Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-216/2021 30.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı (üçüncü şəxs: DSMF publik hüquqi şəxsin Zaqatala rayon filialı) “08 mart 2007-ci il tarixdə doğulmuş qızı X2 “sağlamlıq imkanının məhdudluğu”nun müəyyən edilməsinə dair verilmiş 24.01.2020-ci il tarixli (göndəriş:0256003AAJX9) rəydə “təyinat tarixi” qrafasında təyinatın tarixinin 25.08.2019-cu il və yaxud da 25.08.2016-cı il tarix yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2-1(116)-318/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı (üçüncü şəxs: DSMF publik hüquqi şəxsin Zaqatala rayon filialı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “08 mart 2007ci il tarixdə doğulmuş qızı X2 “sağlamlıq imkanının məhdudluğu”nun müəyyən edilməsinə dair verilmiş 24.01.2020-ci il tarixli (göndəriş:0256003AAJX9) rəydə “təyinat tarixi” qrafasında təyinatın tarixinin 25.08.2019cu il və yaxud da 25.08.2016-cı il tarix yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi belə əsaslandırmışdır ki, onun 08 mart 2007-ci il tarixdə X5 adında qızı doğulmuşdur. Uşaq anadangəlmə “uşaq serebral iflici, hiperkinetik forma, psixo fiziki inkişaf geriliyi” diaqnozu ilə xəstə doğulmuşdur. İddiaçı uşağı həkimə aparmış, komissiyalardan keçərək AR Əmək Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti 16 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 25.08.2016-cı il tarixli sənədə əsasən “uşaq serebral iflici, hiperkinetik forma, psixo fiziki inkişaf geriliyi” dioqnozu ilə uşağa sağlamlıq imkanları məhdud və ya əlillik dərəcəsi alaraq pensiya təyin olunmuşdur. Növbəti müayinə 25.08.2019-cu il tarixə təyin edilmişdir. Göstərilən tarixdə uşaq müayinəyə təqdim edilmiş, lakin heç bir əsaslı səbəb olmadan Dövlət Tibbi Sosial Ekspertizası işi süni maneələrlə uzadaraq nəticədə 24.01.2020-ci il tarixdə uşağın "diplegik spastik serebral iflic, uşaq serebral iflici tetraparetik forma. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Nitq geriliyi" dioqnozu ilə uşağa sağlamlıq imkanları məhdud və ya əlillik dərəcəsi alaraq yenidən pensiya təyin olunmuşdur. Lakin buna baxmayaraq 25 avqust 2019-cu il tarixdə heç bir əsaslı səbəb olmadan uşağa ödənilmiş sosial müavinət və baxım pulu 24.01.2020-ci il tarixədək dayandırılmışdır. İddiaçı bildirir ki, anadangəlmə sağlamlıq imkanı məhdud olan uşaq sosial müavinətin və baxım pulunun dayandırıldığı 25.08.2019-24.01.2020-ci il tarixlərdə sağlam olmamışdır. Həmin dövrdə də uşağın sağlamlıq imkanları məhdud olmuş və dövlət tərəfindən ödənilən sosial müavinət də davam etdirilməli idi. İş materiallarına əsasən iddiaçı övladının müayinəsi üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Xəstəxana tərəfindən birinci göndəriş 07.11.2019-cu il tarixində əlilliyin qiymətləndirilməsi üçün TSEK-ə göndərilmiş lakin göndərişin Xəstəxana tərəfindən natamam doldurulması səbəbindən TSEK tərəfindən qiymətləndirilmə mümkün olmamış və imtina edilmişdir. Daha sonra Xəstəxana tərəfindən göndəriş (forma 88 №0256003AAJ7G) düzəldilərək yenidən 14.01.2020-ci il tarixdə göndərilmiş və 24.01.2020- ci il tarixində TSEK tərəfindən qərar qəbul edilərək təyinat aparılmışdır. Göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əlilliyin müəyyən olunması üçün səhiyyə müəssisə tərəfindən göndəriş ötürülməlidir. Göndəriş tarixi səhiyyə müəssisəsi tərəfindən müəyyən olunur və elektron qaydada ötürülmə həyata keçirilir. İş materiallarından da aydın görünür ki, Zaqatala rayon Mərkəzi Xəstəxanasından 07.11.2019-cu il tarixində ötürülmüş göndəriş qüsurlu olduğundan TSEK tərəfindən imtina edilmiş qərar qəbul edilməmişdir. Daha sonra Xəstəxana həmin qüsurları aradan qaldıraraq 14.01.2020-ci il tarixində göndərişi yenidən TSERAS-a ötürmüş və son göndəriş əsasında TSEK 24.01.2021-ci il tarixində təyinat aparmışdır. Buradan aydın olduğu kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən heç bir qayda pozuntusuna yol verilməmiş göndəriş vaxtından 10 gün sonra əlilliyin təyin olunması üçün qərar qəbul edilmişdir. 25.08.2019-cu il tarixdən 24.01.2020-ci il tarixə kimi olan müddətdə müayinə göndərişinin düzgün, tam şəkildə doldurularaq ötürülməsi səhiyyə müəssisəsinin vəzifəsidir. İş materiallarında olan üçüncü şəxsin 28.01.2020-ci il tarixli arayışından görünür ki, iddiaçı 25.08.2019-cu ilə kimi və 24.01.2020-ci il tarixindən sağlamlıq imkanları məhdud uşağına görə 150 manat sosial müavinət və 50 manat baxım pulu alır. İş materiallarında olan iş üzrə üçüncü şəxsin iddiaçıya ünvanladığı 25.02.2020-ci il tarixli məktubda qeyd edilir ki, iddiaçının övladı X2 TSEK tərəfindən 24.01.2020-ci il tarixdən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edildiyindən ona 25.08.2019-cu il tarixdən müavinətin ödənilməsi qanunla mümkün deyildir. Yuxarıda qeyd olunanlara əsasən hazırkı iddiaya münasibətdə ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi cavabdeh kimi cavab verməli olan orqan deyildir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı qızına 24.01.2020-ci il tarixdə əlillik təyin edilməsindən xəbərinin olduğunu qeyd edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 15 mart 2021-ci il tarixli 2- 1(116)-318/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı (üçüncü şəxs: DSMF publik hüquqi şəxsin Zaqatala rayon filialı) “08 mart 2007-ci il tarixdə doğulmuş qızı X2 “sağlamlıq imkanının məhdudluğu”nun müəyyən edilməsinə dair verilmiş 24.01.2020-ci il tarixli (göndəriş:0256003AAJX9) rəydə “təyinat tarixi” qrafasında təyinatın tarixinin 25.08.2019cu il və yaxud da 25.08.2016-cı il tarix yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2-1(116)-318/2021 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2-1(116)-318/2021 nömrəli qərardadının ədalətsiz, qanunsuz və əsassız olduğundan ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2-1(116)-318/2021 nömrəli iş üzrə qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqla haqlı olmuşdur. İnzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırkı iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1. maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. İddiaçı öz iddia ərizəsində əlilliyə görə müavinət alan qızı X2 “sağlamlıq imkanının məhdudluğunun” müəyyən edilməsinə dair verilmiş 24.01.2020-ci il tarixli rəydə “təyinat tarixinin 25.08.2019-cu il yazılması və o tarixdən sosial müvainət pulu və baxım pulunun ödənilməsini tələb etmişdir. İşin faktiki hallarına əsasən X5 08.03.2007-ci ildə anadan olmuşdur. Uşaq anadangəlmə xəstə doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş 25.08.2016-cı il tarixli sənədə əsasən “uşaq serebral iflici, hiperkinetik forma. psixo fiziki inkişaf geriliyi” diaqnozu ilə F.R.Əliyevaya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara görə sosial müavinət təyin olunmuşdur. Belə ki, müavinət 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir. Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 15 aprel 2019-cu il tarixli 640 nömrəli Fərmana əsasən 2019-cu il aprelin 1-dən müavinət 150 manat məbləğində müəyyənləşdirilib. İddiaçı ərizəsində 25.08.2019-cu ildə övladı F.R.Əliyevanın müayinədən təkrar keçdiyini, lakin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin 24.01.2020-ci il tarixdə müəyyən olunduğunu və həmin müddətə qədər sosial müavinətin və baxım pulunun dayandırıldığını qeyd etmiş, 5 aya ödənilməli olduğunu düşündüyü 1000 manat (sağlamlıq imkanları məhdud uşaqlara təyin olunan 150 manat sosial müavinət məbləği və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü) məbləğinin geri ödənilməsini tələb etmişdir. Lakin iddia qanunvericiliyə əsasən mümkün hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklərə əsasən əlilliyin müəyyən edilməsi elektron qaydada aparılır, yəni əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə məlumat Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən elektron qaydada real vaxt rejimində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində TibbiSosial Ekspertiza və X3 (TSERAS) ötürülür. Bununla bağlı vətəndaş həmin göndərişin tərtib edilməsi üçün qeydiyyatda olduğu ver üzrə səhiyyə müəssisəsinə müraciət edir. Göndərişin aid olduğu şəxsə (əlillik vəziyyəti qiymətləndirilməli olan vətəndaşa) dair elektron sənəddə həmçinin əks olunan, yəni göndərişi verən səhiyyə müəssisəsinin adını, onu təsdiq edən şəxslərin kimliyini müəyyən etməyə imkan verən bütün məlumatlar TSERAS tərəfindən adsızlaşdırılaraq şifrə verilir. Bundan sonra sistem tərəfindən göndəriş əlilliyin qiymətləndirilməsi üçün elektron şəkildə hər hansı TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. Göndərişi elektron formada qəbul etmiş TSEK tərəfindən həmin sənəddə qeyd olunan xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında əlillik təyin olunub-olunmamasına dair qərar qəbul edilir, habelə onun aid olduğu şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olub-olmamasına dair tibbi göstəriş verilir və əmək zəmanətinə dair məlumatlar müəyyənləşdirilir. Bu məlumatlar gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir, TSEK-in sədri və üzvlərinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar kı, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri İlkin şərt onun zəruri olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-huquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcüdluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə inzibati prosessual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırkı iddia isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. İddiaçının iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi) qaldırıla bilər. Lakin iddiaçı qanunla müəyyən edilmiş həmin müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırkı halda iddiaçının mübahisələndirdiyi akt barəsində məhkəməyə şikayət verilməmiş inzibati aktdır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisələndirilən inzibati akt 2020-ci il 24 yanvar tarixdə qəbul edilmiş və surəti iddiaçıya təqdim olunmuş, iddiaçı həmin vaxtdan sosial müavinət almışdır. Lakin iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində inzibati aktı mübahisələndirməmiş, həmin aktı mübahisələndirmə imkanını itirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qısa,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2-1(116)-318/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2-1(116)-318/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-216/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-216/2021
30.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver