xx.1995-ci il tarixli qərarı ilə İddiaçı ev tikmək üçün 0.12 ha torpaq sahəsinin verilməsi qərara alınmış, Qax rayon Torpaq Şöbəsi tərəfindən təsdiq edilmiş xx.xx.1996-cı il tarixli aktla da iddiaçıya fərdi yaşayış evi tikmək üçün 0.12 ha torpaq sahəsi ayrılmışdır. Qax rayon Qıpçaq bələdiyyəsi tərəfindən Qıpçaq kəndində yerləşən və iddiaçıya ayrılmış həmin torpaq sahəsinin sxemi tərtib edilərək təsdiq edilmişdir. Qax rayon Qıpçaq kənd ərazi İcra Nümayəndəliyinin 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabdan çıxarışın arxiv nüsxəsinə əsasən, 1999-cu və 2000-ci illər üzrə İddiaçı 0.12 ha torpaq sahəsinin verilməsi göstərilmiş və təsərrüfat üzvlərinin siyahısında da İddiaçı, X1, X4 və X2 adları qeyd edilmişdir. X1, X4 və X5 tərəfindən verilmiş və Qax Rayon İcra Hakimiyyəti Qıpçaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş ərizə ilə üçüncü şəxslər X1, X4 və X5 mübahisə predmeti olan 0.12 ha torpaq sahəsinin və onun üzərində olan evin iddiaçının mülkiyyətinə verilməsinə və onun adına çıxarışla rəsmiləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər.
31. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanına əsasən, daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar da aid olduğundan, təsərrüfatbaşına kitablardan çıxarışlar həmin əmlaka hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edildiyindən, Qax rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş Qax rayon Qıpçaq kənd ərazi İcra Nümayəndəliyinin 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabdan çıxarışın arxiv nüsxəsi də mübahisə predmeti olan torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün üçün əsasdır.
32. Belə ki, “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan, yəni Qax rayon Qıpçaq kənd ərazi İcra Nümayəndəliyinin 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabında iddiaçının adına torpağın verilməsi barədə məlumatın olub-olmaması halı araşdırılmadan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
33. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, bununla da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə əsasən, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə əsas olan hallar mövcud olduğundan cavabdehin iddiaçının müraciətindən imtina etməsi əsassız olmuşdur.
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan məsələlər barədə tam və hərtərəfli araşdırma aparılmamış, iş materiallarında olan sənədlər ətraflı tədqiq olunmamış, beləliklə də İPM-in 12-ci, 48-ci və 58-ci maddələrinin tələbləri pozulmuşdur. Həmin normalara görə, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
35. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, apellyasiya şikayəti təmin edilməli, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə İddiaçı verilmiş 0.12 ha torpaq sahəsi və onun üzərində olan evə dair iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır.
36. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 3 avqust 2023-cü il tarixli 2-1(116)-1637/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə İddiaçı verilmiş 0.12 ha torpaq sahəsi və onun üzərində olan evə dair iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.