Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-212/2023 30.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayonu Savalan kəndində yerləşən və Qəbələ rayonu İcra Hakimiyyəti başçısının sərəncamı əsasında inşa edilmiş qeyri-yaşayış binası üzərində İddiaçı MMC-nin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 fevral 2023-ci il tarixli, 2-1(116)-877/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qəbələ rayonu, Savalan kəndində yerləşən və Qəbələ rayon İcra Hakimiyəti başçısının sərəncamı əsasında inşa edilmiş qeyri-yaşayış binası üzərinə İddiaçı MMC-nin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə hüquqi yardım barədə məktub göndərilərək izah olunmuşdur ki, hazırkı iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aid olmasına baxmayaraq, bununla bağlı cavabdehin müraciətin təmin olunmasından imtina etməsi iş materialları ilə müəyyən olunmur. İddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********75 nömrəli məktubundan görünür ki, cavabdeh orqan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əsli, sərəncam, tikintiyə icazə, xüsusi nişan (kod), istismara hazırlıq, istismara icazə, akt, rəy və eskiz layihə ilə birlikdə Ərazi idarəsinə müraciət edəcəyi təqdirdə əmlakını qeydiyyata ala biləcəyi barədə məlumat verilmişdir. Həmin məktub hazırkı iş üzrə tələbinin inzibati orqan tərəfindən təmin olunmasından imtina xarakterli məktubu hesab oluna bilməz. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıların nəzərinə çatdırmışdır ki, hazırkı iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İddia ərizəsinə əlavə olunan sənədlərə torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı tələbi üzrə cavabdeh orqana müraciət etməyi və müraciətdən cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilməmişdir. Müvafiq yardım məktubu iddiaçıya poçt vasitəsilə göndərilmişdir. İddiaçı xx.xx.2023cü il tarixdə təkrar eyni iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 10 fevral 2023-ci il tarixli, 2- 1(116)-877/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayonu Savalan kəndində yerləşən və Qəbələ rayonu İcra Hakimiyyəti başçısının sərəncamı əsasında inşa edilmiş qeyri-yaşayış binası üzərində İddiaçı MMCnin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin cavabı, imtina etdikləri təqdirdə onlar tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun 10-cu maddəsinə istinad edilərək verilən standart bir cavabdır. Cavabdehin digər analoji məktublarında qeyd etdiyimiz məqam açıq şəkildə görünür. Həmçinin, bildirmək istəyirik ki, cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubunda çatışmayan kimi qeyd edilən sənədlərin əksəriyyəti bizim tərəfdən lazımı qaydada təqdim edilmişdir. Lakin, bizə məlum olmayan səbəbdən təqdim etdiyimiz hüquq müəyyənedici sənədlər cavabdeh tərəfindən nəzərə alınmamışdır. Bu səbəbdən Məhkəmə Azərbaycan Respublikasının İPM-nin 13-cü maddəsinin tələblərinə uyğun yardım etmə vəzifəsini iddia ərizəsini icraata qəbul edərək, məhkəmə prosesi zamanı həyata keçirməlidir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 10 fevral 2023-ci il tarixli, 2-1(116)-877/2023 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi üçün işi Şəki İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardadın çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının 09 mart 2023-cü il tarixli iclasında iştirak edən İddiaçı nümayəndəsi X1 İnzibati Məhkəməsinin 10 fevral 2023-ci il tarixli, 2-1(116)-877/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq hazırda tərəflər nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).. Əsaslandırma hissəsi İddiaçı apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın mənasından göründüyü kimi, iddia o zaman məhkəmə tərəfindən mümkün sayılır ki, ərizədə inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmış olsun. Həmin normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının nəticəsi ilə razılaşmır. Belə ki, birinci məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********75 nömrəli məktubundan görünür ki, cavabdeh orqan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əsli, sərəncam, tikintiyə icazə, xüsusi nişan (kod), istismara hazırlıq, istismara icazə, akt, rəy və eskiz layihə ilə birlikdə Ərazi idarəsinə müraciət edəcəyi təqdirdə əmlakını qeydiyyata ala biləcəyi barədə məlumat verilmişdir. Həmin məktub bildiriş xarakterli olmaqla hazırkı iş üzrə tələbinin inzibati orqan tərəfindən təmin olunmasından imtina xarakterli məktubu hesab oluna bilməz. Məhkəmə kollegiyasına İddiaçı təqdim etdiyi məktubdan görünür ki, o, “Qəbələ rayonu, Savalan kəndində yerləşən və Qəbələ rayon İcra Hakimiyəti başçısının sərəncamı əsasında inşa edilmiş qeyri-yaşayış binası üzərinə İddiaçı MMC-nin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi barədə ərizəni 02 noyabr 2022-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ ərazi idarəsinə göndərmişdir və həmin ərizəyə qoşma olaraq 46 vərəqdən ibarət sənədlər əlavə edilmişdir. Cavabdeh orqanın həmin ərizəyə cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli **********75 nömrəli məktubda torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əsli, sərəncam, tikintiyə icazə, xüsusi nişan (kod), istismara hazırlıq, istismara icazə, akt, rəy və eskiz layihə ilə birlikdə Ərazi idarəsinə müraciət edəcəyi təqdirdə əmlakın qeydiyyata alına biləcəyi qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı arzuladığı məqsədə catmaq üçün cavabdeh orqana etdiyi müraciətə 46 vərəqdən ibarət müvafiq sənədləri əlavə etsə də, cavabdeh orqan tərəfindən iddiaçıya qeyd olunan sənədləri təqdim edəcəyi təqdirdə əmlakın qeydiyyata alına biləcəyi barədə məlumat verilmişdir. Ona görə də cavabdeh orqanın iddiaçıya cavab olaraq verdiyi məktub imtina kimi qiymətləndirilməlidir. Beləliklə, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış nəticədə iddia tələbini mümkün hesab etməmiş, bununla da qanunveriicliyin tələblərinə uyğun olmayan qərardad qəbul etmişdir. İPM-in 87.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmamışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 10 fevral 2023-ci il tarixli, 2- 1(116)-877/2023 nömrəli qərardadı ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayonu Savalan kəndində yerləşən və Qəbələ rayonu İcra Hakimiyyəti başçısının sərəncamı əsasında inşa edilmiş qeyri-yaşayış binası üzərində İddiaçı MMCnin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 10 fevral 2023-ci il tarixli, 2-1(116)-877/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayonu Savalan kəndində yerləşən və Qəbələ rayonu İcra Hakimiyyəti başçısının sərəncamı əsasında inşa edilmiş qeyri-yaşayış binası üzərində İddiaçı MMC-nin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılsın. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(107)-212/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-212/2023
30.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver