Məhkəmə qərarları › İş №2-1(107)-210/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-210/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-210/2022 21.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “ona xx.xx.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli 2-1(116)-661/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı xx.xx.1958-ci ildə anadan olmuş və hazırda Oğuz rayonu Baş Daşağıl kəndində yaşayır.

2. O, 1976-cı və 1977-ci illərdə Vartaşen (indiki Oğuz) rayonu Əzizbəyov adına kolxozda tütünçü işləmişdir.

3. İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək X6 Texnikumunda təhsil almış və dövlət ixtisas komissiyasının xx.xx.1980-ci il tarixli qərarı ilə ona aqronom ixtisası verilmişdir.

4. O, xx.xx.1982-ci ildən xx.xx.1991-ci ilədək X9 Zavodunda mövsümi fəhlə, sonra texniki mikroskopçu, daha sonra mühasib köməkçisi işləmişdir.

5. O, xx.xx.1991-ci ildən xx.xx.2007-ci ilədək X3 baş mühasib vəzifəsində işləmişdir.

6. İddiaçı xx.xx.2020-ci ildə pensiya yaşına (61 il 6 ay) çatmışdır.

7. O, yaşa görə əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 15 saylı regional ərazi filialına müraciət etmiş, lakin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı xx.xx.2021ci il tarixli **********1 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1976-cı ildən xx.xx.1980-ci ilədək olan təhsil dövrü, eyni zamanda, əmək kitabçasında qeyd edilən digər dövrlər nəzərə alınmaqla onun sığorta stajı 13 il 3 ay təşkil edir və bu, qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 13 il 3 ay sığorta stajına uyğun olaraq 9822,36 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28000 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1982-ci ildən xx.xx.1991-ci ilədək X9 Zavodundakı və xx.xx.1991-ci ildən xx.xx.2006-cı ilədək X1 əmək fəaliyyətinin araşdırılması zamanı qeyd olunan müəssisələrin hüquqi ünvanının aşkar edilməməsi və əmr kitablarının, əmək haqqı cədvəllərinin mühafizə olunması üçün Dövlət Arxivinə təhvil verilməməsi müəyyən edilmişdir. Bu səbəbdən həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

8. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-in Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "cavabdehin xx.xx.2021-ci il tarixli **********1 nömrəli imtinasının qanunsuz hesab edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.

9. O, iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən X9 Zavodunun və X4 hüquqi ünvanının aşkar edilməməsi və əmr kitablarının, əmək haqqı cədvəllərinin Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən həmin müəssisələrdə işlədiyi dövrün araşdırılmasının mümkün olmamasına görə qeyd edilən dövrün sığorta stajına daxil edilməməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"yə tamamilə ziddir.

10. Bundan sonra o, birinci instansiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, tələbini "cavabdehin xx.xx.2021-ci il tarixli **********1 nömrəli imtinasının qanunsuz hesab edilməsi və hüququnun yarandığı vaxtdan, yəni xx.xx.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir.

11. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir.

12. Cavabdeh iddiaya qarşı xx.xx.2022-ci il tarixli **********9 nömrəli yazılı etirazında imtina məktubunun dəlillərinə əsaslanmış və bildirmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ 61,5 yaşla xx.xx.2020-ci ildə yaranır.

13. Şifahi məhkəmə baxışı zamanı iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, tələbini "xx.xx.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

14. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 11 may 2022-ci il tarixli 2- 1(116)-661/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

15. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

16. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Qanunvericilikdə nəzərdə tutulmuş şərtlər ödənildiyi təqdirdə yaşa görə pensiya hüququ 61 il 6 ayla xx.xx.2021-ci il tarixdə yaranır. İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək X9 zavodunda və xx.xx.1991-ci il tarixdən xx.xx.2007-ci il tarixədək X3 işlədiyini iddia edir. Cavabdeh tərəfindən X7 filialına xx.xx.2022-ci il tarixli **********6 nömrəli sorğu göndərilmişdir. X7 filialının xx.xx.2022-ci il tarixli 13 nömrəli cavab məktubunda bildirilmişdir ki, X9 zavodu və X4 işçi və qulluqçularının əmr kitabları və əmək haqı cədvəlləri X7 filialına təhvil verilməmişdir. İddiaçının sosial sığorta stajı xx.xx.1976-cı il tarixdən xx.xx.1980-ci il tarixədək olan təhsil dövrü və kitabçasında qeyd edilən digər dövrlər nəzərə alınmaqla 13 il 3 ay təşkil edir və bu da qanunvericiliklə tələb olunan müddətdən (25 il) azdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 13 il 3 ay sosial sığorta stajına uyğun olaraq 9822,36 manat təşkil edir. İddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək X9 zavodu və xx.xx.1991-ci il tarixdən xx.xx.2007-ci il tarixədək X3 işlədiyini iddia etdiyi dövrlərlə bağlı əmr kitabları və əmək haqqı cədvəllərinin X7 filialına təhvil verilməməsi səbəbindən həmin illər onun sosial sığorta stajına daxil edilə bilməz. Göründüyü kimi, iddiaçıya yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və ya pensiya kapitalı tamamlanmadığına görə ona yaşa görə pensiyanın təyin edilməsi mümkün deyildir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli 2-1(116)-661/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli 2-1(116)-661/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli 2-1(116)- 661/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

19. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - ВТ seriyalı 030416 nömrəli diplomdan görünür ki, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək Şəki Kənd Təsərrüfatı Texnikumunda təhsil almış və dövlət ixtisas komissiyasının xx.xx.1980-ci il tarixli qərarı ilə ona aqronom ixtisası verilmişdir. - 146 nömrəli "Kolxozçunun əmək kitabçası"ndan görünür ki, İddiaçı 1976-cı və 1977-ci illərdə Vartaşen (indiki Oğuz) rayonu Əzizbəyov adına kolxozda tütünçü, xx.xx.1982-ci ildən xx.xx.1991-ci ilədək X9 Zavodunda mövsümi fəhlə, texniki mikroskopçu, mühasib köməkçisi, xx.xx.1991-ci ildən xx.xx.2007-ci ilədək isə X3 baş mühasib vəzifəsində işləmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X7 filialının xx.xx.2021-ci il tarixli 360 nömrəli məktubundan görünür ki, X9 Zavodunun və X4 işçi və qulluqçularının əmr kitabları və əmək haqqı cədvəlləri arxivə təhvil verilməmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********00 nömrəli məktubundan görünür ki, X9 Zavodu xx.xx.2017-ci ildə, X5 isə xx.xx.2007-ci ildə "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na və "Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydaları"na uyğun olaraq hərrac vasitəsilə özəlləşdirilmişdir. Eyni zamanda, Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində İddiaçı dair hər hansı məlumat aşkar edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

21. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Maddə 149. Vİİ hissə. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

22. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

23. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun: Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

25. xx.xx.1956-cı ildə qüvvəyə minmiş və xx.xx.1993-cü ilədək qüvvədə olmuş "Dövlət pensiyaları haqqında" SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə görə, ali, orta ixtisas təhsil müəssisələrində, məktəblərdə və kadr hazırlığı kurslarında təhsil alanlar dövlət pensiyası hüququna malikdirlər.

26. SSRİ Nazirlər Sovetinin xx.xx.1956-cı il tarixli 1044 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında əsasnamə"nin 109-cu bəndinə görə, ali və orta ixtisas təhsili müəssisələrində (texnikumlarda, pedaqoji və tibb məktəblərində və s.) partiya məktəblərində, sovet partiya məktəblərində, həmkarlar hərəkatı məktəblərində, fəhlə fakültələrində təhsil; aspiranturada, doktoranturada və klinik ordinaturada olma müddətləri də ümumi iş stajına daxil edilir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1-ci bəndinə, 4.1.1-ci yarımbəndinin 1-ci abzasına görə, əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə nəzərə alınan sosial sığorta stajı "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir.

28. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

29. xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. 69-cu maddəsində isə deyilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

31. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

32. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığorta haqqının toplanması" Qaydaları: Maddə 1.2.1. Məcburi dövlət sosial sığorta haqqı - sığortalamaya görə sığortaçı təşkilata ödənilən pul vəsaitidir; Maddə 1.2.2. Sosial sığortanın iştirakçıları - sığortaçı, sığortaedənlər və sığortaolunanlardır; Maddə 1.2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası üzrə fəaliyyəti həyata keçirən sığortaçı hüquqi şəxsdir; Maddə 1.2.4. Sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığortaedən digər şəxslərdir; Maddə 1.2.5. sığortaolunan– xeyrinə sığorta fəaliyyəti həyata keçiriləndir.

33. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanunu: Maddə 8. Sığortaolunanın sığorta stajı - sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Maddə 9. Sığortaçının hüquqları aşağıdakılardır: bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Maddə 10. Sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: - sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Maddə 11. Sığortaedənlərin vəzifələri aşağıdakılardır: məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla); müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək; hesabat dövründə fəaliyyət göstərmədiyi halda sığortaçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

35. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli 2-1(116)-661/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

36. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

37. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

38. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edildi ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

40. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla, xx.xx.2020-ci ildə pensiya yaşına (61 il 6 ay) çatmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur.

41. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini iddia etmədiyinə görə birinci instansiya məhkəməsi ilk növbədə onun sosial sığorta stajının müddətini hesablamağı zəruri bilmişdir.

42. İddiaçı təqdim etdiyi diplomdan görünür ki, o, xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək X6 Texnikumunda təhsil almışdır.

43. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının təhsil aldığı zaman qüvvədə olan pensiya qanunvericiliyi təhsil müddətinin iş stajına daxil edilməsini nəzərdə tutur. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, xx.xx.2006-cı ildə qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, təhsil müəssisəsindəki təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin şərti kimi çıxış edən is stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz.

44. İstinad olunan maddi hüquq normalarının tələbindən görünür ki, ali, orta ixtisas, texniki peşə məktəblərində təhsil müddəti iş stajına daxil edilməlidir. Qanunvericilikdə qeyd edilən dövrün əmək stajına daxil edilməsi barədə konkret göstəriş olduğundan o, bu hüquqdan məhrum edilə bilməz. Habelə, şəxsin təhsil aldığı dövrün qanunvericiliyinə görə həmin dövr artıq onun əmək stajı hesab edilir.

45. Ona görə də iddiaçının təhsil aldğı 2 il 6 ay 7 gün müddət onun sosial sığorta stajına daxil edilməlidir.

46. Bundan başqa, iddiaçının təqdim etdiyi "Kolxozçunun əmək kitabçası"ndan görünür ki, o, 1976-cı və 1977-ci illərdə Vartaşen (indiki Oğuz) rayonu Əzizbəyov adına kolxozda tütünçü, xx.xx.1982-ci ildən xx.xx.1991-ci ilədək X9 Zavodunda mövsümi fəhlə, texniki mikroskopçu, mühasib köməkçisi, xx.xx.1991-ci ildən xx.xx.2007-ci ilədək isə X3 baş mühasib vəzifəsində işləmişdir.

47. Onun Vartaşen (indiki Oğuz) rayonu Əzizbəyov adına kolxozda tütünçü işlədiyi illərdə əmək iştirakı norması 180 adam/gün müəyyən edilmiş, o, 1976-cı ildə 239 adam günü, 1977-ci ildə isə 245 adam günü işləmişdir. Belə olan halda, həmin müddət üçün onun sosial sığorta stajı 2 il təşkil edir.

48. Cavabdeh iddiaçının X9 Zavodunda və X3 işlədiyi müddətləri onun sığorta stajına daxil etməkdən imtina edir və bunu belə əsaslandırır ki, qeyd olunan müəssisələrin hüquqi ünvanı aşkar edilmədiyinə, onların əmr kitabları, əmək haqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyinə görə iddiaçının həmin müəssisələrdəki əmək fəaliyyətinin araşdırılması mümküm olmamışdır.

49. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

50. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X7 filialına sorğu edilərək X9 Zavodunun və X4 iddiaçıya aid əmrləri və əmək haqqı cədvəlləri tələb olunmuş, lakin filialın xx.xx.2021-ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, həmin sənədlər X7 filialına təhvil verilməmişdir.

51. Bundan sonra İddiaçı göstərilən müəssisələrin Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin nəzdinə verilməsi barədə birinci instansiya məhkəməsinə məlumat verdiyinə görə məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinə analoji sorğu verilmiş, lakin Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, tələb olunan məlumatlar Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində aşkar edilməmişdir. Cavab məktubunda həmçinin göstərilmişdir ki, X9 Zavodu xx.xx.2017-ci ildə, X5 isə xx.xx.2007-ci ildə "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na və "Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydaları"na uyğun olaraq hərrac vasitəsilə özəlləşdirilmişdir.

52. Hazırkı iş üzrə iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmaması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyinə görə məhkəmə həmin sənəddə olan məlumatları mötəbər hesab edir.

53. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir.

54. Belə olan halda, iddiaçının xx.xx.1982-ci ildən xx.xx.1991-ci ilədək X9 Zavodunda, xx.xx.1991-ci ildən xx.xx.2006-cı ilədək isə X3 işlədiyi dövrün qarşılıqlı yoxlanmasının mümkün olmaması səbəbindən həmin müddətin onun sosial sığorta stajına daxil edilməli olmaması barədə cavabdehin dəlilləri əsassızdır.

55. İddiaçı X9 Zavodunda xx.xx.1982-ci ildən xx.xx.1991-ci ilədək işlədiyi müddət 8 il 2 ay 13 gün, X3 isə xx.xx.1991-ci ildən xx.xx.2006-cı ilədək işlədiyi müddət 14 il 11 ay təşkil edir.

56. Həmin müddətləri iddiaçının X6 Texnikumunda təhsil aldığı və Vartaşen (indiki Oğuz) rayonu Əzizbəyov adına kolxozda işlədiyi müddətlərlə topladıqda (8 il 2 ay 13 gün + 14 il 11 ay + 2 il 6 ay 07 gün + 2 il) müddətlərin cəmi 27 il 7 ay 20 gün təşkil edər, bu isə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayətdir.

57. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir.

58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı iddiaçının ona xx.xx.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

59. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli 2-1(116)-661/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar