Məhkəmə qərarları › İş №2-1(107)-215/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-215/2020

12.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-215/2020 12.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə (bundan sonra cavabdeh və ya DSMF-in Ağdaş rayon şöbəsi) qarşı "DSMF-in Ağdaş rayon şöbəsinin imtinasının əsassız hesab edilməsi və ona pensiya yaşı bitdiyi xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-100/2020 nömrəli qərarından DSMF-in Ağdaş rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1955-ci ildə Ağdaş rayonu Dəhnə kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra xx.xx.1972-ci ildə Ağdaş yerli sənaye kombinatında işə başlamış və xx.xx.1973-cü ildə oxumağa getməsi səbəbindən işdən azad edilmişdir. 1973-1978-ci illərdə S.Ə.Dadaşov adına Kirovabad baza inşaat texnikumunda "Avtomobil yollarının tikintisi və istismarı" ixtisası üzrə əyani təhsil almış texnikuma qəbul olduqdan sonra xx.xx.1974-xx.xx.1976-cı illərdə Sovet ordusunda hərbi xidmətdə olmuşdur. Ordudan qayıtdıqdan sonra təhsilini davam etdirmiş və xx.xx.1978-ci ildə Dövlət İmtahan Komissiyasının qərarı ilə ona həmin texnikumdan 591665 nömrəli diplom verilmişdir. O, məktəb illərində oxuya-oxuya axşam boş vaxtlarında işlə də məşğul olmuşdur. Belə ki, xx.xx.1977-xx.xx.1977-ci, xx.xx.1977-xx.xx.1977, xx.xx.1978-xx.xx.1978-ci illərdə oxuyaoxuya gecə işlərində işləmişdir. Təhsilini başa vurduqdan sonra xx.xx.1979-cu ildən Suvarma Sistemləri idarəsinə işə girmiş və orada xx.xx.1992-ci ilə kimi müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilədək Ağdam rayon pensiyaçılara sosial xidmət ərazi mərkəzində, xx.xx.2000-ci ildən xx.xx.2004-cü ilədək Ağdaş Əlillər Cəmiyyətində işləmişdir. Hazırda pensiya yaşı çatmış, 2006-cı ilədək 25 ildən çox iş stajı var, ona pensiya təyin edilməsi üçün DSMF-in Ağdaş rayon şöbəsinə müraciət etmişdir. Oradan ona bildirmişlər ki, pensiya stajı və pensiya kapitalı yoxdur, pensiya kapitalı qeydə alınmayıb. Bunun səbəbi kimi axırıncı iş yerində cəmiyyət tərəfindən pensiya fonduna ödənişlər edilmədiyi bildirilmişdir. O, işlədiyi hər bir idarədə əmək haqqı almış, pensiya fonduna ödəniş etmək onun yox, işə götürənin vəzifəsidir. Onun oxuduğu, hərbidə olduğu, işlədiyi illər olmaqla 25 ildən çox iş stajı var, yaşı bitdiyi vaxtdan pensiya təyin edilməsindən imtina əsassızdır. İddiaçı məhkəmədən, “DSMF-in Ağdaş rayon şöbəsinin imtinasının əsassız hesab edilməsi və ona pensiya yaşı bitdiyi vaxtdan yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli **********8 nömrəli məktubla iddiaçıya pensiya təyin edilməsindən imtina edərkən bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığorta olunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, sığorta olunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığorta olunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək 25 il sosial sığorta stajı və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı yoxdur. Fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınmamışdır. DSMF-in Ağdaş rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının qərarı ilə sadalanan səbəblərdən yaşa görə əmək pesiyasının təyin olunmasından imtina olunmuşdur. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubla iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının pensiya təminatı xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin tələbinə görə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin fəaliyyət müddətləri sığorta stajlarına daxil edilir. İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Ağdaş rayon Əlillər Cəmiyyəti”ndə işlədiyi dövrün sosial sığorta stajı həmin müəssisənin hüquqi ünvanının məlum olmadığı, xx.xx.2000-ci il tarixdə 178 № işə qəbul olunması, xx.xx.2004-cü il tarixdə 196 №-li əmrlə işdən azad olunması əmri, əmək haqqı cədvəllərinin yoxlanılması mümkün olmadığı üçün və “Ağdaş rayon Əlillər Cəmiyyətinin” xx.xx.2001-ci ildən sonra Fondun Ağdaş rayon şöbəsi ilə qarşılıqlı hesablaşma aparmadığından xx.xx.2001-ci ildən xx.xx.2004-cü il tarixədək olan dövrün sosial sığorta stajı kimi hesablanması qanuna ziddir. İddiaçı tələb olunan 25 il sosial sığorta stajı, 23040 manat pensiya kapitalının olmaması və ya xx.xx.2018-ci il tarixədək fərdi hesabında məbləğindən asılı olmayaraq pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyası təyin oluna bilməz. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli 2-1(116)- 100/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, DSMF-in Ağdaş rayon şöbəsinin üzərinə İddiaçı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. DSMF-in Ağdaş rayon şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qaununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Ağdaş rayon Əlillər Cəmiyyətində” işlədiyi müddətin həmin idarənin əmr kitabları və əməkhaqqı cədvəllərinə əsasən yoxlanılması mümkün olmadığı üçün yaşa görə əmək pensiyası təyin olunması qaydalara ziddir. Göründüyü kimi birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir və qanunun tələblərinə zidd qərar qəbul etmişdir. İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Ağdaş rayon Əlillər Cəmiyyətində” işlədiyi müddətin yoxlanılması mümkün olmadığı halda onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi DSMF-in Ağdaş rayon şöbəsinin üzərinə qoyulmuşdur. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-100/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-100/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-100/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, DSMF-in Ağdaş rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********8 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli **********9 nömrəli, xx.xx.2020-ci il tarixli **********6 nömrəli, xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubları və xx.xx.2019-cu il tarixli **********4 nömrəli etirazı, БТ seriyalı 591665 nömrəli diplomun təsdiqlənmiş surəti, НЗ seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, xx.xx.1973-cu il tarixli əmək kitabçasının təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı X2 xx.xx.2019-cu il tarixli **********444800 nömrəli məktubu aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-100/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, DSMF-in Ağdaş rayon şöbəsinin üzərinə İddiaçı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş və onun pensiya təyin edilməsi üçün 64 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. xx.xx.2019-cu il tarixdən etibarən yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan minimum sosial sığorta stajı 25 il, minimum pensiya kapitalı isə 17536,94 manat təşkil edir. Bu hal cavabdehin xx.xx.2019-cu il tarixli **********9 nömrəli məktubu ilə təsdiqini tapır və bu işin mübahisəsiz halıdır. İşin mübahisə halı ondan ibarətdir ki, iddiaçıya həmin tarixdən pensiya təyin edilməsi üçün 25 il sosisal sığorta stajı və ya 17536,94 manat pensiya kapitalı tələb olunur ki, cavabdehin iddiasına görə o, 25 il sosial sığorta stajına və ya 17536,94 manat pensiya kapitalına malik deyildir. Belə ki, cavabdeh iddiaçının xx.xx.2000-ci il tarixdə 178 № işə qəbul olunması, xx.xx.2004-cü il tarixdə 196 №-li əmrlə işdən azad olunması barədə əmrləri, əmək haqqı cədvəllərinin yoxlanılması mümkün olmadığı üçün və “Ağdaş rayon Əlillər Cəmiyyəti” xx.xx.2001-ci ildən sonra DSMF-in Ağdaş rayon şöbəsi ilə qarşılıqlı hesablaşma aparmadığından xx.xx.2001-ci ildən xx.xx.2004-cü il tarixədək olan dövr sosial sığorta stajı kimi hesablanmamış və bunu nəzərə almadığı üçün iddiaçıya mübahisəsiz 23 il 2 ay sosial sığorta stajı və buna müvafiq 16250,90 manat pensiya kapitalı hesablamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3-cü maddəsinə görə, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Ağdaş rayon Əlillər Cəmiyyəti”ndə işləməsi əmək kitabçasında qeyd edilmişdir. Həmin cəmiyyətin sənədlərinin arxivə təhvil verilməməsi iddiaçının təqsiri deyil və onun ziyanına şərh edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin “Ağdaş rayon Əlillər Cəmiyyəti”nin xx.xx.2001-ci ildən sonra DSMF-in Ağdaş rayon şöbəsi ilə qarşılıqlı hesablaşma aparmaması ilə bağlı dəlilləri ilə də razılaşmayaraq qeyd edir ki, cəmiyyətin qarşılıqlı hesablaşma aparmaması iddiaçının həmin cəmiyyətdə işləmədiyinə dəlalət etmir. Belə ki, hesablaşmanın aparılmadığı dövrdə Fondun yerli şöbəsi bununla həmin dövrdə qanunla müəyyən edilmiş tədbirləri həyta keçirməli idi. Fondun yerli şöbəsi qanunla üzərinə düşən vəzifələrinin yerinə yetirməməsi iddiaçının ziyanına şərh edilə bilməz. Bununla bağlı məhkəmə kollegiyasının şifahi sorğusuna əsasən, DSMF-in Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, İddiaçı son işlədiyi “Ağdaş Əlillər Cəmiyyəti” DSMF-in Ağdaş rayon şöbəsinə xx.xx.2001-ci il tarixdən sonra hesabat vermədiyindən və “Ağdaş Əlillər Cəmiyyəti”nin əmr kitabları və əməkhaqqı cədvəlləri Ağdaş rayon Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı həmin illərdə işləmə faktı öz əksini tapmamışdır. Həmçinin, məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 izahatında bildirdi ki, “Ağdaş Əlillər Cəmiyyəti” xx.xx.2001-ci il tarixə kimi DSMF-in Ağdaş rayon şöbəsinə hesabat vermişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iş materiallarında olan 9 saylı X2 xx.xx.2019-cu il tarixli məktubuna əsasən, “Ağdaş Əlillər Cəmiyyəti” vergi ödəyicisi kimi qeydiyyatdan keçməsə belə, DSMF-in Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubundan və cavabdehin nümayəndəsinin izahatından məlum olur ki, “Ağdaş Əlillər Cəmiyyəti” xx.xx.2001-ci il tarixə kimi DSMF-in Ağdaş rayon şöbəsinə hesabat verdiyindən həmin cəmiyyət fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığorta haqqının toplanması" Qaydalarının 1.2.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı - sığortalamaya görə sığortaçı təşkilata ödənilən pul vəsaitidir; 1.2.2-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları - sığortaçı, sığortaedənlər və sığortaolunanlardır; 1.2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası üzrə fəaliyyəti həyata keçirən sığortaçı hüquqi şəxsdir; 1.2.4-cü maddəsinə əsasən sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığortaedən digər şəxslərdir; 1.2.5-ci maddəsinə əsasən sığortaolunan– xeyrinə sığorta fəaliyyəti həyata keçiriləndir. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajı - sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, sığortaçının hüquqları aşağıdakılardır: bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Həmin Qanunun 10-cu maddəsinə əsasən, sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: - sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Həmin Qanunun 11-ci maddəsinə əsasən, sığortaedənlərin vəzifələri aşağıdakılardır: məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla); müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək; hesabat dövründə fəaliyyət göstərmədiyi halda sığortaçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Göründüyü kimi, baxılan işdə sığorta edən “Ağdaş Əlillər Cəmiyyəti”nin "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə müvafiq olaraq, məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək vəzifəsi olmuş, Azərbaycan Respublikası DSMF-in isə sığortaçı kimi, sözügedən Qanunun 9-cu maddəsinə müvafiq olaraq sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək vəzifəsi olmuşdur. Belə olan halda, cavabdeh inzibati orqan tərəfindən İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Ağdaş rayon Əlillər Cəmiyyətində” işlədiyi müddətin həmin idarənin əmr kitabları və əməkhaqqı cədvəllərinə əsasən yoxlanılmasının mümkün olmaması səbəbi ilə iddiaçının işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsindən imtina etməsi əsassız olmaqla qanunvericiliyin tələblərinə ziddir. Belə ki, müvafiq sənədlərin arxivə təhvil verilməsi, habelə arxivdə mövcud olub-olmaması sığortaolunan iddiaçının vəzifəsi deyildir. O cümlədən, məcburi dövlət sosial sığorta “Ağdaş Əlillər Cəmiyyəti”nə aiddir və uçotun vaxtlı-vaxtında aparılmasına nəzarət etmək isə Dövlət Sosial Müdafiə Fondunun vəzifəsidir. Azərbaycan Respublikası İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, DSMF-in Ağdaş rayon şöbəsinin iddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-100/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar