Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-214/2023 14.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “X2 09 fevral 2004-cü il tarixli 02 saylı qərarına əsasən satılmış 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 2-1(116)-2143/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxs: Zaqatala rayonu X4) qarşı “09 fevral 2004-cü ildə X4 “torpaqların alqı-satqısına dair aktına” əsasən İddiaçı tərəfindən əldə edilmiş 0.12 ha torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-2143/2022 nömrəli qərardadı ilə Zaqatala rayonu X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi cəlb edilmişdir.
3. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, tələbini dəqiqləşdirərək X2 09 fevral 2004-cü il tarixli 02 saylı qərarına əsasən satılmış 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi - hüquq varisi: "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 18 saylı Zaqatala Ərazi İdarəsi ilə əvəz edilmişdir.
5. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Zaqatala rayonu X2 xx.xx.2004-cü il tarixli 2 saylı qərarı ilə ev tikmək üçün həyətyanı torpaq sahəsinin alqı- satqı yolu ilə 0,12 ha torpaq sahəsi satılmış, iddiaçı tərəfindən satılan torpaq sahəsinin dəyəri ödənilmiş və müvafiq torpaq sahəsinin sxematik planı hazırlanmışdır. İddiaçı, müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh, iddia tələbinə etirazını sözügedən 0,12 ha torpaq sahəsinə dair "Torpaqların alqı-satqısına dair” Akt”ın Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsində 27 mart 2010-cu il tarixində qeydiyyata alınması ilə əsaslandırmışdır.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 27 dekabr 2022-ci il tarixli 2- 1(116)-2143/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
9. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 18 saylı Zaqatala Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müvafiq torpaq sahəsinin sənəd üzrə təyinatı (kateqoriyası) elektron xəritələrdəki məlumatlara uyğun deyildir. Belə ki, kəndin kompleks yerquruluşu layihəsində sözügedən 0,12 ha torpaq sahəsi Suvagil bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş sahəsi kimi göstərilmişdir. TEKİUS-də isə təyinatı (kateqoriyası) kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası tikinti altında olan torpaqlara aiddir. Məhkəmə nəzərə almamışdır ki, qanunvericiliyə əsasən bələdiyyə mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri yalnız icarəyə verilə bilər. Məhkəmə nəzərə almamışdır ki, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün hüquqi və fiziki şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız icarəyə verilir. Məhkəmə nəzərə almamışdır ki, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Qeydiyyat orqanı tərəfindən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqlarının dövlət qeydiyyatından imtina olunur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 2-1(116)-2143/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 2-1(116)-2143/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 2- 1(116)-2143/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisi X1 izahatında bildirmişdir ki, onlar ərazidə olmuş və GPS aləti vasitəsilə ölçmə işləri apararaq İddiaçı ayrılması qeyd edilən 0.12 ha torpaq sahəsinin ərazinin coğrafi xüsusiyyətlərinə və ayrılmış digər torpaq sahələrinə münasibətdə naturada yerini müəyyən etmişlər. A 406656 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 1200 kv.m torpaq sahəsi Suvagil kəndinin baş planından çıxarışda da İddiaçı ayrılması qeyd edilən 0.12 ha torpaq sahəsi ilə uyğunluq təşkil edir. Sözügedən torpaq sahəsi və Suvagil kəndinin baş planından çıxarışda İddiaçı ayrılması qeyd edilən 0.12 ha torpaq sahəsi həmin kəndin kompleks yerquruluşu layihəsində Suvagil bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsi olan torpaqlara aiddir.
14. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. 15 Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
16. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Zaqatala rayonu X2 xx.xx.2004-cü il tarixli 2 saylı qərarı və xx.xx.2007-ci il tarixli 08 nömrəli, xx.xx.2007-ci il tarixli 09 nömrəli, xx.xx.2010-cu il tarixli 07 nömrəli qəbzlərindən görünür ki, bələdiyyənin perspektiv inkişaf fondu torpaqlarından 1200 kv.m torpaq sahəsi həyətyanı məqsədilə İddiaçı satılmış və sonuncu tərəfindən bələdiyyənin hesabına 601 manat pul vəsaiti ödənmişdir. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsinin 26 avqust 2007-ci il tarixli rəyindən görünür ki, vətəndaşa göstərilən sxemdə göstərilən ərazidən torpaq sahəsinin ayrılmasına və təyinatı üzrə istifadə olunmasına etiraz edilməmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli **********52 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Suvagil kəndinin baş planından çıxarışda İddiaçı ayrılması qeyd edilən 0.12 ha torpaq sahəsinin ərazinin coğrafi xüsusiyyətlərinə və ayrılmış digər torpaq sahələrinə münasibətdə naturada yerinin müəyyən edilməsi mümkündür. A 406656 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 1200 kv.m torpaq sahəsi sorğuya əlavə edilmiş Suvagil kəndinin baş planından çıxarış iddiaçı Elmira İsmayilovaya ayrılması qeyd edilən 0.12 ha torpaq sahəsi ilə uyğunluq təşkil edir. A 406656 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 1200 kv.m torpaq sahəsi və Suvagil kəndinin baş planından çıxarışda İddiaçı ayrılması qeyd edilən 0.12 ha torpaq sahəsi həmin kəndin kompleks yerquruluşu layihəsində Suvagil bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş sahəsinə və TEKlUS-də isə kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası tikinti altında olan torpaqlara aiddir. Həmin torpaq sahəsinin naturada ölçüləri 0.1281 ha olmaqla İddiaçı naturada isifadəsindədir və torpaq sahəsinin koordinatları, ölçüləri, yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, torpaq sahəsi kənd təsərrüfatına yararlı torpaq sahəsidir. Torpaq Məcəlləsində uqodiya olaraq - "tikinti altında torpaqlar” anlayışı mövcud deyil. İddia olunan torpaq sahəsinin uqodiyasının kadastr məlumatlarında necə müəyyən edilməsi ilə bağlı bildirik ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtib olunması qaydalarına əsasən sözügedən torpaq sahəsinin kateqoriyası TEKUİS məlumatlarında kənd təsərrüfatı təyinatlı, alt kateqoriyası kənd təsərrüfatı ehtiyacları üçün digər ərazilər, uqodiyası həmin ərazidə yaşayış evi mövcud olduğu üçün tikinti altında olan torpaqlar, alt uqodiyası faktiki istifadə vəziyyəti həyətyanı ərazi kimi istifadə olunduğuna görə həmin ərazi həyətyanı sahələr kimi işlənilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - A № 406656 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İddiaçı adına - Zaqatala rayonu X2 xx.xx.2004-cü il tarixli 02 saylı qərarı ilə 1200 kv.m həyətyanı torpaq sahəsi verilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
19. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz;
20. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ
3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
21. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
22. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, "İnzibati icraat haqqında” Qanunun 11.1 -ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1 -ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, A 406656 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 1200 kv.m torpaq sahəsi və Suvagil kəndinin baş planından çıxarışda İddiaçı ayrılması qeyd edilən 0.12 ha torpaq sahəsi həmin kəndin kompleks yerquruluşu layihəsində Suvagil bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş sahəsinə və TEKlUS-də isə kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası tikinti altında olan torpaqlara aiddir. Həmçinin məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisi də izahatında bunu təsdiq etmişdir.
29. Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən göründüyü kimi, bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunvericiliklə yalnız istifadəyə və ya icarəyə verilməsi nəzərdə tutulmuş və həmin torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi birbaşa qadağan edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
30. Məhkəmə kollegiyası iş materiallarını, mütəxəsis rəyini, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi inzibati işin faktiki hallarını tam araşdırmadan, sübutların maddi və prossesual normalara uyğun qiymətləndirilməməsi nəticəsində iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmişdir.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.
32. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 2-1(116)-2143/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “X2 09 fevral 2004-cü il tarixli 02 saylı qərarına əsasən satılmış 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.