Məhkəmə qərarları › İş №2-1(107)-210/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-210/2020

19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-210/2020 19.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdaiə Fondunun Şəki şəhər şöbəsinə (bundan sonra cavabdeh və ya DSMF-in Şəki şəhər şöbəsi) qarşı “xx.xx.1969-cu ildən xx.xx.1973-cü ilə qədər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda əyani təhsil aldığı illərin ümumi iş stajına daxil edilməklə pensiyanın yenidən hesablanması və xx.xx.2014-cü ildən hal-hazıradək ödənilməmiş pensiyanın kəsr hissəsinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-360/2020 nömrəli qərarından DSMF-in Şəki şəhər şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı x xxxxxx 1951-ci ildə Şəki rayonu Oxud kəndində anadan olmuşdur. 1968-ci ildə orta məktəbi bitirmiş, xx xxxxxxxx 1969-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur, xx xxxx 1975-ci ildə həmin institutu bitirərək pediatriya ixtisası üzrə həkim pediatr ixtisası almışdır. xx.xx.1973-cü ildən x xxxxxx 1975-ci ilədək 6 nömrəli uşaq xəstəxanasında tibb qardaşı vəzifəsində, xx.xx.1975-ci ildən hal-hazıradək müxtəlif xəstəxanalarda həkim vəzifəsində işləyir. xx.xx.2014-cü ildən yaşa görə əmək pensiyası alır. Pensiyası hesablanarkən onun əyani təhsil aldığı xx.xx.1969-cu ildən xx.xx.1973-cü ilə qədər olan illər ümumi iş stajına daxil edilməmişdir. Bununla bağlı DSMFin Şəki şəhər şöbəsinə xx xxxxxxx 2019-cu ildə rəsmi müraciət etmişdir. DSMF-in Şəki şəhər şöbəsinin xx xxxxxx 2019-cu il tarixli **********8 nömrəli məktubu ilə ona cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əyani təhsil illərinin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Hesab etmişdir ki, cavabdeh inzibati orqanın bu cavabı qanunauyğun deyildir. Bu səbəbdən də pozulmuş hüquqlarının məhkəmədə bərpasına qərar vermək məcburiyyətində qalmışdır. Cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli **********8 nömrəli məktubla iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa istinadən əyani təhsil illərinin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-360/2020 nömrəli qərarı ilə iddia təmin edilərək DSMF-in Şəki şəhər şöbəsinin üzərinə İddiaçı xx.xx.1969-cu ildən xx.xx.1973-cü ilə qədər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda əyani təhsil aldığı illərin ümumi iş stajına daxil edilməklə pensiyanın yenidən hesablanması və xx.xx.2014-cü ildən hal-hazıradək ödənilməmiş pensiyanın kəsr hissəsinin birdəfəyə ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. DSMF-in Şəki şəhər şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Bu Qanunun 32.1-1 maddəsində deyilir: əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.Bu maddəyə əsasən iddiaçının əmək pensiyasının məbləği müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün yenidən hesablanmalı olduğu halda, birinci instansiya məhkəməsinin qərarında xx.xx.2014-cü il tarixdən qeyd olunmuşdur. Bu isə yuxarıdakı maddənin tələblərinin pozulmasıdır.Həmçinin, məhkəmə iddiaçıya hesablanmamış pensiyanın birdəfəlik ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla, sosial təminat hüququ olan digər vətəndaşların sosial təminat hüququnu pozmuş olur.Belə ki, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunun xərclər maddəsinin alt hissələrində əmək pensiyalarının ödənilməsi xərcləri analitik hesablamalara əsaslanmış konkret rəqəmlərlə əks edildiyindən pensiya xərcləri ilə bağlı əlavə yaranmış öhdəliklər bu sahədə maliyyələşdirmənin vaxtında aparılmasını şübhə altına qoymuş olur.Birdəfəlik ödəmələrin məbləği xeyli miqdarda olduqda pensiya almaq hüququ olan digər vətəndaşların pensiya təminatı hüququ pozulmuş olur.Azərbaycan Respublikası Konstitusiyanın 7-ci maddəsinin 3-cü hissəsində qeyd olunmuşdur ki, dövlət hakimiyyətinin təşkili hakimiyyətin bölgüsü prinsipi əsasında həyata keçirilir. Həmin maddənin 4-cü hissəsinə əsasən, bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-360/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-360/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, DSMFin Şəki şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli **********8 nömrəli, xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubları, xx.xx.1973-cü il tarixli əmək kitabçasının təsdiqlənmiş surəti, Г-İ seriyalı 020648 nömrəli diplomun təsdiqlənmiş surəti aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-360/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçılar onların müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək DSMF-in Şəki şəhər şöbəsinin üzərinə İddiaçı xx.xx.1969-cu ildən xx.xx.1973-cü ilə qədər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda əyani təhsil aldığı illərin ümumi iş stajına daxil edilməklə pensiyanın yenidən hesablanması və xx.xx.2014-cü ildən hal-hazıradək ödənilməmiş pensiyanın kəsr hissəsinin birdəfəyə ödənilməsi öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edilir ki, iddiaçı xx.xx.1969-cu il tarixində N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və 1975-ci il tarixində həmin təhsil müəssisəsini pediatriya üzrə tam kursu bitirmiş, dövlət imtahan komissiyasının xx.xx.1975-ci il tarixli qərarı ilə ona həkimpediatr ixtisası verilmiş və Г-İ seriyalı 020648 nömrəli diplom almışdır. Pensiyası hesablanarkən onun əyani təhsil aldığı xx.xx.1969-cu ildən xx.xx.1973-cü ilə qədər olan illər ümumi iş stajına daxil edilməmişdir. Bununla bağlı DSMF-in Şəki şəhər şöbəsinə xx xxxxxxx 2019-cu ildə rəsmi müraciət etmişdir. DSMF-in Şəki şəhər şöbəsinin xx xxxxxx 2019-cu il tarixli **********8 nömrəli məktubu ilə ona cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əyani təhsil illərinin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1969-cu ildən xx.xx.1975-ci ilə qədər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda əyani təhsil alması Г-İ seriyalı 020648 nömrəli diplomun təsdiqlənmiş surəti ilə öz təsdiqini tapır və bu işin mübahisələndirilməyən halıdır. xx.xx.1973-cü il tarixli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, xx.xx.1973-cü ildən x xxxxxx 1975-ci ilədək 6 nömrəli uşaq xəstəxanasında tibb qardaşı vəzifəsində işləmişdir. DSMF-in Şəki şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubuna əsasən, iddiaçı xx.xx.2014-cü ildən yaşa görə əmək pensiyaçısıdır. Hal-hazırda ona 239,91 manat məbləğində əmək pensiyası ödənilir. Onun xx.xx.1969-cu il tarixdən xx.xx.1973-cü il tarixədək əyani təhsil aldığı illər sosial sığorta stajına daxil ediləcəyi halda pensiyanın məbləği 11,58 manat artaraq 251,49 manat olacaqdır. Cavabdehin yuxarıda qeyd olunan məktubunda iddiaçının xx.xx.2014-cü ildən yaşa görə əmək pensiyaçısı olması qeyd edilsə də, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, bu texniki xəta olmaqla ətraflı araşdırılması üçün əlavə yazışmalara ehtiyac olmayan xətadır. Belə ki, iddiaçının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1951-ci il tarixində anadan olmuşdur. (xx.xx.2014-cü il tarixində də 63 yaşında pensiya yaşına çatmışdır.) Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə görə, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin i) yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli 1044 saylı Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu bəndində ali və orta ixtisas təhsili məktəblərində təhsil dövrü iş stajına daxil edilirdi. xx xxxxxxxx 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İstinad olunan maddi hüquq normalarının tələbindən görünür ki, ali, orta ixtisas, texniki peşə məktəblərində təhsil müddəti iş stajına daxil edilməlidir. Qanunvericilikdə qeyd edilən dövrün əmək stajına daxil edilməsi barədə konkret göstəriş olduğundan o, bu hüquqdan məhrum edilə bilməz. Habelə, şəxsin təhsil aldığı dövrün qanunvericiliyinə görə həmin dövr artıq onun əmək stajı hesab edilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən, hazırda qüvvədə olan qanunvericiliyi həmin dövrə tətbiq etmək mümkün deyildir. Çünki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Göründüyü kimi, cavabdehin ağırlaşdırıcı hallara istinad edərək təhsil müddətini sosial sığorta stajına daxil etməməsi konstitusion normanın pozulmasıdır. Bundan başqa, iddiaçının təhsil aldığı müddət onun artıq qazanılmış hüququdur. Ona görə də “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. Apelyasiya şikayətinin iddiaçının əmək pensiyasının məbləğinin müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün yenidən hesablanmalı olduğu halda, birinci instansiya məhkəməsinin qərarında xx.xx.2014-cü il tarixdən hesablanması ilə bağlı dəlilinə qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan Qanunun 31.1-ci maddəsinin redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Odur ki, apelyasiya şikayətinin həmin dəlili əsassızdır. Birinci instansiya məhkəməsinin sərəncamına cavab olaraq cavabdeh inzibati orqan xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubla bildirmişdir ki, iddiaçıya 239,91 manat məbləğində əmək pensiyası ödənilir. Onun xx.xx.1969-cu il tarixdən xx.xx.1973-cü il tarixədək əyani təhsil aldığı illər sosial sığorta stajına daxil ediləcəyi halda pensiyanın məbləği 11,58 manat artaraq 251,49 manat olacaqdır. Bununla da məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, xx.xx.1969-cu ildən xx.xx.1973-cü ilə qədər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda əyani təhsil aldığı illər onun sosial sığorta stajına daxil edilərsə, iddiaçının pensiyasında artım ola bilər. İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan Qanunun 31.1-ci maddəsinin redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli **********8 nömrəli imtina məktubunda inzibati orqan tərəfindən vətəndaşa həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələrinin istifadə müddətini və həmçinin də şəxsin şikayət və ya iddia verəcəyi orqanlara, o cümlədən məhkəməyə şikayət verilməsi haqqında izahat verilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası DSMF-in Şəki şəhər şöbəsi rəhbərliyinin nəzərinə çatdırır ki, maraqlı şəxs hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə hər hansı bir inzibati orqanın qərarından, hərəkət və hərəkətsizliyindən yuxarı inzibati orqana yazılı müraciət formasında şikayət və ya məhkəməyə şikayət edə bilər. AR Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. AR Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Bundan başqa «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Qanunun 2-ci maddəsinə əsasən vətəndaş onun hüquq və azadlıqlarını pozan qərarlar və hərəkətlər (hərəkətsizlik) barəsində birbaşa məhkəməyə və ya tabelik qaydasında yuxarı dövlət orqanlarına və yerli özünüidarə orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara, ictimai birliklərə, vəzifəli şəxslərə şikayətlə müraciət edə bilər. “İnzibati icraat haqqında” Qanunun 57.1-ci maddəsinə əsasən başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 59.1.5-ci maddəsinə əsaəsn həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bunula bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cumlədən məhkəmə) haqqında məlumat. Həmin Qanunun 90.1-ci maddəsinə görə inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Göründüyü kimi dövlət orqanları vətəndaşlarla münasibətləri dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanuna əsasən qurmalıdır. Belə ki, hüquqi və demokratik dövlətdə dövlət idarəçilik orqanları ilə vətəndaşlar arasında münasibətlərin bütün prosedur qaydaları inzibati icraat haqqında qanunlarla müəyyən olunur. Heç bir dövlət orqanı, özünüidarə orqanı və ya onların vəzifəli şəxsləri bu və ya digər məsələni qanunla müəyən edilmiş qaydalardan kənar, özünün şəxsi mülahizələri ilə həll edə bilməz. Qanunun müddəalarının pozulmasına görə inzibati orqanların vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir kiDSMF-in Şəki şəhər şöbəsinin iddiaçının xx.xx.1969-cu ildən xx.xx.1973-cü ilə qədər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda əyani təhsil aldığı illərin ümumi iş stajına daxil edilməklə pensiyanın yenidən hesablanması və xx.xx.2014-cü ildən hal-hazıradək ödənilməmiş pensiyanın kəsr hissəsinin bir dəfəyə ödənilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Ona görə də İPM-in 87.6-cı maddəsinə əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-360/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-360/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar