Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-212/2024 28.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “orqanizmin funksiyalarının pozulmasının 2 il müddətinə 35-60 faiz müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2-1(116)-696/2024 nömrəliqərarından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh PHŞ-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xəstəliyini nəzərə alaraq barəsində müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia tələbini dəqiqləşdirərək, “orqanizmin funksiyalarının pozulmasının 2 il müddətinə 35-60 faiz müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir.
4. İddia ərizəsinin əsaslarına görə, iddiaçı, xx xxxxxx 1996-cı ildə Şəki rayonu Kiçik Dəhnə kəndində anadan olmuşdur. 2014-cü ilin aprel ayında hərbi xidmətə yollanmış, 2015-ci ilin oktyabr ayında hərbi xidmətdən təxris olunmuşdur. 2016-cı ilin noyabr ayından maxe olaraq yenidən ordu sıralarına qayıtmışdır. Daha sonra 2020-ci ilin sentyabr ayının 27-si başlayan 44 günlük Vətən Müharibəsibdə xidmət etdiyi hərbi hissənin tərkibində torpaqların düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərə qoşulmuşdur. Cəbhənin Füzuli istiqamətindən döyüş əməliyyatlarına başlamış, xidmət etdiyi hərbi hissə ilə birlikdə Xankəndi şəhərinə qədər döyüşə-döyüşə getmişdir. Döyüşlərin gedişində birinci dəfə 07 oktyabr 2023-cü ildə Füzuli istiqamətində gedən döyüşlərdə yanına minamyot düşməsi nəticəsində travma almışdır. Döyüş yoldaşları tərəfindən ona ilkin tibbi yardım göstərildikdən sonra döyüş əməliyyatlarını tərk etmək istəmədiyindən yaralı vəziyyətdə yenidən döyüşə davam etmişdir. Daha sonra Xocavənd rayonunun İlandağ istiqamətində gedən döyüş əməliyyatlarında yenidən müxtəlif dərəcəli qəlpə yaraları alaraq yaralanmışdır. İtkilərin çoxluğu və düşmənə olan nifrətindən həmin vaxtı da, döyüş bölgəsini tərk etməmiş və yaralı halda döyüşməyə davam etmişdir. Sonuncu dəfə isə idarə etdiyi Kamaz markalı yük avtomobilinin düşmən tərəfindən vurulması nəticəsində idarəetməni itirmiş və Kamazla birlikdə uçurumdan aşağı düşmüşdür. Müharibə Azərbaycan Ordusunun mütləq qələbəsi ilə başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Füzulinin azad olunmasına görə“, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. 44 günlük 'Vətən Müharibəsi’’ bitdikdən sonra o xidmətinə davam etmişdir. Həmçinin 2021-ci ilin noyabr ayında aparılan antiterror əməliyyatlarında da, iştirak etmişdir.
5. 2022-ci ilin yanvar ayının sonlarında səhhətində müəyyən problemlər yaranmağa başlamışdır. Belə ki, o özündən asılı olmadan şiddətli baş ağrıları, qıcolma, yuxuda olarkən sayıqlama və özünə qəsd etməyə cəhdlər başlamışdır. Bu səbəbdən də, xx.xx.2022-ci ildə xidmət etdiyi hərbi hissədə müvafiq komissiya təşkil edilmiş, komissiya tərəfindən müvafiq akt tərtib edilərək, o bütün növ xidmətdən kənarlaşdırılaraq hərbi hospitala göndərilmişdir. Hərbi hospitalda müayinə edildikdən sonra isə müalicə olunmaq üçün 1 saylı Psixatriya Xəstəxanasına göndərilmişdir. Həmin xəstəxanada bir müddət müalicə aldıqdan sonra yenidən hərbi hissəyə qayıtmışdır. Hərbi hissəyə qayıtdıqdan sonra yenidən hərbi hospitala göndərilmişdir. Hərbi hospitalda müayinə və müalicə olunduqdan sonra isə yenidən hərbi hissəyə qayıtdıqdan sonra isə artıq vəziyyəti düzəlmədiyindən ordu sıralarından təxris edilmişdir. Həmin vaxt Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş “X3yə' əsasən ona “fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv əlamətlər, anamnezində intihar cəhdi” ilə F62.0 diaqnozu təyin edilmişdir. Daha sonra ona Əlillik təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş, ancaq həmin qurum tərəfindən ona verilmiş 04 oktyabr 2023-cü il tarixli, 3-17-4/2-C- 26325/2023 nömrəli cavab məktubunda göstərilmişdir ki, təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərar ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində əlillik əlaməti təyin etmir diaqnozu qəbul edilmişdir.
6. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Depressiv əlamətlər psixotik və dissosiativ daxil olmalar intihar fikirləri və anamnezində intihara cəhd ilə”:.Mərkəzə göndərilmənin/İmtma edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir" səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, Şəki rayon sakini xx.xx.1996-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2023-cü il tarixdə Agentlikdə əyani müayinəsi nəticəsində qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir.
7. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 7066 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Fəlakət (müharibə) keçirtdikdən sonrakı davamlı şəxsiyyətin kəskin (ağır) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi, depressiv əlamətlər, intihar cəhdi ilə. Sol saidin içəri səthinin paralel kəsiklərindən sonrakı bərkimiş dəri çapıqları" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; "Qıcolma tutmaları ilə müşayiət olunan dəqiqləşdirilməmiş ensefalopatiya" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir; "Hər iki gözün sadə miopik astiqmatizmi Em və Hm 1,0D, sağ gözün hissəvi ptozu, görmə itiliyi hər iki gözdə 1,0 olmaqla. Sol böyrəyin kistası, 2,1 sm ölçüdə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 1082 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv əlamətlər, anamnezində intihar cəhdi ilə" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 7036/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, anamnezində intihar cəhdi, üzvi zəmində’’ kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ göz qapağının sallanmasından, baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, gərginlikdən, yuxu və yaddaş pozuntularından şikayətlənmişdir. Ünsiyyətə passiv - aqressiv tərzdə daxil olmuş, sualların sayı artdıqca və konkret məlumat almaq istədikdə konfliktə meyl edərək mövzudan yayınmışdır. Bələdliyi bütün növlər üzrə saxlanılmış, maraq dairəsi təhsilinə və şəxsiyyətinə bağlı olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Keçirilmiş fəlakətdən sonra şəxsiyyət pozuntusu, davamlı kompensasiya halı” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 15 yanvar 2024-cü il tarixli, 2-1(116)-696/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
11. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
12. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayətini iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2-1(116)- 696/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2-1(116)- 696/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
15. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.
16. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq olunmuş 7066 nömrəli xx.xx.2023-cü il tarixli “X3”dən görünür ki, SHXÇDX-nin Şəki rayon şöbəsi tərəfindən xx.xx.2016-cı ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı travmaya uyğun diaqnoz: «Fəlakət (müharibə) keçirtdikdən sonrakı davamlı şəxsiyyətin kəskin (ağır) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi, depressiv əlamətlər, intihar cəhdi ilə. Qıcolma tutmaları ilə müşayiət olunan dəqiqləşdirilməmiş ensefalopatiya. Hər iki gözün sadə hipermetropik astiqmatizmi Em və Hm 1.0 D, sağ gözün hissəvi ptozu, görmə itiliyi hər iki gözdə 1.0 olmaqla. Sol saidin içəri səthinin paralel kəsiklərindən sonrakı bərkimiş dəri çapıqları. Sol böyrəyin kistası, 2,1 sm ölçüdə.» qeyd edilmişdir. Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır. Xəstəlikdir, hərbi xidmət dövründə almış, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.2022-ci il tarixli 11454 nömrəli, xx.xx.2022-ci il tarixli 8647 nömrəli məktublarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş, “üzvi şəxsiyyət pozuntusu F07.0”, xx.xx.2022-ci il tarixdə isə “fəlakətdən sonrakı şəxsiyyət dəyişikliyi, depressiv əlamətlər və anamnezində intihar cəhdi F62.1” diaqnozu qoyulmuşdur.. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.2023-cü il tarixli 669 nömrəli məktubunda qeyd olunmuş xx.xx.2023-cü il tarixli 1082 nömrəli Həkim Psixiatr Komissiyasının rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3 1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə" əmrinə uyğun olaraq İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv əlamətlər, anamnezində intihar cəhdi ilə F62.0” diaqnozu qoyulmuşdur. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Şizofreniya əlamətləri ilə müşayiət olunan kəskin polimorf psixotik pozuntu. Dəqiqləşdirilməmiş, kəskin və ötüb keçən psixotik pozuntu. Kəllədaxili travmaların nəticələri. İmtina səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə ixtisaslaşmış müalicə tövsiyyə olunur. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Depressiv əlamətlər psixotik və dissosiativ daxil olmalar intihar fikirləri və anamnezində intihara cəhd ilə. Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu. Posttravmatik stress pozuntusu. Digər dissosiativ (konversion) pozuntular Kəllədaxili travmaların nəticələri. Vertebrobazilyar arterial sistem sindromu. Epilepsiya. İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Depressiv əlamətlər psixotik və dissosiativ daxil olmalar intihar fikirləri və anamnezində intihara cəhd ilə. İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli 3-17-4/3-3-17472/2023 nömrəli qərarından görünür ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. - Şəki rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 1585 nömrəli məktubundan görünür ki, İddiaçı qoyulmuş diaqnoz Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 187 nömrəli qərarının 7.7.1 bəndində nəzərdə tutulmuş xəstəliklərin əhatə dairəsinə düşür. Hal-hazırda müalicəsi ambulator qaydada davam etdirilsə də, xəstənin ruhi vəziyyətində ciddi irəliləyiş olmamış, aqresiya intihar fikirləri qeyd olunmuş və halhazırda vəziyyəti ilə əlaqədar 1 saylı RPX-da müalicə alır.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: 1.0.2 Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
20. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
22. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2-1(116)-696/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
23. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.2 və 33.1-ci maddələri) aid olan məcburetmə haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Hazırkı iş üzrə cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə inzibati aktın iddiaçıya hansı tarixdə verilməsinə dair sübut təqdim edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün iddia müddəti ötürülməmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.
28. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).
29. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.
30. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir.
31. İddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur.
32. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
33. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
34. Cavabdeh orqan sonuncu, yəni xx.xx.2023-cü il tarixli imtina cavabında iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina etmişdir. Məhz həmin imtina cavabını aldıqdan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz (3.1.3) olmaqla müəyyən edilmişdir.
36. İddiaçı barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş diaqnoz “Depressiv əlamətlər psixotik və dissosiativ daxil olmalar intihar fikirləri və anamnezində intihara cəhd ilə” olmuşdur.
37. Məhkəmə, orqanizmin funksiyalarının pozulma faizi və müddətini nəzərə alınmaqla hesab edir ki, iddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022- ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.7.1.1-ci bəndi nəzərə alınmaqla qiymətləndirmə aparılmalıdır.
38. Belə ki, iddiaçı barəsində səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi diaqnozuna münasibətdə - F.62.0 koduna istinad edilmişdir.
39. Sözügedən F62.0 XBT kodu “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə psixi və davranış pozuntuları (Spesifik şəxsiyyət pozuntuları) olaraq 7.7.1-ci bənddə nəzərdə tutulmuşdur.
40. Həmin bəndə qiymətləndirmə üçün iki hal fərqləndirilmişdir. 7.7.1.1-ci bəndə münasibətdə orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 35-60% (fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski), 7.7.1.2-ci bəndə münasibətdə isə orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 65-80 % (bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması) müəyyən edilmişdir.
41. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya qoyulmuş diaqnoz və barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş tibbi anamnez məlumatlarına istinad olunmaqla onun orqanizmin funksiyalarının pozulması faizi və müddəti “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.7.1.1-ci bəndinin tələbləri nəzərə alınmaqla qiymətləndirilməlidir. Belə ki, iddiaçının anamnez məlumatlarında intihar fikirlərinin və cəhdlərinin olması (özünə zərər yetirmə riski) və davranış pozğunluqları öz əksini tapmışdır.
42. Qeyd edilən halların 2 ildən az olmayaraq baş verməsi onu deməyə əsas verir ki, faktiki olaraq iddiaçıya qoyulmuş diaqnoza münasibətdə - orqanizmin funksiyalarının pozulması 2 il müddətinə 35-60 % müəyyən edilməlidir.
43. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
45. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2-1(116)-696/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.