Məhkəmə qərarları › İş №2-1(107)-212/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-212/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-212/2022 28.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı qarşı “İddiaçı pensiya hüququnun yarandığı 11 yanvar 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 11 yanvar 2020-ci il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2-1(116)-625/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “11 yanvar 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 11 yanvar 2020-ci il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, "xxxx"-nin Mərkəzi Təmir Sexində xx.xx.1983 – xx.xx.1985 (1 il 11 ay) və xx.xx.1985 – xx.xx.2006-cı illərdə (20 il, 4 ay, 15 gün) əmək fəaliyyəti ilə məşğul olmuş, həmin müddətin 12 il 6 aydan çoxunu əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmış, həmçinin, xx.xx.1980-xx.xx.1981-ci illərdə texniki peşə təhsili almış və xx.xx.1981-xx.xx.1983-cü il tarixlərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi stajı 25 ildən, xüsusi stajı 12 il 6 aydan çox olduğuna və xx.xx.2020-ci ildə 57 yaşı tamam olduğuna görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

3. İddiaçı tələb hüququnu “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün zəruri olan xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının, xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması və 57 yaşının tamam olması, həmçinin, işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulması ilə əsaslandırmış, cavabdeh orqan isə iddia tələbinə etirazını iddiaçının işlədiyi peşənin müvafiq 2 saylı Siyahıda nəzərdə tutulmaması, buna görə də iddiaçının güzəştli şərtlə yaşa görə pensiya hüququnun yaranmaması ilə əsaslandırmışdır.

4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

5. Cavabdehin vəkili birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 28 aprel 2022-ci il tarixli 2- 1(116)-625/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmişdir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün o, xx.xx.2006-cı il tarixinədək 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajını toplamış olmalı idi. İddiaçı isə qeyd olunan tələbə cavab vermir. İddiaçının istinad etdiyi kod: 1) 214000a-13790 (Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı: qazanxana, turbin (qaz turbini) avadanlığının təmiri ilə məşğul olan kran maşinistləri (krançılar)) və 2140000a-18455 (Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı: (qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri). İddiaçı isə işləmişdir: 1) maşın avadanlığının təmiri üzrə çilingər (xx.xx.1985xx.xx.1986); 2) kran maşinisti (xx.xx.1986- bu günədək). Göründüyü kimi, iddiaçının işləmiş olduğu peşələrlə istinad etdiyi kodlar uyğunluq təşkil etmir. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehə müraciət olunarkən arayış təqdim edilməmişdir. Bundan əlavə, məlum olduğu kimi Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının digər məhkəmələrinə xx.xx.2020-ci il tarixli məktub göndərilmiş, tövsiyə edilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu səbəbdən də qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Ona görə də Şəki İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2-1(116)-625/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2-1(116)-625/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

11. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

12. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - 20.08.1983-cü il tarixli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1983 – xx.xx.1985 (1 il 11 ay) və xx.xx.1985 – xx.xx.2006-cı illərdə (20 il, 4 ay, 15 gün) əmək fəaliyyəti ilə məşğul olmuşdur. - 20.04.1981-ci il tarixdə X2 Təhsili Komitəsi tərəfindən verilmiş 1924/76 nömrəli attestatdan görünür ki, iddiaçı xx.xx.1980-xx.xx.1981-ci illərdə (7 ay 17 gün) traktorçumaşinist ixtisası üzrə əyani texniki peşə təhsili almışdır. - SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2021-ci il tarixli 353 №-li arayışından görünür ki, iddiaçı xx.xx.1981-xx.xx.1983-cü il tarixlərdə (2 il, 1 ay, 7 gün) SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. - Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 07-55 №-li və xx.xx.2021-ci il tarixli 07-57 №-li işin xarakteri haqqında arayışlarında iddiaçının xx.xx.1985-ci il tarixdən "xxxx"nin Mərkəzi Təmir Sexində 2-ci dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində əmək fəaliyyətinə başlaması və xx.xx.1986-cı il tarixdən indiyədək həmin sexdə kran maşinisti işləməsi, o cümlədən işlədiyi sahənin zərərli sahə olması ilə əlaqədar mövcud iş şəraiti barədə məlumatlar öz əksini tapmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

16. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.

17. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

18. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

19. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən, sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2-1(116)-625/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və iddiaçının vəkilinin məhkəmə iclasında verdiyi izahatla müəyyən edildi ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək, ödənilməsindən ibarətdir.

26. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 57 yaşının bitdiyi xx.xx.2020-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1963-cü ildə doğulub).

27. Cavabdehin apellyasiya şikayətinin başlıca dəlili iddiaçının işləmiş olduğu peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmaması, buna görə də iddiaçının güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmaması ilə bağlıdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

29. Müəyyən edilmişdir ki, iddiaçının hərbi xidmətdə olduğu, təhsil aldığı və xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu müddətin cəmi 25 il 9 günə bərabərdir (7 ay 17 gün + 1 il 11 ay + 20 il 4 ay 15 gün + 2 il 1 ay 7 gün). Yəni, iddiaçının xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajı mövcuddur.

30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının maşın avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsi və kran maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı” adlanan Xİİİ bölmədə 2140000a - a) fəhlələr 2140000a-18455 - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” kodunda nəzərdə tutulmuşdur.

31. Belə ki, "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli arayışına əsasən, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək "xxxx"-nin Mərkəzi Təmir Sexində 2-ci dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində (690 nömrəli, xx.xx.1985-ci il tarixli Əmr), xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək həmin sexdə 3-cü dərəcəli kran maşinisti vəzifəsində (6 nömrəli, xx.xx.1987-ci il tarixli Əmr), xx.xx.1987ci il tarixdən xx.xx.1989-cu il tarixədək həmin sexdə 4-cü dərəcəli kran maşinisti vəzifəsində (36 nömrəli xx.xx.1987-ci il tarixli Əmr), xx.xx.1989-cu il tarixdən 01,10.1993cü il tarixədək həmin sexdə 5-ci dərəcəli kran maşinisti vəzifəsində (40/K nömrəli, xx.xx.1989-cu il tarixli Əmr), 01,10.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək X1 və Təmiri sexində 5-ci dərəcəli kran maşinisti vəzifəsində (224/K nömrəli, xx.xx.1993-cü il tarixli Əmr), xx.xx.1994-cü il tarixdən xx.xx.2009-cu il tarixədək həmin sexdə 6-cı dərəcəli kran maşinisti vəzifəsində (193/K nömrəli, xx.xx.1994-cü il tarixli Əmr), xx.xx.2009-cu il tarixdən xx.xx.2020-ci il tarixədək X1 sexinin “Yük qaldırıcı mexanizmlərin istismarı briqadasında 6-cı dərəcəli kran maşinisti vəzifəsində (28 nömrəli, xx.xx.2009-cu il tarixli Əmr), xx.xx.2020-ci il tarixdən hal-hazıradək Mərkəzi Təmir sexində Yükqaldırıcı mexanizmlər sahəsində 6-cı dərəcəli kran maşinisti vəzifəsində işləyir (80/Ş nömrəli, xx.xx.2020-ci il tarixli Əmr).

32. İddiaçı xx.xx.1985-ci il tarixdən hal-hazıradək işlədiyi müddət ərzində zərərli sahədə 8 saatlıq iş günü ərzində, zərərli kimyəvi maddələr mq/m3 - təhlükəlilik sinfi 3-4, səs-küy, titrəmə, iş yerində havanın temperaturunun, hava hərəkətinin surətinin normadan yuxarı olması faktorları mövcud olan iş şəraitində işləmişdir.

33. İş şəraitinin ağır və zərərli olduğuna görə İddiaçı xx.xx.1985-ci il tarixdən halhazıradək hər ay aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı ödənilmiş və zərərli iş şəraitində işlədiyinə görə əmək qanunvericiliyinə əsasən əmək məzuniyyətinə 6 təqvim günü ödənişli əlavə məzuniyyət verilmişdir.

34. "xxxx" ASC-nin xx.xx.2003-cu il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" - “Azərbaycan Dövlət Rayon Elektirik Stansiyası" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır.

35. "xxxx" ASC-nin xx.xx.2006-ci il tarixli AÜ/002 saylı əmirinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan DRES" MMC - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır.

36. Həmçinin, müvafiq arayışda iddiaçının xx.xx.1985-ci il tarixindən xx.xx.1986-cı il tarixədək tutduğu maşın avadanlığının təmiri üzrə çilingər və xx.xx.1986-cı il tarixdən halhazıradək tutduğu kran maşinisti vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarına əsasən “elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı” bölməsinin “a” bəndində - “2140000a-13790 vəzifə kodu qazanxana, turbin (qaz-turbin) avadınlığının təmiri ilə məşğul olan kran maşinistləri (krançılar), “2140000a-18455 vəzifə kodu qazanxana, turbin (buxar- qaz turbin) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlarda olan elektrik çilingərləri vəzifəsinə uyğunluğu və həmin vəzifələrdə xx.xx.1985-ci il tarixdən – xx.xx.2005-ci il tarixədək iş stajının 20 il 4 ay 26 gün olması qeyd olunmuşdur.

37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 1 yanvar 2006-cı ilə qədər Siyahıda nəzərdə tutulan peşədə fəaliyyət dövrü 12 il 6 aydan çox olmuşdur. Beləliklə, iddiaçı 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olduğundan, həmçinin, xx.xx.1963-cü il təvəllüdlü olduğu nəzərə alınaraq, tələb olunan yaş həddinə çatdığı müəyyən edilir.

38. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır.

39. İddiaçının tələbinin ikinci hissəsi “11 yanvar 2020-ci il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi” ilə bağldır ki, tələbin həmin hissəsi əsassızdır.

40. İstinad olunan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, 11 yanvar 2020-ci il tarixdən hesablanmaqla ödəniləcək pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək, aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qaydası qanunvericiliklə birbaşa tənzimləndiyindən, iddiaçı həmin məbləğin ona birdəfəlik ödənilməsini tələb etməkdə haqlı olmamışdır.

41. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona pensiya hüququnun yarandığı 11 yanvar 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur.

42. Yuxarıda qeyd olunan işin hallarını nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı iddiaçının pensiya hüququnun yarandığı 11 yanvar 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

44. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2-1(116)-625/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar