Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-210/2021 07.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “359501A nömrəli “X3 və ölçüsü” sənədinin təyinat qrafasında texniki səhv olaraq yazılmış “fərdi yaşayış evi tikmək üçün” sözünü “sahibkarlıq fəaliyyəti göstərmək üçün” sözünə dəyişərək 0,04 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydiyyata alınaraq adına Dövlət Reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2-1(116)- 93/2021 nömrəli qərarından iş üzrə İddiaçı oğlu tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 359501A nömrəli “X3 və ölçüsü” sənədinin təyinat qrafasında texniki səhv olaraq yazılmış “fərdi yaşayış evi tikmək üçün” sözünü “sahibkarlıq fəaliyyəti göstərmək üçün” sözünə dəyişərək 0,04 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydiyyata alınaraq adına Dövlət Reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Oğuz Rayon İcra Hakimiyyəti başçısının 12.12.1996-cı il tarixli 295 A saylı Sərəncamına əsasən taxtaçəkən dəzgah quraşdırılması üçün iddiaçıya Oğuz şəhəri ərazisindən 0.04 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair tərtib edilmiş A seriyalı 359501 nömrəli “X3 və ölçüsü” sənədində (sənəddə sərəncamın nömrəsi “255 a” kimi qeyd edilmişdir) təyinat qrafasında “fərdi yaşayış evi tikmək üçün” qeydi edilmişdir. İddiaçı isə bildirir ki, sənəd tərtib edilərkən səhvə yol verilmiş, təyinat qrafasında “sahibkarlıq fəaliyyəti göstərmək üçün” qeydi aparılmalı idi. Cavabdeh orqanın iddiaçıya ünvanladığı 12.02.2020-ci il tarixli **********10 nömrəli imtina məktubundan müəyyən edilir ki, iddiaçıya Sərəncama əsasən “taxtaçəkən dəzgah quraşdırılması” məqsədilə ayrılmış torpaq sahəsinə ləğv edilmiş DT və XK Oğuz rayon şöbəsi tərəfindən verilən “X3 və ölçüsü” sənədində torpaq sahəsinin təyinatı heç bir əsas olmadan dəyişdirilərək “fərdi yaşayış evinin tikintisi üçün” qeydi aparılmışdır. Bu səbəblə də iddiaçının hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Cavabdehin etirazının dəlilləri: İddiaçı Oğuz şəhərində yerləşən 0.04 ha torpaq sahəsinə dair tərtib edilmiş “X3 və Ölçüsü” sənədinin təyinat qrafasında dəyişiklik edərək onun adına rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Təqdim olunan sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, Oğuz şəhərində yerləşən 0.04 ha torpaq sahəsinə dair tərtib edilmiş X3 və Ölçüsü sənədinin təyinat qrafasında “fərdi yaşayış evi tikmək üçün” (yəni həyətyanı) qeydi edilmişdir. Qeyd edilən torpaq sahəsinə Plan və Ölçü sənədi hazırlanan zaman torpaq sahəsinin təyinatını müəyyən edən səlahiyyətli qurum DT və XK olmuşdur və müəyyən olunmuşdur ki, torpaq sahəsi yaşayış məntəqələri torpağıdır, 0.04 ha torpaq sahəsi naturada mövcuddur və torpaq sahəsinin istifadəçisi İddiaçıdur. Qüvvədə olan qanunvericilin tələblərinə görə torpaq sahəsinin təyinatı, bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aiddir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. Şəki İnzibati Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2-1(116)-93/2021 nömrəli qərarı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “359501A nömrəli “X3 və ölçüsü” sənədinin təyinat qrafasında texniki səhv olaraq yazılmış “fərdi yaşayış evi tikmək üçün” sözünü “sahibkarlıq fəaliyyəti göstərmək üçün” sözünə dəyişərək 0,04 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydiyyata alınaraq adına Dövlət Reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə xərci iddiaçıya aid edilmiş. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 60 manat İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X1 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ**********0000001944, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC VÖEN: **********) köçürülməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Qeyd etmişdir ki, hazırki işin materiallarından da aydın görünür ki, onun şikayəti, iş üzrə verdiyi izahatları və irəli sürdüyü dəlilləri, o cümlədən şikayətinin müəyyən edilməsi ilə əlaqədar təqdim etdiyi əlavə sübutların əsasını onun adına olan torpaq sahəsinə mülkiyyət sənədi almaq üçün mövcud olan maneələrin aradan qaldırılması təşkil edir. Şəki İnzibati Məhkəməsi nəinki mübahisələndirilən torpaq sahələrinin hüquqi statusunu və yerləşdiyi ərazini müəyyənləşdirməmiş, dəqiq araşdırma aparmadan, qanun və normativ aktları səhv təfsir edərək hazırda şikayət etdiyi qanunsuz və əsassız qərarı qəbul etmişdir. Məhkəmə qərarı özünün mülahizələri və iş üzrə hüquqi əhəmiyyət kəsb etməyən hüquq normaları ilə əsaslandırmağa çalışmışdır. Torpaq sahəsinin təyinatının dəyişdirilməsi məsələsinə məhkəmə qaydasında baxılmalı deyildir, bu səlahiyyət yalnız Nazirlər Kabinetinə məxsusdur. Bu mülahizə barədə qeyd edib ki, yaşayış məntəqəsində yerləşməyən həmin 0.04 ha torpaq sahəsinin təyinatı plan-ölçü sənədi hazırlanan zaman müəyyən edilməyib. Cavabdehə müraciəti zamanı və iddia ərizəsində o plan-ölçü sənədlərində torpaq sahələrinin təyinatının düzgün yazılmadığını qeyd etsə də hazırda şikayət etdiyi qərarı qəbul edərkən Şəki İnzibati Məhkəməsi guya onun torpaq sahələrinin təyinatının dəyişdirilməsini tələb etdiyini göstərmişdir. Məhkəmə qeyd edilən torpağın təyinatının guya həmin torpaq sahəsinə plan- ölçü sənədi hazırlanan zaman müəyyən olunması kimi səhv nəticəyə gəlmişdir. Ən əsası isə odur ki, ona məxsus həmin 0.04 ha torpaq sahəsinin plan-ölçü sənədinin təyinat qrafasında "fərdi yaşayış evi tikmək üçün" sözləri yazılmışdır. Həmin plan-ölçü sənədi əsasında o qeyd edilən torpaq sahəsinə çıxarış almaq üçün cavabdehə müraciət etmişdir. Cavabdehin imtinası isə həmin 0.04 ha torpaq sahəsinin plan-ölçü sənədinin təyinat qrafasında “Fərdi yaşayış evi tikmək üçün" sözlərinin səhv yazıldığı və torpaq sahəsinin kommersiya təyinatlı torpaq sahəsi olması ilə əsaslandırılmışdır. Məhkəmə isə cavabdehin imtinasından və onun iddia tələbinin məzmunundan kənara çıxaraq tamamilə heç bir aidiyyatı olmayan dəlillərlə əsassız bir qərar qəbul etmişdir. Yaxşı olardı ki, həmin torpağın gah yaşayış məntəqəsinin torpağı, gah kənd təsərrüfatı təyinatlı torpaq, gah da örüş torpağı olduğunu qeyd etməkdənsə bir dəfə yerində baxış keçiriləydi. Beləliklə də həmin kvartalda bir dənə də yaşayış evinin olmadığını, onun torpağının yanında ət kəsimi məntəqəsinin, maye-qaz doldurma məntəqəsinin və X4 Sahəsinin nəzarət məntəqəsinin olduğu müəyyən edilərdi. Əgər cavabdeh inzibati orqan ona həmin torpaq sahəsinə həyətyanı torpaq kimi çıxarış versəydi o şikayət etməzdi. Cavabdeh həmin torpağın ilkin hüquq müəyyənedici sənədlərdə kommersiya təyinatlı torpaq olduğunu qeyd etmişdir. Təəssüflər olsun ki, son ümid yeri kimi müraciət etdiyi məhkəmə onun iddasının təmin edilməməsi barədə qəbul etdiyi qanunsuz və əsassız qərarla onun mülkiyyət hüququnu pozmuşdur. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2-1(116)-93/2021 saylı qərarının ləğv edilməsini və işi yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, işi yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: 22.01.2019-cu il tarixli **********0 nömrəli Daxili İşlər Nazirliyi Oğuz Rayon Polis Şöbəsindən iddiaçıya ünvanlanan məktubda ünvan 2di yaşayış evi tikilmək üçün” verilmiş AN: ******* olan “X3 və ölçüsü” sənədinin tapılmış sənəd kimi Oğuz rayon Polis Şöbəsinə daxil olmadığı qeyd olunmuşdur. Oğuz rayon Dövlət Arxivinin 26.12.2019-cu il 230 nömrəli məktubunda 12.12.1996-cı İHB-nın 295”A” saylı sərəncamından çıxarışın bəndləri qeyd olunmuşdur. Sərəncamın 1-ci bəndində qeyd olunan torpaq sahəsinin İddiaçı dəzgah quraşdırılması məqsədilə verildiyi müəyyən edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “X3 və ölçüsü” sənədində torpaq sahəsinin İddiaçı 12.12.1996-ci il tarixli 255 a saylı sərəncam ilə verildiyi qeyd olunmuşdur. Dövlət Kadastr kitabında 3275 nömrə ilə uçota alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 28.10.2020-ci il tarixli **********62 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçının istifadəsində olan torpaq sahəsi 0.04 ha olub, təyinatı kənd təsərrüfatı, uqodiyası örüş olmaqla Oğuz şəhər Bələdiyyəsinin mülkiyyətinə aid olub iddiaçının istifadəsindədir. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları.( 9-cu maddə). kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.(12-ci maddəsinin 2-ci bəndi). kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.(12-ci maddəsinin 3-cü bəndi). "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 saylı qərarının 3-cü bəndinə əsasən, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kəndtəsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Bir neçə kateqoriyaya aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər mövcuddur. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 3cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Torpaq Məcəlləsinin 12-ci maddəsinin 4-cü hissəsinə görə kənd təsərrüfatı təyinatlı torpaqların digər kateqoriyaya keçirilməsinə müstəsna hallarda, yalnız müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir. Kənd təsərrüfatı təyinatlı torpaqlar digər kateqoriyaya keçirildikdə, bu barədə qəbul edilən qərarda bunun səbəbləri, zəruriliyi, müstəsnalığı ətraflı əsaslandırılmalıdır. Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 04.08.1999-cu il tarixli, 176 saylı sərəncamına əsasən, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsindəəlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanına uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi nəzərdə tutulub ki, bunun da məqsədlərindən biri torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir. Həmin Fərmanın 6.2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı prosesinin təkmilləşdirilməsi, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların təyinatına uyğun istifadə edilməsi sahəsində işin təkmilləşdirilməsi məqsədləri daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Qanuna müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Hazırki halda isə iddiaçının faktiki istifadəsində olan və faktiki olaraq mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsi təyinatı kənd təsərrüfatı, uqodiyası örüş olmaqla Oğuz şəhər Bələdiyyəsinin mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, X3 və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2-1(116)-93/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2-1(116)-93/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-210/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-210/2021
07.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver