Məhkəmə qərarları › İş №2-1(107)-216/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-216/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-216/2025 24.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçıya dəymiş 875 manat maddi və 4000 manat mənəvi zərərin cavabdehdən alınıb müştərək qaydada iddiaçıya verilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 2-1(116)-1148/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçıya dəymiş 875 (səkkiz yüz yetmiş beş) manat maddi və 4000 (dörd min) manat mənəvi zərərin cavabdehdən alınıb müştərək qaydada iddiaçıya verilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı anadan gəlmə ürək qüsuru, yəni qulaqcıqlararası çəpərin deffekti (ASD 5 mm) və onurğanın döş nahiyyəsinin İ (birinci) mərhələ 6o (altı) təsbit olunmayan skoliozu xəstəsidir, daim ürəyinə görə müalicə olunmuşdur. İddiaçı sənədlərini ali təhsil almaq üçün vermək istəsə də onun həqiqi hərbi xidmətə yaşı çatdığına görə təhsil almağa imkan verilməmişdir. İddiaçı, ürək xəstəsi olmağını Azərbaycan Respublikası Səfərbərlik Hərbi Xidmətə Çağrış Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinə bildirmişdir. Lakin rayon şöbəsi buna ciddi əhəmiyyət verməmiş, ixtisaslı müayinədən keçirilməyi təmin olunmamışdır. Sadəcə göndəriş əsasında Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “TƏBİB” publik hüquqi şəxsin “X4 Mərkəzi” publik hüquqi şəxsin exokardioqrafiya şöbəsində başdansovdu müayinə olunaraq iddiaçının tam sağlam olmağı barədə rəy vermişlər. Lakin hərbidə cəmi 2 aya yaxın xidmət edə bilmiş və ürəyində yaranan ciddi problemlərə görə hərbi hissə komandirinin göndərişinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tam müayinələrdən keçdikdən sonra iddiaçıya anadangəlmə ürək qüsuru: qulaqcıllararsı çəpərin deffekti (ASD 5 mm) və onurğanın döş nahiyyəsinin İ (birinci) mərhələ 6o (altı) təsbit olunmayan skoliozu" diaqnozu verilərək hərbiyə yarasız olduğuna görə hərbi xidmətdən vaxtından əvvəl tərxis olunmuşdur. - İddiaçı qanunsuzluqlar nəticəsində həm maddi, həm də mənəvi zərər çəkmişdir. Belə ki, o 13 iyul 2022-ci ildən 29 sentyabr 2022-ci il tarixədək, 2,5 ay müddətində qanunsuz hərbidə saxlanılmaqla ölkədə olan minimum əmək haqqı ilə müqayisədə hər ay 350 manat qazancdan məhrum edilmişdir. Bu da 875 manat təşkil edir. Eyni zamanda cavabdehlərin təqsiri üzündən keçirtdiyi fiziki və mənəvi iztirablar nəticəsində iddiaçıya dəymiş mənəvi zərəri 4000 (dörd min) manat məbləğində qiymətləndirir. İddiaçı qeyd olunan zərərin ödənilməsi ilə bağlı cavabdeh inzibati orqanların baş idarələrinə rəsmi qaydada müraciət etsə də yalnız cavabdeh Azərbaycan Respublikası Səfərbərlik Hərbi Xidmətə Çağrış Dövlət Xidməti tələbindən rəsmən imtina etmişdir. Eyni məzmunlu tələbi Azərbaycan Respublikası icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “TƏBİB” publik hüquqi şəxsin idarə heyətinin sədrinə ərizə xx.xx.2022-ci ildə çatsa da və həmin vaxtdan 2 ay keçsə də iddiaçıya heç bir rəsmi cavab verilməmişdir.

3. Cavabdeh iddiaya etirazı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən, iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. İddiaçının hazırki iddiası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara aiddir. - Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. - “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - Həmin Qərarın müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. - “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 5.4-cü bəndinə əsasən, həmin Qanunun 2.0.5-ci maddəsinin birinci cümləsində, 4.2-ci maddəsində, 5.1-ci maddəsində birinci halda, 5.1.1-ci, 6.1-ci maddələrində, 6.2-ci maddəsində birinci halda, 6.3-cü maddəsində ikinci və üçüncü hallarda, 6.4-cü maddəsində hər üç halda, 6.5-ci maddəsində birinci halda, 7.1-ci, 7.3-cü maddələrində, 8.1-ci maddəsində hər iki halda, 8.2.1-ci, 8.2.2-ci maddələrində, 8.3-cü maddəsində ikinci halda, 8.4-cü, 8.5-ci, 8.6-cı (ikinci halda) maddələrində, 8.7-ci maddəsində hər iki halda, 10.4-cü maddəsində birinci halda, 12.4-cü maddəsində ikinci halda, 12.5-ci maddəsində, 12.6-cı maddəsində hər iki halda, 12.7-ci maddəsində (12.7.2- ci maddə istisna olmaqla), 13.1.1-ci, 15.1-ci, 37.1.1-ci maddələrində, 49.2-ci maddəsində üçüncü halda və 49.3- cü maddəsində hər iki halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri həyata keçirirlər. - Qeyd olunan normanın məzmunundan aydındır ki, vətəndaşların müddətli həqiqi hərbi xidmətə göndərilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən həyata keçirilir. - “İnzibati orqanların təsnifatı”nın tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 28 avqust tarixli 136 nömrəli qərarının 4-1.1 və 4- 1.1,1-ci yarımbəndlərinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri ayrı-ayrı inzibati orqanlardır. Bildiririk ki, İddiaçı hərbi qeydiyyatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsindədir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - İddiaçıya məxsus SX ******* seriya nömrəli hərbi biletin surəti. - 9951 nömrəli “Xəstəlik haqqında Şəhadətnamənin surəti. - Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin xx.xx.2024- cü il tarixli məktubu və ona əlavə edilən sənədlər; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2024-cü il tarixli 4382 nömrəli məktubu. - İddiaçıya məxsus AZ-İ 134099 nömrəli Doğum haqqında şəhadətnamənin surəti. - İddiaçı barəsində Tibbi şəhadətləndirmə vərəqi; - Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 11 dekabr 2024-cü il tarixli 2- 1(116)-1148/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya dəymiş 875 (səkkiz yüz yetmiş beş) manat maddi və 500 (beş yüz) manat məbləğində mənəvi zərərin, cəmi 1375 (bir min üç yüz yetmiş beş) manat məbləğində vəsaitin İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və xidmət keçmək üçün müvafiq hərbi hissəyə göndərilmişdir. Çağırışçının Qeydiyyat kartasında qeyd olunan məlumatlardan görünür ki, iddiaçı “fiziki inkişafdan qalma” əsası ilə Çağırış komissiyasının qərarı ilə hərbi xidmətə altı ay müddətində müvəqqəti yararsız hesab edilmişdir. İddiaçı həmin müddət başa çatdıqdan və təkrar qiymətləndirmə aparıldıqdan sonra onun barəsində “sıradankənar hərbi xidmətə yararlı” olması barədə tibbi şəhadətləndirmə vərəqi tərtib edilərək hərbi xidmətə cəlb edilmişdir. Halbuki, iddiaçının “anadan gəlmə ürək qüsuru, qulaqcıqlararası çəpərin deffekti (ASD 5 mm) və onurğanın döş nahiyyəsinin İ (birinci) mərhələ 6o (altı) təsbit olunmayan skoliozu” diaqnozu müəyyən edilmişdir. Bu diaqnoz iddiaçının hərbi xidmət keçdiyi hərbi hissənin göndərişi əsasında Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının xx.xx.2022-ci il tarixli Xəstəlik haqqında Şəhadətnaməsi əsasında təsdiq edilmişdir. Sonuncu Şəhadətnamədə qeyd olunan xəstəlik hərbi xidmət zamanı deyil, hərbi xidmətdən əvvəl də iddiaçıda mövcud olmuşdur. İddiaçının “Sağlamlıq vəziyyətinin müayinə edilməsi”nə dair Aktda da qeyd olunan xəstəlik aşkar edilmiş, xəstə müayinə və şəhadətləndirilmə üçün geri qaytarılmışdır. Lakin, cavabdeh inzibati orqan tərəfindən “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin müddəalarına uyğun olaraq iddiaçının sağlamlıq vəziyyətini doğru qiymətləndirilməmiş və nəticədə təkrar həqiqi hərbi xidmətə cəlb edilmişdir. İddiaçının sağlamlıq vəziyyəti ilkin və təkrar çağırış zamanı cavabdeh tərəfindən düzgün qiymətləndirilməmiş, sülh dövründə xidmətə yararsız olduğu halda sıradankənar hərbi xidmətə yararlı hesab edilərək xidmətə göndərilmişdir. - İddiaçının cavabdeh orqana qarşı olan tələbi iki hissədən ibarətdir: 1. cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 875 manat məbləğində maddi zərərin ödənilməsi, 2. cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 4000 manat məbləğində mənəvi zərərin ödənilməsi. Göründüyü kimi cavabdeh orqanın qanunazidd əməlləri ilə iddiaçıya dəymiş maddi və mənəvi ziyan arasında səbəbli əlaqə mövcuddur. İddiaçının həqiqi hərbi xidmətdə olduğu dövr xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci ilədək, cəmi 2 ay 16 gündür və maddi ziyan yalnız onun hərbi xidmətdə olduğu dövrü əhatə etməlidir. Maddi ziyanla bağlı cavabdehdən tutulacaq məbləğ iddiaçının iddia tələbində qeyd etdiyi, yəni iddia ərizəsinin verildiyi 2023-cü il üçün nəzərdə tutulmuş minimum əmək haqqı məbləğində hesablanmalıdır: 875 manat. Minimum aylıq əmək haqqının məbləğinin artırılması və “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. - İddiaçı, mənəvi ziyanla bağlı tələbini cavabdehlərin təqsiri üzündən keçirdiyi fiziki və mənəvi iztirablar nəticəsində hərbi xidmətə yararsız olduğu halda həkim komissiyasının səhlənkarlığı, işinə etinasız yanaşması, vəzifə borcunu lazımınca yerinə yetirməməsi nəticəsində qanunsuz olaraq hərbi xidmətə göndərilməsi və bunun nəticəsində beş ay ərzində xidmətə yararsız olduğu halda hərbi xidmət keçməsi və “xidmətə yararsız” hərbi biletlə evə qayıtması nəticəsində emosional psixoloji sarsıntı keçirməsi ilə əsaslandırmışdır. İddiaçı, tələbində 4000 manat mənəvi zərərin ödənilməsini tələb etmiş, mənəvi ziyan məbləğinin məhz 4000 manat məbləğində ifadə olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, tələb edilən məbləğ ağlabatan məbləğ deyildir. Eyni zamanda iddiaçı, şikayətinin əsası kimi istinad etdiyi halları həmin məbləğə münasibətdə əsaslandırmamışdır. Ona görə də məhkəmə şikayətin bu dəlilini qismən əsaslı hesab edərək bildirmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 500 manat məbləğində mənəvi zərər tutulmalıdır.

7. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 2-1(116)-1148/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən və qərar qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, habelə qəbul etdiyi qərarda maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bütün bunlar da məhkəmə qərarının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmənin Xidmət tərəfindən qanunvericiliklə üzərinə düşən həmin vəzifələri yerinə yetirməməsi, iddiaçının hərbi xidmətə yaralılıq vəziyyətinin tədqiq olunmaması barədə gəldiyi nəticə həqiqəti əks etdirmir, sübutlara əsaslanmır və qanuna ziddir. - Bildiririk ki, məhkəmə tibb sahəsində xüsusi biliyi olmadığı, belə biliyin olması və onun əsasında qərar verilməsi məhkəmənin səlahiyyətlərinə aid olmadığı halda, anadangəlmə xəstəliyin olması barədə elmi mənbələrə əsaslanmayan fikirləri əsas götürüb iddiaçıda aşkar edilən xəstəliyin onun həqiqi hərbi xidmətə çağrılarkən tibbi şəhadətləndirmə zamanı mövcudluğu qənaətinə gələrək səbəb əlaqəsinin olması barədə yanlış nəticə çıxarmış, şəhadətləndirmə zamanı komissiyanın hansı normativ sənədlərin tələblərinin pozduğunu göstərmədən onu iddiaçının sağlam olmadığı halda həqiqi hərbi xidmətə çağrılmasında təqsirli bilmişdir. Hansı ki, ekspertiza belə təyin etməmişdir. - Bildiririk ki, İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, İsmayıllı rayon şöbəsi tərəfindən vətəndaş göndəriş əsasında İsmayıllı rayon mərkəzi xəstəxanasına göndərilmiş, oradan daxil olmuş xx.xx.2022-ci il tarixli 455 nömrəli Sağlamlıq vəziyyətinin müəyyən edilməsi aktında qeyd olunan diaqnoza əsasən Əsasnamənin tələblərinə müvafiq olaraq “sıradankənar həqiqi hərbi xidmətə yararlı” hesab edilmiş və bunun əsasında müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Şəxsin müddətli həqiqi hərbi xidmət zamanı vəzifəyə təyin edilməsi Xidmətin səlahiyyətlərinə deyil, xidmət etdiyi qoşun növünün səlahiyyətlərinə aiddir. Yəni şəxsin yuxarıda qeyd olunan vəzifələrə deyil, daha ağır xidmət nəzərdə tutulan vəzifələrə təyin edilməsi onun xəstəliyinin kəskinləşməsinə səbəb ola biləcək nüansdır. - Qeyd edilməsi zəruridir ki, İddiaçı iclas zamanı sözügedən xəstəliklə bağlı əvvəllər müalicə olunması, müalicə almasına dair hər hansı sənəd təqdim etməmişdir. Keçirilmiş məhkəmə iclasları zamanı da bu müəyyən olunmamışdır və hər hansı sənəd iş materiallarında mövcud deyildir. Qanunvericiliyin tələbinə görə hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışının təşkili, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların, habelə şəhadətləndirilmənin nəticələrinə görə onların barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilmələrinin təşkili Mərkəzi Çağırış Komissiyasına həvalə olunur. Lakin, iddiaçı tərəfindən hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərar mübahisələndirilməmişdir. - Əlavə olaraq bildiririk ki, Şəki İnzibati Məhkəməsinə təqdim edilmiş etiraz ərizəsində və şifahi izahatlarında müddətli həqiqi hərbi xidmətə qəbul edilmiş əsgərlərə tibbi dəftərçənin (tibbi kartanın) açıldığı və əsgərin sağlamlığı ilə bağlı bütün məlumatların həmin tibbi sənəddə öz əksini tapması səbəbindən məhkəmə işinin ətraflı araşdırılması və yuxarıda qeyd olunan məsələlərə tam aydınlıq gətirilməsi məqsədilə müddətli həqiqi hərbi xidmət keçdiyi hərbi hissəyə sorğu verilərək həmin tibbi sənədin alınması zəruriliyi bildirilsə də, məhkəmə tərəfindən bu yöndə heç bir araşdırma aparılmamışdır. Bununla da, məhkəmə tərəfindən Məcəllənin 12.2 və 58.7-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Göründüyü kimi, İddiaçı çağırışçı kimi bütün zəruri tibbi müayinələrdən keçirilmiş, hərbi xidmətə yararlı hesab edilərək müddətli həqiqi hərbi xidmətə göndərilmiş və müəyyən müddət xidmət keçdikdən sonra hərbi vəzifəli kimi ehtiyata buraxılmışdır. Bununla da bir daha qeyd edirik ki, Xidmətin İsmayıllı rayon şöbəsi çağırış zamanı iddiaçıya qarşı öz üzərinə düşən vəzifələrini lazımi həcmdə icra etmiş və bu səbəbdən maddi və mənəvi ziyana görə kompensasiya ödəmək öhdəliyi daşımır. Xidmətin isə bu işlə bağlı əlaqəsi müəyyən edilmir. - İddia tələbinin 2-ci hissəsinə münasibətdə mənəvi ziyan olaraq 500 manat təmin olunmağı ilə bağlı Şəki İnzibati Məhkəməsinin qərarında hər hansı əsaslandırma qeyd olunmamış, sadəcə ümumi formada 500 manat mənəvi ziyanın tutulması göstərilmişdir. Hansı ki, qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Bu baxımdan hazırkı iş üzrə qeyd olunan xüsusatların heç biri təsdiq olunmur, bu isə mülki hüquq pozuntusu ilə bağlı Xidmətin məsuliyyətinin yaranmamasını göstərir. Məhkəmələr mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmalıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək həmin şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 2-1(116)-1148/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı iştirak etməmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmənin elektron kabinetinə ərizə göndərərək xəstə olduğunu nəzərə alaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Maddə 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1115. zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

14. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 6.2. Vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınarkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həkim mütəxəssislər tərəfindən hökmən tibbi müayinə, habelə hərbi xidmət müddətində onlardan daha məqsədəuyğun istifadə edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinə edilməli, müvəqqəti yararsız hesab edilən şəxslər isə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına dövlət tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilməlidirlər. 13.1. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: 13.1.1. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri; 13.1.2. komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi; 13.1.3. komissiyanın üzvləri – müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim komissiyasının sədri. 13.2. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. 13.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edir. 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. 14.2. Çağırışçı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının sədri tərəfindən onun barəsində qəbul edilmiş qərarlarla 10 gün müddətində tanış edilir. 14.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır. 15.2. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1 müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2 sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3 sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4 dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5 həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.

15. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

16. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarı.

1. Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.

10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Apellyasiya şikayətinin mümkünlüyü

17. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.

18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

22. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətlərində irəli sürülən dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

23. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticəsi ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

25. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və xidmət keçmək üçün müvafiq hərbi hissəyə göndərilmişdir. 2021-ci ilin iyul çağırışında cəlb edilərkən və xx.xx.2021-ci il tarixdə əlavə tibbi müayinə üçün İsmayıllı rayon Mərkəzi xəstəxanasına göndərilmiş, xəstəxanadan daxil olmuş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi akt”larına əsasən “Xəstəlik cədvəli”nin 13”ç” maddəsi ilə 6 ay müddətinə möhlət verilməklə “həqiqi hərbi xidmətə müvəqqəti yararsız” hesab edilmişdir. 2022-ci ilin iyul çağırışı zamanı yenidən əlavə tibbi müayinə üçün İsmayıllı rayon Mərkəzi xəstəxanasına gəndərilmiş, xəstəxanadan daxil olmuş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi akt”larına əsasən “Xəstəlik cədvəli”nin 42”ç” və 66 “ç” maddələri ilə İsmayıllı rayon çağırış komissiyası tərəfindən “sıradankənar həqiqi hərbi xidmətə yararlı” hesab edilərək müddətli həqiqi hərbi xidmətə göndərilmişdir.

26. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli, 9951 nömrəli Xəstəlik haqqında Şəhadətnaməsindən görünür ki, iddiaçıya “anadan gəlmə ürək qüsuru, qulaqcıqlararası çəpərin deffekti (ASD 5 mm) və onurğanın döş nahiyyəsinin İ (birinci) mərhələ 6o (altı) təsbit olunmayan skoliozu” diaqnozu qoyulmuş və “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” olması barədə qərar qəbul edilmişdir.

27. Cavabdeh orqan apellyasiya şikayətində göstərir ki, iddiaçı, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon şöbəsi tərəfindən vətəndaş göndəriş əsasında İsmayıllı rayon mərkəzi xəstəxanasına göndərilmiş, oradan daxil olmuş xx.xx.2022-ci il tarixli 455 nömrəli Sağlamlıq vəziyyətinin müəyyən edilməsi aktında qeyd olunan diaqnoza əsasən Əsasnamənin tələblərinə müvafiq olaraq “sıradankənar həqiqi hərbi xidmətə yararlı” hesab edilmiş və bunun əsasında müddətli həqiqi hərbi xidmətə göndərilmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, halbuki işdə olan xx.xx.2022-ci il tarixli 455 nömrəli nömrəli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”ndan görünür ki, xəstəxana tərəfindən iddiaçıya ancaq diaqnoz qoyulmuş, onun hərbi xidmətə yararlı olması barədə hər hansı qərar qəbul edilməmişdir. Cavabdeh orqan isə 13 iyul 2022-ci il tarixdə 4-16/141 nömrəli protokol tərtib edərək iddiaçının hərbi xidmətə yararlı olması barədə düzgün olmayan qənaətə gəlmişdir.

29. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon şöbəsinin istinad etdiyi xx.xx.2022-ci il tarixli 455 nömrəli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda göstərilən diaqnozla xx.xx.2022-ci il tarixli Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim Komissiyasının Şəhadətnaməsində qeyd edilən diaqnoz eynilik təşkil edir.

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sonuncu Şəhadətnamədə qeyd olunan xəstəlik hərbi xidmət zamanı deyil, hərbi xidmətdən əvvəldə iddiaçıda mövcud olmuşdur. İddiaçının “Sağlamlıq vəziyyətinin müayinə edilməsi”nə dair Aktda da qeyd olunan xəstəlik aşkar edilmiş, xəstə müayinə və şəhadətləndirilmə üçün geri qaytarılmışdır. Lakin, cavabdeh inzibati orqan tərəfindən “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin müddəalarına uyğun olaraq iddiaçının sağlamlıq vəziyyətini doğru qiymətləndirilməmiş və nəticədə təkrar həqiqi hərbi xidmətə cəlb edilmişdir. İddiaçının sağlamlıq vəziyyəti ilkin və təkrar çağırış zamanı cavabdeh tərəfindən düzgün qiymətləndirilməmiş, sülh dövründə xidmətə yararsız olduğu halda sıradankənar hərbi xidmətə yararlı hesab edilərək xidmətə göndərilmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdeh orqanın ekspertiza keçirilməsi barədə dəlilini əsassız sayır, hesab edir ki, ekspertiza keçirilməklə iddiaçının xəstəliyinin müəyyən edilməsinə və müddətli həqiqi hərbi xidmət keçdiyi hərbi hissəyə sorğu verilərək həmin tibbi sənədin alınmasına da zərurət də yoxdur.

31. Bundan başqa, cavabdeh orqan şikayətində, iddiaçı tərəfindən hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərarın mübahisələndirilmədiyini qeyd etsə də, həmin qərarın ümumiyyətlə iddiaçıya rəsmi qaydada təqdim edilməsinə dair də hər hansı sübut-sənəd də təqdim etməmişdir.

32. Göründüyü kimi, cavabdeh orqanın qanunazidd əməlləri ilə iddiaçıya dəymiş maddi ziyan arasında səbəbli əlaqə mövcuddur. İddiaçının həqiqi hərbi xidmətdə olduğu dövr xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci ilədək, cəmi 2 ay 16 gündür və maddi ziyan yalnız onun hərbi xidmətdə olduğu dövrü əhatə etməlidir. Maddi ziyanla bağlı cavabdehdən tutulacaq məbləğ iddiaçının iddia tələbində qeyd etdiyi, yəni iddia ərizəsinin verildiyi 2023-cü il üçün nəzərdə tutulmuş minimum əmək haqqı məbləğində hesablanmalıdır: 2 ay 16 gün x 345 manat (2 ay x 345 manat+(16 gün (345:30x16) x 345 manat))= 874 manat. Minimum aylıq əmək haqqının məbləğinin artırılması və “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir.

33. Bundan başqa, işin hallarından görünür ki, iddiaçı mənəvi ziyanla bağlı tələbini cavabdehlərin təqsiri üzündən keçirdiyi fiziki və mənəvi iztirablar nəticəsində hərbi xidmətə yararsız olduğu halda həkim komissiyasının səhlənkarlığı, xəstəliyinə laqeyd yanaşılması, işinə etinasız yanaşılması, vəzifə borclarını lazımınca yerinə yetirməmələri nəticəsində qanunsuz olaraq hərbi xidmətə göndərilməsi və bunun nəticəsində 2 ay 16 gün ərzində xidmətə yararsız olduğu halda hərbi xidmət keçməsi və “xidmətə yararsız” evə qayıtması nəticəsində təhsildən geri qalmaqla sağlamlıq problemlərinin daha da mürəkkəbləşməsi və emosional psixoloji sarsıntı keçirməsi ilə əsaslandırmışdır.

34. Bununla bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni haqlı hesab edərək qeyd edir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. İddiaçı tələbində 4000 manat mənəvi zərərin ödənilməsini tələb etmiş, mənəvi ziyan məbləğinin məhz 4000 manat məbləğində ifadə olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

35. Bundan başqa, işə apellyasiya instansiya məhkəməsində baxılan zaman iddiaçı ərizə ilə kollegiyaya müraciət etmiş, ərizəsində göstərmişdir ki, cavabdehin səhlənkarlığı nəticəsində bir il təhsildən geri qalması, sağlamlıq problemlərinin daha da mürəkkəbləşməsi və həm valideynlərinin, həm də özünün keçirdiyi psixoloji gərginlik nəzərə alınarsa, bu məbləğ mənəvi zərərə münasib deyil. Ona 4000 manat mənəvi zərərin ödənilməsini xahiş edir.

36. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmiş, həmin qərarla razılaşmışdır. İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Odur ki, məhkəmə işə verilmiş şikayət həddində, yəni cavabdeh orqanın şikayəti həddində baxdığından iddiaçının ərizəsinə baxılması qanunvericiliyin tələblərinə uyğun deyil.

37. Bundan başqa, nəzərə alınmalıdır ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında qeyd edilir: Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 10-cu bənd. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

38. Odur ki, məhkəmə kollegiyası mənəvi zərərlə bağlı cavabdehin dəlilinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyini haqlı hesab edərək qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə 500 manat məbləğində mənəvi ziyan tutulması ilə bağlı nəticə də əsaslı olmuşdur.

39. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi də iş üzrə ədalətli və obyektiv məhkəmə araşdırması apararaq iddia tələbini haqlı olaraq qismən təmin etmişdir. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

40. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

41. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsindən imtina edilməsi barədə cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, apellyasiya şikayətinin dəlilləri işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

42. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 2-1(116)-1148/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar