Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-217/2024 14.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı rayonu Sulut kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi və mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2-1(116)-144/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İsmayıllı rayonu Sulut kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi və mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İşin faktiki hallarına əsasən iddiaçı xx.xx.1972-cı il təvəllüdlüdür. O, ilkin olaraq Şəki İnzibati-İqtisadi Məhkəməsinə idda ərizəsi ilə müraciət edərək torpaq sahəsinə çıxarışın verilməsi tələbi ilə müraciət etmiş və işə mahiyyəti üzrə baxılmışdır. Şəki İnzibati- İqtisadi Məhkəməsinin 2016-ci il 07 sentyabr tarixli, 2-1(84)-698/2016 qərarı ilə təmin edilməmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkilinə hazırkı iddia ərizəsində göstərilən tələbinə, yəni İsmayıllı rayonu Sulut kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi və mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinə dair işə mahiyyəti üzrə baxıldığı, ifadə formasının dəyişdirilməsinə baxmayaraq hüquqi marağının eyni qalması, bu səbəbdən də iddianın mümkünlüyü barədə məhkəmənin hüquqi mövqeyi izah olunmuşdur.
4. İddiaçının vəkili məhkəmənin hüquqi mövqeyi ilə razılaşmayaraq işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 31 yanvar 2024-cü il tarixli 2- 1(116)-144/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
7. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun olaraq əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2-1(116)-144/2024 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
8. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də iddiaçı məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin bununla bağlı hər hansı sübut təqdim etməmişdir.
9. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
12. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
14. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, ilk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.
15. İddia ərizəsindən və əlavə edilən sənədlərdən müəyyən edildi ki, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı İsmayıllı rayonu Sulut kəndi ərazisində yerləşən iddiaçının adına sənədləşdirilməsi və mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
16. Kollegiya tərəfindən işin hallarının araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı İsmayıllı rayonu Sulut kəndi üzrə sovxozun xx.xx.1994-cü il tarixli 65 nömrəli əmri ilə verilmiş 0.12 ha və xx.xx.1995-ci il tarixli əmri ilə verilniş 0.08 ha həyətyanı torpaq sahələrinin tərkibinə daxil olan 0,1845 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbini irəli sürür. İddiaçı 2012-ci ildə həmin torpaq sahəsinə planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinə həvalə edilməsi tələbi barədə məhkəmədə iddia qaldırmışdır.
17. Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2013-cü il tarixli 2- 2(84)-36/2013 nömrəli qərarından görünür ki, İddiaçı istifadəsində olan İsmayıllı rayon Kələzeyvə kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinə həvalə edilməsi tələbi təmin edilməmişdir.
18. İddiaçının hazırkı cavabdehə qarşı “İsmayıllı rayonu Kələzeyvə kəndində qanuni istifadəsində olan 0.1845 ha həyətyanı torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alıb çıxarışın verilməsi” barədə iddia tələbi Şəki İnzibatiİqtisadi Məhkəməsinin 2016-ci il 07 sentyabr tarixli, 2-1(84)-698/2016 nömrəli qərarı ilə mümkün sayılmamışdır.
19. İddiaçı iddia tələbini və ifadə formasını fərqli təqdim etməsinə baxmayaraq nail olmaq istədiyi hüquqi nəticə eyni qalmaqdadır. Birinci instansiya məhkəməsinin iclasında tərəflərin iştirakı ilə müzakirə aparıldığından iddiaçının dinlənilmə hüququ təmin edilmişdir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli Plenum Qərarında qeyd olunur ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir.
21. Yuxarıda qeyd olunan halları və iddiaçının hüquqi marağını, nail olmaq istədiyi hüquqi nəticəni nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə müvafiq dəqiqləşdirmə aparılmasına zərurət mövcud olmamış, belə dəqiqləşdirmənin aparılması iddianın mümkünlük şərtlərinə təsir göstərməyəcəyindən hazırkı iddia ərizəsi çərçivəsində iddianın mümkünlüyünə hüquqi qiymət verilməlidir.
22. "C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında formalaşdırdığı mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir.
23. Göründüyü ki, hazırkı iddia ilə eynilik təşkil edən əvvəlki iddiaya artıq mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmişdir. Belə olan halda, göstərilən tələbə yenidən məhkəmədə baxıla bilməz.
24. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə əsasən, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
25. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
26. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2-1(116)- 144/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2-1(116)-144/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.