Məhkəmə qərarları › İş №2-1(107)-217/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-217/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-217/2021 04.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1972-ci ildə Yevlax şəhərində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. O, 14.05.1990-cı ildən 20.04.1992-ci ilədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçı ona müharibə veteranı adının verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi 29.10.2020-ci il tarixli cavab məktubunda bundan imtina etmiş və bildirmişdir ki, döyüş əməliyyatları aparılan zaman N və N nömrəli hərbi hissələrdə iddiaçının hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığına görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi mümkün deyil. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, 14.05.1990-cı ildən 20.04.1992-ci ilədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Bundan sonra, Yevlax Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar N nömrəli Yevlax özünümüdafiə batalyonuna göndərilmişdir. Həmin hərbi hissədə 1992-ci ilin may ayından 1993-cü ilin yanvar ayı daxil olmaqla hərbi xidmətdə olmuş, xidmət etdiyi müddətdə bütün təminatlarla təmin olunmuş, o cümlədən xidməti ilə əlaqədar maaş da almışdır. Cavabdeh iddiaya qarşı 06.02.2021-ci il tarixli 11/486 nömrəli etirazında iddianı qəbul etməmiş və bildirmişdir ki, döyüş əməliyyatları aparılan zaman N və N nömrəli hərbi hissələrdə İddiaçı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Şəki İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(116)-445/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Bildirmişdir ki, orta məktəbi bitirdikdən sonra 1990 - cı ilin may ayından N - ci ilin aprel ayı da daxil olmaqla kesmiş Sovetlər İttifaqı dövründə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra vətəninə qayıtmışdır. Bundan sonra 1992- ci ildə Səfərbərliklə əlaqədar müharibənin qızğın dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyü, torpaqlarının müdafiəsi uğurunda, əzəli Azərbaycan torpaqlarında olan Qarabağ uğrunda, Azərbaycan Respublikasının suverenliyi uğrunda işğalçı erməni qəsbkarlarına qarşı döyüşmək üçün o da Azərbaycanın vətənpərvər bir övladı kimi keçmiş Yevlax Rayon Hərbi Komissarlığına müraciət etmişdir. Yevlax Rayon Hərbi Komissarlığından xidmət etmək üçün həmin dövrdə fəaliyyət göstərən N saylı Yevlax özünümüdafiə batalyonuna göndərilmişdir. O həmin hərbi hissədə N - ci ilin may ayından 1993-cü ilin yanvar ayı da daxil olmaqla hərbi xidmətdə olmuşdur. Həmin hərbi hissədə xidmət etdiyi müddətdə o bütün təminatlarla təmin olunmuş, o cümlədən xidmətiə əlaqədar maaş da almısam. Məlumat üçün nəzərinizə çatdırıram ki, N saylı hərbi hissə Yevlax özünümüdafiə batalyonunu əvvəlcə Müdafiə Nazirliyinin tabeliyində olmaqla fəaliyyət göstərmiş, sonra isə Müdafiə Nazirliyinin qərarına əsasən 703 saylı briqadanın tabeliyində olmaqla fəaliyyət göstərmişdir. Batalyona verilən döyüş tapşırıqlarını batalyonun şəxsi heyət üzvləri tərəfindən layiqincə yerinə yetirilmişdir. Batalyon 1992-ci il fevral ayından may ayına kimi Şuşa şəhərinin və onun kəndlərinin müdafiəsində, 1992-ci ilin iyun ayından Tərtər rayonunun Əksipara, Qapanlı kəndlərinin müdafiəsində, 1992—ci ilin iyul ayından 1993-cü ilin yanvar ayıda daxil olmaqla Ağdərə rayonunun və kəndlərinin erməni işğalçılarından azad edilməsi uğrunda aparılan döyüşlərdə və müdafiəsində fəal iştirak etmişdir. Batalyonun apardığı bütün döyüşlərdə o da fəal iştirak etmişdir. Onun bu döyüşlərdə iştirakı başda komandir batalyon olmaqla sağ qalan bütün şəxsi heyət üzvləri təsdiq edə bilərlər. Bütün bunlara baxmayaraq o indiyə qədər neçə illərdir çalışsa da, müraciətlər etsə də müharibədə iştirakı ilə əlaqədar əlinə əsaslandırdığı sənəd olan veteranlıq vəsiqəsini ala bilməmişdir. O, Müdafiə Nazirliyinə dəfələrlə müraciət etmiş, hər dəfə onun müraciətindən imtina edilib. Axırıncı dəfə yenə sənədləri notarial qaydada təsdiqlədərək 02.10.2020- ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və onun aidiyyatı qurumuna göndərərək, müraciət edərək ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. Lakin Müdafiə Nazirliyinin Şəxsi heyət Baş İdarəsi tərəfindən ona ünvanlanan 29.10.2020-ci il tarixli 1/M 14236 məktubu cavabında göstərilmişdir ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsində imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın” 28.10.2020-ci il tarixli iclasında veteranlıq adının verilməsi üzrə məsələyə baxılmış və müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər yenə də geri qaytarılmışdır. Həmin sənədlərin içərisində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 11.05.2016-cı il tarixli 9/2 - 4030 saylı arayışı da vardır. Həmin arayışda onun N saylı hərbi hissədə xidməti ilə əlaqədar pul təminatı ilə təmin olunmağı barədə məlumat vardır. Lakin həmin arxiv arayışında onun pul təminatı ilə təmin olunmağı yalnız 1 ayı göstərilmişdir, o biri aylar qeyd olunmayıb. Onun günahı olmadığını bildirmişdir. O xidməti əsasında bütün aylar üçün maaş almışdır. Birdə həmin arxiv arayışında qeyd olunur ki, N saylı hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri mərkəzi Arxivə daxil olmadığı üçün onun barəsində məlumat verə bilmirlər. O əmrə tabe olan əsgər olmuşdur. Həmin əmrləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə həmin hərbi hissənin qərargah rəisi və komandiri təhvil verməli idi. Onun günahının olmadığı bildirmişdir. Onu da qeyd edim ki, onun həmin hərbi hissədə xidməti barədə hərbi biletində heç bir qeyd aparılmayıb. Onun günahı olmadığı, o əmrə tabe olan sıravi əsgər olmuşdur. Onun həmin hərbi hissədə xidməti barədə qeydləri həmin hərbi hissənin qərargah rəisi etməli idi. Onun bu səhlənkarlığı ucbatından batalyonun şəxsi heyət üzvlərindən əksəriyyəti müharibədə iştirakı ilə əlaqədar veteranlıq vəsiqəsini ala bilmir və neçə illərdir belə əzab - əziyyət çəkərək haqqını tələb edə bilmirlər. Bütün bunları o cavabdehə sübut edə bilmir, həmin sənədlərin arxivə daxil olmamasında onun heç bir günahı yoxdur, çünki o sıravi bir əsgər olmuşdur. Elə bu səbəblərdən o haqqını tələb edə bilmir və müdafiə edə bilmir. Ona görə də bu məsələnin həllini məhkəmə qaydasında labüd hesab edərək və bununla bağlı əlində olan bütün sənədləri məhkəməyə təqdim etməklə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 02.03.2021 -ci il tarixli, 2-1(116)-445/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(116)-445/2021 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş sübutlardan görünür ki: - НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı Yevlax Rayon Hərbi Komissarlığı tərəfindən 14.05.1990-cı ildə həqiqi hərbi xidmətə çağırılmış və 20.04.1992-ci ildə ehtiyata buraxılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 11.05.2016-cı il tarixli ***-**** nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissənin 01.01.N - 31.10.1992-ci il tarixli "Pul paylama cədvəlləri qovluğu"nda N nömrəli hərbi hissə üzrə "Pul təminatı cədvəli"ndə X1 1992ci ilin avqust ayı üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmadığı üçün Arxiv Q.B.Mehdiyevin xidməti barədə məlumat verə bilmir. -Şəki ŞRPŞ-nin 10.02.2021-ci il tarixli 189-3785-1220 nömrəli məktubu ilə göndərilmiş tələbnamədən görünür ki, iddiaçının barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. -Cavabdehin 06.02.2021-ci il tarixli 11/486 nömrəli etiraz məktubundan görünür ki, döyüş əməliyyatları aparılan zaman N və N nömrəli hərbi hissələrdə İddiaçı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində deyilir ki, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin 1-ci hissəsinin dördüncü bəndində deyilir ki, bu Əsasnamənin 1ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. İddiaçı 1992-ci ilin may ayından 1993-cü ilin yanvar ayınadək N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etdiyini bildirsə də, müəyyən edildi ki, onun hərbi biletində bu barədə heç bir qeyd aparılmamış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivində onunla bağlı mövcud olan yeganə məlumat isə onun N nömrəli hərbi hissənin tərkibində 1992-ci ilin avqust ayı üçün pul təminatı ilə təmin olunması barədə məlumatdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinin tələbinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı öz tələbinin əsası kimi onun döyüş əməliyyatlarında iştirak etmiş hərbi hissədə xidmət etməsi faktına əsaslana bilər. Lakin iddiaçı hər bir halda, cavabdehin onun qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. Yuxarıda istinad edilən Əsasnamənin tələbinə görə, Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Normanın məzmununda aşkar olaraq göstərilir ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir. İddiaçının hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata və istefaya buraxıldığına dair sübut yoxdur. İddiaçının İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur. Ona görə də məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdeh iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə,inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasını təmin etməməkdə haqlı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(116)-445/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar