Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-215/2025 06.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 2-1(116)-957/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1976cı ildən xx.xx.1977-ci il tarixədək Ağdam Kolxozlararası Tikinti İdarəsində işlədiyi müddəti nəzərə almaqla, xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “iddiaçıya xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1958-cı il tarixdə Ağdam rayonu, Muradbəyli kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, 1973-cü ildə Ağdam rayonu 50 saylı orta texniti peşə məktəbinə daxil olmuş və krançı avtomobil sürücüsü ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının qərarı ilə iddiaçıya 5-ci dərəcəli krançı- avtomobil sürücüsü ixtisası verilmiş və 21 iyul 1976-cı il tarixli, 127 № ilə qeydiyyata alınmış 533864 nömrəli Diplomla təmin olunmuşdur. 17 noyabr 1977-ci ildən 27 noyabr 1979-cu ilədək həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1980-ci ildən xx.xx.1999-cu ilədək sürücü vəzifəsində işləmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etmiş, xx.xx.2023-cü il tarixli 3-17- 1/2-M-214722/2023 №-li məktubla tələbin icrasında imtina məktubu almışdır.
4. Cavabdeh orqan məhkəməyə təqdim olunmuş iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, İddiaçı daha öncə ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə xx.xx.2023-cü il tarixdə inzibati orqana müraciət etmiş, lakin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-276568/2023 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir, imtinanın əsasları kimi İddiaçı ümumi stajının 25 ildən az (5 il 8 ay 26 gün) olduğu qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01 07.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. İddiaçı 65 yaşını xx.xx.2023-cü il tarixdə tamamlamışdır. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. - İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının, təhsil haqqında diplomunun və hərbi biletinin surətlərinə əsasən onun mübahisələndirilməyən sığorta stajı (xx.xx.1973-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək təhsil aldığınız illər, xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla) 5 il 8 ay 26 gün təşkil edir. İddiaçının mübahisələndirilməyən sosial sığorta stajı: xx.xx.1973-cü il tarixdən xx.xx.1976-cı il tarixədək təhsil müddəti-2 il 9 ay; xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət - 2 il 1 ay 10 gün; xx.xx.1976-ci il tarixdən xx.xx.1977-ci il tarixdək əmək fəaliyyəti - 10 ay 17 gün. - Həmçinin bildirirlər ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Xüsusilə qeyd etməyi zəruri hesab edirlər ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək Ağdam Kolxozlararası Tikinti İdarəsində işlədiyi 10 ay 17 gün gün əmək fəaliyyəti cavabdehə təqdim etdiyi arayış əsasında onun sosial sığorta stajına daxil edilmişdir. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən sosial sığorta stajına münasibətdə bildirirlər ki, sözügedən qaydalara əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1980-cı il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (işçiyə olunan təşəkkür lazımi sətirdə yazılmayıb, müəssisənin adının dəyişdirilməsi barədə qeydlər yoxdur, işdən çıxma zamanı istifadə edilən möhürdəki qeydlər işə daxil olduğu müəssisə ilə üst-üstə düşmür) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd edirlər ki, İddiaçı xx.xx.2023cü il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Nəticədə hesab edirlər ki, iddiaçıya verilən imtina qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi yuxarıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir.
5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - Kolxozlararası Tikinti İdarəsi verilən tərəfindən verilən xx.xx.1980-cı il tarixli arayış. - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1958ci il təvəllüdlüdür. - A 0001 seriyalı 210833 nömrəli SSR Dövlət Sığortası baş İdarəsi Həyatın Qarışıq sığortası üzrə sığorta şəhadətnaməsi. - İddiaçıya məxsus 533864 nömrəli diplom. - İddiaçıya məxsus ИТ ******* nömrəli əmək kitabçasının əsli. - İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletin surəti.
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 04 dekabr 2024-cü il tarixli 2- 1(116)-957/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2023-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1958-ci ildə doğulub). Cavabdehin iddia tələbinə etirazının dəlili iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. Cavabdeh tərəfindən qəbul edilən sosial sığorta stajı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının qəbul edilən sosial sığorta stajı 19 il 6 ay 26 gün təşkil edir. Məhkəmə tərəfindən cavabdeh tərəfindən qəbul edilən dövrlərin mötəbərliyi məhkəmə araşdırması ilə təsdiq edilməklə bərabər bütün dövr araşdırılmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilir ki, iddiaçı xx.xx.1973-cü ildən xx.xx.1976-cı ilə kimi 2 il 9 ay müddətində təhsil almışdır. İddiaçı xx.xx.1977-xx.xx.1979-cu il illərdə 2 il 1 ay 10 gün müddətində hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.1976-ci il tarixdən xx.xx.1977-ci il tarixdək 10 ay 17 gün müddətində Ağdam Kolxozlararası Tikinti İdarəsində əmək fəaliyyətini davam etdirmişdir. Qeyd olunan dövr üzrə sosial sığorta stajı 5 il 8 ay 27 gündür. İddiaçıya məxsus ИТ ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.1980-ci ildən xx.xx.1999-cu ilədək olan 19 il 7 ay 1 gün müddət ərzində əmək fəaliyyətini davam etdirmişdir. Həmin müddət yuxarıda qeyd olunan müddətlə birlikdə 25 il 3 ay 28 gün təşkil edir ki, bu da tələb olunan 25 il məcburi sığorta stajından artıqdır. - Məhkəmə qeyd etmişdir ki, Ağdam rayonu işğal altında olduğu dövrdə bütün sənədlər məhv olduğundan həmin dövrə dair hər hansı digər sübutun araşdırılması mümkün olmamış, cavabdeh tərəfindən əmək kitabçasında qeyd olunan dövrün mötəbərliyini istisna edən sənəd təqdim edilməmişdir. İlkin inzibati icraat aparılarkən də həmin dövrün mötəbərliyi qəbul edilmişdir. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının 25 ildən artıq sığorta stajı olduğu təsdiq olunduğundan iddia tələbi təmin edilməlidir.
8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 2-1(116)-957/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh orqanın apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)- 957/2024 nömrəli qərarı qanuna zidd və əsassız olduğundan ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə baxılması zamanı prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Xüsusilə qeyd etməyi zəruri hesab edirlər ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi xx.xx.1976-ci il tarixdən xx.xx.1977-ci il tarixdək Ağdam Kolxozlararası Tikinti İdarəsində işlədiyi 10 ay 17 gün əmək fəaliyyəti cavabdehə təqdim etdiyi arayış əsasında onun sosial sığorta stajına daxil edilmişdir. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən sosial sığorta stajına münasibətdə bildirirlər ki, sözügedən qaydalara əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1980-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (işçiyə olunan təşəkkür lazımi sətirdə yazılmayıb, müəssisənin adının dəyişdirilməsi barədə qeydlər yoxdur, işdən çıxma zamanı istifadə edilən möhürdəki qeydlər işə daxil olduğu müəssisə ilə üst-üstə düşmür) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. - Bundan başqa, Ağdam rayonu 23 iyul 1993-ci ildə Ermənistan Silahlı Birləşmələri tərəfindən işğal olunmuşdur. Lakin, iddiaçının əmək kitabçasına işdən çıxma möhürü xx.xx.1999-cu il tarixdə vurulmuşdur. Aparılmış araşdırma nəticəsində xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövr üzrə iddiaçının sözügedən müəssisədə işləməsinə dair heç bir arxiv sənədi tapılmamışdır. Bu isə artıq özlüyündə müəssisənin mövcudluğunu və fəaliyyət göstərməsini istisna edən zəruri faktlardır. Məhkəmə araşdırma zamanı sadəcə işğalla bağlı sənədlərin olmaması əsasına istinad etmişdir. Göründüyü kimi bu hal yalnız xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrə münasibətdə əsaslı hesab edilə bilərdi. Məhkəmənin diqqətinə çatdırılır ki, xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixdək olan dövr iddiaçının sosial sığorta stajına daxil edilərsə belə iddiaçının tələb olunan sosial sığorta stajı yaranmır (13 il 6 ay 21 gün + 5 il 8 ay 26 gün = 19 il 3 ay 26 gün). Məhkəmə iddiaçının əmək kitabçasına işdən çıxma möhürünün xx.xx.1999-cu il tarixdə vurulması əsaslarını hərtərəfli araşdırmamış, məsələyə ümumi nöqteyi-nəzərdən yanaşmışdır. İddiaçının əmək kitabçasına vurulmuş möhür oxunaqlı olmadığından Ağdam rayonu 8 saylı Ev tikinti İdarəsinə məxsus olması mübahisəli olmaqla, müəssisənin adının dəyişdirilməsi də kitabçada qeyd edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək kitabçasında göstərilən müvafiq dövrlər mötəbər hesab edilməmiş, əmək stajı kimi təsdiqlənməmiş, bu səbəbdən də iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 2-1(116)-957/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 2- 1(116)-957/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
14. İnzibati Prosessual Məcəllə: Maddə 14.3 inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
16. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşmüş): Maddə 67.1. mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: ... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
19. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
22. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
27. Belə ki, apellyasiya şikayətinin ilk dəlili ondan ibarətdir ki, İddiaçı məxsus əmək kitabçasında xx.xx.1980-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrlərin doldurulma qaydası pozulmuşdur. Yəni işçiyə olunan təşəkkür lazımi sətirdə yazılmayıb, müəssisənin adının dəyişdirilməsi barədə qeydlər yoxdur, işdən çıxma zamanı istifadə edilən möhürdəki qeydlər işə daxil olduğu müəssisə ilə üst-üstə düşmür.
28. Məhkəmə kollegiyası cavabdehin dəlili ilə bağlı xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrə münasibətdə aşağı instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır ki, Ağdam rayonu işğal altında olduğu dövrdə bütün sənədlər məhv olduğundan həmin dövrə dair hər hansı digər sübutun araşdırılması mümkün olmamış, cavabdeh tərəfindən əmək kitabçasında qeyd olunan dövrün mötəbərliyini istisna edən sənəd təqdim edilməmişdir. İlkin inzibati icraat aparılarkən də həmin dövrün mötəbərliyi qəbul edilmişdir.
29. Belə ki, cavabdeh orqan da şikayətində göstərmişdir ki, xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cu il tarixədək olan dövrə münasibətdə iddiaçının tələbi əsaslı hesab edilə bilər. Məhkəmənin diqqətinə çatdırılmışdır ki, xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövr iddiaçının sosial sığorta stajına daxil edilərsə belə iddiaçının tələb olunan sosial sığorta stajı yaranmır (13 il 6 ay 21 gün + 5 il 8 ay 26 gün = 19 il 3 ay 26 gün).
30. Məhkəmə kollegiyası da qeyd edilən halları nəzərə alır və hesab edir ki, qeyd olunan dövr cavabdeh orqan tərəfindən mübahisələndirilməmiş, həmin dövr iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir.
31. Eyni zamanda, xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrlərə münasibətdə isə məhkəmə kollegiyası tərəfindən aparılan araşdırılma nəticəsində müəyyən edilmişdir ki, "xxxx" Dövlət Şirkətinin 18 fevral 2000-ci il 5 saylı əmri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2000-ci il tarixli 8 saylı qərarına əsasən Ağdam 8 saylı YTİ 18 fevral 2000-ci il tarixdən ləğv olunmuş və peçat şampı yerli polis orqanlarına təhvil verilmişdir. İdarənin rəisi və qalan işçilər isə həmin tarixdən işdən azad edilərək yeni yaradılmış Ağdam 46 saylı Yol İstismarı İdarəsinin sərəncamına verilmişlər.
32. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "xxxx" ASC-nin 19 avqust 2015-ci il tarixli, 13 nömrəli qərarı ilə "xxxx" ASC-nin “Ağdam 46 saylı Yol İstismar İdarəsi”nin adı dəyişdirilərək “37 saylı Yol İstismar İdarəsi” adlandırılması qərara alınmışdır.
33. "xxxx" ASC-nin 26 iyul 2016-cı il tarixli, 52 nömrəli əmrinə əlavə edilmiş siyahıdan müəyyən olunur ki, “37 saylı Yol İstismar İdarəsi” "xxxx" MMC adlandırılmışdır.
34. Həmçinin məhkəmə kollegiyasının sorğusu əsasında təqdim edilmiş xx.xx.2025ci il tarixli məktubdan və əmək haqqı cədvəlindən görünür ki, iddiaçı Ağdam "xxxx" MMCdə çalışmışdır. xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək əmək haqqı almışdır.
35. "xxxx" Dövlət Şirkətinin Ağdam 8 saylı YTİ-nin 16 nömrəli, 2 avqust 1999-cu il tarixli əmrindən də görünür ki, İddiaçı ixtisarla əlaqədar olaraq Ağdam şəhəri qayıdana qədər 1 avqust 1999-cu il tarixdən işdən azad olunmuş, 40-43 АГН nömrəli MAZ 503 markalı avtomaşının həmin vaxta qədər yararlı vəziyyətdə saxlanılmasının ona tapşırılması əmr edilmişdir.
36. Göründüyü kimi, İddiaçı xx.xx.1980-ci il tarixdə Ağdam 8 saylı YTİ-nə işə qəbul edilmiş, Ağdam rayonu işğal altında olduğu dövrdə bütün sənədlər məhv olduğundan həmin dövrə dair (xx.xx.1993-cü ilədək) hər hansı digər sübutun araşdırılması mümkün olmamışdır. Bundan sonra iddiaçının işlədiyi müəssisə "xxxx" Dövlət Şirkətinin 18 fevral 2000-ci il 5 saylı əmri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2000-ci il tarixli 8 saylı qərarına əsasən 18 fevral 2000-ci il tarixdən ləğv olunmuş, lakin ləğv olunanadək "xxxx" Dövlət Şirkətinin Ağdam 8 saylı YTİ-nin 16 nömrəli, 2 avqust 1999-cu il tarixli əmrinə əsasən İddiaçı ixtisarla əlaqədar olaraq Ağdam şəhəri qayıdana qədər 1 avqust 1999-cu il tarixdən işdən azad olunmuşdur. Əmək haqqı cədvəlindən də görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək əmək haqqı almışdır.
37. İddiaçı, "xxxx" Dövlət Şirkətinin Ağdam 8 saylı YTİ-nin 16 nömrəli, 2 avqust 1999cu il tarixli əmrinə əsasən işdən azad olunsa da, onun əmək kitabçasında işdən çıxmasına dair qeyd "xxxx" ASC-nin möhürü ilə təsdiq edilmişdir.
38. Məhkəmə kollegiyası cavabdehin həm bu möhürə münasibətdə, həm də “işçiyə olunan təşəkkürün lazımi sətirdə yazılmaması” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı daxili əmrlər qəbul etmək və həmin əmrlər barədə qeydləri əmək kitabçasında qeyd etmək səlahiyyəti işəgötürən müəssisə rəhbərliyi tərəfindən həll edilməli olan haldır.
39. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əmək kitabçasının doldurulması işəgötürən tərəfindən həyata keçirilən məsələdir. Yəni əmək kitabçasındakı qeydlərin lazımi sətirdə yazılmaması, müəssisənin adının dəyişdirilməsinin əmək kitabçasında qeyd edilməməsi, əmək kitabçasına işdən çıxma möhürünün hansı tarixdə vurulması işçinin hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
40. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın 2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur.
41. Həmçinin, apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyini iddia etdiyi həmin, xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək olan illərə aid iddiaçının sözügedən müəssisədə işləməsinə dair heç bir arxiv sənədi tapılmamışdır.
42. Kollegiya qeyd edir ki, yuxarıda istinad olunmuş sənədlərlə iddiaçının həmin müəssisədə işləməsi öz təsdiqini tapmışdır. Həmçinin, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.
43. Bundan əlavə əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə cavabdeh tərəfindən qaldırıldığından formalaşmış məhkəmə təcrübəsinə əsasən əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır.
44. Məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı xx.xx.1973-cü ildən xx.xx.1976-cı ilə kimi 2 il 9 ay müddətində təhsil almışdır. İddiaçı xx.xx.1977-xx.xx.1979-cu il illərdə 2 il 1 ay 10 gün müddətində hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.1976-ci il tarixdən xx.xx.1977-ci il tarixdək 10 ay 17 gün müddətində Ağdam Kolxozlararası Tikinti İdarəsində əmək fəaliyyətini davam etdirmişdir. Qeyd olunan dövr üzrə sosial sığorta stajı 5 il 8 ay 27 gündür. İddiaçıya məxsus ИТ ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.1980-ci ildən xx.xx.1999-cu ilədək olan 19 il 7 ay 1 gün müddət ərzində əmək fəaliyyətini davam etdirmişdir. Həmin müddət yuxarıda qeyd olunan müddətlə birlikdə 25 il 3 ay 28 gün təşkil edir ki, bu da tələb olunan 25 il məcburi sığorta stajından artıqdır.
47. Göründüyü kimi, iş materialları iddiaçının qeyd olunan işlərdə və müddətlərdə işləməsini müəyyən etməyə imkan verir, hazırki araşdırma isə iddiaçının həqiqətən sosial sığorta stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsini mötəbər qaydada müəyyən edir.
48. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
49. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın İddiaçı hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
51. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 2-1(116)-957/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.