Məhkəmə qərarları › İş №2-1(107)-214/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-214/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-214/2022 28.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayon Vəndam kəndində yerləşən bir mərtəbəli, iki otaqlı, mansar tipli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli 2-1(116)-490/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “ona məxsus Qəbələ rayon Vəndam kəndində bir mərtəbəli, iki otaqlı, mansar tipli fərdi yaşayış evinin özəlləşdirilməsi və Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi tələbi dəqiqləşdirərək “Qəbələ rayon Vəndam kəndində yerləşən bir mərtəbəli, iki otaqlı, mansar tipli fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmiş, həmçinin, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir.

4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı Qəbələ rayonu Vəndam kəndində yerləşən, mülkiyyətində olan 0.03 ha torpaq sahəsində özbaşına tikili inşa etmiş, tikinti işlərini başa çatdırdıqdan sonra müvafiq sənədləşmə işlərinin aparılması üçün Qəbələ Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən özbaşına tikiliyə münasibətdə sənədləşmə işlərinin aparılmasından imtina edilmiş, daha sonra iddiaçı həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri sənədlərin təqdim edilmədiyini bildirərək müraciətin təmin edilməsindən imina etmişdir. Odur ki, hazırkı mübahisə yaranmışdır.

5. İddiaçı tələb hüququnu 2017-ci ildə Qəbələ rayonu Vəndam kəndində fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsini alması, bundan sonra Qəbələ Rayon Vəndam Bələdiyyəsi və kənd ərazi icra nümayəndəsinə bildirməklə bir mərtəbədən və mansardan ibarət olmaqla fərdi yaşayış evini tikib başa çatdırması və mövsümi olaraq həmin fərdi yaşayış evində yaşaması, həmçinin, yaşayış sahəsinin qaz, işıq və su ilə təchiz edilməsi ilə əsaslandırmışdır.

6. Cavabdeh orqan iddia tələbinə etirazını iddiaçının Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədləri təqdim etməməsi ilə əsaslandırmışdır.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 29 aprel 2022-ci il tarixli 2- 1(116)-490/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ildə Qəbələ rayonu Vəndam kəndində fərdi yaşayış evi üçün 0,03 ha torpaq sahəsi almışdır. Torpaq sahəsinə xüsusi mülkiyyət hüququ əsasında çıxarış verilmişdir. Sözügedən torpaq sahəsi onun mülkiyyətindədir. Həmin ildə torpaq sahəsində birmərtəbəli, iki otaqlı, mansar tipli fərdi yaşayış evi tikməyə başlamışdır. Tikinti başlamazdan əvvəl Qəbələ Rayon İcra Hakimiyyətinə, Vəndam qəsəbə İcra Nümayəndəliyinə, X1 bu barədə müraciət edərək məlumat vermişdir. Müraciət etdiyi qeyd olunan idarə və yerli özünüidarə orqanlarından tikintinin aparılması ilə bağlı heç bir etiraz olmamışdır, çünki tikinti qanuni torpaq sahəsində tikinti norma və qaydalarına uyğun aparılmışdır. 2017-ci ildə tikintini başa çatdırmışdır və fərdi yaşayış evinə işıq və su təchizinə də müvafiq qaydada icazə almışdır. Həmin vaxtdan da başlayaraq fərdi yaşayış evində əsasən mövsümi olaraq valideynləri ilə birlikdə yaşayır. İşin faktiki hallarından da görünür ki, sözügedən özbaşına tikili hesab edilə bilməz. Tikinti qanunidir. Cavabdehin fərdi yaşayış evinin özbaşına tikili hesab etməsi və mülkiyyət hüququna aid çıxarışın verilməsindən imtinası tamamilə əsassızdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli 2-1(116)-490/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi teleqram göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

13. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Seriya RX, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli DƏDR-dən çıxarışdan görünür ki, Qəbələ rayonu Vəndam kəndində yerləşən 0.03 ha torpaq sahəsi iddiaçının tam xüsusi mülkiyyətindədir. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Qəbələ Rayon İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2021-ci il tarixli iddiaçıya ünvanladığı məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi ilə əlaqədar məlumatlandırma icraatının aparılması üçün sifarişçi tikinti işlərinə başlamazdan əvvəl müraciət etməlidir. Sizin inşa etdiyiniz fərdi yaşayış evi özbaşına tikili hesab edilir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Maddə 74.2. Bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. Maddə 80.1 Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini). Onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

18. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iddiaçı Qəbələ rayonu Vəndam kəndində yerləşən, mülkiyyətində olan 0.03 ha torpaq sahəsində özbaşına tikili inşa etmiş, tikinti işlərini başa çatdırdıqdan sonra müvafiq sənədləşmə işlərinin aparılması üçün Qəbələ Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən özbaşına tikiliyə münasibətdə sənədləşmə işlərinin aparılmasından imtina edilmiş, daha sonra iddiaçı həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri sənədlərin təqdim edilmədiyini bildirərək müraciətin təmin edilməsindən imina etmişdir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

25. Belə ki, iddiaçı tərəfindən fərdi yaşayış evinin Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra inşa edilməsi işin tərəflər arasında mübahisələndirilməyən hallarına aid olduğundan, həmin fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10-cu maddəsində qeyd edilən əsaslar olmalıdır. İddiaçı özü də tələbində qeyd etmişdir ki, həmin fərdi yaşayış evini torpaq sahəsini aldıqdan sonra bələdiyyəyə və icra nümayəndəliyinə məlumat verməklə inşa etmişdir. Yəni, müvafiq tikilinin inşası ilə bağlı (məlumatlandırma və ya icazə icraatı üzrə) Qəbələ Rayon İcra Hakimiyyətinə tikinti işlərinə başlamazdan əvvəl hər hansı müraciət etməmişdir. Buna görə də sonuncu tərəfindən mövcud tikili özbaşına tikili kimi qiymətləndirilmiş və iddiaçıya məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10-cu maddəsində qeyd edilən əsasların heç biri olmadığından cavabdeh orqan haqlı olaraq müraciətin təmin edilməsindən imtina edilmişdir.

27. Müvafiq tikilinin inşası ilə əlaqədar heç bir icraat (icazə və ya məlumatlandırma) aparılmadığından birinci instansiya məhkəməsi haqlı olaraq həmin tikilinin xüsusiyyətlərinin öyrənilməsinə və hansı icraat növünə aid olmasının müəyyən edilməsinə lüzum görməmişdir.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin fərdi yaşayış evinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş qanuni əsas olmadığından apellyasiya şikayətinin dəlilləri əsassızdır.

29. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Qəbələ rayon Vəndam kəndində yerləşən bir mərtəbəli, iki otaqlı, mansar tipli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

30. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli 2-1(116)-490/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar