Məhkəmə qərarları › İş №2-1(107)-215/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-215/2021

07.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-215/2021 07.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "Oğuz rayonu Bayan kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ tanıyan sənədlərin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-1(116)-298/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Oğuz Rayon XDS İK-in 26.03.1993-cü il tarixli 11 nömrəli qərarına əsasən, Oğuz rayon Bayan kolxozunun ümumi yığıncaq qərarı ilə İddiaçı Oğuz rayonu Bayan kəndi ərazisindən 0,10 ha həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bundan sonra, həmin torpaq sahəsi Oğuz Rayon Torpaq Şöbəsinin və Oğuz rayon Bayan kolxozunun nümayəndələrinin iştirakı ilə iddiaçıya təhvil verilmiş və bununla bağlı 18.09.1995-ci il tarixli müvafiq akt tərtib edilmişdir. İddiaçı cavabdehə müraciət edərək 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmiş, lakin sonuncu 28.09.2020-ci il tarixli **********07 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçının faktiki göstərdiyi torpaq sahəsi JN-159M və JN-159B nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında başqa vətəndaşlara məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Buna görə də torpaq sahəsinin faktiki göstərilən yerdə qeydiyyata alınması mümkün deyildir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı tələbini belə əsaslandırmışdır ki, Oğuz rayon Bayan kəndində torpaq islahatı aparılarkən 0,10 ha torpaq sahəsi Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə əvəzsiz olaraq onun mülkiyyətinə verilməli olduğu halda, həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd hazırlanmamışdır. Həmin torpaq sahəsi hazırda onun faktiki istifadəsindədir. Oğuz Rayon Məhkəməsinin 29.08.2017-ci il tarixli 2(054)-797/2017 nömrəli qətnaməsinə əsasən, sözügedən torpaq sahəsinə onun istifadə və sərəncam vermək faktı müəyyən edilmişdir. Cavabdeh 06.11.2020-ci il tarixli **********61 nömrəli iddiaya etiraz məktubunda imtina məktubunun dəlillərinə əsaslanmış və bildirmişdir ki, qeyd olunan torpaq sahəsi JN159 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"na əsasən X1 və ailə üzvlərinin mülkiyyətində olmaqla mövcud elektron baza məlumatlarında kənd təsərrüfatı təyinatlı çoxillik əkmə kimi öz əksini tapmışdır. Həmin torpaq sahəsi X1 ailə üzvlərinin istifadəsindədir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur: İşdə olan, Oğuz Rayon XDS İK-in 26.03.1993-cü il tarixli 11 nömrəli qərarından görünür ki, Oğuz rayon Bayan kolxozunun ümumi yığıncaq qərarı ilə İddiaçı Oğuz rayonu Bayan kəndi ərazisindən 0,10 ha həyətyanı torpaq sahəsinin ayrılması qərar alınmışdır. İşdə olan, 18.09.1995-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Oğuz rayonu Bayan kəndi ərazisindən 0,10 ha həyətyanı torpaq sahəsi Oğuz Rayon Torpaq Şöbəsinin və Oğuz rayon Bayan kolxozunun nümayəndələrinin iştirakı ilə iddiaçıya təhvil verilmişdir. İşdə olan, JN-0159 kod 40501028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"dan görünür ki, Oğuz RAİK-in 26.05.1998-ci il tarixli 65 nömrəli qərarı ilə 1,78 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X3, X4, X8, X5 verilmişdir. İşdə olan, Oğuz rayon Məhkəməsinin 29.08.2017-ci il tarixli 2(054)-797/2017 nömrəli qətnaməsindən görünür ki, Oğuz rayonu Bayan kəndi ərazisindən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı istifadə və sərəncam vermək faktı müəyyən edilmişdir. İşdə olan, cavabdehin 28.09.2020-ci il tarixli **********07 nömrəli imtina məktubundan görünür ki, iddiaçının faktiki göstərdiyi torpaq sahəsi JN-159M və JN-159B nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında başqa vətəndaşlara məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Buna görə də torpaq sahəsinin faktiki göstərilən yerdə qeydiyyata alınması mümkün deyildir. Şəki İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-1(116)-298/2021 saylı qərarı ilə (hаkim Vidadi Qasımov) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "Oğuz rayonu Bayan kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ tanıyan sənədlərin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-1(116)-298/2021 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Oğuz rayon “Bayan” kolxozunun ümumi yığıncaq qərarı ilə ona Oğuz rayonu Bayan kəndi ərazisindən 0,10 hektar həyətyanı torpaq sahəsi ayrılması qərara alınmışdır. Oğuz rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhəri üzrə nümayəndəsinin müvafiq vəsatəti əsasında Oğuz rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1993-cü il tarixli 11 nömrəli qərarına əsasən ona 0,10 hektar həyətyanı torpaq sahəsi ayrılması təsdiq edilmişdir. Bundan sonra Oğuz rayon Torpaq Şöbəsinin və Oğuz rayon “Bayan” kolxozunun səlahiyyətli nümayəndələrinin və özünün iştirakı ilə 0,10 hektar həyətyanı torpaq sahəsi yerində ölçülərək ona təhvil verilmiş və bununla bağlı 18 sentyabr 1995- ci il tarixdə müvafiq akt tərtib edilmişdir. 0,10 hektar həyətyanı torpaq sahəsi həmin vaxtdan indiyədək onun qanuni və faktiki istifadəsimdədir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Oğuz rayon Dövlət Arxivində saxlanılan arxiv sənədlərində də onun adına 0,10 hektar həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Oğuz rayonu Bayan kəndində torpaq islahatı aparılarkən 0,10 hektar həyətyanı torpaq sahəsi Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə əvəzsiz olaraq onun mülkiyyətinə verilməli olduğu halda qeyd olunan həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnu tanıyan sənəd hazırlanmamışdır. Qanuni və faktiki istifadəsində olan 0,10 hektar həyətyanı torpaq sahəsi mülkiyyət sənədinin hazırlanmaması həmin torpaq sahəsinə münasibətdə onun mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Hazırki vəziyyətdə qanuni və faktiki istifadəsində olan 0,10 hektar həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi yalnız məhkəmə qətnaməsi əsasında mümkündür. Ona görə də o, 2017-ci il tarixdə Oğuz Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş.Oğuz Rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli 2 (054)-797/2017 nömrəli məhkəmə qətnaməsinə əsasən ərizə təmin edilmiş və Oğuz rayonu Bayan kəndində yerləşən, onun qanuni istifadəmdə olan 0,10 hektar həyətyanı torpaq sahəsinə onun mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək faktı müəyyən edilmişdir. Müəyyən səbəblərlə bağlı o, Torpaq sahəsinə dair hüquqların dövlət reyestrində qeydə alınması, mülkiyyət hüququ tanıyan sənədlərin hazırlanıb verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 Saylı Ərazi İdarəsinə müraciət edə bilməmişdir. Torpaq sahəsinə dair hüquqların dövlət reyestrində qeydə alınması, mülkiyyət hüququ tanıyan sənədlərin hazırlanıb verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 Saylı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmin təşkilatdan ona verilən 28 sentyabr 2020-ci il tarixli **********07 nömrəli cavab məktubunda göstərilir ki, 0,10 ha həyətyanı torpaq sahəsi JN-159M və JN 159 B nömrəli dövlət aktı əsasında başqa vətəndaşlara məxsus torpaq sahəsi ilə üst- üstə düşür. Buna görə də torpaq sahəsinin faktiki göstərilən yerdə qeydiyyata alınması mümkün deyildir. Eyni zamanda bildirir ki, Oğuz Rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli 2 (054) -797/2017 nömrəli qətnaməsi artıq qanuni qüvvəsini almışdır və o, hələ də öz torpaq sahəsinə mülkiyyət sənəd ala bilməmiş. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi nəyə görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 Saylı Ərazi İdarəsi tərəfindən icra edilmir. Bundan sonra o, Torpaq sahəsinə dair hüquqların dövlət reyestrində qeydə alınması, mülkiyyət hüququ tanıyan sənədlərin hazırlanıb verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulması tələbinə dair Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş. Şəki İnzibati Məhkəməsi 17 fevral 2021-ci il tarixli, 2-1(116)- 298/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Bir daha qeyd edərək bildirir ki, Şəki İnzibati Məhkəməsinin hazırkı iş üzrə 17 fevral 2021-ci il tarixli, 2-1(116)-298/2021 nömrəli qərarı qəbul edilərkən işin faktiki halları nəzərə alınmamışdır. Oğuz Rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli 2-(054) -797/2017 nömrəli məhkəmə qətnaməsi ilə Oğuz rayonu Bayan kəndində yerləşən, onun istifadəsində olan 0,10 hektar həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək faktı müəyyən edilmişdir. Həmin qətnamədən də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən şikayət verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Oğuz Rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli 2 (054)-797/2017 nömrəli məhkəmə qətnaməsi ilə Oğuz rayonu Bayan kəndində yerləşən, onun istifadəsində olan 0,10 hektar həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək faktı barədə qətnaməsini Şəki İnzibati Məhkəməsi hansı səbəbə diqqətə almamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsi, Şəki İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-1(116)-298/2021 saylı qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-1(116)-298/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddiaçının apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. "Daşınmaz əmlakı dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində deyilir ki, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, torpaq islahatı zamanı 06.07.2006-cı ilədək vətəndaşlara verilmiş hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas verir. Lakin müəyyən edildi ki, iddiaçıda bu sənədlərin heç biri mövcud deyil. Digər tərəfdən, müəyyən edildi ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları aşağıdakı kimidir: X=706375.6598 Y=4544549.9756 Z=442.1761 X=706395.6502 Y=4544544.8249 Z=442.1761 X=706405.7296 Y=4544541.7988 Z=442.1761 X=706414.0808 Y=4544510.1777 Z=442.1761 X=706390.1009 Y=4544505.4872 Z=442.1761 X=706385.9055 Y=4544516.5301 Z=442.1761 X=706380.9868 Y=4544535.0097 Z=442.1761 İddiaçı torpaq sahəsinin ona həyətyanı məqsədi ilə verildiyini bildirsə də, hazırda həmin torpaq sahəsinin təyinatı kənd təsərrüfatı məhsullarının istehsalıdır. Bundan başqa, həmin torpaq sahəsi JN-159 kod 40501028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə X2 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-1(116)-298/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-1(116)-298/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar