Məhkəmə qərarları › İş №2-1(107)-213/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-213/2021

07.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-213/2021 07.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialına (hazırda 17 saylı regional ərazi filialı) qarşı “birdəfəlik müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli 2-1(116)-227/2021 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Rusiya Federasiyası, Moskva şəhəri, Naqatinsk rayon məhkəməsinin 13.12.2011-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.1-ci maddəsi ilə 9 il azadlıqdan məhrum edilmişdir. O, 30.04.2020-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad edilmiş, RF Miqrasiya Xidməti tərəfindən 3 (üç ay) karantində saxlanılmış və yalnız 05.08.2020-ci il tarixdə Azərbaycan Respublikasına gələ bilmişdir. Bundan sonra iddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək, cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxs kimi ona birdəfəlik müavinət verilməsini xahiş etmişdir. Cavabdeh orqan isə iddiaçının cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra 3 ay ərzində müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmadığını əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015ci il tarixli, 05 saylı qərarı, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsini, həmçinin “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci və 7.2-ci maddələrini əsas gətirərək iddiaçının tələbini mümkünsüz hesab edir. Belə ki, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikası vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Sözügedən Qanunun 7.2-ci maddəsində göstərilir ki, Penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikası vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınırlar. Sadalanan maddələrin tələblərinə əsasən cavabdeh orqan bildirir ki, iddiaçı qeydiyyata düşmək üçün 3 ay ərzində müvafiq orqana müraciət etmədiyi, həmçinin üç ay ərzində ölkə ərazisinə qayıtmadığı üçün onun müavinət hüququ yaranmamış və cavabdeh tərəfindən iddiaçının maraqları pozulmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı və onun vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 30.04.2020-ci il tarixli, 053330 nömrəli arayışdan müəyyən edilir ki, iddiaçı 03.05.2011-ci il tarixdən 30.04.2020-ci il tarixədək Rusiya Federasiyası Arxanqelsk vilayətində cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. İş materiallarında olan Arxanqelsk vilayəti Gigiyena və Epidemiologiya Mərkəzinin 04.08.2020-ci il tarixli sənədindən müəyyən edilir ki, iddiaçı həmin mərkəzdə COVİD-19-la bağlı müayinə edilmiş və “neqativ” nəticə olmuşdur. İş materiallarında olan “Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi”ndən müəyyən edilir ki, iddiaçı 05.08.2020-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmış və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB publik hüquqi şəxsin arayışına əsasən 06.08.2020-ci il tarixdən 14.08.2020-ci il tarixədək “Nizami” atletlər kəndində COVİD-19 ilə mübarizə tədbirləri çərçivəsində karantin rejimində saxlanılmışdır. İş materiallarında olan Asan-Mingəçevir tərəfindən verilən 25.08.2020-ci il tarixli, ******* nömrəli arayışdan müəyyən edilir ki, AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi iddiaçıya 21.08.2020-ci il tarixdə verilmişdir. Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli 2-1(116)-227/2021 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialının (hazırda 17 saylı regional ərazi filialı) üzərinə İddiaçı cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi birdəfəlik pul müavinətinin ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli 2-1(116)- 227/2021 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər filialına qarşı “birdəfəlik müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirik ki, 2- 1(116)-227/2021 saylı iş 25.01.2021-cul tarixli birinci instansiya məhkəməsinin qərarı aşağıdakı əsaslarla qanuna zidd və əsassız hesab olunmalıdır. Belə ki, Səki İnzibati Məhkəməsinin qərar qəbul edərkən is materiallarında Arxangelsk vilayəti Gigiyena və Epidemioloqiya Mərkəzinin 04.08.2020-ci il tarixli sənədinə istinad edərək iddiaçının həmin mərkəzdə COVİD-19-la bağlı müayinə edildiyini bildirmişdir. Bildirmək istərdik ki, həmin sənəd şəxsin 30.04.2020-ci il tarixdən 04.08.2020-ci il tarixədək həmin mərkəzdə karantində olduğunu təsdiqləmir. Eləcə də, şəxsin karantinlə bağlı olaraq 4 ay ərzində həmin vilayətdə qalma müddətinin uzadılmasını müəyyən edən hər hansı məhkəmə qərarı və ya təsdiq edən başqa bir arayış yoxdur. Bundan başqa “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1 -ci maddəsinə əsasən, qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Həmin qanunun 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti verilir. Normada iddia edilən müavinətə hüququn subyekti qismində sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad edilmiş şəxslər müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsi sosial adaptasiyaya ehtiyacı olan şəxs statusunun yaranması şərtini müəyyən etmişdir: Müvafiq icra hakimiyyəti orqanı penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən qeydiyyata alınırlar. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, iddianın mümkün sayılması əsaslarından biri inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasıdır. İmtina məktubunda qeyd edildiyi kimi, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir səhər filialına müraciət etməzdən əvvəl qanunla müəyyən edilmiş qaydada 3 ay ərzində müvafiq icra hakimiyyəti orqanında qeydiyyata düşmək üçün müraciət etməli idi. Həmçinin, şəxs qanunla müəyyən olunan 3 ay müddətində Azərbaycan Respublikasının ərazisinə qayıtmamışdır. Belə olan halda iddiaçının hüququ yaranmamış və qanunla nəzərdə tutulan hüquq və maraqları Dövlət Sosial Müdafiə Fondu tərəfindən pozulmamışdır. Odur ki, yuxarıda qeyd olunanlarlı nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli 2-1(116)-227/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu filialının nümayəndəsi X2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli 2-1(116)-227/2021 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, birinci instasniya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, iddiaçı Rusiya Federasiyasında cəzaçəkmə müəssisəsində cəza çəkdikdən sonra həmin ölkədə üç ay müddətində pandemiya ilə əlaqədar karantində saxlanılmışdır. Karantin müddəti bitdikdən sonra iddiaçı Azərbaycan Respublikasına göndərilmiş və yenidən on gün müddətində karantinə alınmışdır. Karantin müddəti bitdikdən sonra şəxsiyyət vəsiqəsi almış və Mingəçevir Şəhər Polis Şöbəsində qeydiyyata durmuşdur. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət edərək, cəza çəkmiş şəxs kimi ona birdəfəlik müavinətin ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan isə qanunvericiliyin tələblərinə əsaslanaraq tələb olunan müddət ərzində müvafiq icra hakimiyyəti orqanında qeydiyyata düşmədiyi üçün müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyasaı iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı xarici ölkədə cəzasını çəkdikdən sonra özündən asılı olmayan səbəblərdən tələb olunan müddət ərzində ölkəyə qayıdaraq qeydiyyata düşə bilməmişdir. Belə ki, RF-da cəzaçəkmə müddətini başa vuran iddiaçı vətəndaşı olduğu ölkəyə qaytarılmamışdan əvvəl dərhal üç ay müddətinə karantinə alınmış, karantin müddəti bitdikdə müvafiq analizlər alınmış və COVİD-19 virus daşıyıcısı olmadığı müəyyən edildikdən sonra ölkəyə göndərilmişdir. Həmçinin ölkəyə qayıdan kimi hava limanında yenidən 10 gün müddətinə karantinə alınmış və beləliklə də qeydiyyata düşmək üçün tələb olunan üç aylıq müddəti iddiaçı ondan asılı olmayan səbəblərdən ötürmüşdür. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Həmin Qanunun 4-cü maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası qanunçuluq, humanizm, sosial ədalət, ünvanlılıq və könüllülük prinsiplərinə əsaslanır. Həmin Qanunun 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirdir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların barəsində qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda, digər qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2007-ci il Fərmanının 2.3-cü bəndinə əsasən həmin Qanunun 5.4-cü, 6.3-cü, 7.1-ci, 7.2-ci, 8.1-ci, 10.4-cü, 11.1-ci və 11.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-ci maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-ci maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə kollegiyası cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli 2-1(116)-227/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar