Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-216/2023 06.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı qanuni nümayəndəsi Nümayəndə və üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı qanuni nümayəndəsi Nümayəndə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən, mülkiyyət hüququ ilə iddiaçıya və X6 bərabər payda məxsus olan 0,50 ha torpaq sahəsinə Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2-1(116)-2019/2022 nömrəli qərarından üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı qanuni nümayəndəsi Nümayəndə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən, mülkiyyət hüququ ilə iddiaçıya və X6 bərabər payda məxsus olan 0,50 ha torpaq sahəsinə Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, yaşadığı Qəbələ rayonu, Vəndam qəsəbəsində mərhum anasından vərəsəlik hüququ ilə keçən 0,50 ha torpaq sahəsi qalmış və bu torpaq sahəsindən bu vaxta qədər iddiaçı istifadə edir. Həmin torpaq sahəsinə dair hüququnun yaranması ilə əlaqədar qardaşı oğlu X11 arasında mübahsiələr yaranmışdır. Mübahisələrə məhkəmələr tərəfindən hüquqi qiymət verilmişdir. Məlumat üçün bildirilir ki, Qəbələ rayon Məhkəməsinin 21 avqust 2019-cu iİ tarixli, 2(025)1056/2019 saylı qətnaməsi ilə xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli X1 İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 0,50 ha torpaq sahəsindən İddiaçı və X4 hər birinin 1/2 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəldilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən İddiaçı 28.12 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin çıxarışla bir daha müəyyən olunur ki, iddiaçı və cavabdehin əmlaka dair hüquqları, hər birinə 1/2 hissədə (bərabər) müəyyən edilmişdir. Həmin torpaq sahəsinin naturada, paylara uyğun ayrılması barədə məhkəməyə müraciət olunmuşdur. Davam edən məhkəmə mübahisələri zamanı məlum olmuşdur ki, mübahisəli torpaq sahəsinin “torpaq sahəsinin planı və ölçüsü” sənədi iş materiallarında olmadığından, torpaq sahəsinin paylara uyğun naturada bölünməsi mümkün olmamışdır. Hazırkı durumda ayrılmış torpaq sahəsi üzərində sərəncam verilməsi mümkün deyil və mübahisələr davam etməkdədir. Həm Qəbələ Rayon Məhkəməsi, həm də Şəki Apellyasiya Məhkəməsi qətnamələrdə qeyd etmişlər ki, tərəflərə bərabər paylarda mülkiyyətə dair çıxarış verilməsinə baxmayaraq, DƏDRX ərazi idarəsi tərəfindən torpaq sahəsinin plan ölçü sənədi məhkəməyə təqdim edilməmişdir. Torpaq sahəsi ayrıldığı zaman plan ölçü sənədinin ümumiyyətlə verilmədiyi məlum olmuşdur. İddiaçının qanuni nümayəndəsi Nümayəndə hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********68 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Ərazi İdarəsinin mütəxəssisləri ərazidə texniki inventarlaşdırma işlərinin aparılması üçün əraziyə getmiş, lakin məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə plan və ölçü-sənədi hazırlanmadığından, torpaq sahəsinin 1/2 (yəni 0,25 ha) hissəsinə plan və ölçü sənədi hazırlanması mümkün olmamışdır. Həmçinin torpaq sahəsi üzərində mübahisə var. Buna görə də torpaq sahəsində texniki inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********11 nömrəli etiraz məktubunda iddiaçının qanuni nümayəndəsinə ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və bildirmişdir ki, torpaq sahəsinin digər mülkiyyətçisi olan X11 tərəfindən çöl-ölçmə işlərinin aparılmasına imkan verilməmişdir. İddia edilən torpaq sahəsi üzərində İddiaçı ilə digər mülkiyyətçi X11 arasında mübahisə vardır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-2019/2022 nömrəli qərardadı ilə X8 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşdur. Tərəflər birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 02 dekabr 2022-ci il tarixli, 2- 1(116)-2019/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən, İddiaçı və üçüncü şəxs X4 **********82 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışla hər birinə ½ pay olmaqla paylı mülkiyyətlərində olan 0,50 ha torpaq sahəsinə ilkin torpaqayırma sənədlərinə uyğun olaraq “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanaraq verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə üzərinə qoyulması qərara alınmışdır. Üçüncü şəxs X11 apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2-1(116)-2019/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Üçüncü şəxs X11 apellyasiya şikayətində qeyd etmişdir ki, mərhum nənəsi X9 21 sentyabr 1991-ci il tarixdə vəsiyyətnamə ilə Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən iki mərətbəli, dörd otaqlı evini və digər bütün əmlakını ona vəsiyyət etmiş, vəsiyyət edən S.Yaqubova 20 dekabr 1991-ci il tarixdə vəfat etmişdir. Vəsiyyətnaməyə uyğun olaraq vərəsəlik hüquqlarını həyata keçirmək məqsədi ilə Qəbələ rayon Dövlət Notariat Kontoruna müraciət edərək, 30 oktyabr 2009-cu il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin vaxtdan ona məlum olmuşdur ki, cavabdeh V.Yaqubov vəsiyyətnamə ilə ona vəsiyyət edilmiş 2 mərtəbəli, 4 otaqlı ev, təndirxana və digər əmlaklar yerləşən 0,50 ha torpaq sahəsini rayon X3 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarı ilə İddiaçı və X15 adına rəsmiləşdirilməklə onlara JN-830F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Onun himayəsində qalan, həm maddi və həm də mənəvi - dəstək göstərdiyi sağlığında bütün qayğıları ona etibar edilmiş nənəsi X2 xəstə qız övladı İddiaçı təsərrüfatına Vüqar (hazırkı iş üzhə qanuni Nümayəndə oğlu) özünü ailə üzvü kimi yazdırmış və qeyd edilən qanunsuz hərəkətləri etməklə də məqsədi ona vəsiyyət edilmiş mülkə sahib olmaq olmuşdur. V.Yaqubov tikintiyə icazə almadan 0,50 ha torpaq sahəsində qanunsuz tikinti də aparmışdır. Bütün bu hərəkətləri o, mərhum nənəsi X9 tərəfindən 04 aprel 1991 -ci il tarixdə ona verilmiş vəsiyyətnamə əsasında həyata keçirməyə nail olmuşdur. Lakin, V.Yaqubov ona 04 aprel 1991 -ci il tarixdə vəsiyyətnamə verildikdən sonra nənəsi X9na və onun xəstə qızı İddiaçı heç bir qayğı göstərməmiş, bu səbəbdən də nənəsi 21 sentyabr 1991 -ci il tarixli vəsiyyətnamə ilə bütün əmlakını ona vəsiyyət etmiş, o isə öz növbəsində tam qanuni əsaslarla vərəsəlik haqqında şəhadətnamə əldə etmişdir. Göstərilən torpaq sahəsi ilə bağlı mübahisələri olmuş və aralarında olan mübahisələr məhkəmə qaydasında həll edilmişdir. Belə ki, Qəbələ rayon məhkəməsinin 2(025)-166/2011 saylı, 01 iyul 2011 -ci il tarixli qətnaməsi ilə onun— cavabdeh X7 qarşı — Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarının qismən ləğv edilməsi, X5 adının çıxarılıb onun adına əvəzləşdirilməsi, JN-830 F saylı şəhadətnamənin hissəvi ləğv edilərək X5 adının çıxarılıb onun adına qeydə alınması, bütün reyestr və arxiv sənədlərində (təsərrüfat başına kitab, Torpaq və Xəritəçəkmə, Daşınmaz Əmlakın Dövlət reyestri) müvafiq düzəlişlərin edilməsi, ərazidəki (0,50 hektar torpaq sahəsində) qanunsuz tiklilərin sökülməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə həmçinin X5 ona qarşı qarşılıqlı iddiası təmin edilərək, onun adına Qəbələ rayon Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 21 sentyabr 1991 -ci il tarixli vəsiyyətnamə və 30 oktyabr 2009-cu il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlakın Nümayəndə tərəfindən faktiki olaraq qəbul olunmuş hesab edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-73/2012 saylı 12 yanvar 2012-ci il tarixli qətnaməsi ilə Qəbələ rayon Məhkəməsinin 2(025)-166/2011 saylı, 01 iyul 2011-ci il tarixli qətnaməsi ləğv edilərək, onun iddiası rədd edilmiş; cavabdeh X5 qarşılıqlı iddiası qismən təmin edilərək, Qəbələ rayon Dövlət notariat kontoru tərəfindən onun adıına verilmiş 30 oktyabr 2009-cu il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmiş, qarşılıqlı iddia vəsiyyətnamənin ləğv edilməsi və miras əmlakın Nümayəndə Şahbaz oğlu tərəfindən faktiki olaraq qəbul olunmuş hesab edilməsi tələbinə dair hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2012- ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-73/2012 saylı 12 yanvar 2012-ci il tarixli qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 08 noyabr 2012-ci il tarixli qətnaməsi ilə Qəbələ rayon Məhkəməsinin 2(025)-166/2011 saylı, 01 iyul 2011-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi təmin edilmiş Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 25 oktyabr 1998-ci il tarixli 19 saylı qərarı qismən ləğv edilərək, həmin qərarda X5 X11 ilə əvəzlənməsi, torpağın mülkiyyətə verilməsinə dair JN-830-F saylı torpaq şəhadətnaməsi hissəvi ləğv edilərək həmin şəhadətnamədə X5 adının yerinə X4 adının qeydə alınması və bütün reyestr və arxiv sənədlərində (təsərrüvalt başına kitab, Torpaq və Xəritəçəkmə, Daşınmaz əmlakın Dövlət reyestri) müvafiq düzəlişlər edilməsi, ərazidə (0,50 ha torpaq sahəsində) olan qanunsuz tikililərin sökülməsi qət edilmiş, X5 «S.M.Yaqubovuna adına Qəbələ rayon Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 21 noyabr 1991-ci il tarixli vəsiyyətnamənin və 30 oktyabr 2009-cu il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, miras əmlakının faktiki atası Nümayəndə tərəfindən qəbul edilməsi tələbi»nə dair qarşılıqlı iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2013- cü il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 08 noyabr 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi, qanuni qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin 08 noyabr 2012-ci il tarixli qətnaməsi ilə onun iddiası əsasında 0,50 ha torpaq sahəsində qanunsuz tikililərin sökülməsi qət edilmişdir. Lakin, qanunsuz tikililərin sökülməsi hələ də icra edilməmişdir. Hazırkı iş üzrə Nümayəndə mövcud iddia tələbini qəyyum kimi İddiaçı adından irəli sürmüş olsa da, hazırkı iddia tələbi qəyyumluqda olan İddiaçı mənafeyini əks etdirmir. Əksinə Nümayəndə mövcud iddia tələbini qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən sökülməli olan özbaşına inşa edilmiş tikililərin sökülməməsi üçün öz mənafeyi naminə irəli sürmüşdür. Göründüyü kimi, torpaq sahəsi ayrılmış ölçüdə və həm də mərzlənmə işləri aparıldıqdan sonra plan və ölçüsü tərtib edilir. Torpaq sahəsinin mülkiyyətçiləri arasında onların hər birinin paylarına düşən hissələrə dair ayrıca mərzçəkmə işləri aparılmamışdur. Mövcud iddia tələbini isə paylı mülkiyyətçilərin payçılarından biri olan İddiaçı adından onun qanuni nümayəndəsi Nümayəndə irəli sürmüşdür. Odur ki, işin bu cür halında, yəni iddia tələbinin yalnız paylı mülkiyyətçilərin payçılarından biri olan İddiaçı adından onun qanuni nümayəndəsi Nümayəndə irəli sürdüyü halda, 0,50 ha torpaq sahəsinə tam həcmdə Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair məhkəmənin gəldiyi nəticə əsassızdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2-1(116)-2019/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X11 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2- 1(116)-2019/2022 nömrəli iş üzrə qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı qanuni nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2-1(116)-2019/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşdə olan Qəbələ RİH başçısının xx.xx.2011-ci il tarixli, 114 nömrəli sərəncamı ilə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(025)-188/2010 nömrəli qətnaməsi və rayon icra hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumçuluq və Himayəçilik Komissiyasının qərarı nəzərə alınaraq xx.xx.1956-cı il təvəllüdlü İddiaçı qardaşı Nümayəndə himayəçiliyinə verilmişdir. Cavabdehin etirazına əlavə olunmuş RX seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarışdan görünür ki, Qəbələ rayonunun Vəndam kəndində yerləşən 0,50 ha torpaq sahəsi X11 və İddiaçı ümumi birgə mülkiyyətində olmuşdur. Cavabdehin etirazına əlavə olunmuş xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, Qəbələ rayonunun Vəndam kəndində yerləşən 0,50 ha torpaq sahəsi hər birinə 1/2 hissə olmaqla X11 və İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehin etirazına əlavə olunmuş JN-830F kod 40600048 nömrəli şəhadətnamənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, torpaq sahəsi Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə ayrılmışdır. Birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir; 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən göründüyü kimi cavabdeh imtinasını və iddiaya etirazını mübahisəli torpaq sahəsinin digər mülkiyyətçisinin razılığının olmaması və iddiaçı ilə üçüncü şəxs arasında torpaq sahəsi ilə bağlı mübahisənin olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, cavabdehin bu mövqeyi əsassızdır. Belə ki, torpaq sahəsi cavabdeh tərəfindən İddiaçı və üçüncü şəxsin adına qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş, lakin torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmamışdır. Birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, mülkiyyətçilərdən (payçılardan) hər-hansı birinin torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanmasına etiraz etməsi digər mülkiyyətçinin hüquqlarının pozulmasına və yaxud məhdudlaşdırılmasına səbəb olmamalıdır. Digər tərəfdən iddiaçının paylı mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsindən ibarət tələbi, məhkəmə tərəfindən, faktiki olaraq, üçüncü şəxsin də mənafeyinə xidmət etməklə onun hər-hansı hüququnun pozulmasına yönəlmiş hərəkət kimi qiymətləndirilmir. Cavabdeh torpaq sahəsinin planı və ölçüsü sənədini ilkin torpaqayırma sənədlərinə müvafiq olaraq tərtib etməlidir. Gələcəkdə torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib olunması ilə əlaqədar cavabdehin onun mənafeyinə zidd hərəkətlərindən narazı qaldığı təqdirdə üçüncü şəxs isə öz növbəsində inzibati və ya məhkəmə qaydasında cavabdehin müvafiq fəaliyyətini və hərəkətlərini mübahisələndirmək hüququna malikdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə görə dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Göstərilən mövqedən çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-84/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarında qeyd etmişdir ki, qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). İddiaçı və iş üzrə üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi cavabdeh inzibati orqanda onların adına daşınmaz əmlakın dövlət reyestrində hər birinə 1/2 pay olmaqla qeydə alınmışdır və həmin qeyd hazırkı vaxta qədər mübahisə predmeti olmamışdır. Odur ki, cavabdeh tərəfindən iddia tələbinin təmin edilməsindən imtina olunması əsaslı olmamışdır. Digər tərəfdən, hüquqların qeydiyyatı zamanı belə torpaq sahəsinin planı və ölçüsü sənədi olmadıqda, belə sənədi tərtib edib vermək cavabdehin vəzifəsidir Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, iddia təmin edilməli, cavabdehin üzərinə Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən, mülkiyyət hüququ ilə iddiaçıya və X6 bərabər payla (hər birinə ½ olmaqla) məxsus olan 0,50 ha torpaq sahəsinə ilkin torpaqayrıma sənədlərinə müvafiq “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə üçüncü şəxs apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2-1(116)-2019/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-216/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-216/2023
06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver