Məhkəmə qərarları › İş №2-1(107)-215/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-215/2023

12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-215/2023 12.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı ünvan 1 ünvanında yerləşən mənzilin onun, yəni İddiaçı adına özəlləşdirilərək həmin mənzilə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 2- 1(116)-1538/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Yevlax şəhəri, şəhid Heydər Əliyev küçəsi 1/3 ünvanında yerləşən mənzilin onun, yəni İddiaçı adına özəlləşdirilərək həmin mənzilə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir.

3. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçıya Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli sərəncamı əsasında xx.xx.2012-ci il tarixli, 08 nömrəli order verilmiş və ünvan 2 ünvanda mənzil sahəsi tutmağa ixtiyarının olması qeyd edilmişdir. İddiaçı sözügedən sənədlərə istinad edərək mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

4. İddiaçı tələbini müvafiq mənzilə dair verilmiş orderin onun mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas olması ilə, cavabdeh inzibati orqan isə iddia tələbinə etirazını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilməsi ilə əsaslandırmışdır.

5. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 23 dekabr 2022-ci il tarixli 2- 1(116)-1538/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 2-1(116)-1538/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 2-1(116)-1538/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

11. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

12. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 08 nömrəli orderdən görünür ki, vətəndaş iddiaçının 4 nəfərdən ibarət ailəsi ilə birlikdə ünvan 2 ünvanda mənzil sahəsi tutmağa ixtiyarının olması qeyd edilmişdir. - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin olunmasından imtina edilmişdir. - Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli sərəncamından çıxarışdan görünür ki, Yevlax Şəhər İcra Hakimiyyəti yanında ictimai mənzil komissiyasının xx.xx.2012-ci il tarixli 01 saylı protokolu nəzərə alınaraq, adı siyahıda 2.22-ci yazılan, ünvan 2 ünvanda yaşayan İddiaçı mənzilə daimi yaşamaq hüququ verən orderin verilməsi qeyd olunmuşdur. - Yevlax şəhər İHB-nın aparatının xx.xx.2022-ci il tarixli 1608 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 1999-cu il tarixli 149 nömrəli "Özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinin sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərinin yerli icra hakimiyyətləri orqanlarının, aidiyyəti üzrə müvafiq təşkilatların balansına verilməsi haqqında" Qərarına əsasən keçmiş Ticarət Nazirliyinin tabeliyində olan X2 X1 şəhəri, şəhid Heydər Əliyev küçəsi 1 ünvanında yerləşən 2 mərtəbəli 16 mənzilli yaşayış binası Yevlax Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının 25 aprel 2000-ci il tarixli 72 nömrəli Sərəncamı ilə Komissiya yaradılmış, siyahı üzrə yaşayış binaları və digər obyektlər Yevlax Şəhər İcra Hakimiyyətinin balansına qəbul edilmişdir. - Yevlax şəhər İHB-nın aparatının xx.xx.2022-ci il tarixli 295 nömrəli məktubundan görünür ki, Yevlax şəhəri Şəhid H.Əliyev küçəsi 1 ünvanda yerləşən 16 mənzilli 2 mərtəbəli yaşayış binası Yevlax şəhər İcra Hakimiyyətinin balansındadır və dövlət mənzil fonduna aiddir. - Yevlax şəhər 1 nömrəli SİƏD üzrə nümayəndəliyin xx.xx.2022-ci il tarixli 374 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzilə dair iddiaçı ilə bağlanmış mənzil kirayəsi müqaviləsi yoxdur. Mənzilə dair mənzil kommunal təmir istismar birliyinin ödəniş qəbzləri və orderin surəti göndərilir. - X3 filialının xx.xx.2021-ci il tarixli 69/10 saylı və xx.xx.2022-ci il tarixli 16 saylı məktublarından görünür ki, iddiaçıya 2000-2009-cu illər üzrə və əvvəlki illərə aid ünvan 2 ünvanında daimi yaşamaq hüququ verən hər hansı sənəd aşkarlanmamışdır. - cavabdeh orqanın təqdim etdiyi ünvan 5 ünvanında yerləşən mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış qonşu mənzillərə dair sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mindikdən (xx.xx.2009-cu il) sonra verilmiş order əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatı aparılmamışdır. - Yevlax şəhər 3 saylı MTİS-nin xx.xx.2022-ci il tarixli 119 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ünvan 2 ünvanda yaşadığı 1992-ci ildən bu günə qədər mənzil kirayəsini vaxtlı-vaxtında ödəmişdir. - Yevlax şəhər 3 saylı MTİS-nin xx.xx.2022-ci il tarixli 212 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzilin sahibi İddiaçı xx.xx.2009-cu il tarixədək heç bir müqavilə və qeyri sənəd verilməmişdir. Mənzilə dair Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş, xx.xx.2012-ci il tarixli, 08 nömrəli order təqdim olunmuşdur. Kirayə müqaviləsinin bağlanmasından asılı olmayaraq hər bir sakin yaşadığı mənzilin hər kv.m-i üçün 2 qəpik və atılan zibil üçün adam başına 30 qəpik pul ödəməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

16. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

17. 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

19. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş, xx.xx.2012-ci il tarixli, 08 nömrəli orderdən görünür ki, vətəndaş iddiaçının 4 nəfərdən ibarət ailəsi ilə birlikdə ünvan 2 ünvanda mənzil sahəsi tutmağa ixtiyarının olması qeyd edilmişdir. X3 filialının xx.xx.2021ci il tarixli 9/10 saylı və xx.xx.2022-ci il tarixli 16 saylı məktublarından görünür ki, iddiaçıya 2000-2009-cu illər üzrə və əvvəlki illərə aid ünvan 2 ünvanında daimi yaşamaq hüququ verən hər hansı sənəd aşkarlanmamışdır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderini və ya mənzil kirayəsi müqaviləsini göstərmişdir.

26. Hazırkı işdə isə, sözügedən mənzilin iddiaçıya xx.xx.2012-ci il tarixli müvafiq sərəncamla verildiyi müəyyən edilir. Bu isə onu deməyə əsas verir ki, həmin mənzil iddiaçıya əvvəllər hər hansı hüquq müəyyənedici sənəd əsasında verilməmişdir. Mənzilin iddiaçıya ayrılmasını təsdiq edən yeganə sənəd Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli sərəncamı və onun əsasında verilmiş xx.xx.2012-ci il tarixli, 08 nömrəli orderdir ki, həmin sənədlər də Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra verildiyindən iddiaçının tələb hüququnun əsası kimi çıxış edə bilməzlər. Eyni zamanda həmin sərəncamda mənzillərin şəxslərin mülkiyyətinə verilməsi barədə göstəriş olmamışdır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ünvan 2 ünvanda faktiki yaşasa da, həmin mənzilin qanuni əsaslarla ona 2009-cu il oktyabrın 1-dək ayrılması ilə bağlı hər hansı hüquqi sənədin olmaması iş materiallarında olan X3 filialının məktubları ilə sübuta yetirilir. Yevlax şəhər 3 saylı MTİS-nin xx.xx.2022-ci il tarixli 119 nömrəli məktubunda iddiaçının ünvan 2 ünvanda yaşadığı 1992-ci ildən bu günə qədər mənzil kirayəsini vaxtlıvaxtında ödədiyini bildirsə də, xx.xx.2022-ci il tarixli 212 nömrəli məktubunda həmin məlumatı təkzib etmiş, iddiaçıya xx.xx.2009-cu il tarixədək heç bir müqavilə və qeyri-sənəd verilmədiyini bildirmiş, ödənilmiş vəsaitin isə kirayə müqaviləsinin bağlanmasından asılı olmayaraq hər bir sakinin ödədiyi pul məbləği olduğunu bildirmişdir.

28. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh orqanın inzibati praktikası yoxlanılmış və müəyyən edilmişdir ki, sözügedən binada Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra verilmiş order əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatı aparılmamışdır.

29. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs deyildir. Yəni, iddiaçının 01 oktyabr 2009-cu il tarixədək belə hüququ olmamış, verilmiş order isə ona buna hüququ yaratmamışdır.

30. 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərindən də göründüyü kimi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunu vətəndaşlara 1 oktyabr 2009-cu il tarixdən sonra verilən dövlət mənzil fondunun yaşayış sahələrinə münasibətdə şamil olunmur. Belə yaşayış sahələrinin özəlləşdirilməsi yalnız qanunla nəzərdə tutulduğu hallarda mümkün ola bilər. Bu baxımdan, konkret halda, iddiaçının “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1, 5 və 8-ci maddələrinə əsaslanaraq ünvan rayon icra hakimiyyətinin qeyd olunan sərəncamı (sərəncamları) əsasında özəlləşdirmək hüququ yoxdur.

31. Belə ki, Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra verilmiş order yuxarıda adı çəkilən qanunda hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas kimi müəyyən edilməmişdir.

32. Beləliklə, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin mənzilin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir.

33. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Yevlax şəhəri, şəhid Heydər Əliyev küçəsi 1/3 ünvanında yerləşən mənzilin iddiaçının adına özəlləşdirilərək həmin mənzilə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

34. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 2-1(116)-1538/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar