Məhkəmə qərarları › İş №2-1(107)-217/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-217/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-217/2023 06.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “X10 invertarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrinin 344-cü kitabında 309-cu saylı qeydə alınmış,18 yanvar 2002-ci il tarixli qeydiyyat vərəqi və 2005ci il mart tarixli texniki pasportda göstərilən evinin və Azərbaycan Respublikası Dövlət Torpaq və Xərtiəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən, X9 kitabında 27 iyul 2011-ci il tarixdə, 240-cı nömrə ilə qeydiyyatı aparılan, A3352270 saylı kadastr sənədində göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə qeydiyyatın aparılması və müvafiq arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2022-cü il tarixli, 2-1(116)-497/2022 nömrəli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X10 invertarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrinin 344-cü kitabında 309-cu saylı qeydə alınmış,18 yanvar 2002-ci il tarixli qeydiyyat vərəqi və 2005-ci il mart tarixli texniki pasportda göstərilən evinin və Azərbaycan Respublikası Dövlət Torpaq və Xərtiəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən, X9 kitabında 27 iyul 2011-ci il tarixdə, 240-cı nömrə ilə qeydiyyatı aparılan, A3352270 saylı kadastr sənədində göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-497/2022 nömrəli qərardadı ilə Zərdab bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, tələbini dəqiqləşdirərək sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə qeydiyyatın aparılması və müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 16 saylı Ucar Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, X4 vərəsəsi olaraq ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Ağsu rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2002-ci il tarixində verilmiş 344 saylı qeydiyyat vəsiqəsinə dair Xidmətinin 16 saylı Ucar Ərazi idarəsinin arxivində saxlanılan qeydiyyat vəsiqələrinin qeydiyyat kitabında heç bir məlumat aşkarlanmadığını, Torpağın alqı-satqısınına dair aktda torpaq sahəsinin ayrılmasına əsas olmuş bələdiyyə qərarının rekvizitlərinin qeyd olunmadığını, həmçinin sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları baza məlumatlarında yoxlanılarkən, ayrılmış torpaq sahəsinin meşə massivi olduğunu bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtina dəlillərinə uyğun əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və onun nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AZ-İİ 142987 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - mart 2005-ci ildə tərtib edilmiş 309 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış eviin texniki pasportundan görünür ki, Zərdab rayonu Qoşaoba kəndində yerləşən tikili üzrə hüquq subyekti X7 qeyd edilmişdir. - Zərdab rayon Qoşaoba bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 18 saylı iclas protokolundan çıxarışdan görünür ki, X5 Qoşaoba bələdiyyəsi ərazisindən 4 yol yaxınlığında köhnə yemçilik binasının ərazisindən 0.12 ha həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır. - A352270 nömrəli plan-ölçü sənədindən görünür ki, Zərdab rayon Qoşaoba bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 18 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin qaiməsində əkin suvarılan torpaqlara aid edilməsi qeyd edilmişdir. - 309 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Zərdab rayonu Qoşaoba kəndində yerləşən yaşayış evi üzərində mülkiyyət hüququ X4 adına qeydə alınmışdır. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********0018 kadastr (A352270) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilən koordinatlarla müəyyənləşən 0.12 ha torpaq sahəsi elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən Kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı olmaqla, bələdiyyə mülkiyyətinə məxsus meşə zolağında yerləşir. 309 inventar nömrəli “Texniki pasprt’da koordinatlar mövcud olmadığı üçün Texniki pasportda göstərilən fərdi yaşayış evinin **********0018 kadastr (A352270) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” ilə verilmiş 0.12 ha torpaq sahəsinin hüdudları daxilində olub-olmamasını müəyyən etmək mümkün olmadı. İddiaçının naturada göstərdiyi 0.4041 ha torpaq sahəsi evinin **********0018 kadastr (A352270) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” ilə verilmiş 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşür. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 23 dekabr 2022-cü il tarixli, 2- 1(116)-497/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə “X10 invertarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrinin 344-cü kitabında 309-cu saylı qeydə alınmış,18 yanvar 2002-ci il tarixli qeydiyyat vərəqi və 2005ci il mart tarixli texniki pasportda göstərilən evinin və Azərbaycan Respublikası Dövlət Torpaq və Xərtiəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən, X9 kitabında 27 iyul 2011-ci il tarixdə, 240-cı nömrə ilə qeydiyyatı aparılan, A3352270 saylı kadastr sənədində göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə qeydiyyatın aparılması və müvafiq arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsi apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2022-cü il tarixli, 2-1(116)- 497/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 16 saylı Ucar Ərazi İdarəsi apellyasiya şikayətində qeyd etmişdir ki, sözügedən və 0.12 ha torpaq sahəsi Ağsu rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2002-ci il tarixində verilmiş 344 saylı qeydiyyat vəsiqəsinə dair Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin arxivində saxlanılan qeydiyyat vəsiqələrinin qeydiyyat kitabında heç bir məlumat aşkarlanmamışdır. Sözügedən torpaq sahəsinin alqı-satqısınına dair aktda torpaq sahəsinin ayrılmasına əsas olmuş bələdiyyə qərarının rekvizitləri qeyd olunmamışdır. ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları baza məlumatlarında yoxlanılarkən, ayrılmış torpaq sahəsi meşə massivi olduğu müəyyən edilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2022-cü il tarixli, 2-1(116)-497/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2022-cü il tarixli, 2- 1(116)-497/2022 nömrəli iş üzrə qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2022-cü il tarixli, 2-1(116)- 497/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9cu maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair : 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. İş materiallarından görünür ki, hazırda iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evinin texniki pasportu 2005-ci ildə tərtib edilmişdir. Belə olan halda fərdi yaşayış evinin beləliklə, fərdi yaşayış evi Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə aid olması, yəni artıq 2005-ci ildə tikilmiş olması müəyyən edilir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi mərhum Edik Məmmədovun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, ona həmin torpaq sahəsi Zərdab rayon Qoşaoba bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 18 saylı qərarı ilə satıldığından, sonuncunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ ilə bağlı qanuni gözləntisi olmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, iddia olunan daşınmaz əmlaka münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9.1.2-ci maddəsinin tələbləri tam ödənildiyindən cavabdeh orqanın iddiaçının müraciətini təmin etməkdən imtinası əsassız olmuşdur. Ağsu rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2002-ci il tarixində verilmiş 344 saylı qeydiyyat vəsiqəsinə dair Xidmətinin 16 saylı Ucar Ərazi idarəsinin arxivində saxlanılan qeydiyyat vəsiqələrinin qeydiyyat kitabında heç bir məlumat aşkarlanmamasına münaisbətdə məhkəmə qeyd edir ki, müvafiq məlumatların qeydiyyatının aparılması iddiaçının vəzifəsi olmadığından, həmin məlumatların aşkar edilməməsi də iddiaçının ziyanına şərh oluna bilməz. Eyni zamanda cavabdeh orqan iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut təqdim etməmişdir. İddia olunan torpaq sahəsinin meşə massivi olmasına münasibətdə birinci instansiya məhkəməsi düzgün qeyd edir ki, cavabdeh orqanın hüquq varisi olduğu DT və XK-si Zərdab rayon şöbəsi tərəfindən tərtib edilmiş plan-ölçü sənədinin qaiməsində sözügedən torpaq sahəsinin çoxillik əkmələrə aid olması qeyd edilməmişdir. Digər tərəfdən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə texniki pasport və qeydiyyat vəsiqəsi tərtib edildiyindən məhkəmə, sözügedən torpaq sahəsinin meşə massivinə aid olması ilə bağlı cavabdeh orqanın məlumatlarını əsaslı hesab etmir. Mütəxəssis rəyində qeyd edilmiş, iddiaçının naturada göstərdiyi 0.4041 ha torpaq sahəsi evinin **********0018 kadastr (A352270) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” ilə verilmiş 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşməsinə münasibətdə isə birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanının 2.3.3-cü bəndində torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin ... yerləşdiyi torpaqlarda ... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması zamanı torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməli olması qeyd edilmişdir. İstinad olunan Fərmanın tələbləri baxımından hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması cavabdeh orqanın vəzifəsi olduğundan, cavabdeh orqan qeyd olunan hala istinad etməklə iddiaçının müraciətini təmin etməkdən imtina edə bilməz. Torpağın alqı-satqısınına dair aktda torpaq sahəsinin ayrılmasına əsas olmuş bələdiyyə qərarının rekvizitlərinin qeyd olunmaması ilə bağlı cavabdeh orqanın dəlilinə münasibətdə birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, müvafiq alqı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq alqı-satqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə cavabdehin nümayəndəsi apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2022-cü il tarixli, 2-1(116)-497/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar