Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-216/2020 29.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinə qarşı "ailə başçısını itirməyə görə əmək pensiyasının ailə başçısının vəfat etdiyi xx.xx.2007-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-303/2020nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə X1 ilə qeyri rəsmi ailə quraraq yaşamışdır. Birgə yaşadığı dövr ərzində bir övladı, X5 doğulmuşdur. X7 xx xxxxxx 2007-ci il tarixdə vəfat etmişdir. Ulduzə Qasımova 1994-cü il tarixdən əmək fəaliyyətinə başlamışdır. U.Qasımovanın vəfatı ilə əlaqədar X3 ailə başçısının vəfat etdiyi tarixdən təyin edilmiş əmək pensiyasının ödənilməsi ilə bağlı o, iş üzrə cavabdeh orqan DSMF-nin Qax rayon şöbəsinə müraciət etmiş, lakin müraciətini cavabdeh orqan xx xxxxxxxx 2019-cu il tarixli, **********2 nömrəli məktubla cavablandıraraq ailə başçısının itirilməsinə görə əmək pensiyasının ailə başçısının vəfat etdiyi tarixdən ödənilməsi qanunvericiliyə görə mümkün hesab edilməmişdir. Cavabdehin iddiaya qarşı münasibətindən görünür ki, İddiaçı xx xxxx 2019-cu il tarixdə həyat yoldaşı X6 vəfatı ilə əlaqədar olaraq, vəfat etmiş ailə başçısının öhdəsində olmuş ailə üzvü X4 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün müraciət etmişdir. Müraciətinə baxıldıqdan sonra vətəndaşa “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.1., 17.1,18.2-ci maddələri nəzərə alınmaqla ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara DSMF-nin Qax rayon şöbəsinin xx.xx.2019-cu il tarixli imtina məktubu, xx.xx.2019cu il tarixli məktubu, ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, iddiaçının AZE seriyalı, ******** nömrəli Ş/V-nin surəti, X6 doğum haqqında şəhadətnaməsinin təsdiqlənmiş surəti, AZ-İİ seriyalı 027469 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, DSMF Qax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli məktubu və ona əlavə olunmuş pensiya və müavinət işinin təsdiqlənmiş surəti, X2 doğum haqqında şəhadətnaməsinin təsdiqlənmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli 2- 1(116)-303/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon Şöbəsinin üzərinə İddiaçın ailə başçısını itirməyə görə əmək pensiyasının ailə başçısının vəfat etdiyi xx.xx.2007-ci il tarixdən ödənilməsi öhdəliyin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsi apelyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-303/2020 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-303/2020 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinin üzərinə, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının ailə başçısının vəfat etdiyi xx.xx.2007-ci il tarixdən ödənilməsi öhdəliyi qoyulmuşdur.Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-303/2020 nömrəli qərarını aşağıdakı göstərilənlərə görə əsassız, qanuna zidd və qeyri obyektiv hesab edirik. Bildiririk ki, İddiaçı xx xxxx 2019-cu il tarixdə həyat yoldaşı X6 vəfatı ilə əlaqədar olaraq, vəfat etmiş ailə başçısının öhdəsində olmuş ailə üzvü X4 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinə müraciət etmişdir. Müraciətinə baxıldıqdqan sonra ailə üzvünün əmək pensiyası almaq hüququnun olduğu müəyyən olunmuş, ona ailə başçısının vəfat etdiyi xx.xx.2007-ci il tarixdən təyin edilmiş və ödənilmiş sosial müavinətin ödənilməsi dayandırılmışdır.Nəzərinizə çatdırırıq ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1.maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət ediləntarixdən əvvəlki ən çoxu üç ii üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.Qanunun qeyd edilən maddəsinə müvafiq olaraq İddiaçı təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyası müraciət etdiyi xx xxxx 2019-cu il tarixdən üç il əvvəl yəni xx xxxx 2016-cı il tarixdən hesablanaraq ödənilməlidir. Ona görə də, apelyasiya şikayətinin təmin edilməsi, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-303/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinin nümayəndəsi X11 apelyasiya şikayətinin təmin edilərək Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-303/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-303/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişdir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi əsası ilə qismən razılaşmır və apelyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. İşin həqiqi halları ilə müəyyən edilir ki, X7 xx xxxxxx 2007-ci il tarixdə vəfat etmişdir. Ulduzə Qasımova 1994-cü il tarixdən əmək fəaliyyətinə başlamışdır. U.Qasımovanın vəfatı ilə əlaqədar X3 ailə başçısının vəfat etdiyi tarixdən təyin edilmiş əmək pensiyasının ödənilməsi ilə bağlı o, iş üzrə cavabdeh orqan DSMF-nin Qax rayon şöbəsinə müraciət etmiş, lakin müraciətini cavabdeh orqan xx xxxxxxxx 2019-cu il tarixli, **********2 nömrəli məktubla cavablandıraraq ailə başçısının itirilməsinə görə əmək pensiyasının ailə başçısının vəfat etdiyi tarixdən ödənilməsi qanunvericiliyə görə mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Resppublikası Qanununun 14.1.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatmamış övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İşdə olan əmək kitabçasının surəti və iddiaçının izahatı ilə müəyyən edilmişdir ki, İddiaçı arvadı Ulduzə Qasımovanın öldüyü günə kimi 5 ildən artıq sığorta stajı vardır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. Məhkəmə təqdim edilən sübutlar əsasında mahiyyəti üzrə qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbi ilə bağlı nəzərə çatdırır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1.maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinə xx xxxx 2019-cu il tarixdə ərizə ilə müraciət etdiyi üçün, qeyd edilənləri nəzərə alaraq ailə başçısını itirməyə görə əmək pensiyasının ailə başçısının vəfat etdiyi xx.xx.2007-ci il tarixdən ödənilməsi qanunvericiliyə görə mümkün hesab edilmir. Məhkəmə kollegiyası müvafiq qanuni normalarını və işin faktiki hallarından çıxış edərək hesab edir ki, İddiaçı xx xxxx 2016-cı il tarixdən başlayaraq ailə başçısı itirdiyinə görə əmək pensiyası təyin edilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşsa da hesab edir ki, həmin qərarın tam ləğv etmədən iddia tələbinin qismən təmin edilməsi mümkün deyildir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tam təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia qismən təmin edilməli, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının xx xxxx 2016-cı il tarixdən başlayaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinin üzərinə qoyulmalı, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinin apelyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-303/2020 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının xx xxxx 2016-cı il tarixdən başlayaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-216/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-216/2020
29.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver