Məhkəmə qərarları › İş №2-1(107)-211/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-211/2022

27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-211/2022 27.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “1981-1997-ci illərdə Şəki rayonu Qoxmuq kənd “1 May” kolxozunda tütünçü olaraq işlədiyi illərin (həmin illərin 10 ildən çoxunu zərərli və ağır işlərdə işləmiş), 3 uşağına qulluq göstərərək kolxozda işləyən zaman analıq məzuniyyətində olduğu illərin və xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək 1 saylı Peşə məktəbində aşpaz-qənnadı ixtisası üzrə tam kursu oxuduğu illərin sosial sığorta stajına daxil edilməklə iddiaçıya hüququ yarandığı vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 12 may 2022ci il tarixli 2-1(116)-461/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, 1981-1997-ci illərdə Şəki rayonu Qoxmuq kənd “1 May” kolxozunda tütünçü olaraq işlədiyi illərin (həmin illərin 10 ildən çoxunu zərərli və ağır işlərdə işləmiş), 3 uşağına qulluq göstərərək kolxozda işləyən zaman analıq məzuniyyətində olduğu illərin və xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək 1 saylı Peşə məktəbində aşpaz qənnadı ixtisası üzrə tam kursu oxuduğu illərin sosial sığorta stajına daxil edilməklə iddiaçıya hüququ yarandığı vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2014-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1962-ci ildə Şəki rayonu Qoxmuq kəndində anadan olmuş, xx.xx.1981-ci ildə X4 ilə ailə həyatı qurmuş və bu nikahdan onların 3 övladı olmuşdur: X7 (xx.xx.1984), X6 (xx.xx.1986) və X2 (xx.xx.1987).

3. İddiaçı əmək fəaliyyətinə 1981-ci ildə başlamışdır. Belə ki, o, xx.xx.1981-ci ildə Şəki rayonu Qoxmuq kənd “1 May” kolxozunda kolxozçu olaraq işə başlamış və həmin kolxozda uzun müddət tütünçü işləmişdir. Üç övladını doğub boya-başa çatdırmış, uşaqları dünyaya gətirdiyi zaman həmin kolxozdan analıq məzuniyyətinə çıxmış və fasiləsiz olaraq xx.xx.1997-ci ilədək qeyd etdiyi kolxozda tütünçü işləmişdir. Kolxozda tütünçü işləyən fəhlənin peşəsi tütün, tütünün yarpaqlarını düzmək, bükmək, çeşidləmək, qurutma işlərini tənzimləmək, qurumuş tütünü yığmaqdan ibarət olmuşdur. Kolxoz dağılandan sonra fərdi olaraq kənddə aşpazlıq etmiş və işi ilə əlaqədar olaraq xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək Şəki 1 saylı Peşə məktəbində aşpaz-qənnadı ixtisası üzrə tam kursu oxumuş, həmin məktəbdən iddiaçıya xx.xx.2001-ci ildə qeydiyyat nömrəsi 0736 olan AN:116736 nömrəli diplom verilmişdir.

4. İddiaçı bildirmişdir ki, o, 15 ildən artıq ağır və zərərli sahə olan kolxozda tütünçü işləmiş, onun ümumilikdə isə 3 uşağını dünyaya gətirərkən analıq məzuniyyətində olduğu illər, peşə məktəbində təhsil aldığı 3 illik əyani təhsil illəri də daxil olmaqla 20 ildən çox sosial sığorta stajı vardır. İddiaçının əmək kitabçasındakı qeydlər və təhsil aldığı peşə müəssisəsindən verilən diplom onun yuxarıda qeyd etdiklərini təsdiq etməkdədir.

5. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir.

6. Fondun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı xx.xx.2022-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

7. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Yeyinti sənayesi bölməsinin (27) Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı bəndində (27.5) tütün istehsalı yarımbəndində (27.5.1) fəhlələr müvafiq olaraq: -tütün üzrə kupajçılar; -pnevmatik qurğu maşinistləri; -papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri; -tənzimləşdirici maşinistlər; -tütünkəsən maşın maşinistləri; -tütün keşinin presləyiciləri; -tütünyumşaldanlar; -tütün yarpaqlarını düzənlər; tütünü çəkib bükənlər; -tütün çeşidləyiciləri; -tütün quruducuları; -istehsalat binalarının yığışdırıcıları; -avadanlığın təmizləyiciləri vəzifələri nəzərdə tutulmuşdur.

9. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə tütünçü vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi tütünçü vəzifəsi yuxarıda göstərilən vəzifələrə uyğun olmadığından onun güzəştli iş stajı yoxdur. Eyni zamanda iddiaçının ümumi iş stajı 25 ildən az (16 il, 1981-1997-cil tarixləri arasındakı dövr) təşkil edir.

10. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 37.533,93 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 11.430,96 manat təşkil edir.

11. Yuxarıda göstərilənlərə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı filial tərəfindən mümkün hesab edilməmişdir.

12. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

13. İddiaçı birinci instansiya məhkəməsinə xx.xx.2022-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ünvanlayaraq “1981-1997-ci illərdə ünvan 1diyi illərin (həmin illərin 10 ildən çoxunu zərərli və ağır işlərdə işləmiş), 3 uşağına qulluq göstərərək kolxozda işləyən zaman analıq məzuniyyətində olduğu illərin və xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək 1 saylı Peşə məktəbində aşpaz-qənnadı ixtisası üzrə tam kursu oxuduğu illərin sosial sığorta stajına daxil edilməklə iddiaçıya hüququ yarandığı vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022ci il tarixli 2-1(116)-461/2022 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.

14. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

15. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

16. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 12 may 2022-ci il tarixli 2- 1(116)-461/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

17. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

18. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli 2-1(116)-461/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli 2-1(116)-461/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavebdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli 2-1(116)-461/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

21. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1962-ci ildə Şəki rayonu Qoxmuq kəndində anadan olmuşdur. - 378183 nömrəli “nikahın bağlanması haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 ilə Cəlilova (Yusifova) Narungül Müzəffər qızı arasında xx.xx.1981-ci ildə nikah bağlanmışdır. - 457293 nömrəli “doğum haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.1984-cü ildə anadan olmuşdur. X1, anası İddiaçıdır. - 097696 nömrəli “doğum haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.1986-cı ildə anadan olmuşdur. X1, anası İddiaçıdır. - 464119 nömrəli “doğum haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X2 xx.xx.1987-ci ildə anadan olmuşdur. X1, anası İddiaçıdır. - 1622 nömrəli “kolxozçunun əmək kitabçası”nın təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 1981-ci ildən 1997-ci ilədək “1 May” kolxozunda tütünçü vəzifəsində işləmişdir. - X15 filialının xx.xx.2021-ci il tarixli 344 nömrəli məktubundan görünür ki, iddiaçı “1 May” kolxozunda 1981-ci ildə 190, 1982-ci ildə 204, 1983-cü ildə 298, 1984-cü ildə 239, 1985-ci ildə (xx.xx.1986-xx.xx.1986 analıq məzuniyyəti) 244, 1986-cı ildə (xx.xx.1986xx.xx.1987 məzuniyyət) 171, 1987-ci ildə (xx.xx.1988- xx.xx.1988 məzuniyyət; xx.xx.1987xx.xx.1987 analıq məzuniyyəti) 134, 1988-ci ildə 253, 1989-cu ildə 259, 1990-cı ildə 252, 1991-ci ildə 245, 1992-ci ildə 225, 1993-cü ildə 293, 1994-cü ildə 294, 1995-ci ildə 277, 1996-cı ildə 237, 1997-ci ildə 210 gün işləmişdir. Minimum adam günü norması 170 gündür. - A seriyalı 116736 nömrəli “peşə təhsili haqqında” diplomun təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1998-ci ildə peşə məktəbinə daxil olmuş və xx.xx.2001-ci ildə “aşpaz-qənnadçı” ixtisası üzrə tam kursu bitirmişdir

TƏTBİQ EDİLƏN HÜQUQ

22. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli 54-İİİQ nömrəli Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

25. "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı təsdiq edilmişdir. Siyahının yeyinti sənayesi adlı bölməsinin 27.5-ci hissəsində “Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı” bəndində bu sahədə çalışan fəhlələrin kateqoriyaları müəyyən edilmişdir.

26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

27. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli 2-1(116)-461/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

28. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

29. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

30. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan qanunvericilik normalarından da göründüyü kimi, qadınların 55 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün şəxs güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan peşələrdə işləməli, Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il, ümumi iş stajı minimum 20 il olmalıdır.

33. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü iddiaçı xx.xx.2017-ci il tarixə artıq qanunvericiliklə müəyyən edilmiş 55 yaş həddinə çatmışdır. Lakin məhkəmə araşdırması nəticəsində iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 20 il ümumi iş stajına (sığorta stajına) malik olmadığı müəyyən edilmişdir.

34. Belə ki, iş materiallarında olan arxiv arayışları və iddiaçıya məxsus kolxozçunun əmək kitabçasına əsasən müəyyən edilmişdir ki, iddiaçı 1981- 1997-ci illərdə Şəki rayonu Qoxmuq kənd 1 May kolxozunda işləmişdir. İddiaçının koxozda işlədiyi illər 1986-1988-ci illərdə analıq məzuniyyətində olduğu müddət nəzərə alınmaqla ümumi iş stajına hesablansa 17 il ümumi iş stajı vardır.

35. Həmçinin, A seriyalı 116736 nömrəli “peşə təhsili haqqında” diploma əsasən iddiaçının xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək “aşpaz-qənnadçı” ixtisası üzrə təhsil müddəti ümumi iş stajına nəzərə alınmaqla ona əlavə olaraq 2 il 9 ay 20 gün əmək stajı hesablanmaqla, ümumi iş stajı olaraq 19 il 9 ay 20 gün staja malik olduğu müəyyən edilir. Beləliklə, iddiaçı qanunvericiliklə müəyyən edilmiş ümumi sığorta stajının minimum tələbinə cavab vermir.

36. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə əlavə araşdırma aparmadan cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır. İddiaçı ona münasibətdə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermir. Cavabdehin imtinası əsaslıdır.

37. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 1981-1997-ci illərdə Şəki rayonu Qoxmuq kənd “1 May” kolxozunda tütünçü olaraq işlədiyi illərin (həmin illərin 10 ildən çoxunu zərərli və ağır işlərdə işləmiş), 3 uşağına qulluq göstərərək kolxozda işləyən zaman analıq məzuniyyətində olduğu illərin və xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək 1 saylı Peşə məktəbində aşpaz-qənnadı ixtisası üzrə tam kursu oxuduğu illərin sosial sığorta stajına daxil edilməklə iddiaçıya hüququ yarandığı vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

38. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli 2-1(116)-461/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar